Nəriman Nərimanov – 140
Görkəmli ədib və ictimai xadim
Nəriman Nərimanov Azərbaycanın
inqilabi-demokratik ədəbiyyatı və ictimai fikri tarixində
görkəmli rol oynamışdır. Onun inqilabdan əvvəl
zəhmətkeş kütlələr arasında müəllim,
həkim, jurnalist, nasir, rejissor, aktyor və görkəmli
dramaturq kimi şöhrət qazanması təsadüfi deyildi.
N.Nərimanov sözün həqiqi mənasında mübariz
bir vətənpərvər idi. O, bütün ədəbi-elmi
yaradıcılığı və ictimai fəaliyyəti ilə
taleyini doğma xalqın taleyinə bağlamış, çətinliklərlə
dolu şərəfli bir həyat yolu keçmişdir.
Nəriman Kərbəlayi
Nəcəf oğlu Nərimanov 1870-ci il aprel ayının 14-də
Tiflis şəhərində, yoxsul bir ailədə anadan
olmuşdur. Anası Həlimə xanımın şirin
nağılları, əmisi Əlimirzənin ürəkaçan
söhbətləri və qardaşı Salmanın dilindən
eşitdiyi şeirlər kiçik yaşlarından Nərimanın
mənəvi qidasına çevrilmişdi. Balaca Nəriman
ağıllı davranışı, iti zəkası, həssaslığı
və mehribanlığı ilə öz
yaşıdlarından seçilirdi. Onun elmə, ədəbiyyata
coşqun həvəsi hamının qəlbində ümid
çırağı yandırmışdı. Ona görə
də 1879-cu ildə Nərimanı Tiflisdə Qafqaz
şeyxülislamının nəzarəti altında olan
altısinifli məktəbə qoyurlar. Zaqafqaziya maarif müfəttişliyinə
tabe olan bu məktəbdə proqrama şəriət, Azərbaycan,
fars və ərəb dilləri daxil edilsə də, dərslər
əsasən rus dilində keçirilirdi. Odur ki, Nəriman
ciddi çalışır, çoxlu mütaliə edirdi. Bu
da ona təhsilini davam etdirmək üçün Qori şəhərindəki
Zaqafqaziya müəllimlər seminariyasına
hazırlaşmağa imkan yaradırdı.
1885-ci ildə Nəriman
Zaqafqaziya müəllimlər seminariyası nəzdində olan
ibtidai məktəbə daxil olur. Seminariya həyatı gənc
Nərimanın məfkurəvi və mənəvi
inkişafına qol-qanad verir.
İlk axtarışlar
dövrü onun həyata münasibətində
maarifçilik dünyagörüşü başlıca yer
tutur. Lakin gənc Nərimanın romantik düşüncələri
və maarifçilik baxışları dövrün
siyasi-ictimai hadisələrini obyektiv dərk etməyə imkan
verməsə də, zəhmətkeş kütlələri
mütləqiyyətin əsarətindən xilas etmək xəyalı
ilə yaşaması onu yeni yollar axtarmağa sövq edirdi. O,
dünyanın qabaqcıl xalqlarının tarixini, ədəbiyyatını
və milli mədəniyyətini dərindən öyrənmək
üçün ciddi mütaliə edir, onu
düşündürən bir sıra məsələlərə
cavab axtarırdı.
N.Nərimanov hələ
seminariyada ikən ali məktəbdə oxumaq arzusunda idi. O, bu
barədə öz tərcümeyi-halında yazırdı:
"Seminariya kursunu başa vurmağa iki ay qalmış
atamın qəflətən vəfatı mənə çox
ağır təsir etdi. Mən təhsilimi davam etdirmək
arzusundan əl çəkdim və atamdan sonra yaşamağa
heç bir vəsaiti olmayan ailəmizin
qayğısını çəkməyə başladım.
Kursu bitirdikdən sonra Qızılhacılıya təyin
olundum".
Beləliklə, N.Nərimanov
1890-cı il sentyabrın 1-dən Tiflis quberniyasının
Borçalı qəzasındakı Qızılhacılı
kənd ibtidai məktəbində müəllimlik fəaliyyətinə
başlayır.
