Qəribəliklərlə
dolu ilk Qələbə Paradı: Stalin onu at belində qəbul
etməli idi, amma...
1945-ci ilin 24 iyununda keçirilən Qələbə
Paradı Sovet İttifaqının Böyük Vətən
müharibəsindəki qələbəsini simvolizə edirdi.
"Cebheinfo.az" "Komsomolskaya Pravda" qəzetinə
istinadən bu əlamətdar hadisənin
hazırlanmasından, paradın keçirilməsi ilə
bağlı ətraflı məlumatlardan bəhs edən məqalə
təqdim edir.
Qələbə Paradının necə keçirilməsi
və kimlərin bu paradı təşkil etməsi ilə
bağlı maraqlı iki versiya mövcuddur. Birinci versiyaya
görə, bu ideya birbaşa Stalinin özünə məxsus
idi. Jukovun xatirələrində yazdığına görə,
Stalin 1945-ci ilin may ayında keçirilən bir müşavirədə
belə deyib:
"Faşist Almaniyasına qarşı qələbənin
şərəfinə Moskvada Qələbə Paradı
keçirmək və bu paradda xüsusilə fərqlənmiş
əsgərlər, zabitlər, baş çavuşlar
iştirak etməlidir".
Bu təklif hər kəs tərəfindən dəstəklənib.
Amma başqa bir versiyaya görə, Qələbə
Paradının keçirilməsini və məğlub
düşmənin bayraqlarının yerə
atılmasını təklif edən şəxs məşhur
tarixçi Yevgeni Tarle olub. Tarle Stalinə bu ideyanı təqdim
edərkən iki əsas arqument irəli sürüb. Birincisi,
qədim Roma döyüşçüləri məğlub
etdikləri düşmənin bayraqlarını ayaqlar
altına atırdılar, ikincisi isə Suvorovun da eyni hərəkəti
etdiyi barədə məlumatlar var.
Bu paradda iştirak edən bayraqlar arasında
Vlasovçuların ştandartının olub-olmaması hələ
də mübahisəlidir. Rəsmi sənədlərdə,
fotoşəkillərdə və ya videolarda
Vlasovçuların bayrağı ilə bağlı heç
bir sübut yoxdur. Hətta rəsmi siyahılarda da Vlasovun
“xainlər ordusu”nun bayrağı yer almayıb. Bununla
yanaşı, internetdə müxtəlif saxta rəsmlər və
fotokollajlar yayılsa da, rəsmi sənədlərdə
Vlasovçuların bayrağının qeyd
olunmadığı açıq şəkildə göstərilir.
Əslində, bu bayraqlar siyahısında "RO"
qısaltması ilə göstərilən bayraqların alman
polisinin müxtəlif xidmətlərinə aid olduğunu və
Vlasovçuların bayrağının bu bayraqlarla əlaqəsi
olmadığını qeyd etmək vacibdir.
Vlasovçuların bayrağı bugünki Rusiya
bayrağından fərqli olaraq, Andrey bayrağına daha
çox bənzəyirdi.
Bu iki versiya və mübahisəli bayraqlar məsələsi
1945-ci ilin 24 iyununda keçirilən Qələbə
Paradının tarixini daha maraqlı və qeyri-adi edir.
Əslində Stalin özü Qələbə
Paradını at belində qəbul etməyi
planlaşdırmışdı. Amma son anda bu qərardan vaz
keçdi və meydanda onu deyil, Marşal Georgi Jukov
göründü. Niyə?
Jukovun xatirələrindən məlum olur ki, paraddan
bir həftə əvvəl Stalin onu bağ evinə
çağıraraq zarafatla soruşub:
- Sən at sürməyi yaddan çıxarmamısan
ki? Axı indi ancaq maşınla gəzirsən.
Jukov cavab verib:
-Yox, sürməyi unutmamışam, vaxt tapan kimi yenə
də at belinə minirəm.
Stalin isə bu söhbətin arxasından əsas məsələni
deyib:
- Elə isə, Qələbə
Paradını sən qəbul edəcəksən. Komandan isə
Rokossovski olacaq.
Jukov bir az təəccüblənsə də, etiraz
etməyib:
- Təşəkkür edirəm. Amma bəlkə siz
özünüz qəbul edəsiniz? Daha yerinə düşər.
Stalin isə cavab verib:
- Mən artıq yaşlanmışam, parad qəbul
etmək vaxtım keçib. Sən isə hələ cavansan.
Ancaq sonradan Jukov daha bir maraqlı fakt öyrənir.
Hava limanında Stalinin oğlu Vasili ona deyir ki, əslində,
at belində paradı qəbul etmək planı əvvəlcə
Stalinə məxsus olub. Budyonniyə tapşırılıb
ki, rəhbər üçün ağ rəngli, xüsusi bir
at hazırlansın.
