Vətən uğrunda canından
keçən iki İlyas — bir ad, iki qəhrəmanlıq hekayəsi
Şahvələdov İlyas Nəriman oğlu 1975-ci
ildə Laçın rayonunun Qorçu kəndində anadan
olmuşdur. Gənclik çağlarında Vətənə
sevgi ilə böyüyən İlyas, 1994-cü ildə
Ağdərə döyüşlərində qəhrəmancasına
şəhid olmuşdur. Şəhidliyindən bir ay sonra Bərdə
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ailəsi onun xatirəsini daim yaşatmaq
üçün əmisinin adını yeni doğulan
oğluna verir. Beləliklə, Şahvələdov İlyas
Etibar oğlu 6 avqust 1996-cı ildə Bərdə rayonunun
Qaratəpə kəndində dünyaya gəlir. Balaca
İlyas ilk təhsilini Qaratəpə kənd məktəbində
alır və məktəbi uğurla bitirdikdən sonra 2015-ci
ildə hərbi xidmətə yollanır.
O, 2016-cı ilin Aprel döyüşlərində
iştirak edərək qəhrəmanlıq göstərmişdir.
Əsgərlikdən tərxis olunduqdan sonra, vətən
sevgisi onu yenidən hərbi xidmətə qaytarır. 2019-cu
ildə çavuş kimi xidmətə başlayan İlyas,
2020-ci ilin Vətən müharibəsində ön cəbhədə
vuruşur.
9 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində
gedən döyüşlərdə qəhrəmancasına
şəhid olur. O da əmisinin dəfn olunduğu Bərdə
Şəhidlər Xiyabanında torpağa tapşırılır
— bir xiyabanda, bir ad altında iki şəhid…
Şəhid İlyas nişanlı idi. Onun arzuları,
qurmaq istədiyi ailəsi, yaşamaq istədiyi bir ömür
vardı. Amma o, bütün bunları Vətən uğrunda fəda
etdi. O da əmisinin yolu ilə gedərək adı ilə
yanaşı, ruhunu və qeyrətini də yaşatdı.
İki İlyas — biri Laçından, biri Bərdədən
— Azərbaycan torpağının azadlığı
üçün şəhid oldular. Adları yaşadıqca,
ruhları da yaşayacaqır.
Onu da qeyd edək ki, hal-hazırda bu ailədən əmisini
və qardaşının yolunu davam etdirən igid – Şahvələdov
Nəriman Etibar oğlunu da qeyd edək.
Vətənə xidmət ailənin ruhuna hopmuşdu.
Şahvələdov Nəriman Etibar oğlu, 2021-ci ildən
2024-cü ilə qədər Azərbaycan Ordusunda xidmət
etmişdir. Xidmət dövründə o, antiterror əməliyyatlarında
iştirak etmiş, təhlükəli və məsuliyyətli
tapşırıqları yerinə yetirərək dövlətə
və xalqa sədaqətlə qulluq etmişdir.
Qardaş və əmisinin yolunu davam etdirən Nəriman,
onların göstərdiyi şücaəti öz həyatında
da əks etdirməyə çalışmış və hər
zaman Vətənə layiqli bir övlad olmuşdur.
O da sübut etdi ki, bu ailənin hər bir
övladı Vətən üçün canla-başla xidmət
etməyə hazırdır.
Səbinə Nazimqızı
Cümhuriyət .- 2025.- 6-13 iyun(№20).-S.14.