Gənclik illərindən
böyük bir ailənin ağırlığını
çiynində daşınmasına baxmayaraq, kənd müəllimliyi
onun narahat qəlbini ovundura bilmir. Maarif və mədəniyyətdən
uzaq düşmüş Qızılhacılı kəndində
feodal dövrünün adət-ənənəsi, vərdişləri
hökm sürürdü. Nəriman burada zülmət gecənin
bağrını yaran şimşəyi xatırlatdı. Onun
ziyası qatı qaranlığı parçalayıb, qəflətdə
yatanları oyadırdı. O, kəndli balalarını məktəbə
cəlb etmək üçün elm və maarifi təbliğ
edir, inandırma yolu ilə kəndli kütlələrinin
gözünü açmağa çalışır,
onların xeyrinə-şərinə qarışırdı.
Bu, yerli bəylərin narazılığına səbəb
olurdu. Onlar gənc müəllimi təqib edir, məktəbin
bağlanmasına çalışırlar. Nəticədə
Nəriman Qızılhacılı kəndini tərk etməyə
məcbur olur. Lakin kütlələri cəhalət və
nadanlığın pəncəsindən xilas etmək
üçün onlarda feodal həyat tərzinə
qarşı tənqidi münasibət oyatmağı, maarif və
mədəniyyəti yaymağı qərara alır. N.Nərimanov
özü sonralar yazırdı ki, bəşəriyyətin
geri qalmış hissəsinə bacardığım qədər
kömək etmək fikri ilk dəfə burada -
Qızılhacılı kəndində yaranmışdır.
Azərbaycanın ictimai
dərdlərinə yaxından bələd olan Nəriman
öz ürək sözlərini xalqa söyləmək
üçün münasib bir yer, bir meydan axtarır.
Böyük arzu və idealları onu sənaye və mədəniyyət
mərkəzi Bakıya gətirir. N.Nərimanov Bakıya
1891-ci ildə gəlir, burada A.İ.Pobedonostsevin xüsusi
progimnaziyasında müəllimliyə başlayır. O,
realnı məktəbdə və III Aleksandr adına Bakı
Oğlan Gimnaziyasında (1896) sinif mürəbbilərinin
ştatlı köməkçisi vəzifəsində işləyir,
eyni zamanda Azərbaycan dili müəllimi olur. N.Nərimanov
vicdanlı və bacarıqlı müəllim kimi
tanınır. Çox çəkmir ki, o, pedaqoji fəaliyyətinə
görə bürünc medalla, sonralar isə
üçüncü dərəcəli Stanislav ordeni ilə
təltif edilir. Bu dövrdə gənc N.Nərimanovu məktəblərdə
ana dilində dərsliyin olmaması çox
düşündürürdü. Uşaqların təlim-tərbiyəsi
Azərbaycanın bütün qabaqcıl adamlarını
narahat edən bir məsələ idi. Zaqafqaziyada
"ruslaşdırma" siyasəti yeridən çar
hökuməti məktəblərdə rus dili və şəriət
dərslərinə xüsusi qayğı göstərir, Azərbaycan
dili fənninin tədrisinə əhəmiyyət vermirdi. Belə
bir şəraitdə N.Nərimanov öz nəzəri biliyi və
təcrübəsi əsasında yeni dərs kitabları
yaratmışdır: Bunlar "Türk-Azərbaycan dilinin
müxtəsər sərf-nəhvi" (1899), "Müsəlmanlar
üçün müəllimsiz rus dilini öyrənməkdən
ötrü asan kitabça" (1899) adlanır.
N.Nərimanovun Azərbaycan
dilində mətbuat orqanı yaratmaq təşəbbüsləri
də belə bir dövrə təsadüf edir. Bu elə bir
dövr idi ki, milli mətbuat yaratmaq məsələsi
ziyalıların böyük əksəriyyətini heç də
maraqlandırmırdı. Buna görə də N.Nərimanov
"Yazıçılıq edən ziyalılarımız
haqqında bir neçə söz" sərlövhəli məktubunda
milli mətbuatın faydasını dərk etməyən
şöhrətpərəst ziyalıların hərəkətini
kəskin şəkildə pisləyirdi.
