Əziz ƏLƏKBƏRLİ
filologiya üzrə fəlsəfə
doktoru, dosent
AMEA Folklor İnstitutunun aparıcı
elmi işçisi
e-mail: eziz_elekberli@rambler.ru
ŞAHABLI
AŞIQ CƏLİL:
DÖVRÜ,
MÜHİTİ VƏ YARADICILIĞI
XÜLASƏ
Şahablı Aşıq Cəlil və
Sallı Aşıq Cəlil Azərbaycan
aşıq sənətinin az tədqiq olunan nümayəndələrindəndir. Birincisi Qərbi Azərbaycanın
Vedibasar mahalının Şahablı, digəri isə Dərələyəz
mahalının Sallı kəndindən olsalar da, hər ikisi təxminən
eyni dövrdə, eyni bölgədə və bir qədər
də oxşar tale yaşamışlar. Hər ikisi 1918-ci ildə
ermənilər tərəfindən soyqırımına məruz
qalmış, Şahablı Aşıq Cəlil qətlə
yetirilmiş, Sallı Aşıq Cəlil yurdundan didərgin
salınmışdır. Onların günümüzə qədər
gəlib çıxan şeirlərində dövrün
bütün bu hadisələri öz əksini
tapmışdır. Hər iki aşığın şeirlərinin
müqayisəli təhlili bir tərəfdən dövrün
hadisələri haqqında geniş məlumat verirsə, digər
tərəfdən onların yaradıcılıq özəllikləri
barədə aydın təsəvvür yaradır.
Açar sözlər: Şahablı Aşıq Cəlil, Sallı Aşıq Cəlil,
Qərbi Azərbaycan, Vedibasar, Dərələyəz,
Abbasqulu bəy
Shahabli Ashyg
Jalil and Salli Ashyg Jalil: similar names, similar destinies
Summary
Shahabli ahhyg
Jalil and Salli ashyg Jalil are representatives of Azerbaijani ashyg art, whose
works have been researched a little. Despite the first ashyg was from the
village Shahabli of Vedibasar region and the last from the village Salli of
Daralayaz, both of them have resided approximately in the same period, in the
same region and both of them were exposed to the same destiny. The both of them
were underwent to the genocide taken place in 1918 by Armenians, i.e. Shahabli
ashyg Jalil was killed and Salli ashyg Jalil driven out of his native lands.
Fortunately, poems written by them and reached nowadays have contained all
these events of that period. The comparative analysis of the both ashyg
provides us with comprehensive information as regards the aforementioned events
and on the other hand these poetic texts create clear imagination about their
creative peculiarities.
Key words: Shahbli ashyg Jalil, Salli ashyg Jalil,
Western Azerbaijan, Vedibasar, Daralayaz, Abbasgulubey.
Шахаблы Ашуг Джалил и Саллы Ашуг Джалил:
схожие имена, схожие судьбы
РЕЗЮМЕ
Шахаблы Ашуг Джалил и Саллы Ашуг Джалил –малоисследованные
представители Азербайджанского ашугского искусства. Во-первых несмотря на то,
что один из села Шахаблы квартала Ведибасар и села Саллы квартала Дерелеяз: оба
пережили приблизительно в один период, в одном регионе определенным образом
схожую судьбу. Оба в 1918 году подверглись геноциду, совершенному армянами,
Шахаблы Ашуг Джалил был убит, Саллы Ашыг Джалил был изгнан из страны. В их
стихах, дошедших до наших дней нашли отражение все эти события периода.
Сравнительный анализ стихов обоих ашугов, с одной стороны дает обширную
информацию о событиях периода, с другой стороны, создает ясное представление об
их творческих способностях.
Ключевые слова: Шахаблы Ашуг Джалил, Саллы Ашуг Джалил, Западный Азербайджан,
Ведибасар, Дерелаяз, Аббасгулу бей.
Azərbaycan aşıq sənətinin çox az
tanınan nümayəndələrindən biri də
Şahablı Aşıq Cəlildir. Təxminən eyni
dövrdə və bir qədər də oxşar tale yaşadıqlarından
bəzən onu Sallı Aşıq Cəlillə səhv
salırlar. Lakin göründüyü kimi, onlardan biri Qərbi
Azərbaycanın Vedibasar mahalının Şahablı kəndindən,
digəri isə Dərələyəz mahalının
Sallı kəndindəndir (1, 240-244).
