Ankarada Rəsul Rzanın xatirəsi anılıb
TÜRKSOY və Avrasiya Yazıçılar Birliyinin
təşkilatçılığı ilə Ankarada xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay türk dünyasının görkəmli şairlərindən olan Rəsul Rzanın poeziyasının dəyişiklik və yenilikçilik ruhu ilə bəsləndiyini demişdir. Şairin o zaman əsərlərində yer almış fikirlər bu gün də aktualdır. Nazir Azərbaycanın görkəmli şairinin ədəbi irsinin Türkiyə və digər türkdilli ölkələrdə daha geniş tanıdılmasının zəruriliyini vurğulamışdır.
TÜRKSOY-un baş direktoru Düsen Kaseinov təşkilatın son illər Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliği istiqamətində gördüyü işlərdən bəhs edərək Rəsul Rzanın şeirlər kitabının da nəşr olunduğunu söyləmişdir. Baş katib demişdir ki, şairin poeziyası türk dünyasının ədəbi irsinə daxildir və geniş şəkildə öyrənilməlidir.
Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Dəliöməroğlu bildirmişdir ki, Rəsul Rzanın həyatı dövründə Türkiyə-Azərbaycan əlaqələri indiki kimi yüksək səviyyədə olmasa da, iki ölkənin ədibləri qardaş sevgisini hər zaman qəlblərində yaşatmışlar. İndi, Azərbaycanın müstəqilliyi dövründə Rəsul Rza poeziyası nəinki Türkiyədə, bütün türk dünyasında daha geniş şəkildə tanıdılmalıdır.
Rəsul Rzanın oğlu, xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən ehtiram üçün tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir. O vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yubiley tədbirləri dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyənin müxtəlif şəhərlərində keçiriləcəkdir. İlk tədbirin Ankarada təşkil olunması isə təsadüfi deyildir. Rəsul Rza hər zaman qəlbində qardaş Türkiyəyə sevgi hissləri daşımışdır.
Mərasimin sonunda Rəsul Rza haqqında sənədli filmin nümayişi olmuş, azərbaycanlı
müğənni Cavid
Təbrizli şairin sözlərinə bəstələnmiş
mahnıları səsləndirmişdir.
Oqtay Bayramov
Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.1, 3.