"Qardaş qələmlər" və "Dialoq
Avrasiya"nın yeni sayları
"Qardaş qələmlər" Avrasiya ədəbiyyat dərgisinin növbəti sayı işıq üzü görmüşdür. Dərgidə türkmənlərin görkəmli yazarı Molla Nəfəsin anadan olmasının 200 illiyi münasibətilə bağlı şeirləri və şair haqqında məqalələr dərc olunmuşdur. Türkmənistandan Qurbandurdı Gəldiyev və Hüdayi Janın "Eşq mülkünün şahı", Azərbaycandan Ramiz Əsgərin "Böyük türkmən şairi Molla Nəfəs", Türkmənistandan Anna Durdı Onsorının "Dastan şairi Molla Nəfəs", Türkiyədən Əhməd Göyçəmənin «Molla Nəfəsin "Tahir Zöhrə hekayəsi" adlı yazıları jurnalda yer almışdır.
Dərgidə Molla Nəfəsin "Gözlərin", "Gözün ilə", "Saçın", "Getdim" (çevirənləri Hüdayican, Qurbandurdı Gəldiyev), "Arzu qıldım", "Bəylər", "Xocamsan", "Dedim, dedi", "İstəyib gözəl yarı", "Bir yana", "İlə" (çevirəni Ramiz Əsgər) şeirləri çap olunmuşdur.
Noyabrın 12-13-də Urfa şəhərində Urfa bələdiyyəsi, Ərəb Yazarlar Birliyi və Avrasiya Yazarlar Birliyinin birgə təşəbbüsü ilə "Türklər ərəblərin gözü ilə" toplantısı keçirilmişdir. Suriyadan Sudana qədər 28 yazar və elm adamı Urfada ərəb ədəbiyyatında və kinosunda türk düşüncəsini oxuculara anlatmışdılar. Dərginin bu sayında toplantıda iştirak edən Dursun Kuveloğlunun "Son dəmir pərdələr yıxılarkən Türkiyə ilə ərəb dünyası bir-birini yenidən kəşf edir" başlıqlı yazısı çap olunmuşdur.
Yeni sayda Eyvaz Zeynalovun "Albalı ağacı", Nüsrət Mərdanın "Babamın bakır tasır", Dilək Arslanın "Keloğlan", Osman Çeviksoyun "Ahı yaran məclisində bir gecə", Abdıkərim Muratovun "Tursunbay Adaşbayevin həyatı və sənəti" və başqa yazılar da çap olunmuşdur.
Dərgidə həmçinin İmdat Afşarın qələmə aldığı "Uzaq dənizlər sahilində bir ölkə və Nazim Hikmət Kərəm kimi" məqaləsi dərc olunmuşdur. Məqalədə yazıçı Anarın qələmə aldığı "Nazim Hikmət Kərəm kimi" kitabının Hollandiyada Palet Konqres Mərkəzində keçirilən təqdimat mərasimindən bəhs edilir. Həmin məqalədə oxuyuruq: "Mərasimdə Hollandiya Noqay Vəqfi, Hollandiya Türk Azərbaycan Kültür Dərnəyi, Türk Evi Vəqfi, Hollandiya Türk Demokratlar Birliyi, Benelüks Azərbaycan Konqresi, Türkiyə Yazarlar Birliyi Hollandiya Təmsilçiliyi ilə digər Türk Dərnəkləri və Sivil toplum Quruluşları, Türkiyə qəzet və dərgilərinin təmsilçiləri iştirak edirdilər. İlk söz yazar Sadıq Yemniyə verildi. O gələnləri salamladıqdan sonra dedi: "İllərdir Hollandiyada yaşayıram. Hollandiyada Nazim Hikmət toplantısı keçirəcəyimizi heç düşünməmişdim. Bu bizim acımızdan vacib bir dönüş nöqtəsidir. Öz dəyərlərimizə fərqli acılardan baxmaq fürsətidir". Sonra yazar və şair, "Laləzarda dəli var" adlı kitabın müəllifi Yavuz Nufelə söz verildi. İmdat Afşar öz çıxışında ideoloqların hadisələrə, hətta tarixi şəxsiyyətlərə qarşı ideoloji baxışın beyinlərə necə zərbə vurduğunu, arxasınca gələn insanları və cəmiyyəti bir həllac kimi necə sovurduğunu söylədi. Nazim Hikmətin soyuq müharibə dövründə Sovetlər Birliyində yaşadıqlarının, böyük xəyal qırıqlığının və peşimanlığını bu günə qədər də bilinmədiyini, Anarın bu qaranlıq nöqtələrə işıq saldığını, bulanlıq beyinləri aydınlığa çağırdığını dedi: "Bir çoxumuz üçün Vətən xaini olan bir şəxsiyyətin Sovetlər Birliyi, hətta bütün Şərq bloku ölkələrində yaşayan türklər üçün türklüyün simvolu halına gəldiyini söylədikdə dinləyicilərin yerlərinə daha möhkəm yerləşərək diqqətlərini cəmlədiklərinin şahidi oluram".