Məlum olduğu kimi,
"Əkinçi"dən sonra nəşr edilən
"Ziya", "Ziyayi-Qafqaziyyə" və "Kəşkül"
qəzetləri bu vaxtlar bağlanmışdı, Zaqafqaziyada
Azərbaycan dilində heç bir mətbu orqan yox idi. Rusiyada
müsəlmanların yeganə dövri mətbuatı
Krımda, Bağçasarayda İsmayıl bəy Qasprinskinin
redaktəsi ilə çap olunan "Tərcüman-Perevodçik"
adlı həftəlik tatar qəzeti idi. Bu qəzet öz səhifələrində
Bakı həyatına tez-tez yer verirdi. N.Nərimanovun
özü də "Tərcüman"da məqalələr
çap etdirmişdi. Bu məqalələrdə o, məktəb,
teatr, xeyriyyə cəmiyyəti və adət-ənənə
məsələlərinə toxunur, zəhmətkeş
kütlələrdə mədəniyyətə, maarifə həvəs
oyatmağa çalışırdı.
Lakin yarı rus, yarı
tatar dilində nəşr olunan "Tərcüman-Perevodçik"
qəzeti Zaqafqaziya müsəlmanları arasında geniş
intişar tapmamışdı. N.Nərimanov yaxşı
bilirdi ki, doğma dildə mətbuat olmasa tərəqqipərvər
ziyalıların xalqla sıx əlaqə yaratmaq və
maarifçilik ideyası yaymaq cəhdi səmərə verməz.
O, əhli-qələmlərə qəzetin böyük səfərbəredici
qüdrətini, faydasını xatırladır, onları
xalqın mədəniyyətinə və ictimai tərəqqisinə
kömək etməyə, xeyirxah işlər görməyə
çağırırdı. N.Nərimanov deyirdi: "Əgər
Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxsa, onda cəmiyyət
də ana dilində qəzet oxuyaraq, özünün nə etməli
olduğunu, nədə geri qaldığını başa
düşərdi."
Maarifpərvər
ziyalılar mətbuata həqir münasibəti aradan
qaldırmaq, qəzet və jurnala kütlələrdə mənəvi
tələbat hissi oyatmaq üçün hər vasitədən
istifadə edirdilər.
N.Nərimanov Azərbaycanda
Şərqin demokratik məsləkli mətbuatını
geniş yaymaq üçün əqidə dostları ilə
sıx əlaqə saxlayırdı, onlara xeyirxah işdə
öz köməyini əsirgəmirdi. O, özü Şərq
ölkələrində çap olunan "Həblül-mətin",
"Tərbiyyat", "Naseri" qəzetlərinin
Ümumrusiya üzrə baş müvəkkili idi, bəzən
bu qəzetlərə məqalələr də yazırdı.
O, 1899-cu ilin
oktyabrında mətbuat işləri üzrə Baş idarəyə
göndərdiyi müraciətində Azərbaycan dilində
"Təzə xəbərlər" (rus tərcüməsi
ilə birlikdə) adlı həftəlik qəzet
çıxarmaq arzusunda olduğunu bildirir. N.Nərimanov "Təzə
xəbərlər" qəzetində Azərbaycan və rus həyatındakı
doğru-düzgün, obyektiv surətdə
işıqlandıracağına və müsəlman mədəniyyətinin
tərəqqisinə kömək edəcəyinə ümid bəsləyirdi.
N.Nərimanov xalqın mədəni
tərəqqisinə özünün bütün gücü
və bacarığı ilə, yorulmadan kömək edirdi. O,
maarifpərvər dostları ilə teatr truppası yaradır,
tamaşalar göstərirdi. Bu teatr tamaşalarında N.Nərimanov
rejissorluq, bəzən də aktyorluq edirdi.