Stalin hətta məşq meydanına gedib və orada
at sürmə bacarığını yoxlamaq istəyəndə,
hər şey gözlənilməz şəkildə dəyişib.
O, atın yəhərinə əl atıb, ancaq at qəfil
sıçrayıb və Stalin yıxılıb. O
başından xəsarətlər alıb. Bu insidentdən
sonra Stalin fikirini dəyişib və meydanda görünməkdən
vaz keçib.
Bəs niyə Reyxstaqın üzərinə
sancılan məşhur Qələbə bayrağı
Qırmızı Meydanda nümayiş etdirilmədi?
O bayraq 20 iyun 1945-ci ildə Berlindən Moskvaya gətirilmişdi
və paradda nümayişi
planlaşdırılmışdı. Hətta bayraq
daşıyan döyüşçülər – Neustrorov,
Yeqorov, Kantariya və Berest xüsusi məşqlərə də
qatılmışdılar. Amma problem bu idi ki, bu
döyüşçülərin əksəriyyəti
ağır yaralanmış, fiziki cəhətdən zəif
düşmüşdü.
Məsələn, Neustrorov 22 yaşında beş dəfə
yaralanmışdı, ayağında qəlpə vardı və
yerişi ləng idi. Onlar paradda addım
ölçüsünü saxlaya bilmirdilər və bu da
ciddi görünüş problemi yaradırdı. Yeni adamlar təyin
etmək isə artıq gec idi.
Buna görə də qərar verildi: Qələbə
bayrağı bu dəfə nümayiş etdirilməyəcək.
Yalnız 1965-ci ildə Qələbənin 20 illiyində o
bayraq ilk dəfə rəsmi şəkildə paradda yer
aldı.
Qələbə bayrağının bir hissəsi yox
idi?
Bu barədə deyilənlər həqiqətdir.
Müqəddəs Qələbə bayrağının bir kənarında
–təxminən 73 santimetr uzunluğunda və 3 santimetr enində
bir parça çatışmır. Bununla bağlı iki
maraqlı versiya var: 2 may 1945-ci ildə Reyxstaqın damında
olan əsgər Aleksandr Xarkov həmin parçanı xatirə
üçün özü ilə götürüb.
Digər, daha inandırıcı hesab olunan versiyada isə
bayraq sonradan 150-ci piyada diviziyasının siyasi şöbəsində
saxlanılıb və orada işləyən qadınlardan biri
həmin zolağı suvenir kimi kəsib. Hətta 1970-ci illərin
əvvəllərində Sovet Ordusu Muzeyinə bir qadın gəlib,
bu hekayəni danışıb və özü ilə gətirdiyi
bayraq parçasını göstərib.
Məşhur minaaxtaran it - Culbars Mavzoleyin
qarşısından keçib?
Bu hekayə barədə illərlə yazılıb,
danışılıb, amma təəssüf ki, əslində
bir mifdən ibarətdir. Culbars Böyük Vətən
müharibəsinin qəhrəman iti idi, minlərlə
minanı, yüzlərlə mərmini aşkar etmişdi.
Dunaydakı saraylar, Praqa qalaları, Vyana kilsələri onun
sayəsində təhlükədən xilas olub. Amma Qələbə
Paradına qatılmayıb. Çünki o zaman Culbars
ağır yaralı idi. Mətbuatda yayılan romantik hekayə
– guya Stalin onu şəxsi paltosuna bükərək paradda
daşıtdırması ürəkaçandır,
amma gerçəyə uyğun deyil. Culbars paradda iştirak
etməyib.
Niyə Qələbə Paradı 24 iyun tarixində
keçirildi?
İlk baxışda bu tarix bir az gec kimi görünə
bilər, axı müharibə 9 mayda bitmişdi. Amma bu qərarın
çox sadə və insani səbəbi var: minlərlə qəhrəman
döyüşçü qələbə gününə
köhnə, cırıq və ləkəli döyüş
gödəkçələrində çıxmalı
deyildi. Onlara yeni hərbi formalar tikilməli idi. Ancaq fabriklər
və tikiş atelyeləri bu qədər çox geyimi bir həftəyə
hazırlaya bilməzdi – təxminən bir ay vaxt lazım idi.
Elə buna görə də parad 24 iyuna təyin edildi.
Bir maraqlı detal da tankçılarla bağlı
idi. Onların yeni parad formaları yox idi. Təşkilatçılar
qərara gəldilər ki, onlar öz işçi
kombinezonlarında və şlemlərində meydana
çıxsınlar. Amma bir çətinlik vardı, bu geyimlərə
orden-medalları necə taxmalı?