Anar çıxışının əvvəlində mərasimə qatılanlara və çıxış edənlərə öz təşəkkürünü bildirdi. Sonra toplantını təşkil edən Veyis Güngör bəyi və başqalarını "Bunu çox yaxşı bilirəm ki, sizlər Nazim Hikmətin ruhunu şad etdiniz" - deyərək salamladı. Nazim Hikməti necə tanıdığını, şairin anası Nigar Rəfibəyli və babası Rəsul Rza ilə çox səmimi dost olduğunu anlatdı… Nazimin 1920-ci illərdə Kommunizm rejiminə inandığını, fəqət II Dünya müharibəsi illərində cərəyan edən hadisələrdən, kütləvi qırğınlardan və ziyalıların güllələnərək, ya da Sibirə sürgün edilərək susdurulmalarından xəbərsiz olduğunu anlatdı. Onun 1950-ci illərdə nostalji duyğularla gəldiyi "Röyalarının məmləkətində" yaşananları öyrəndikdən sonra dərin bir xəyal qırıqlığına uğradığını, böyük peşimanlıqlar yaşadığını söylədi; hətta Nazimin Rəsul Rzaya: "Sovetlər Birliyinin müstəqilliyindən ölkəmin zindanlarını üstün tutardım" - deyərək yanıldığını anlatdı. Anar yaşadığı, şahid olduğu bir çox hadisələri anlatdı, zehinlərə çox fərqli bir Nazim portreti yerləşdirdikdən sonra çıxışını bu sözlərlə bitirdi: "O zamanlar Azərbaycan Sovetlər Birliyinin bir parçası idi və buna görə də Nazim Azərbaycanı ümumi sovet siyasəti çərçivəsində məqbul görürdü. Bu doğrudur, amma bu yalnızca həqiqətin bir bölümüdür, tamamı deyil. Həqiqətin digər və daha önəmli tərəfi budur ki, o illərdə Nazim Türkiyədə bir çoxları üçün "Moskvanın adamı", "Türk düşməni" idisə də azərbaycanlılar üçün Türkiyənin, türklüyün, türk dilinin simvolu idi. Nazimi bitib-tükənməyən alqışlara qərq edən Bakı salonlarındakı dinləyicilər onun şəxsində bir kommunizm propoqandaçısını deyil, bizə uzun illər həsrətini çəkdiyimiz Türkiyənin ətrini, ruhunu gətirən, canımız qədər yaxın olan Türk dilində danışan, şeirlərini türkcə oxuyan - həm də möhtəşəm oxuyan türk şairini alqışlayırdılar. O illərdə Sovetlər Birliyininin Türk bölgələrində xüsusilə Azərbaycanda heç kimin türklük ruhunu, türklük şüurunu Nazim Hikmət qədər yüksəltməmişdir. Türk sözü Azərbaycanda xalqımızın, dilimizin adı kimi yasaqlandığı, Türkiyə ilə tarix, ədəbiyyat, folklor, soy, adət və ənənə birliyimiz haqqında hər hansı bir fikrin ölüm səbəbi sayıldığı, bizi bağlayan bütün tellərin məhv edildiyi, Türkiyə sevgisinə görə, ya da Türkiyədə qohumlarının olduğunu söyləyənlərin qətl edildiyi illər idi. Nazim Hikmət geniş auditoriyalı toplantılarda, üstəlik ən yüksək kürsülərdən "mən türkəm, siz də türksünüz, ruhumuz, adət-ənənələrimiz bir, xalqlarımız, dillərimiz qardaşdır" - deyə hayqırırdı.