1894-cü ilin aprel
ayında N.Nərimanov Qorçakov küçəsində
(indiki Malıgin) ilk kütləvi milli qiraətxana
açmağa nail olur. "Nəriman qiraətxanası"
qısa müddət ərzində təkcə Zaqafqaziyada
deyil, Rusiyada və Şərq ölkələrində rəğbətlə
qarşılanır. Qabaqcıl ideyalı, maarifpərvər
ziyalılar qiraətxananın "rövnəq və rəvac"
tapmasını, tərəqqi etməsini səmimiyyətlə
alqışlayırdılar. Buraya Kəlküttə,
İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər
şəhərlərdən xeyriyyə yolu ilə qəzet,
jurnal və kitablar göndərilirdi.
N.Nərimanov dövri mətbuatın
və kitabların köməyi ilə oxucuların nəzərində
"möcüzə" yaratmışdı. Dünya hadisələri,
ayrı-ayrı xalqaların həyat tərzi və mədəniyyəti
oxucularda ciddi maraq doğururdusa, həm də onları istər-istəməz
öz həyatına və mühitinə, ictimai həyatda
baş verən hadisələrə nəzər salmağa təhrik
edir, düşündürürdü. Qiraətxananın
açılmasını təfkirlərlə
qarşılayan molla və seyidlər belə özlərini
saxlaya bilmir, utandıqlarından qiraətxanaya girməyib qəzetləri
alıb evə aparırdılar.
N.Nərimanov xeyriyyə
məqsədi ilə görüş gecələri, teatr
tamaşaları, ədəbi-musiqili müsamirələr təşkil
edirdi. Bunlar qiraətxananın maddi ehtiyaclarını müəyyən
dərəcədə ödəyirdi. Lakin N.Nərimanov qiraətxananı
yalnız yaşatmaq deyil, həm də onun imkanlarını
genişləşdirmək, gənc nəslin mənəvi tərbiyəsi
üçün bir baza yaratmaq istəyirdi. "Kaspi" qəzeti
6 mart 1897-ci il tarixli nömrəsində yazırdı ki, N.Nərimanov
qiraətxanada bir müəllimənin əməkdaşlığı
ilə uşaq kitabları şöbəsi yaradır.
N.Nərimanovun ilk ucuz
milli qiraətxanası dörd il fəaliyyət göstərdi.
Çar hakim dairələri gənclərin qiraətxana ətrafında
sıx toplaşmasından ehtiyat edərək, 1898-ci ilin
oktyabr ayında onu şübhəli siyasət ocağı
kimi bağlatdı. Buna baxmayaraq, milli mədəniyyətin
yüksəlişində ilk cığırı açan
"Nəriman qiraətxanası" Azərbaycan
xalqının ictimai fikrində yeni səhifənin
başlanğıcı oldu. N.Nərimanov iftixarla
yazırdı: "Bakıdakı ictimai fəaliyyətim
1894-cü ildən ilk ucuz kitabxana qiraətxanası
açmağımla başlanmışdır".
XIX əsrin
axırlarında N.Nərimanovun bədii yaradıcılıq
fəaliyyətində ciddi inkişaf nəzərə
çarpır. N.Nərimanov "Nadanlıq" (1894),
"Şamdan bəy" (1895) komediyalarını, "Nadir
şah" (1898) tarixi faciəsini, "Bahadır və
Sona" (1896) romanının bir hissəsini yazıb çap
etdirir. O, Qoqolun "Müfəttiş" (1892)
komediyasını da Azərbaycan dilinə çevirib
tamaşaya qoyur. N.Nərimanovun əsərləri Azərbaycan
ədəbiyyatı və milli teatrının
inkişafına faydalı təsir göstərir.
N.Nərimanov Bakıya gəldiyi
ilk günlərdən teatrı əsl xalq tribunasına
çevirməyə çalışırdı. M.F.Axundovun
"açdığı yeni yolu", ənənəni
davam etdirən maarifpərvər ziyalılar xalqda intibah hissi
oyatmaq üçün teatrı ən qüdrətli vasitə
hesab edirdilər.
Milli teatrın ilk həvəskar
dövründən başlayaraq onun inkişafında və qol-qanad
açmasında N.Nərimanovun böyük xidmətləri
olmuşdur. Hələ 90-cı illərdə onun təşəbbüsü
və rəhbərliyi ilə ziyalı gənclərdən
ibarət aktyorlar truppası yaradılmışdı.