Şahablı Aşıq Cəlil 1918-1920-ci illər erməni-müsəlman
münaqişəsinin iştirakçısı, birbaşa
qurbanı olduğundan və yaradıcılığında
bu münaqişəyə geniş yer verdiyindən öncə
onun mənsub olduğu coğrafi ərazi, dövrü və
mühiti haqqında oxuculara qısa məlumat verməyi bacib
bilirik.
Aşıq Cəlilin doğulduğu Şahablı kəndi Qərbi Azərbaycanın (indiki
Ermənistanın) Vedibasar mahalında, bu mahal isə
Ermənistan, Azərbaycan (Naxçıvan) və Türkiyənin
bu günkü dövlət sərhədlərinin kəsişdiyi
yerdə, İrəvan çuxurunun – Ağrıdağ
vadisinin (Ararat düzənliyinin) Böyük Ağrı və
Kiçik Ağrı dağ zirvələri ilə üzbəüz
hissəsində, Araz çayının şərq sahilində
yerləşir.
Vedibasar
mahalı relyefinə görə bir-birindən kəskin şəkildə
fərqlənən dağlıq və düzənlik (aran)
hissələrinə ayrılır. Dağlıq hissə
mahalın mərkəzi olan Böyük Vedi qəsəbəsindən
başlayaraq Göyçə, Dərələyəz və Gərnibasar
mahallarına doğru uzanan üç böyük dərə
– mərkəzdə Cığın dərəsi
(Cığındərə), sağda Çanaxçı
dərəsi (Çanaxçıdərə), solda Milli dərəsi (Millidərə) boyu yerləşən
kəndlərdən ibarətdir.
Bu dərələrdən
Çanaxçıdərə bölgəsi Çimən (bəzi mənbələrdə
– Çəmən) kəndindən ayrılıb, Dərələyəz
mahalına doğru uzanan dərə boyu əraziyə aid
edilirdi. Vedi çayının Şahablı qolu bu dərədən
axırdı (2, 32-33).
Şahablı –
Vedibasar mahalının Çanaxçı
dərəsinin ən qədim və böyük kəndlərindən
biri idi. Vedi çayının sol qolu olan Çapançay
çayı kənarında, Zəncirli kəndinin
yaxınlığında yerləşən bu kənd
haqqında ilk məlumatlardan birinə "İrəvan əyalətinin
müfəssəl dəftəri"ndə (1590) Vedi nahiyəsində
İncədərə kəndi kimi rast gəlirik. Mənbədə
kəndin ikinci adının Gəncəli olduğu göstərilir.
Kəndin ilkin adının İncədərə olması
onun Qıpçaq türklərinin Əncə
tayfasının məskunlaşdığı dərə mənasını
daşımasını ehtimal etməyə əsas verir. Kəndin
ikinci adının Gəncəli olması isə sonradan burada
Gəncə tərəfdən köçüb gələnlərin
məskunlaşması ehtimalını doğurur (4, 172).
"İrəvan
əyalətinin icmal dəftəri"nin (1728) “Zeamət və
timarlar” bölməsində isə artıq kəndin birinci
adı unudulmuş və Gəncəli adı önə
keçmişdir. Lakin mənbədə Zəncirli kəndi yaxınlığında
yerləşdiyi vurğulanan bu kəndin ikinci adının
Şahablı olması barədə qeyd var (4, 106).
1826-1829-cu
illər Rusiya-İran, Rusiya-Osmanlı müharibələri
zamanı kənd böyük dağıntılara məruz
qalmış və İ.Şopendə (1832) artıq Vedibasar
mahalının dağıdılmış kəndləri
siyahısına daxil edilmişdir (5, 511-512). Sonradan geri
qayıdıb kəndi təzədən bərpa etmək istəyən
camaat kəndin yerlə-yeksan olunduğunu görüb,
yaxınlıqda yeni kənd salmaq məcburiyyətində
qalır. Köhnə kənddə isə çox az adam ev
tikib yaşayır. Yeni salınmış kənd
Şahablı (bəzən Yeni Şahablı da deyiblər)
adlandırıldığından köhnə kənd də
yavaş-yavaş Köhnə Şahablı
adlandırılmış və öz mövqeyini tədricən
yeni salınmış Şahablı kəndinə tərk
etmişdir. XX yüzilin əvvəllərində, 1905-ci il erməni-müsəlman
davası zamanı isə onlar da köçüb Yeni
Şahablı kəndinə gedirlər. Köhnə
Şahablı kəndi o vaxtdan xaraba qalır.
