İrəvanda açıq
savaş:Kim kimi devirəcək?
Son zamanlarda Ermənistanda Baş nazir Nikol Paşinyanla
bütün ermənilərin katolikosu II Qaregin arasında ciddi
gərginlik yaşanır.
Tərəflər qarşılıqlı olaraq
bir-birini ittiham edirlər. Görünən odur ki, kilsə-Paşinyan
qarşıdurması artıq növbəti mərhələyə
keçib. Çünki kilsənin keşiş Baqrat Qalstanyan
planı fiaskoya uğradı. Onu Paşinyana rəqib kimi ortaya
çıxarsalar da, ciddi müqavimət göstərə
bilmədi.
Bu səbəbdən də kilsə “B variantı”na əl
atdı. Bu dəfə keşişdən daha nüfuzlu şəxsi
Baş nazir Paşinyanla qarşı-qarşıya qoydular. Daha
dəqiq desək, bu mübarizədə keşiş
Baqratı II Qaregin əvəzlədi. Nəticədə, indi
onunla Paşinyan arasında söz dueli başladı.
Ümumiyyətlə, kilsə Ermənistanda hakimiyyəti
dəyişəcək gücdədirmi? Kilsə həqiqətən
Nikol Paşinyanı devirə bilər?
Mövzu ilə bağlı Azad Vətən
Partiyasının (AzVP) Siyasi Şuarsının sədri,
siyasi ekspert Novruz Novruzov “Cümhuriyət”-ə
açıqlamasında bildirib ki, Nikol Paşinyan devrilsə,
hakimiyyətə “ikinci Paşinyan” gələcək:
“Erməni ideoloqlar tarixdə heç vaxt mövcud
olmayan, sadəcə uydurulmuş 300 min kvadrat kilometr əraziyə
malik erməni dövlətinin dirçəldilməsi
uğrunda “mübarizədə” Erməni Apostol Kilsəsinin
gücündən hərtərəfli istifadə edirlər. Məsələ
burasındadır ki, erməni kilsəsinin özü də
saxtakarlıq və yalanlar üzərində təsbit
olunmuş bir qurumdur.
Erməni din xadimləri kilsənin qanunlarını təbliğ
etsələr də, özləri bu qanunlara əməl etmirlər
və xalqın iztirabları üzərində kef-damaq
içərisində yaşayırlar. Üstəlik, dövlətin
dünyəviliyinə, strateji məqsədlərinə, beynəlxalq
münasibətlərinə, daxili və xarici siyasətinə
qarışırlar. Konkret olaraq, indiki şəraitdə Nikol
Paşinyanın apardığı hazırkı erməni
dövlətinin qorunub saxlanmasına yönəlmiş fəaliyyətinə
mane olurlar. Diqqət edirsinizsə, Paşinyan tez-tez rəhbərlik
etdiyi dövlətin “29 min 700 kvadrat kilometrlik” ərazisindən
bəhs edir. Bu da əbəs yerə deyil”.
Ekspert qeyd edib ki, Paşinyan bu ərazinin də ermənilərə
məxsus olmadığını gözəl başa
düşür:
“O bilir ki, bu ərazini də əldən versələr,
onda heç vaxt dövlət qura bilməyəcəklər.
Bu səbəbdən Azərbaycanla
sülh müqaviləsinin bağlanması ilə
arzuladığı dövləti əbədiləşdirmək
arzusundadır. Lakin revanşist mövqe sərgiləyən,
aqressiv “Daşnaksütyun” Partiyasına dəstək verən
kilsə 300 min kv.km-dən dəm vurur.
Bu isə ölkəni yenidən müharibəyə
sürükləmək deməkdir və imperialist ölkələr
tərəfindən yaradılmış Ermənistan dövlətinin
birdəfəlik süqutuna səbəb ola bilər.
Aydındır ki, kilsəni bu yola sövq edən Ermənistanın
“5-ci kolon”udur. Ancaq ““5-ci kolon” + kilsə” tandemi formalaşsa,
ciddi qüvvəyə çevrilə bilər”.
