Rəsul Rza – 100

 

Bir daha "Rənglər" silsiləsi haqqında

 

Azərbaycan ədəbiyyatı və mənəviyyatı tarixində Rəsul Rza fenomeninin mövcudluğu mütləq həqiqətdir və bu həqiqəti qəbul etməyənlər Əli Kərim demişkən, günün qızıl gözlərinin içinə düz baxa bilməyənlərdir. Çox təəssüf ki, bu gün Anarla şəxsi münaqişədə olan bir çoxları bu münaqişəni Rəsul Rza müstəvisinə də keçirirlər.

Dahi bəstəkar Qara Qarayev yazırdı ki: "Rəsul Rza elə şairlərdəndir ki, onların yaradıcılığının qocalmaq və ya kasıblaşmaq qorxusu yoxdur". Və bir də Məmməd Arazın Rəsul Rzaya həsr elədiyi şerindən bu misra: "Zaman bir də çətin doğa o planeti".

Məncə, R.Rza haqqında bu söhbət-düşüncənin epiqrafı üçün yuxarıda deyilənlər yetər.

XX əsr Azərbaycan poeziyası üçün Rəsul Rza kimdir? - sualı ilk baxışda çox sadə, hətta primitiv görünür. Axı bir sıra monoqrafiyalarda, dərsliklərdə, ədəbiyyat tarixi nəşrlərində həmin suala çox geniş, əhatəli cavablar tapmaq olar. Rəsul Rza sənəti həm də ümumbəşəri olduğu üçün bu yaradıcılıq söhbəti dar milli sferada qalmamışdır. Böyük Nazim Hikmətdən tutmuş dünyanın bir çox görkəmli sənətkarları R.Rza poeziyasına məhəbbətlərini gizlətməmişlər. Burada həmin faktları xatırlatmağa lüzum yox. Ancaq bircə faktdan yan keçə bilmərəm: "Kanadada poeziya ilə az maraqlanırlar və şeir kitabları çox nadir hallarda təkrar nəşr olunur. Lakin Rəsul Rzanın şeirlərində o qədər yüksək humanizm var ki, Kanada və ABŞ-da da onları minlərlə oxucu alıb oxuyur və aydan-aya oxucuların sayı artır" ("Sovetskaya literatura" jurnalının ingilis dilində nəşriyyatının məsul redaktorunun məktubu. Moskva, 21.Vl.1965. Qreyvernkers Ontario, Kanada). Deməli, Rəsul Rza poeziyasının dərin milli və ümumbəşəri bir hadisə olduğunu açıqlayan onlarla, yüzlərlə faktı ortaya qoymaq olar. Ancaq bütün bunları bir kənara qoyub XX əsr şairi Rəsul Rzanın yaradıcılığına təkcə XX əsr poeziya hadisəsi deyil, bir qədər daha geniş və qlobal zaman hadisəsi kimi baxaq. Böyük poeziya zamanında yaşamağa Rəsul Rza sənətinin enerjisi çatacaqmı? Tutaq ki, XXll, ya XXlll əsrdə yazılacaq bir ədəbiyyat tarixində Rəsul Rzadan necə danışacaqlar: yoxsa "Zaman çətin bir də doğa o planeti" misrası yüz minlərlə unudulan mədhiyyə misralarının birinə çevriləcək? Yox, mən belə düşünmürəm. Çünki böyük Rəsul Rzanı gələcəyə bağlayan tellər o qədər güclüdür ki, bu mümkün deyil.

