MƏMMƏD ARAZ SƏHVİMİ BAĞIŞLADI…

 

 

“Mən Məmməd Arazın arxa tərəfində dayanıb, Səyavuşa gah baxışımla, gah da başımla hansı gedişi edəcəyini işarə edirdim”

Sovet dövründə gənc yazarların tez-tez üz tutduqları ümid yeri “ULDUZ” jurnalının redaksiyası idi. O redaksiya Yazıçılar Birliyilə  Bəstəkarlar İttifaqının arasında, birinci mərtəbədə yerləşirdi.  Redaksiyanın yığcam, həm də çox tələbkar işçiləri vardı. Jurnalın Baş redaktoru Yusif Səmədoğlu, müavini Məmməd Araz, poeziya şöbəsinin müdiri Tofiq Bayram, əməkdaşları – Siyavuş Sərxanlı və Taleh Həmid idi. Nəsr şöbəsinə Sabir Süleymanov başçılıq edirdi. Sözsüz ki, həmin dövrdə zəif şeirlər və yaxud uğursuz nəsr nümunələri o jurnalda dərc oluna bilməzdi. Bu səbəbdən də yazarlar ədəbiyyatın bütün sahələrində yaradıcılığa böyük məsuliyyətlə yanaşırdılar.

1983-cü ilin fevral ayının əvvəlində, mənim də silsilə şeirlərim  bəyənildi. Bir müddət keçəndən sonra, redaksiyaya  getdim. Şeirlərimin “ULDUZ” jurnalının növbəti nömrəsi üçün nəzərdə tutulduğunu öyrəndim. Bu münasibətlə Tofiq Bayram məni təbrik etdi.  Həmən gün Səyavuş Sərxanlı Moskva şəhərindən qayıdıb, işə çıxmışdı. Onunla mehribancasına  görüşüb, bir-birimizdən hal-əhval tutduq. İşçilər boş vaxtlarında şahmat da oynayırdılar. Məmməd Araz şahmat azarkeşi idi. O, Səyavuşu şahmat oynamağa dəvət etdi. Səyavuş onun sözünü yerə salmadı, amma dedi:

– Məmməd müəllim, bir şərtim var ki, oyun maraqlı olsun deyə, “göy üçlükdən” oynayaq.

Məmməd Araz tezcə:

– Razıyam!- dedi.

O, fiqurları şahmat taxtasının üstünə düzməyə başladı. Bu  arada Səyavuş mənə yaxınlaşıb, qulağıma pıçıldadı:

– Doktor, Moskvadan gəlmişəm, pulum da yoxdur. Mənə him-cimlə də olsa, kömək et, Məmməd müəllimi udum.

Səyavuşun xahişini götür-qoy etmədən, qeyri-ixtiyari ona razılıq verdim.

Onlar oyuna başladılar. Mən Məmməd Arazın arxa tərəfində dayanıb, Səyavuşa gah baxışımla, gah da başımla hansı gedişi edəcəyini işarə edirdim. Nəticədə Məmməd Araz Səyavuşa uduzdu. O, pul qabından 3-lüyü çıxardıb Səyavuşa verdi. Məmməd ayağa  qalxanda, arxasında dayandığımı görüb əsəbləşdi:

– Deməli, belə!.. Məni sən uduzdurmusan… Səyavuş bugünədək bir dəfə də olsa, məni udmamışdı. Bilirik sənin şahmat oyununda namizədlik dərəcən var, biz isə həvəskar oyunçularıq. Sənin sayəndə o, məni apardı. Bunu səndən gözləməzdim . Bugündən  qurtardım səninlə!..

Məmməd Araz qonşu otaqdan Tofiq Bayramı səslədi. Tofiq gəlib işdən hali oldu…

Məmməd ona:

– Tofiq, Ramiz Mövsümün şeirlərini çapa göndərmə, qaytar özünə, – deyib, öz otağına getdi.

Tofiq Bayram Məmməd Arazın əsəbləşdiyini görüb, belə məqamda ona heç nə demədi; bildi ki, sözü yerə düşəcək… O mənim susqunluğuma da  biganə qalmadı, dedi:

– Doktor, səbr elə, bir şey fikirləşərik. Məmməd Araz bizdən fərqli  olaraq, tez küsəyəndir, amma ürəyi təmizdir!.. Hirsi soyusun, görək, neyniyirik… Məmməd Araz küsdüsə, barışmağı çətin  olur.