N.Nərimanov ictimai fəlakətdən
xilas yolunu elm, maarif və mədəniyyətdə
görürdü. O, 1902-ci ilin may-iyun aylarından imperator III
Aleksandr adına Bakı Oğlan Gimnaziyasında ekstern imtahan
verib şəhadətnamə aldı. Həmin ilin iyul
ayında isə Odessa şəhərindəki Novorossiysk
İmperator Universitetinin tibb fakültəsinə daxil oldu.
N.Nərimanov Odessada,
Novorossiysk İmperator Universitetində oxuduğu vaxt tələbələrdən
ibarət teatr truppası da yaratmışdı. O, 1903-cü
ildə Odessadan Bakıya göndərdiyi bir məktubda tələbə
yoldaşlarından ibarət kiçik bir teatr truppası
yaratdığını və məzuniyyət günlərində
Krımın Bağçasaray, Simferopol və başqa şəhərlərində
tamaşalar göstərdiyini xəbər verirdi. Bu barədə
Bağçasarayda çıxan "Tərcüman" qəzetində
də maraqlı məlumat vardır. Qəzet 1903-cü ilin
yanvar ayının 15-də "Qafqazlılar Krımda" sərlövhəli
məlumatında Novorossiysk universitetinin yetirmələri olan
bir dəstə qafqazlı tələbənin
Bağçasaray və Simferopolda V.Mədətovun
"Qırt-qırt", N.Nərimanovun "Nadanlıq"
pyeslərini tamaşaya qoyduqlarını bildirir.
N.Nərimanov "Nadir
şah" tarixi faciəsini də Krımda səhnəyə
qoymaq təşəbbüsündə olmuşdur. Lakin
çar senzurası "Nadir şah" tarixi faciəsini zərərli
bir əsər hesab etmiş, onun tamaşasına icazə verməmişdir.
Çar senzurasını pyesdə şahların devrilməsi
fikrinin təbliğ edilməsi qorxutmuşdu.
1905-ci ilin oktyabrında
inqilabi hərəkat bütün ölkəni
bürüyüb Ümumrusiya siyasi tətilinə
çevrildi. Belə bir gərgin dövrdə N.Nərimanov
Odessada təhsil alan müsəlman tələbələrinin
xahişini yerinə yetirərək konstitusiyalı respublika
hökumətinin monarxiyadan üstünlüyü haqqında
mühazirə-referatını oxumuşdu. O, mühazirə
zamanı Odessada hökumətə qarşı mübarizədə
həlak olmuş inqilab qəhrəmanlarının xatirəsini
yad etmək üçün camaata ayağa qalxmağı təklif
etmişdir.
N.Nərimanovun 1905-ci il
17 oktyabr çar manifestinə münasibəti də diqqəti
cəlb edir. Referatda deyilir ki, manifesti çar
könüllü surətdə verməmişdir.
Çarı manifest verməyə xalqın qəzəbi və
hiddəti məcbur etdi.
1905-ci ildə Novorossiysk
universiteti siyasi tətil nəticəsində
bağlanmışdı. Müəllim və tələbələrin
əksəriyyəti həbsxanaya salınır və ya təqib
olunurdu. N.Nərimanov xəfiyyələrin təqibindən
yaxa qurtarmaq üçün 1905-ci ilin avqust ayında Kazan
Universitetinə dəyişilməyə cəhd edir.
1906-cı ildə N.Nərimanov
Bakıya qayıdır. O, yeni ictimai-siyasi vəziyyətin tələblərini
zəhmətkeş kütlələrə başa salmaq,
onları inqilabi mübarizəyə hazırlamaq
üçün dövri mətbuatda vətəndaş-publisist
kimi çıxış edir. "İrşad" qəzetində
"Cümə söhbəti", "Həyat" qəzetində
"Həftə fəryadı" başlığı
altında tez-tez dərc olunan məqalələrində N.Nərimanov
günün ən aktual, zəruri məsələlərinə
toxunur, beləliklə, mütləqiyyətin mürtəce
siyasətinin mahiyyətini açıb göstərir.