Çox sürətlə
böyüyən yeni Şahablı kəndində 1873-cü
ildə 55 təsərrüfatda 437 nəfər (260 kişi,
177 qadın), 1886-cı ildə isə 62 təsərrüfatda
606 nəfər (345 kişi, 261 qadın) Azərbaycan
türkü siyahıya alınmışdır.
Lakin yeni Şahablı kəndinin
xoşbəxt günləri uzun sürmür. 1918-ci ilə qədər
kənddə ancaq Azərbaycan türkləri yaşasa da, həmin
il Andranikin quldur dəstələrinin hücumuna məruz
qalmış, dağıdılmış, qarət edilmiş,
yandırılmış, əhalisi qəddarlıqla qətlə
yetirilmiş, sağ qalanlar birtəhər qaçıb
canlarını qurtarmışlar. Elə o vaxtdan da kənddə
ilk ermənilər məskunlaşmağa
başlamışlar.
1922-ci ildə kənd
əhalisindən sağ qalan 64 nəfər azərbaycanlı
geri qayıdarkən Türkiyədən gəlmə 65 nəfər
erməninin artıq kənddə yerləşdirildiyini
görmüşlər. Sonrakı illərdə kəndin erməniləşdirilməsi
məqsədli şəkildə sürətləndirilmiş,
"Ermə- nistan"ın dağ rayonlarından xeyli sayda
erməni köçürülüb buraya gətirilmişdir.
1949-cu ildə isə kəndin bütün azərbaycanlı əhalisi
zorla Azərbaycana deportasiya olunmuş, kənd tamamilə erməniləşdirilmişdir.
1968-ci il iyul
ayının 3-də kəndin adı dəyişdirilərək
erməni tələffüzünə uyğun olaraq
Şağap (Şahab) qoyulmuşdur.
Beləliklə,
qayıdaq bu qədim Türk-Oğuz yurdunun 1919-cu il tarixinə.
Şahablı kəndinin tarixində ən faciəli
dövr, heç şübhəsiz, 1919-cu il
soyqırımı olmuşdur.
Bölgədə
hələ 1918-ci ildən başlanan erməni-müsəlman
qırğınları getdikcə kəskin şəkil
almaqda idi. Zaqafqaziya Seyminin dağılmasından sonra erməni
daşnaklarının tarixdə ilk erməni dövləti
olan Ararat Respublikası yaratması, Azərbaycan Xalq
Cümhuriyyətinin də İrəvan şəhəri siyasi
mərkəz olmaqla İrəvan xanlığının bir
hissəsini onlara güzəştə getməsi ermənilərin
əl-qolunu daha da açmışdı. Daşnak quldur dəstələrinin
ağır zülm və təzyiqinə davam gətirməyərək
Göyçə mahalından, Millidərə və
Çığındərə kəndlərindən
qaçqın düşmüş yüzlərlə dinc
sakin Vedibasar mahalının Haxıs, Yuxarı Ərmik,
Aşağı Ərmik, Şahablı, Qədirli kəndlərində
sığınaçaq tapmışdılar. Andranikin
başçılığı ilə Türkiyədən
Naxçıvana, oradan da Dərələyəz-Zəngəzura
keçən “Van” və “Sasun” alaylarının Gorus və Dərələyəz
bölgələrində törətdiyi vəhşiliklərdən
sonra Dərələyəz və yenə də Göyçə
mahallarının kəndlərindən xeyli müsəlman
qaçqın təzədən həmin kəndlərə pənah
gətirmişdilər.