Ancaq məsələyə bir qədər konkret yanaşaq. Daha doğrusu, Rəsul Rza kimdir? - sualını əvvəlcə onun yaşadığı konkret zaman müstəvisində izləyək. Əgər bu müstəvidən yanaşsaq, Rəsul Rza Azərbaycan sovet ədəbiyyatı hadisəsidir (necə ki, Səməd Vurğun, Mikayıl Müşfiq, Suleyman Rüstəm) və heç şübhəsiz, sovet varlığı və sovet həqiqətləri Rəsul Rza poeziyasından yan keçməmişdir. Əgər bəziləri kimi R.Rza sənətinə düşməncəsinə yanaşsaq, "Lenin" poemasını yazdığına görə onu ittiham da edə bilərik (hərçənd fikrimcə, "Lenin" poeması gözəl sənət əsəridir). Ancaq istənilən bir totalitar, ya avtoritar quruluşda şairlərin ideologiyaya münasibəti iki cürdür. Birinci halda şair bütünlükdə özünü həmin ideologiyaya təslim edir, bütün varlığı ilə həmin ideologiyanın bədii tərənnümçüsünə çevrilir. Bu cür şairlər ya bütün varlığıyla həmin ideoloji doktrinaya inanıb səcdə edir, ya da nökərçilik missiyasını yerinə yetirirlər. İkinci halda, şair həmin ideologiyanın puçluğunu, mənasızlığını dərk edir, ancaq başkəsənin - cəlladın qılıncı qarşısında öz gücsüzlüyünü də anlayır və mümkün qədər dövlətə, ideologiyaya yox, milli-mənəvi dəyərlərə xidmət edir.

Ancaq bütün bu mülahizələri də bir kənara qoyaq. Sənətkarı yaşadan ilk növbədə, onun hansı bir cəmiyyətdə yaşaması deyil, onu yaşadan əsərləridir. Rəsul Rza müdriklik çağlarından birində yazmışdı:

 

Sabirdən səkkiz yaş böyüyəm,

Koroğludan on dörd yaş.

Ancaq hələ

Sabir deyəni

deyə bilmişəm,

Koroğlu eləyəni

eləyə bilmişəm.

Deyirəm, bəlkə

çatanda Nizami yaşına

mən də bir şey verə bildim

insanlığın

səadət uğrunda savaşına.

 

İndi qətiyyətlə demək olar ki, Rəsul Rza öz əsərləri ilə "insanlığın səadət uğrunda savaşına" çox şey verə bildi. Mürəkkəb ifadə formaları, qeyri-adi və "gözlənilməz poetik obrazlar və assosiasiyalar" - Rəsul Rza poeziyasndan söz açan əksər müəlliflər bu qənaətdədirlər. Bu yığcam və son dərəcə dürüst qənaətin Rəsul Rzanın bütün modern şeirlərinə aidiyyatı var. Modern şeir dünyanı, gerçəkliyi yeni poetik təfəkkürlə qavramaq deməkdir. Və modern şair bir əşyaya boylanarkən, hamımızın min dəfə seyr etdiyi bir mənzərəyə, görüntüyə dalarkən bizim üçün tamamilə yeni bir naməlumluq kəşf edə bilər. Rəsul Rzanın müxtəlif illərdə yazdığı şeirlərindən istənilən qədər misal gətirə bilərik ki, onun poetik metaforaları, təşbeh və obrazları yeni idi, təzə idi. Başlayaq "Rənglər" silsiləsindən. Böyük Nazim Hikmət yazırdı ki, "Rənglər" silsiləsində Rəsul Rza bir şair kimi özü-özünü ötüb keçmişdi. Qırx yaşına qədər o, sadəcə yaxşı şair idi. İndi isə böyük şairdir. Daha sonra Nazim Hikmət yazırdı ki, ola bilər onun şeirləri sizin xoşunuza gəlsin, ya gəlməsin, bu sizin öz işinizdir - ancaq onu başqa bir şairlə qarışıq sala bilməzsiniz". "Rənglər" silsiləsi başdan-ayağa assosiativ təfəkkürdən doğan poetik nümunələr uzun illər eyni ənənə üzərində tərbiyələnən əksər oxucular üçün birmənalı qəbul edilə bilməz. Oxucu nəyə öyrəşmişdi? Ona öyrəşmişdi ki, əşyalar və hadisələr arasında, bənzəyənlə bənzədilən arasında uyğunluq onların təsəvvürlərində məqbul sayılsın, yəni əgər şair sevgilisinin camalını günəşlə müqayisə edirsə, boyunu sərvə oxşadırsa, yerişini ceyran yerişinə bənzədirsə - bu məqbuldur. Bu baxımdan dağ - ucalıq timsalı, vüqar mücəssəməsi, kainat - sonsuzluq timsalıdır. Halbuki assosiativ təfəkkür hər bir hadisəyə və nəsnəyə, ağıla gəlməyən qəfil yönəmdən yanaşır. Mərhum şair, Rəsul Rza poeziyasının tədqiqatçısı Arif Abdullazadənin təbirincə desək: "Assosiativ təfəkkür daha incə və zahirən daha mürəkkəb ümumiləşdirmələr vasitəsilə meydana çıxır. Burada bənzəyənlə bənzədilən arasında "məsafə" daha uzun olur, məna dərinliyi daha lakonik ifadə tərzinə əsaslanır, ümumi məzmun, konkret hiss və düşündürmək yolu ilə yaranan assosiativ təfəkkür obrazlı təfəkkürün ən yüksək formasıdır". Assosiativ şeir öz oxucusundan yüksək səviyyə, xüsusi intuisiya və müəyyən istedad tələb edir. Rəsul Rza "Rənglər" silsiləsinin "Uvertüra"sında yazırdı:

