Qulu Məhərrəmli:
“Media ayaqda qalması üçün peşəkarlığını
artırmalıdır”
Azərbaycan milli mətbuatı-150
Bu sözləri filologiya elmləri doktoru, professor,
Əməkdar jurnalist Qulu Məhərrəmli “Cebbheinfo.az”-a
müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
- Qulu müəllim, bu il Azərbaycan mətbuatının
yaranmasının 150 illik yubileyidir. Necə
düşünürsünüz, geridə qalan 150 il ərzində
mətbuat olaraq əsas nələrə nail olmuşuq?
- 150 ildə keçilən yolu bir neçə
cümlə ilə ifadə etmək çox çətindir,
amma onu deyə bilərəm ki, Azərbaycan xalqının
19-20-ci əsrdə əldə etdiyi bir çox naliyyətlərdə
medianın da payı var. Ümumiyyətlə,
“Əkinçi” qəzetinin yaranmasından indiyə qədər
media cəmiyyəti irəli aparmağa, Azərbaycanda ictimai və
milli şüuru inkişaf etdirməyə
çalışıb. Həmçinin, böyük maarifləndirmə
işləri aparıb. Bütün bunları medianın tarixi
missiyaları hesab etmək olar. Prezident İlham Əliyevin mətbuatının
150 illiyi ilə bağlı imzaladığı sərəncamda
da bu məqamlar xüsusi olaraq vurğulanır.
- Mətbuatımızın keçdiyi bu yolu necə
dəyərləndirirsiniz?
- Mətbuat sosial həyatdan və ictimai-siyasi sahədən
həmişə asılı olub, bu gün də elədir. Yəni
cəmiyyət azaddırsa, demokratik sistem, bazar iqtisadiyyatı
varsa və demokratik dəyərlər öndədirsə,
media da inkişaf dövrünü yaşayır. Məsələn,
Sovet dövründə totalitar rejim olduğu üçün
mətbuat da müəyyən problemlərlə üz-üzə
qalırdı. Çünki mətbuat mövcud olduğu
siyasi sistemin, rejimin rəngini özünə
götürür və bu, tarixən belə olub. Azərbaycan
mətbuatı Sovet dövründə çox çətin və
mürəkkəb yollardan keçərək bugünlərə
gəlib.
- Maraqlıdır, hazırkı Azərbaycan mətbuatı
dünya mətbuatı ilə ayaqlaşa bilirmi?
- Əslində, dünyanın hər yerində mətbuat
normativdir. O mənada normativdir ki, xəbərə, analitik məqaləyə
və ictimai missiyaya olan tələb dünyanın hər
yerində eynidir. Məsələn, “Washington Post” və yaxud
“Guardian” qəzeti ilə bizim hər hansı bir qəzetimiz
eyni missiyanı yerinə yetirir. Amma əlbəttə ki,
sistemlər və yanaşmalar müxtəlif ola bilər.
Hər xalqın, hər cəmiyyətin mətbuatı
onun özünün ictimai reallıqlarından doğur,
mövcud problemləri işıqlandırır və cəmiyyəti
məlumatlandırır. Belə mətbuat istənilən cəmiyyətlər
üçün lazımlıdır. Bundan başqa,
dünyada media iki yerə bölünür: keyfiyyətli və
keyfiyyətsiz media. Biz ölkəmizdə keyfiyyətli
medianın inkişaf etməsi üçün
çalışmalıyıq.
- Belə bir fikir tez-tez səslənir ki, son illər
media sosial şəbəkələrə uduzur. Belədirmi?
Belədirsə, səbəbi nədir?
- Məncə, peşəkar medianın sosial şəbəkəyə
uduzması şərti anlayışdır. Düzdür,
operativlik baxımından, habelə yoxlanmamış
materialları çap etmək və onunla reytinq toplamaq kimi
faktorlara görə sosial şəbəkələr mediadan
üstün görünə bilər. Lakin əlbəttə
ki, sosial şəbəkələrin çox ciddi problemləri
var. Orada etik problemlərdən tutmuş, peşəkarlıq
problemlərinə qədər çox ciddi hallar
müşahidə olunur. Ona görə də mən heç
vaxt bu fikirdə olmamışam. Bu barədə müəyyən
müzakirələr və diskussiyalar aparıla bilər.
Amma bütün hallarda media ayaqda qalması
üçün pəşəkarlığını
artırmalıdır. Onun maddi, maliyyə və iqtisadi
bazası həmişə möhkəm olmalıdır. Media
operativ məlumatları yaymaq üçün imkanlar əldə
etməli, birbaşa mənbələrə
çıxışı olmalıdır. Belə olan halda
heç bir sosial şəbəkə pəşəkar
medianın qarşısında dayana bilməz. Həmçinin,
bu zaman sosial şəbəkələrin peşəkər
mediaya rəqib də olması mümkün deyil.
- Ümumiyyətlə, sosial şəbəkələri
media sayırsınızmı?
- Əlbəttə, sosial şəbəkələri
media saymaq olar. Çünki bu da media platformasıdır. Yəni
bunların hamısı vasitələrdir. Nəzərə
almaq lazımdır ki, internet özü bir sistemdir, vasitədir.
Onları da internetin media profilləri saya bilərik. Yəni
sosial şəbəkələr internetdən törəmə
olan bir ağacın əlavə qol-budaqlarıdır. Ona
görə də internet vasitəsilə ünsiyyət quran
sosial şəbəkələri media hesab edirik.
Amma onlar peşəkar media deyil. Bu, sadəcə məlumat
yaymaq vasitələrindən biridir. Sosial şəbəkələr
insanların öz fikir və düşüncələrini
ifadə etməklə məlumat yayma formasıdır. Bununla
belə, sosial şəbəkələri heç bir halda
peşəkar media ilə müqayisə etmək və yaxud
peşəkar media kimi qəbul etmək olmur.
Elmir Mustafa
Cümhuriyət .- 2025.-20 iyun-4 iyul(¹22).-S.5.