Bu vaxt Vedibasar camaatını erməni
qırğınından qorumaq məqsədilə Vedibasar
Milli Hökuməti və “Mübariz dəstə” adı ilə
onun silahlı ordusunu yaradan Abbasqulu bəy erməni
bölüklərinin Şahablı-Qədirli istiqamətində
hərəkət etdiyini bilən kimi dərhal həmin kəndlərə
çapar göndərir ki, ehtiyatlı olsunlar, ermənilərdən
hər cür vəhşilik gözləmək olar. Lakin “Van”
və “Sasun” alayları Şahablı və Qədirli kəndlərinə
gələn kimi bu və ətraf kəndlərdə hərbi
vəziyyət elan edib, yolları bağlayırlar.
Böyük Vedi ilə əlaqə bütünlüklə kəsilir.
Adamları hətta qonşu kəndlərə gedib-gəlməyə
qoymurlar. Daşnaklar camaatı yerli hakimiyyət orqanları
yaratmaq adı ilə aldadıb, yarı zor-yarı xoş, kimlərdə
silah varsa, əllərindən alırlar. Sonra kişiləri
içlas bəhanəsi ilə ayrı-ayrı böyük
damlara toplayıb, arvad-uşaq üzərində nəzarətçi
silahlı əsgərlər qoyur, bütün kəndlərdə
eyni vaxtda kütləvi qırğın törədirlər.
Daşnaklar Şahablı kəndində
bu kəndin sakini Aşıq Cəlili də vəhşiliklə
qətlə yetirirlər. Ermənilər əsir
götürdükləri aşığa əvvəl təklif
edirlər ki, general Andronikin şərəfinə bir qoşma
oxusun. Aşıq Cəlil isə, əksinə,
üzünü Böyük Vediyə tərəfə tutub,
ermənilərə dəfələrlə qan udduran Abbasqulu bəyin
şərəfinə, onu imdada çağıran qoşma
oxuyur. Buna görə də ermənilər elə oradaca
aşığı yerə yıxıb, dilini dibindən
qoparır, sonra da sazı ilə birlikdə üstünə
neft tökülmüş kərmə qalağının
içərisində diri-diri yandırırlar.
Beləliklə, Şahablı, Qədirli,
Qaraxaç və ətraf kəndlərdə dinc müsəlman
əhalinin ermənilər tərəfindən kütləvi qətli
axşamdan başlayıb, geçə yarısına qədər
davam edir. Əhalinin yerə-göyə sığmayan
vay-şivəni, tükürpədiçi
haray-qaşqırığı səhərə yaxın
yavaş-yavaş kəsilir.
Vedibasar özünümüdafiə
qüvvələrinin Çimən kəndi və
Düyüdaşı tərəflərindəki
keşikçi məntəqələrində olan
keşikçiləri dağların arxasında üfüqdə
qeyri-adi parıltı-qızartı görsələr də,
bir müddət Şahablı, Qədirli, Qaraxaç kəndlərində
nələr baş verdiyini başa düşmürlər.
Lakin tezliklə məsələnin nə yerdə olduğunu
anlayıb, təcili Çimən kəndinə xəbər
göndərirlər. Çimən kəndində hadisə
haqqında məlumat alan Sultan Məçid vəziyyət barədə
Böyük Vediyə – Abbasqulu bəyə təcili xəbər
verir. Abbasqulu bəy gecə ikən təcili Böyük
Vedinin bütün bölüklərini ayağa
qaldırır və böyük bir atlı dəstəsi ilə
kəsə yolla Şahablıya doğru yeriyir. Çimən
kəndindən Şahablıya doğru hərəkət əmri
alan Sultan xanın və Kərbəlayı
İsmayılın dəstələri isə erməni
keşikçiləri tərəfindən geri oturdulan
silahdaşlarının köməyinə çapırlar.
Hələ Abbasqulu bəy
Şahablıya çatmamış “Mübariz dəstə”nin
bölük başçısı Həbib Mirzə oğlu Dəhnəz
kəndi tərəfdən özünün kiçik atlı
dəstəsi ilə Şahablı kəndinin arxasına
keçir və burada otuz beş-qırx nəfər müsəlman
arvad-uşağını əsir aparan erməniləri qəfil
atəşlə qarşılayırlar. Bu zaman
Şahablıdakı erməni quldur dəstələri arxadan
böyük bir qüvvə ilə mühasirəyə
alındıqlarını güman edib, Şahablıdan
başqa yolla çıxıb qaçmağa can atırlar.