Novruz Novruzovun sözlərinə görə,
Paşinyan kilsəyə qarşı birbaşa çıxa
bilmir:
“Bu səbəbdən də dolayı yolla kilsə
qanunlarını pozan və onun siyasətini dəstəkləməyən
keşişlərin kilsədən
uzaqlaşdırılması məsələsini
qaldırır. Məsələn, Paşinyan yaxın zamanda
özünün “Facebook” səhifəsində II Qaregini kilsənin
subaylıq andını pozmaqda ittiham edib. Bu sözlər erməni
cəmiyyətində ciddi təlatüm yaradıb. Ona görə
ki, bu faktı hamı bilir, ancaq heç kim dilə gətirmirdi.
Ölkənin Baş nazirinin bunu deməsi kilsəyə,
onun nüfuzuna ciddi zərbədir. Başqa sözlə,
Paşinyan bəyan edir ki, kilsə qanunlarının müqəddəsliyini
pozan şəxslərin sözlərinin nə əhəmiyyəti
ola bilər ki, onlar dövlətin apardığı siyasəti
qınasınlar”.
O diqqətə çatdırıb ki, erməni kilsəsinin
həqiqi sifəti bütün dünyaya məlumdur:
“Nikol da bunu anlayır. Hazırda Ermənistanda kilsənin
nüfuzundan Rusiya və onun erməni tərəfdarları
istifadə etməyə çalışır.
Paşinyanın apardığı qərbyönümlü
siyasətdə isə kilsəyə rol ayrılmayıb.
Baş nazirə güc verən də bu amildir.
Hətta bu amilə görə Paşinyana əlavə
dəstəklər ifadə edilə bilər. Çünki
Erməni Apostol Kilsəsi erməni xarakteri ilə
özünü xristian dünyasının baş qüvvəsi
hesab edir və bu xəyalına görə daim
başqalarının təhdidi ilə üzləşir.
Yunan və yəhudi dini icmaları ilə tez-tez
üz-üzə gələn erməni keşişlərinin
saxtakarlığı və aqressivliyi dünyanın dini mərkəzlərini
boğaza yığıb. Nifrət o dərəcəyə
çatıb ki, Yerusəlimdə erməni məbədinin
qarşısından keçən şəhərin yəhudi
sakinləri qəzəblərini məbədə
tüpürməklə ifadə edirlər.
Bu mənada Nikol Paşinyan kimlərlə mübarizə
apardığını bilir və çətin ki, kilsə və
baş nazir arasında güclənən qovğada dindarlar nəyəsə
nail ola bilsinlər. Onlara dil verən Rusiyanın Cənubi
Qafqazda fəal siyasət aparmaq gücü qalmayıb. Hətta
terror yolu ilə Ermənistanda hakimiyyətin dəyişdirilməsi
də Paşinyanın opponentlərinə baha başa gələ
bilər. Düzdür, ola bilsin, Paşinyan hakimiyyətdən
getsin, ancaq belə olan halda hakimiyyətə “ikinci Paşinyan”
gələcək”.
Ekspert hesab edir ki, hazırda kilsənin potensial
hücumunu dəf etmək üçün Paşinyan
başçılıq etdiyi “Vətəndaş Müqaviləsi”
Partiyasının yerli şöbələrinin gücləndirilməsi
ilə fəal məşğul olur:
“Çünki dini baxışlar adətən əyalətlərdə
güclü olur. Düşünürəm ki, erməni
xalqı da kilsənin fəaliyyətinin aqressivliyindən
yorulub və dinc, sakit həyat üçün siyasətdən
kənar duracaq. Bu isə Baş nazirə və onun
komandasına hakimiyyətdə qalmaqda kömək olacaq”.
Elmir Mustafa
Cümhuriyət .- 2025.- 6-13 iyun(¹20).-S.8.