Günorta naharının vaxtı çatdı. Səyavuş Sərxanlı Taleh Həmidlə qapıdan çıxıb, bağın ayağındaki “GÜLŞƏN” kafesinə tərəf getdilər. Tofiq Bayramla bayırda dayanıb, söhbət edirdik. Tofiq dedi:

– Ay doktor, doğrusu heç inanmağım da gəlmir ki, sən belə bir səhv edəsən… Məmməd Araz kimi əməlisaleh, məqsədyönlü, saf bir insanı uduzdurmaq Vallah, günahdır!..  O, sadəliyilə, təvəzökarlığıyla hər bir kəsə nümunədir!.. Neçə dəfə onu Telestudiyaya  “OVQAT”  verilişinə dəvət ediblər, getməyib. Deyibdir: – Ayıbdır, mən kiməm ki, özümü xalqıma nümayiş etdirəm?!  Xalqımın heç bir işinə yaramamışam…

Bir dəfə də Məmməd Arazı Radio Verilişləri redaksiyasına dəvət ediblər. Redaktor Oqtay Şamilin çox yalvar-yaxarından sonra, Məmməd Araz redaksiyaya gedib. O, mikrofon qarşısında şeirlərini oxuduqca, həyacandan vərəqlər əlində titrəşib, döşəməyə səpələnib. Məmməd Araz hirslənib, Oqtaya deyib:

– Ə, mən şairəm ki, məni bura gətirmisən? Məni niyə dilə-dişə salırsan?..

Tofiqin söhbətinin bu yerində Məmməd Araz gəlib çıxdı. Tofiqlə ona yaxınlaşdıq. Məmməd Araz məni görmürmüş kimi, üzünü Tofiqə tutub dedi:

– Qardaşım, sözün var mənə?..

Tofiq dedi:

– Məmməd, bilirəm, nahara gedirsən. Səninlə yol yoldaşı olmaq istəyirik.

Məmməd tezcə dedi:

– Tofiq, sən mənə yol yoldaşı ola bilərsən, amma Ramiz həkim yox. Çünki o, bu gün böyük günah elədi. Mən bunu ondan gözləməzdim. Bu günədək mən də onun xətrini istəyirdim. O, heç vaxt mənə qarşı bu cür səhv etməmişdi…

Tofiq dedi:

– Məmməd, hər kəsin səhvi olur. Onun sən barədə etdiyi ilk səhvini üzrlü say.

Məmməd Araz dedi:

– Tofiq, qardaşım, məsələ ondadır ki, mən həyatda heç bir sahədə uduzmağı qəbul etmirəm. Həyatda hansı sahədə olursa olsun, uduzmağı öz şəxsi məğlubiyyətim hesab edirəm. Ağlım kəsəndən, qarşımda məqsəd qoymuşam: dərzi olsam da, birinci olmalıyam, bənna da olmuş olsam, birinci olmalıyam, dəmirçi də olsam, yenə də birinci olmalıyam, hətta şahmatçı da olmuş olsaydım belə, onda da gecə-gündüz çalışıb-əlləşib, birinci olmalıydım!.. Xülasə, hansı sahədə oluramsa olum, düşünmüşəm ki, birinci yer mənimki olmalıdır!..

Məmməd Araz son sözünü deyib, söhbətinin məcrasını başqa səmtə yönəltdi. Üzünü Tofiqə tutub soruşdu:

– Qardaş, xeyli vaxtdır ki, görünmürsən. Xeyirdirmi?..

Tofiq dedi:

– Məmməd, xeyir olmamış, nə var ki?! Musa Yaqubun “BİR SİM ÜSTƏ…” şeirlər kitabının redaktoruyam; əsasən evdə işləyirəm.

Məmməd Araz soruşdu:

– Tofiq, Musa qardaşımız nə yazır?

Tofiq dedi:

– Məmməd, yazır da sözdü?! Gecə-gündüz şeirlərindən həzz alıram. Şeykəm yaylağında yazdığı şeirində deyir:

 

Çaylar qaranlıqda – bəyaz küçələr,

Dağlar nə qəribə olur gecələr!..

Bu zaman Məmməd ucadan dedi:

– Ə, köpək oğlu yaman deyib!..

Tofiq dedi:

– Ay Məmməd, atası rəhmətə gedib, elə demə.

Məmməd dedi:

– Tofiq, mən pis mənada yox, yaxşı mənada dedim. Bizim tərəfdə ün yetməz, əl çatmaz, güclü adamlar haqqında belə deyirlər. Bu sözü-müstəsna qabiliyyəti olan kəslərə aid edirlər. Qaldı ki, o cür oğulun atasına ikiqat rəhmət düşür, yeri behiştlik olsun!..

Söhbət əsnasında Məmməd Araz Tofiqdən soruşdu:

– Qardaş, eşitdiyimə görə, böyük oğlun Zakir Moskvada Kosmonavtlıq Akademiyasında təhsil alan ilk azərbaycanlıdır!..

Tofiq dedi:

– Elədir ki, var.

Ona gözaydınlığı verdik.