Lakin qarşılarına Abbasqulu bəyin
başçılığı ilə Böyük Vedidən
gələn bölüklər çıxır. Döyüş
qızışır, Şahablı kəndində qanlı
cinayət törədən qudurğan erməni qoşun hissələri
bu dəfə həqiqətən mühasirəyə
düşərək döyüş meydanında çoxlu
yaralı və meyid buraxıb vahimə içində
qaçırlar. Axşama qədər davam edən şiddətli
vuruşma nəticəsində düşmən ağır itki
verərək, bir sıra müsəlman kəndlərindən
geri oturdulur, çoxlu sayda erməni əsgərinin meyidi ilə
yanaşı, bir neçə erməni zabitinin, o cümlədən
dəstə başçısı Vahanın da meyidi
döyüş meydanında atılıb qalır.
Lakin Şahablı və Qədirli faciəsinin
miqyası böyük idi. Bu kəndlərin
bütünlüklə müsəlman olan əhalisindən,
eyni zamanda vaxtilə bu kəndlərə
sığınmış çoxlu qaçqın əhalidən,
demək olar ki, heç kəs qalmamışdı. Onlar ya
yandırılan evlər, ot tayaları, kərmə
qalaqları içərisində yanıb kül olmuş, ya
da erməni gülləsi və süngüsü ilə qətlə
yetirilmişdilər. Minlərlə əhalidən çəmi
yüzə qədər qoca və qarı, bir də əsirlikdən
salınmış və təsadüfən orada-burada sağ
qalmış arvad-uşaq xilas olmuşdu (6, 101-104).
Erməni quldur dəstələrinin bu vəhşi
əməlləri bir sıra tarixi sənədlərdə də
öz əksini tapmışdır. Məsələn,
Naxçıvan Müsəlman Milli Komitəsinin o vaxtkı
katibi Mirzə Bağır Əliyevin gündəliklərindəki
6 yanvar 1919-cu il tarixli qeydində oxuyuruq: “Vedi qəryəsinin əhli
Şəmsəddin bəy Mahmudbəyov Vedibasar mü-səlmanlarının
barəsində Naxçıvana gəlib böylə məlumat
verdi: …Erməni qoşunu Vedibasar nahiyəsində bulunan
müsəlman köylərinə, məsələn, Kərkab,
Ağasıbəyli, Keşişdağ, Dəhnəz,
Qaraxaç, Qədirli, Şahablı və Çəmənkəndə
hücum edib 20 mindən ziyadə müsəlman əhalisini kəsib,
balaca balaları, qadınları və əlil kişiləri
evlərə toplayıb, tamamən bıçaq və xəncər
ilə kəsib, nizəbuş ediblər... Xülasə
Vedibasar tərəfində müsəlmana olmazın zülmlər
və çəfalar ermənilər tərəfindən
olundu” (7, 106-107).
Beləliklə, Şahablı, Qədirli,
Qaraxaç, Ağasıbəyli və ətraf kəndlərdə
baş verən bu dəhşətli qırğın erməni
vəhşiliyinin bir çox cizgilərini özündə
yaşadan böyük bir milli faciə kimi Azərbaycan tarixinə
daxil oldu. Bu qırğının əks-sədası uzun
müddət eşidildi, çox-çox uzaqlardan dolanıb gəldi.
Bu faciə barədə Paris Sülh Konfransının sədrinə
ünvanlanmış 16-19 avqust 1919-cu il tarixli sənəddə
də xüsusi bəhs edilmişdir. Həmin sənəddə
erməni daşnaklarının Vedibasar mahalında törətdikləri
vəhşiliklər barədə oxuyuruq: “... “Van”, “Sasun”
adları altında müxtəlif erməni hərbi hissələri
müsəlman əhalisini qılıncdan keçirtdi, kəndləri
toplardan və zirehli qatardan atəşə tutdular,
öldürülənlərin qarnını yırtıb,
gözlərini oydular, bəzi cəsədləri
yandırdılar, əhalini taladılar, ümumiyyətlə,
eşidilməmiş vəhşiliklər etdilər. Yeri gəlmişkən,
Vedibasar rayonunda belə bir dəhşətli fakt da baş
verdi ki, Qaraxaç, Qədirli, Qarabağlar, Ağasıbəyli,
Dəhnəz kəndlərinin kişiləri sonuncu nəfərə
qədər qətlə yetirildilər”.