 

Ağ, qara, yaşıl, sarı, qırmızı;

Hərəsi bir sınaqla bağlıdır.

Biri həsrətimizi xatırladır,

biri dərdimizi, biri arzumuzu.

Hərəsindən bir məna arayıb,

bir səbəb görən var.

Rənglər xatirələr oyadır,

duyğuları oyadır.

Gördüyümüzdən artıq görmək istəməsək,

hər rəng adicə boyadır.

Rənglərin də musiqi kimi ahəngi var,

Ağrının, sevincin, ümidin də rəngi var.

Düşündükcə açılır,

Əlvan səhifələri rənglərin.

 

Burada bir misra - "Gördüyümüzdən daha artıq görmək istəməsək, hər rəng adicə boyadır" - ümumən həm "Rənglər" silsiləsinin, həm də assosiativ poeziyasının mahiyyətini ifadə edir.

"Rənglər"i başdan-ayağa oxuduqda hər bir rəngin nəyə isə bənzədiyini və bu bənzəyişlə ayrı-ayrı hadisələr arasında eyniyyəti kəşf edirsən. Rəsul Rza ilk baxışda anlaşılmaz və bir qədər də mücərrəd sözləri, ifadələri müəyyən bir rəng haqqında poetik təəssürat yaratmağa çalışır. Ancaq bütöv mənzərədə hər şey bitkin görünür. Gəlin, istənilən bir nümunəyə müraciət edək. Məsələn "Boz" rəngə.

 

Çoxlara qarışıb itənlər

Hər torpaqda bitənlər.

 

El anlamında və psixologiyasında boz rəng məhz çoxluğa qarışıb sanki öz rəngini itirən bir təsəvvürü verir (hətta deyək ki, bir qədər mənfi çalarlardır).

 

Cansız barmaqlar arasında

Sönmüş siqaretin uzun külü

Vağam güllər - selofana bukülu.

 

Sönmüş siqaretin uzun külü - təsəvvürümüzdə dərhal boz rəngin çalarını yaradır, yəni burda Rəsul Rza forma bənzərliyini əsas götürüb. Dilimizdə "vağam" sözü həddindən artıq yetişmiş, vaxtı ötmüş, vaxtında biçilməmiş və dərilməmiş, yaxud rütubətdən pozulmuş, tökülmüş dərəcəsinə gəlmiş bir mənanı verir. Özü də ən çox gül sözü ilə ilişgilidir. Məsələn, "qızıl güllər vağam oldu". Vağam olmuş güllər isə heç şübhəsiz, təsəvvürümüzdə boz rəngində canlanacaq. Daha sonra:

 

Boş günlər,

boş ürəklər,

Həm elə, həm belə adam,

Vərdişli, könülsüz gülüş.

 

Bu misralarda isə Rəsul Rza boz rənglə "boş günlər", "boş ürəklər", "həm elə, həm belə adam", "vərdişli, könülsüz gülüş" arasında assosiativ bağlılığı mahiyyətə görə, məzmun uyarlığına görə axtarır. Doğrudan da boz rəng rənglər içində sanki öz gərəksizliyi ilə seçilən bir rənglə boş ürək və mənasız keçən günlər arasında "doğmalıq" var. Və yaxud sözü bütöv olmayan, mütərəddid, gah yaxşı, gah pis təsir bağışlayan bir insanla boz rəng arasında uyarlıq var. Daha sonra:

 

Soyuq tənhalıqdan

saçlarda qalmış gümüş.