…Söhbət edə-edə, Kirov prospekti, 28 (indiki BÜLBÜL prospekti) ünvanında yerləşən, zirzəmi tipli “PİTİXANA”-ya çatdıq. Daş pillələrlə aşağıya enib, içəriyə daxil olduq. Məmməd Araz dedi:

– Bu kafe mənim üçün çox doğmadır. Öləziyən işıqların fonunda burada şairanə bir mühit yaranıb… Bu yer mənə Moskvanın Neqlinnaya küçəsindəki ala-toranlı məkanı xatırladır. Biz də təhsil illərində o məkanda əylənmişik. Bizdən də neçə illər qabaq Rusiyanın sevimli şairləri Aleksandr Blok, Vladimir Mayakovski, Sergey Yesenin və digər məşhurlar o kafeteriyanın mötəbər qonaqları olublar.

Moskvadaki kafeteriyada olduğu kimi bu kafedə də duyğulanıram. Günortalar adətən bura tək gəlirəm. Bugün isə, üç nəfərik. Qonorar almışam, qonağımsınız.

Bu məqamda madiyyat məsələsilə əlaqədar, onun söhbətinə müdaxilə etdim. Təklifimi qəbul etmədi, dedi:

– Doktor incimə, bugün söz mənimkidir!..

Nahar etdik. Pitinin üstündən də kəklikotulu çay içdik.

…Bayıra çıxdıq. Məmməd Arazla yanaşı gedirdim. Səhvimə görə, üzüm gəlmədi ki, ondan həmin anda üzr istəyəm. Ümidim yox idi ki, məni bağışlasın… Mən günahkar idim, o – günahsız. O, haqlı idi, mən – haqsız. Düşünürdüm ki, üzrüm günahımdan betər olacaq!..

Biz xudahafizləşib, ayrıldıq. Evə gəldim. O gecə vicdanım mənə qənim kəsildi!.. Məmməd Araza qarşı etdiyim səhvə görə, özümü döydüm… və özümə verdiyim cəzanı nəzmə çəkdim.

Səhərisi günü özümü toparlayıb redaksiyaya yollandım, səhvimə görə Məmməd Arazdan üzrxahlıq edib, şeirimi ona verdim. Məmməd Araz yaxşı mənada “şeir xəstəsi” olduğundan, şeirimi dəhlizdə ayaq üstəcə oxudu:

 

MƏNİM GÜNAHLARIM, MƏNİM SƏHVLƏRİM…

 

 

Heç zaman ürək qəm yeməyib əbəs;

Günahkar olmuşam, divan qurulub.

Döyülmüşəm… Məni döyməyib heç kəs,

Onda da öz əlim, öz başım olub.

 

Bir yanlış addımdan min arzu sönüb;

Tikanlı dağ, dərə çıxıb qarşıma.

Səhvlərim düyünlü yumruğa dönüb,

Enib qoşa-qoşa mənim başıma…

 

Axıb puçur-puçur xəcalət tərim,

Vicdanın hakim tək çıxışı olub.

Mənim günahlarım, mənim səhvlərim

Başıma qapazlar yağışı olub!..

 

…Məmməd Araz dedi:

 

– Doktor, şeirin xoşuma gəldi. Düz hərəkət etmisən! Haqqa tapındığına görə səhvini bağışlayıram!..

Şairin bu humanistliyindən istifadə edib, incikliyə səbəb olan hadisəni olduğu kimi danışdım: -Məmməd müəllim, mənim sizə qarşı heç bir qərəzim olmayıb. Sadəcə Siyavuş mənə bildirdi ki, Məmməd Araz məni udacaq, amma Moskvadan təzə qayıtmışam deyə cibimdə pulum yoxdur ki, uduzduğum 3 manatı verim. Ona görə də biabır olacağam. Çünki pulla oynamağı da mən təklif etmişəm. Bu səbəbdən  məndən xahiş etdi ki, sizin arxanızda dayanıb, him-cimlə hansı gedişi etməyini ona bildirim. Mən də sizə uduzandan sonra, onun pis vəziyyətə düşməməsi üçün kömək edəcəyimə razılıq verdim.

Məsələdən halı olan M.Araz belə dedi:

– Doktor, deməli, səni bağışlamaqda düz eləmişəm. Mən də fikirləşirdim ki, doktor niyə belə eləsin? İndi başa düşdüm. Düz eləmisən… olan şeydir. Elə şeirində də səhvini etiraf etmisən. Bir də ki, ay doktor, mən belə xırda şeylərə görə dostlardan incimərəm. Amma haqsızlığa qarşı həmişə səsimi ucaltmışam. Oldu, keçdi. Narahat olma, şeirlərin də çap olunacaq.

Mən bununla da Məmməd Araz böyüklüyünün bir daha şahidi oldum.

 

Ramiz MÖVSÜM

Cümhuriyət .- 2025.- 24-31 oktyabr (¹38).- S.14.