Həmin hadisələr zamanı vəhşicəsinə
qətlə yetirilən Şahablı Aşıq Cəlilin
yaradıcılığının xeyli dərəcədə
günümüzə qədər gəlib
çatmamasının əsas səbəbini də bu hadisələrin
miqyasının bu qədər böyük və
dağıdıcı olmasında axtarmaq lazımdır. Bu
hadisələr zamanı təkcə Aşıq Cəlil, onun
ailəsi, qohum-əqrəbası, kəndliləri yox,
qonşu kəndlərin əhalisi də qətlə
yetirilmiş, az sonar bütün bölgənin əhalisi
soyqırımına məruz qalaraq yurd-yuvasından didərgin
salınmışdı. Şahablı Aşıq Cəlilin mənsub
olduğu aşıq mühitinin bu cür məhv edilməsi
onun şeirlərinin xeyli dərəcədə yoxa
çıxması ilə nəticələnmişdir.
Lakin onlardan Şahablı Aşıq Cəlilin
öldürülməsi zamanı oxuduğu beş bəndlik
“Qeyrət günüdür” şeiri günümüzə qədər
gəlib çıxmışdır:
Vedinin
dağları düşüb araya,
Düşmən
cəhd eləyir kəndi talaya.
Naməni
yazmışam Abbas ağaya,
Yazmışam,
durmasın, haraya gəlsin,
Yağı
salıb bizi araya, gəlsin!
Çat haraya, bəyim,
nicat günüdür,
Vedinin davası,
qeyrət günüdür!
Vedinin
dağları batıbdı yasa,
Daşnaklar istəyir
Vedini basa.
Bir məktub
yazmışam o xan Abbasa,
Yazmışam,
durmasın, haraya gəlsin,
Yağı
salıb bizi araya gəlsin!
Çat haraya, bəyim,
nicat günüdür,
Vedinin davası,
qeyrət günüdür!
…Vedinin
dağları batıbdı qana,
Daşnakı
qırmaqla biz gəldik cana.
Yazmışam Vətənin
o mərd oğluna
Yazmışam,
durmasın, haraya gəlsin,
Yağı
salıb bizi araya gəlsin!
Çat haraya, bəyim,
nicat günüdür,
Vedinin davası,
qeyrət günüdür! (2,
692; 3, 402-403)
Bu şeirin başqa bir
variantını folklorşünas alim Əli Şamil
Naxçıvanın Şahbuz rayonunun Yuxarı Qışlaq
kənd sakini Abbasəli Abdullayevdən yazıya
almışdır:
Vedinin dağları batıbdı yasa,
Daşnaqlar istəyir Vedini basa,
Bir kağız yazaram ağam Abbasa,
Millət sənə qurban, bəy
Abbasqulu,
Var olsun, gül olsun, bəy Abbasqulu.
Vedinin dağları dönübdü
qana,
Qağtağan cəmdəyin verib
yan-yana,
Bir kağız yazaram Şahi-Mərdana
Millət sənə qurban, bəy
Abbasqulu,
Var olsun, gül olsun, bəy Abbasqulu.
Vedinin üstündə toplar quruldu,
Topların qurğusu tərsə buruldu,
Soltanım gəlmədi borğu pozuldu.
Millət sənə qurban, bəy
Abbasqulu
Var olsun, gül olsun bəy Abbasqulu (8,
76-77).
Lakin o
dövrdəki və bölgədəki hadisələrlə
bağlı çoxlu yarımçıq şeirlər,
misralar, bəndlər də yazıya alınmışdır
ki, həm məzmununa, həm də üslubuna görə
onların da məhz Şahablı
Aşıq Cəlilə məxsus müxtəlif şeirlərin
parçaları olduğunu söyləmək
mümkündür. Əli Şamilin “Dastanlaşmış
ömürlər” kitabında belə şeir
parçalarından xeyli nümunələr verilmişdir (8,
75-88).
Şahablı
Aşıq Cəlilin çoxlu şeirləri olduğunu
müasirlərinin xatirələri də təsdiq edir.