Sonda bu da həll olundu, tankçıların
kombinezonlarına döyüş medalları xüsusi şəkildə
bərkidildi. Beləliklə, Qələbə Paradı təkcə
hərbi gücün nümayişi deyildi, həm də qəhrəmanlara
olan dərin ehtiramın, insani yanaşmanın parlaq nümunəsi
idi.
Qələbə Paradı zamanı təhlükəsizlik
necə qorunurdu?
Təhlükəsizlik məsələsinə o
dövrdə xüsusi diqqət yetirilmişdi. Bu işi
Dzerjinski adına 2-ci motoatıcı xüsusi təyinatlı
daxili qoşunlar diviziyasının bölmələri həyata
keçirirdi. Mavzoleyin qarşısında, tribunaya yaxın
hissədə 3-cü motoatıcı alayın əsgərləri
keşik çəkirdi.
Hətta paradda iştirak edən hərbi hissələrin
içərisində xüsusi 200 nəfərlik
qarışıq batalyon da təşkil olunmuşdu.
Onların yarısı müharibədə
döyüşmüş, təcrübəli
döyüşçülər idi. Bu insanlar həm təhlükəsizliyi
qoruyur, həm də paradda nizamla addımlamaqda təcrübəsi
olmayan əsgərlərə dəstək olurdular.
Qırmızı Meydandan kimlər keçmişdi?
1945-ci ilin 24 iyununda Qırmızı Meydandan keçənlərin
sayı sadəcə statistika deyil, həm də qəhrəmanlıq
simvoludur:
• 24 marşal
• 249 general
• 2 536 zabit
• 31 116 sıravi əsgər və serjant
• 1 850 ədəd hərbi texnika.
Təyyarələr niyə uçmadı?
Həmin gün hava şəraiti paradın ssenarisini
bir qədər dəyişdirdi. Parad başlamazdan təxminən
15 dəqiqə əvvəl yağış başladı və
tezliklə leysana çevrildi. Bu üzdən təyyarələrin
uçuş proqramı ləğv edildi. Stalin tribunada palto və
rezin çəkmədə göründü. Amma bəzi
marşallar üçün vəziyyət daha dramatik
olmuşdu. Məsələn, marşal Rukosovskinin parad
forması islanıb quruduqdan sonra o qədər bərkimişdi
ki, onu normal qaydada soyunmaq mümkün olmadı, formanı sadəcə
cırıb çıxardılar!
Jukovun nitqi o qədər dəqiq
hazırlanmışdı?
Marşal Georgi Jukov bu tarixi nitqə elə bir dəqiqliklə
hazırlaşmışdı ki, hətta hansı cümləni
hansı intonasiya ilə deməli olduğu da
yazılmışdı.
Məsələn:
• Daha yavaş, daha ciddi — "Dörd il əvvəl
alman-faşist dəstələri quldurcasına ölkəmizə
hücum etdilər..."
• Daha güclü, artan şəkildə —
"Qırmızı Ordu özünün dahi komandirinin rəhbərliyi
altında qərarlı hücuma keçdi..."
• Daha dərin, daha yavaş — "Zəfəri
ağır itkilər bahasına əldə etdik..."
Bu nitqin orijinal mətnini bu gün də Silahlı
Qüvvələr Muzeyində görmək
mümkündür.
1945-ci ildə təkcə bir Qələbə
Paradı oldu?
Əslində yox. 1945-ci ilin tək böyük
paradı Moskva Qırmızı Meydanında keçirilən
möhtəşəm Qələbə Paradı deyildi.
İlk Qələbə Paradı 4 mayda, Berlində Brandenburq
qapıları yaxınlığında təşkil
olunmuşdu. Onu Berlindəki hərbi komendant, general Berzarin qəbul
etmişdi.
Sonra, 7 sentyabrda daha bir parad keçirildi. Bu dəfə
Berlində, artıq Jukovun təşəbbüsü ilə.
Burada SSRİ ilə yanaşı müttəfiqlərin -
ABŞ, Böyük Britaniya və Fransanın hər birindən
1.000 nəfərlik birlik və tank bölmələri
iştirak edirdi. Həmin gün sovet tankları xüsusilə
də 52 ədəd IS-3 ağır tankı böyük
heyranlıq doğurmuşdu.
Nəhayət, 1945-ci il 16 sentyabrda Sovet Ordusu Uzaq Şərqdə,
Xarbin şəhərində Yaponiyanın məğlubiyyətinə
həsr olunmuş Qələbə Paradı keçirdi.
Səbinə Uğur
Cümhuriyət .- 2025.- 9-16 may(¹16).- S.8.