Yetim bir qız uşağının

dəyişiksiz dizliyi

Vaxtın rəngsizliyi.

 

Diqqət edin: iki misradan sona qədər gəldik və hər bir misrada ifadə olunan fikir tədricən boz rəng təsəvvürünü artırmış oldu və nəticədə gözlərimiz qarşısında sanki boz bir dünya canlandı. Sonuncu misra - "Vaxtın rəngsizliyi" həmin boz dünyanın mənzərəsini tamamladı.

İstedadlı ədəbiyyatşünas Rahid Xəlilov "Rəsul Rza poeziyası" adlı bir monoqrafiya yazıb və həmin monoqrafiyada Rəsul Rzanın rənglərini dövrün ədəbi prosesində rəng duyumu və rəng görümünün poetik zirvəsi adlandırıb. Rahid Xəlilov "Rənglər"in verlibrin çox orijinal bir formada ilk dəfə fransız şairləri Appolinerin, Desnosun, Santrarın istifadə etdiyini nəzərə çarpdırır. Yazır ki, ilk baxışda asan görünən bu formada qələm sınamaq son dərəcə çətindir. Çünki burada hər bir misranın poetik funksiyası olmalıdır və bu misranın "külçəsindən" müəyyən psixoloji vəziyyət görünməlidir. Əlbəttə, həmkarımın bu fikirlərinə haqq qazandırıram; doğrudan da "Rənglər"də hər misra müəyyən poetik funksiyaya malikdir. Lakin eyni zamanda əlavə edək ki, hər bir "Rəng"də ayrı-ayrı misralar həmin rəng və mənzərə haqqında tam və dolğun təəssürat yarada bilməz - belə ki, bütün misralar bir yerdə mənzərəni tamamlamalıdır. Yenə bir başqa rəngə müraciət edək: "xurmayı". Xurmayı sözü heç, şübhəsiz, xurma sözü ilə bağlıdır. Xurma isə subtropik və mülayim iqlimli ölkələrdə bitən, lələkvari yarpaqları olan uca ağac və bu ağacın şirin meyvəsi deməkdir. Xurmayı da məhz xurma rəngi (açıq qəhvəyi) anlamındadır (el arasında xurmayı göz, xurmayı saç deyirlər).

 

Səhrada dəvə karvanı,

Babamın zər naxışlı Quranı,

Müstəmləkələr,

Mübarizənin sönməyən alovu…

Torpağı yandırıb qovuran hərarət,

Təsəllisiz dərd.

Ağır salxımlarını

yaşıl yarpaqlar arasına alan,

ucaldıqca ucalan

fil xortumlu ağacların

kədəri çökmüş üzlər,

Gözlər, gözlər, gözlər.

 

Bu "Rəng"də də assosiativ təfəkkür müxtəlif anlayışlar arasında əlaqələri kəşf edir. Düşünmək üçün müqayisə etmək və uyarlığı tapmaq üçün özünü köklə! Əgər xurmayı rənglə səhrada dəvə karvanı və zər naxışlı Quran arasında formal bənzəyişi dərhal hiss edirsənsə, sonrakı misralarda gərək intuisiya köməyə gələ… Bu intuisiya imkan verir deyək ki, müstəmləkə ölkələri ilə xurmayı rəng arasında bağlılıq ola bilər, çünki xurmanın yetişdiyi ərəb və Afrika ölkələrinin bir çoxu o zaman müstəmləkə idi. Həmin ölkələrdə də müstəmləkəçilərə qarşı amansız mübarizə gedirdi - "mübarizələrin sönməyən alovu". "Rənglər" silsiləsi "Rəsmdən" fəlsəfəyə doğru hərəkətdir" (İlya Selvinski) - öncə qeyd etmişdik bunu. Doğrudan da, 60-cı illərdə yazılan bu silsiləyə sadəcə modern şeir kimi qiymət vermək azdır, bu silsilədə həyatı dərk etmək prosesi var. Həyata fəlsəfi aspektdən yanaşmaq tərzi var.