Məsələn, Əli Şamil Şəmkir rayonunun
Leninkənd kəndində yaşayan Bilas Şadlinskidən
Abbasqulu bəy haqqında dastan olub-olmadığını
xəbər alanda o belə cavab vermişdi: “Elə bir dastan
yadıma gəlmir. Bəlkə də olub, mən eşitməmişəm.
Amma aşıqların oxuduqlarını eşitmişəm.
Şahablı Cəlil Abbasqulu bəydən yaman
şövqlə oxuyurdu. Deyillər onun da güdazına getdi.
Andranik Qaraxaç tərəf kəndləri dağıdanda
qələbəsini qeyd etmək üçün kef
məclisi qurubmuş. Aşıq Cəlili də o
məclisə gətirirlər. Deyillər, çal, oxu, kefimizi
aç. Yanındakılar da deyir Andranikin
qəhrəmanlığına şeir qoş. Aşıq
Cəlil başdıyır çalıb-oxumağa.
Görürlər ki, bu Abbasqulu bəydən oxuyur, onu
tərifləyir. Kimi deyirdi dartıb dilini
malazasından-boğazından qoparmışdılar. Kimi
də deyirdi Aşıq Cəlilin üryan bədəninə
qaynar samavar bağlayıb deyiblər: “İndi oxu!” Hər
nə isə, Aşıq Cəlil orada
öldürülmüşdü (8, 78).
Vedibasar mahalının Şidli kənd sakini
Mədət Bağırovdan yazıya alınmış “Hayıf
ki, əməyi zay Abbasqulu” şeirində isə Böyük
Vedi uğrunda gedən döyüşlərin elə
təfərrüatı təsvir olunub ki, onu bu
hadisələrdən xəbəri olmayan biri yaza bilməzdi:
Bizim əsgər maşın yolunu
aldı,
Davanın gücünü Vediyə
saldı.
Bir hücumla on iki pulemyot aldı.
Onnar sənə qurban, bəy Abbasqulu,
Hayıf kı, əməyi zay, Abbasqulu.
Müsəlmanlar Bürc başına
toplaşdı,
Toplar açılanda gözdər
qamaşdı,
Ana-bacılar saç yolub
ağlaşdı.
Onnar sənə qurban, bəy Abbasqulu,
Hayıf kı, əməyi zay, Abbasqulu.
Gavur meydan açıb, atın
oynadır,
Vedinin dağların qana boyadır,
Qəlbimdə düşmənə nifrət
oyadır.
Onnar sənə qurban, bəy Abbasqulu,
Hayıf kı, əməyi zay, Abbasqulu (8, 81).
Bu şeirdəki “Davanın gücünü Vediyə saldı”, “Bir
hücumla on iki pulemyot aldı”, “Müsəlmanlar Bürc
başına toplaşdı”, “Toplar açılanda gözdər
qamaşdı” misraları ermənilərin Böyük Vedi
üzərinə etdiyi ən mühüm döyüşlərdən
birinə işarədir. Belə ki, Abbasqulu
bəy ən ağır döyüşlərin birində
taktika işlədərək, erməniləri Böyük
Vedi kəndinin içində qarşılamaq qərarına
gəlir. Döyüşün nəticəsi məlum
olmadığından dinc əhali daha çox kəndin
içindəki Bürc qalasına toplaşır. Erməni
toplarının səsi kəndi lərzəyə gətirir.
Lakin Abbasqulu bəyin sərkərdə şücaəti
sayəsində Vedibasarın müdafiə qüvvələri
qəfil pusqudan çıxaraq ermənilər
darmadağın edir. Bu döyüşün
nəticəsində ermənilərdən xeyli silah-sursat, o
cümlədən on iki pulemyot qənimət
götürülür.
Dərələyəzli
Qaçaq Süleymanın silahdaşlarından olan Qaçaq
Budaq haqqında bir şeirin möhürbəndində isə
açıq-aşkar Şahablı Aşıq Cəlilin
adı keçir. Aşağı Daşarxlı
kəndindən tarix müəllimi Vaqif Məmmədovun
topladığı şeir parçalarını
aşıqlar «müxəmməs» üstə oxuyurmuşlar:
“Saymaz nəçənniyi, kattanı, xanı,
Döyüşə girəndə ona tay hanı?