1906-cı ildə N.Nərimanov
gizli inqilabi fəaliyyətini açıq siyasi təşviqatla
əlaqələndirmək üçün "Nicat"
xeyriyyə cəmiyyətindən bacarıqla istifadə edir.
Bu zaman "Hümmət" bolşevik təşkilatı zəhmətkeş
kütlələr arasında siyasi təbliğata
böyük əhəmiyyət verirdi. "Hümmət"
bolşevik təşkilatına daxil olan N.Nərimanov
İranda baş verən milli azadlıq hərəkatına da
hərtərəfli əməli yardım göstərirdi.
1906-cı ilin avqust
ayında qabaqcıl ziyalıların təkidi ilə
Zaqafqaziya müsəlman müəllimlərinin I qurultayı
açıldı. N.Nərimanov və H.Zərdabi
qurultayın sədri seçilmişdir. Qurultay nümayəndələrinin
arzusuna görə bütün siyasi məsələlərə
N.Nərimanovun sədrliyi ilə baxılacaq idi.
İclasların birində
məktəblərdə Azərbaycan dili təlimi məsələsi
müzakirə olunarkən N.Nərimanov yeni dərs proqramı
düzəltməyin, ana dilində yeni təlim
kitablarını tərtib etməyin vaxtı
çatdığını söyləmişdir. O, müəllimləri
millətin dərdinə əlac axtarmağa, dövlətin
qarşısında tələblər irəli sürməyə
çağırmışdır.
1906-cı ilin
axırlarında N.Nərimanov Novorossiysk imperator universitetində
təhsilini davam etdirmək üçün Odessaya
qayıdır. 1906-1908-ci illərdə Azərbaycanın
qabaqcıl adamları tələbə N.Nərimanova öz təhsilini
başa vurması üçün müntəzəm maddi
yardım göstərirlər. N.Nərimanov Novorossiysk imperator
universitetinin tibb fakültəsini bitirdikdən sonra Bakıya
qayıdır. O, burada xüsusi müalicəxana açmaq istəyir.
Gizli inqilabi iş üçün xüsusi müalicəxananın
olması zəruri idi. Lakin elə bu zaman N.Nərimanov İran
milli azadlıq hərəkatına yaxından kömək və
rəhbərlik etmək üçün təcili Tiflisə
göndərilir.
1909-cu il sentyabr
ayının 30-da N.Nərimanov öz ailəsi ilə bərabər
Qafqaz canişinliyi ərazisindən 24 saata
çıxarılıb iki il müddətinə Həştərxana
sürgün olunur. N.Nərimanov Həştərxana
çatdığı günün ertəsi oktyabr
ayının 7-də "Darül-ədəbi" məktəbinə
gedib müəllimlərlə görüşür, məktəbin
pulsuz həkimliyini öz öhdəsinə alır. N.Nərimanov
"Darül-ədəbi" məktəbində "Bürhani-tərəqqi"
qəzetinin redaktoru Mustafa Lütfi ilə tanış olur, onun
qəzetilə əməkdaşlıq edəcəyinə
söz verir.
N.Nərimanov
sürgündə ilk günlərdən polisin güclü nəzarəti
altında təqib edilsə də, ədəbi-bədii və
elmi fəaliyyətini dayandırmır.
O, həqiqi xalq həkimi,
vətənpərvər ictimai xadim kimi tanınır. O,
1909-1910-cu illərdə "Xolera-Vəba",
"Çexotka-Vərəm", "Aləmi-Nisvan",
"Tibb və İslam" kimi kütləvi elmi-publisist məqalə
və kitabçalarını çap etdirir. N.Nərimanov həqiqi
xalq həkimi kimi tanınır. Milli tərkibi müxtəlif
olan şəhərdə N.Nərimanovun "Müalicəxanasına"
yalnız azərbaycanlılar deyil, rus, fars, tatar, türkmən,
qırğız, özbək fəhlələri də pənah
gətirirdilər.