"Rənglər", bir çox tədqiqatçıların da qeyd etdiyi kimi, əşyaların, hadisələrin zahirindən daxilinə enmək, o əşya və hadisələrin bizə bəlli olan, görünən cəhətləri, xassələri vasitəsilə görünməyən cəhətləri üzə çıxarmaq funksiyası daşıyır. Dünyanın böyük sənətkarları hələ o zaman "Rənglər"i yüksək qiymətləndirirdilər. Azərbaycan ədəbi mühitində isə rənglərə ikili münasibət yarandı. Bəziləri "Rənglər"i xalqın ruhuna yad, mücərrəd silsilə kimi pislədi. Bəziləri isə onun əsl qiymətini verdilər. Elə həmin illərdə Məmməd Arif yazırdı: "Rəsul Rza "mübahisəli" şairlərdəndir. Onun ətrafında həmişə söz-söhbət olur. Şairin novatorluğunu gözdən və əhəmiyyətdən salmaq istəyənlər deyirlər ki, guya o, çox zəngin, milli, klassik poeziyamızın ənənələrindən uzaqlaşır, süni bir yolla gedir, guya bu yol Azərbaycan şerinə yabançı və səhv bir yoldur. Oxucuların bədii zövqünü təmin etmir və s. Əvvəla, onu demək lazımdır ki, Rəsul Rzanın yaradıcılıq axtarışları novatorluq xatirinə edilən axtarışlar deyildi. Əgər poeziya aləmindəki səy və təşəbbüsləri nəticəsində şair bu və ya digər yeni və müvəffəqiyyətli forma tətbiqinə çalışırsa, burada bariz formalizm axtarmamağı, bunun əvəzinə onun istədiyi yeni bədii ifadə formalarının nə dərəcədə şairin qayəsinə uyğun olduğunu, onun fikir və hisslərinin nə dərəcədə düzgün və kamil poetik şəkildə təcəssüm etdiyini araşdırmalıyıq. Bizcə, bu nöqteyi-nəzərdən Rəsul Rzanın şeirə gətirdiyi yenilik onun öz poetik təbiətindən doğan və onun öz sənətinə həm məna, həm də forma cəhətindən gözəllik verən bir yenilikdir.

İkincisi, Rəsul Rza öz yaradıcılıq axtarışlarında məhdudluqdan qaçan, milli poetik irsin nailiyyətləri ilə bərabər öz xalqının və başqa xalqların mədəniyyətindəki qiymətli və faydalı şeylərdən istifadə etməyə çalışan şairlərdəndir".

Çox təəssüf ki, Rəsul Rza novatorluğunun mahiyyətini bir çoxları M.Arifdən fərqli olaraq düşünürdü və həmin düşüncə sahibləri "Rənglər"i tapmaca mahiyyətli, başaçılmaz şeir nümunəsi hesab edirdilər.

Əlbəttə, R.Rza bu silsilsədə dünyəvi, bəşəri şair kimi diqqəti cəlb edirdi. Azərbaycan şeri R.Rzadan və onun bədxahlarından asılı olmayaraq, dünya poeziyasının çağdaş axarına qoşulurdu. Ancaq onu unutmayaq ki, R.Rzanın "Rənglər"i ilk növbədə milli poetik hadisə kimi qavranılmalıydı. Axı bu rənglərdə istifadə olunan duyğular mənzərəsi daha çox milli təfəkkürlə bağlı idi. Axı rənglərə məna vermək, "Rəsmdən fəlsəfəyə doğru hərəkət" Azərbaycan mifi, folklor və ədəbiyyatında önəmli dərəcədə öz əksini tapmışdır. Bunu Rəsul Rza yaradıcılığından söz açan araşdırıcılar da sonralar qeyd edəcəklər. Yazacaqlar ki, "Rənglər" Azərbaycan nağılları və dastanlarındakı qaynaqlardan bəhrələnib, yaxud yazılı ədəbiyyatda rənglərlə bağlı simvolika və rəmzlərin də "Rənglər"ə təsiri olmamış deyildi. Elə bircə dahi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasını yada salmaq kifayətdir.

"Rənglər" silsiləsinin sonuncu şerində ("Əl vurmayın - rənglənib") belə bir misra var: "Səməd Mənsur haqqında xatirələr".