Elə bir iyiddi, şöhrəti-şanı
Düşübdü dağlara, daşa
Budağın.
Onu qaçaq salıb Meydannan Xəlil,
Yalvarıb ediblər nəsihət, dəlil.
Şəninə söz qoşur Şahablı
Cəlil,
Keçməyir gülləsi boşa Budağın.
Şeirin
qafiyə quruluşuna əsaslanıb ilk bəndin
olmadığını yəqinliklə söyləyə
bilərik. Bundan belə qənaətə gəlmək olar:
şeir beş, yeddi, bəlkə də daha çox
bənddən ibarət olub. Möhürbənddən şeri
qoşanın Şahablı Cəlil olduğu bilinir. Bu da
xəyali bir şəxs deyil. Vedibasarda,
Dərələyəzdə, Şərurda yaxşı
tanınan bir aşıqdır. Belə söyləyirlər
ki, Abbasqulu bəy Şadlinski və başqa
qəhrəmanları öyən şerlər
yazıb-oxuduğuna, amma erməni quldurlarını
tərifləyən mahnılar oxumadığına
görə 1918-ci ilin yayında Andranik Ozanyanın quldur
dəstələri Cəlilin dilini dartıb boğazından
qopararaq öldürüblər. Aşıq Cəlilin
kürəyinə qaynayan samavar bağlayaraq oxumağa
məcbur etdikləri, kərmə qalağında
yandırıldığı haqqında da
rəvayətlər var” (8, 51-52).
Dərələyəzin
Kotan kəndində doğulan, sonra Danzik kəndinə
köçən aşıq Həmid Ağamalıyevdən
Dərələyəzli Qaçaq Süleyman haqqında
şeirlər və çoxlu şeir parçaları
yazıya alan hörmətli Əli Şamil bu şeirləri
təhlil edərək belə qərara gəlir ki, “Qaçaq
Süleyman haqqında zəif də olsa, bir dastan
varmış. Bu dastanın yaradıcılarından biri,
bəlkə də elə birincisi Şahablı Aşıq
Cəlil imiş” (8, 59).
Bu,
Qaçaq Süleyman haqqında şeirlərin çoxunun
məhz Şahablı Aşıq Cəlilə
məxsusluğunu söyləməyə də əsas verir.
Heç
şübhəsiz, Şahablı Aşıq Cəlil
haqqında axtarışlar bundan sonra da davam etdiriləcək.
Hazırda Şahablılar daha çox Azərbaycanın Salyan
rayonunun 1, 2, 3, 4 nömrəli sovxozlarnda, Yevlax, Beyləqan,
Bərdə rayonlarında, Naxçıvanda və Bakı
şəhərində yaşayırlar. İnanırıq ki,
Şahablı Aşıq Cəlil gələcəkdə
Azərbaycan aşıq yaradıcılığında öz
layiqli yerini tutacaqdır.
ƏDƏBİYYAT
1.
Mirzəyev H. Dərələyəz
folkloru. Bakı, Elm, 2006, 768 səh.
2.
Ələkbərli Ə. Qərbi
Azərbaycan, I cild, Vedibasar mahalı (Vedi və Qarabağlar
rayonları), ikinci nəşri, Bakı, Ağrıdağ,
2003, 736 səh.
3.
Azərbaycan folkloru antologiyası, X kitab, İrəvan
çuxuru folklore. Bakı, Səda, 2004, 472 səh.
4.
İrəvan əyalətinin icmal
dəftəri. Bakı, Elm, 1996, 184 səh.
5.
Шопен И.
Исторический памятник состояния Армянской области в эпоху присоединения к
Российской Империи, СПБ, 1852, 1236 с.
6.
Ələkbərli
Ə. Abbasqulu bəy Şadlinski. Bakı, Sabah, 1996, 320 səh.
7.
Əliyev M.B. Qanlı günlərimiz (1918-1920,
Naxçıvan). Bakı, Azərnəşr, 1993, 142 səh.
8.
Şamil Ə. Dastanlaşmış
ömürlər. Bakı, Səda, 2001, 96 səh.
Çapa
tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Qəniyev