1911-ci il avqust
ayının 21-də N.Nərimanovun sürgün müddəti
başa çatır. Lakin beş aydan sonra ona Bakıya
qayıtmağa ixtiyar verilir. Maddi vəziyyətin
ağırlığı üzündən Bakıya
köçə bilməyən N.Nərimanov bir müddət
Həştərxanda qalır, çoxcəhətli
ictimai-publisist fəaliyyətini davam etdirir. Onun
"Bürhanı-tərəqqi" qəzetində
"Arı bəy" gizli imzası ilə çıxan
"Telefon" sərlövhəli məqalələri Azərbaycan
publisistikası tarixində istər forma, istərsə də
məzmunca yeni idi. Bu kiçik həcmli satirik əsərlərdə
N.Nərimanov günün ən aktual, təxirəsalınmaz
məsələlərinə toxunurdu.
N.Nərimanov
"Bürhani-tərəqqi"nin "Elmi və fənni"
şöbəsinə, "Prikaspiyski kray" qəzetində
isə "Müsəlman həyatı" şöbəsinə
rəhbərlik edir.
N.Nərimanov 1913-cü
il iyul ayında Bakıya qayıdır. O, burada xüsusi
müalicəxana açır. Sonra Qaraşəhərdəki
9-cu pulsuz şəhər xəstəxanasında müdir vəzifəsində
çalışır. Eyni zamanda, "Xalq universiteti"ndə
elmi-kütləvi mövzuda müntəzəm mühazirələr
oxuyurdu.
N.Nərimanov həkimliklə
yanaşı, publisistik, yazıçılıq və gizli
inqilabi fəaliyyətini davam etdirir. Dövri mətbuatda onun ədəbi-tənqidi,
elmi-nəzəri və bədii əsərləri nəşr
olunur. N.Nərimanov "Bir kəndin sərgüzəşti"
(1915) hekayəsini, "Pir" (1917) povestini, tibbə dair bir
sıra əsərlərini yazıb çap etdirir, Genin
"Edam" əsərini tərcümə edir.
"Bahadır və Sona" romanını səhnələşdirir.
1918-ci il aprelin 25-də
Bakıda yaradılan Bakı Xalq Komissarları Sovetinin tərkibinə
şəhər təsərrüfatı komissarı kimi daxil
olan N.Nərimanov bu zaman dağılmış və geri
qalmış ticarət, nəqliyyat, təchizat və ərzaq
məsələlərinin qaydaya salınması və
yaxşılaşdırılması üçün
yorulmadan çalışırdı. O, Bakının neft
rayonlarında yeni məktəblər, kitabxanalar, fəhlə
klubları açılmasına qayğı ilə
yanaşırdı.
1918-ci ilin baharında
N.Nərimanov ağır xəstələnir: həkimlərin
məsləhətinə görə onu təcili Həştərxana,
"Tinaki" palçıq müalicəsinə göndərirlər.
1919-cu ilin əvvəllərində
N.Nərimanov Həştərxan quberniya maarif şöbəsinin
müdiri vəzifəsində işləyir. O, Sovet Həştərxanında
zəhmətkeş kütlələrin maariflənməsinə
və mədəni inkişafına xüsusi qayğı ilə
yanaşır. N.Nərimanov mədəniyyət ocaqları və
yeni tipli məktəblər açdırır. Yerli əhali
arasında müəllim kadrları hazırlamaq
üçün qısa müddətli pedaqoji kursların təşkilinə
rəhbərlik edir.
1919-cu ilin iyul ayında
Həştərxanda, Zaqafqaziya müsəlman
komissarlığının "Köç" mətbəəsində
N.Nərimanovun "Biz Qafqaza nə şüarla gedirik"
kitabçası nəşr olunur.
Sovet hökuməti ilə
diplomatik əlaqə yaradan ilk xarici dövlətin - Əfqanıstanın
səfirini Moskvada N.Nərimanov qarşılamış,
"Sovet diplomatiyası tarixində ilk dəfə ona Azərbaycan
dilində müraciət edərək salamlamışdı. N.Nərimanov
bildirmişdir ki, onun azərbaycanca nitq deməsi Sovet
Rusiyasında bütün millətlərin bərabər və
azad olmasına bir sübutdur".