Xatırladaq ki, Səməd Mənsur adlı gözəl bir şairimiz olub. Və bu şairin "Həpsi rəngidir" adlı məşhur bir şeri var. Həmin şeir daha çox ictimai-siyasi hadisələrin (1917-1918) tüğyan etdiyi bir dövrdə qələmə alınmışdır. Həmin hadisələr təbiəti etibarı ilə çox həssas bir şairi - Səməd Mənsuru sarsıtmışdı. Bu sarsıntılar S.Mənsurda dünyaya, gerçəkliyə və yaşadığı cəmiyyətə qarşı bədbin bir əhval-ruhiyyə yaratmışdı. Həmin şeirdəki rəng yalan, riya, xəyanət, şər mənasında yozulurdu. Bu şeirdə dünyanın bütün rəngləri sanki bir rəngdə cəmləşirdi. Tünd qara, tünd boz, tünd çəhrayı… Bu rənglər büsbütün işıqdan və gözəllikdən məhrumdur. Tədqiqatçılardan biri - mərhum Arif Abdullazadə yazırdı ki, Rəsul Rzanın "Rənglər" silsiləsində Səməd Mənsurun "Rəng" şerinin təsiri də duyulur. Sonra qeyd edir ki, istər "Rənglər", istərsə də S.Mənsurun şeri həm məzmun və forma, həm də ifadə vasitələri, obrazlar silsiləsi etibarilə yazıldığı zamanla bağlıdır.

Fikrimizcə, burada təsirdən söz açmaq olmaz. Çünki S.Mənsurda dünyaya ittihamçı bir münasibət duyulursa, hər şeyin yalan, riya-rəng üzərində bərqərar olduğu təsdiq olunursa, Rəsul Rzada dünyanın özünün rəngləri (ictimai-siyasi, mənəvi, fəlsəfi) ümumiləşdirilir - kədəri, sevinci ilə birgə, tarixi və bu günü ilə yanaşı…

 

Görmədim bir zərri-xalis, buteyi-nasutidə,

Mənəvi min ləkkə gördum, ləlidə-yaqutidə.

Biqərəz insan olur görmək, fəqət tabutidə,

Bilməzəm varmı sədaqət, aləmi-lahutidə,

Azma fikrim, cümlə ecazi-kəramət, rəngidir.

 

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,

Görmədim heç kəsdə bir niyyət, qəzəbdən maəda,

Külli-əbnayi bəşər öz nəfsinə olmuş fəda,

Nəfsi uğrunda görərsə hər bəla, hər macəra

Məsləkə isnad edər, məslək, dəyanət rəngidir.

 

Bu, Səməd Mənsurun "Həpsi rəngidir" mənzərəsi… hər şey tünd biçimdə. Dünyaya etirazçı bir münasibət - üsyan, həm də fəryad… Rəsul Rzada isə rənglər bir biçimdə deyil. Eyni rəng müxtəlif çalarlara malikdir. Məsələn, sarı rəngi götürək:

 

Dolu dənli sünbül dənizi.

Şikəst bir övlad anasının bənizi,

Payıza bürünmüş ağaclar

Payını güclülər yemiş aclar.

Məhəbbətə ləkə salan

Cingiltili metal.

Həyatdan ayrılmış xəyal.

Simlərin fəryadı,

Yol çəkən gözlər,

Qüdrətli nərgizlər.

Debussinin "kürən saçları",

Sallaqxana qapısından girən

Qafil öküzlər,

Ağıllı dəli,

İnsan əməli.

 

Rəsul Rzanın "Rənglər" silsiləsi ilə çağdaş Azərbaycan şerində novatorluq meylləri daha da gücləndi. Bunu indi tam qətiyyətlə etiraf etməliyik. Bu silsilə, heç şübhəsiz, 60-cı illərdə araya-ərsəyə gələn bir çox istedadlı şairlərimiz üçün "şeri də belə yazarlar" qənaətini gücləndirdi. "Rənglər" Azərbaycan şerindən dünyaya açılan ilk pəncərələrdən biri idi. İndi bir sıra cavan modernist şairlər bu faktın üstündən sükutla keçirlər. Halbuki, "Rənglər"siz Azərbaycan poeziyasının novatorluq mənzərəsini təsəvvür etmək qeyri- mümkündür.

 

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2010.- 16 aprel.- S.1, 3.