İ.V.Stalin Hindistan
elçisi müsəlman professor Prasadla danışıqlar
aparmağı da N.Nərimanova tapşırmışdı.
N.Nərimanov Azərbaycan
Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin ilk sədri
olmuşdur. Bu dövrdə o, zəhmətkeş kütlələrin
istəklisi və havadarı kimi ümumxalq məhəbbəti
qazanmışdı. Ağamalı oğlu öz xatirəsində
yazırdı: "Respublika daxilindəki səfərində
N.Nərimanov yoldaşı müşayiət etdiyim vaxt Azərbaycanın
zəhmətkeş əhalisi arasında onun nə qədər
də böyük nüfuza və təsirə malik
olduğunu öz gözlərimlə görüb inandım...
Hər yerdə N.Nərimanov yoldaşı bütün xalq səmimi
təntənə ilə qarşılayırdı.
Görüş yerlərində
tezliklə böyük mitinqlər təşkil edilirdi.
Bütün bu mitinqlərdə
və yığıncaqlarda N.Nərimanov xalqa yaxın və
tanış dil tapmağı və qarşıya qoyulmuş məsələləri
həll etməyi bacarırdı...»
1922-ci ildə N.Nərimanov
İtaliyada, Genuya şəhərində keçirilən beynəlxalq
konfransda iştirak edir. O, öz Genuya xatirələrini
respublika mətbuatında çap etdirir.
Bu illərdə N.Nərimanov
Azərbaycanda ədəbiyyat və incəsənətin
yüksəlişinə ciddi diqqət yetirir. Geniş ədəbi
məclislərdə, tənqid-təbliğ teatrı
tamaşalarında, yaradıcılıq müşavirələrində
şəxsən iştirak edərək ziyalılara, sənətkarlara
məsləhətlər verir, onlara kömək edirdi. 1921-ci
ildə N.Nərimanovun təşəbbüsü ilə Azərbaycan
və rus dillərində "Sənaye-nəfisə"
jurnalının nəşri də bu qayğı ilə
bağlıdır.
N.Nərimanov 1922-ci ilin
may ayında Zaqafqaziya fderasiyasının İttifaq Sovetinə
sədr seçilir. SSRİ təşkil ediləndə isə
SSRİ Mərkəzi İcraiyyə Komitəsinin ilk dörd sədrindən
biri olur. O, xalqın etimadını doğruldaraq məsul
partiya və dövlət vəzifələrində namusla
işləyirdi. N.Nərimanov ictimai fəaliyyəti ilə
yanaşı, ədəbi-publisist
yaradıcılığını da davam etdirirdi. Mərkəzi
dövri mətbuatda onun maraqlı elmi, ədəbi-publisist məqalələri
çap olunurdu.
1925-ci ilin fevral
ayında SSRİ MİK yanında Elmi Şərqşünaslıq
İttifaqı N.Nərimanovun ədəbi və ictimai-siyasi fəaliyyətinin
30 illiyi münasibətilə xatirə gecəsi
keçirmişdir. Burada Moskva ictimaiyyətinin və ölkəmizin
ayrı-ayrı respublikalarının nümayəndələri
ilə birlikdə Şərqin müxtəlif
xalqlarının nümayəndələri də iştirak
etmişdir.
Yubiley yığıncağında
N.Nərimanov Şərqşünaslıq Cəmiyyətinin fəxri
üzvü seçilmişdir.
1925-ci il mart
ayının 19-də N.Nərimanov qəflətən vəfat
etdi. Qızıl meydan görkəmli partiya və dövlət
xadimi, SSRİ MİK sədri N.Nərimanovu əbədi olaraq
qoynuna aldı. Büllur saflığın təcəssümü
olan N.Nərimanov bütün sovet xalqları
qarşısında öz borcunu son nəfəsinədək sədaqətlə
yerinə yetirdi.
Xalqımız Nəriman
Nərimanovun adını hər zaman ehtiram və hörmətlə
yad edir.
Teymur ƏHMƏDOV
Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.1, 2.