Və suallar, yenə köhnə
ideoloji baxışlarla verilən suallar: «Nazimin babaları
türk idimi? Nazim Allaha inanırdımı? "Məni Stalin
yaratdı" dediyi doğrumu idi? Niyə Türkiyəyə
qayıtmadı? Rumıniyada Nazimin bir qədir gecəsində
məscidə getdiyi söylənilir, belə bir hadisə
olubmu? Bu xəyal qırıqlıqlarını, kommunizmə olan
inamını niyə o illərdə ifadə etmədi?
Anar hər bir suala
yaşadığı bir anı ilə cavab verir, sual verənləri
keçmişdəki o hadisələr içindən cavab
axtarmaları üçün düşünməyə
sövq edir."
Dialoq Avrasiya Platformunun
"Dialoq Avrasiya" jurnalının 29-cu sayının əsas
mövzusu isə "Aytmatov: Zəmanəmizin ədəbi
siması"dır. Dərgidə Sultan Rayevin, Bakıt
Oslanovun, Valentin Vlasovun, Valeriy Brılevin, Ziyadulla Pulatxocayev,
Can-Pyer Qodarın, İvan Draçın, Qarifulla Essimin,
Anarın və başqalarının yazıçı
haqqında məqalələri çap olunmuşdur.
Azərbaycan
Yazıçılar Birliyinin sədri Anarın "Əlvida,
ustad…" adlı məqaləsi yazıçı haqqında
düşüncələrini əks etdirir: "Ustad Aytmatovla
bir daha görüşməyəcəyimə, Bakıda,
Ankarada, İstanbulda, Moskvada müxtəlif mövzular
haqqında müzakirələr aparmayacağıma inanmaq mənə
ağır gəlir. Azərbaycan Respublikası Prezidenti
İlham Əliyev yazıçının Azərbaycanın ən
ali ordeni ilə təltif etmişdir. Yazıçının
80 illik yubileyi Atatürk mərkəzində qeyd olunmuşdur.
Çingiz Aytmatovu itirmək ürəyimizi ağrıdır,
amma onun dünyaca məşhur ədəbiyyat zirvəsi
olması ilə də fəxr edirik. Ulu əcdadı
Manasın vətəni Talas vadisində doğulan, kiçik
Şəkər kəndində, sonralar repressiyaya məruz qalan
valideynlərinin övladı, zootexnik təhsili almış
Çingiz Aytmatov öz fitri istedadı və parlaq şəxsiyyəti
sayəsində yer üzünün hər tərəfində
çap olunan, oxunan, sevilən dünya şöhrətli
yazıçı olmuşdur.
Bu gün dünya Aytmatov
itkisinə acıyır-ağrıyır. Bizlər də
hüzn içindəyik. Göynəyirik, lakin fəxr edirik
ki, o, var idi, o, həm də bizim Aytmatov idi.
Əlvida, əziz Çingiz
ağa!"
Jurnalda həmçinin
Abdıkerim Muratovun və Elvira Qarayevanın "Türkiyə-Qırğızıstan"
dostluq əlaqələrindən bəhs edən yazısı
yer almışdır. Türkiyə Prezidenti Abdulla
Gülün Biznes forumdakı, parlamentdəki,
Qırğız-Türk universitetlərindəki
çıxışları məqalədə öz əksini
tapmışdır.
Dərginin bu sayında
yazırlar ki, Ukrayna təmsilçiliyi, Kiyev Avropa Universiteti və
Kiyev Diplomat Akademiyası birlikdə 2009-cu il 19-22 fevral tarixində
"Ukrayna-Türkiyə əlaqələri", mədəniyyət
əlaqələri və siyasi əlaqələr mövzusunda
seminar keçirilmişdir. Seminarda alimlər, siyasətçilər,
mətbuat nümayəndələri və tələbələr
iştirak edirdilər. "Türkiyə-Ukrayna əlaqələrinin
keçmişi və gələcəyi" mövzusunda
tarixi, mədəni və siyasi əlaqələr müzakirə
olunmuşdur.
"Dünyanı yenidən
inşa edirik" yazısında qeyd olunur ki, 2009-cu ilin mart
ayına qədər müşahidəçi qismində
iştirak edən Belorus Respublikası da tamhüquqlu
iştirakçı oldu.
Dərginin bu sayında
oxuyuruq: "Dialoq Avrasiya Bakıda Gülüstan sarayında
ölkələr, mədəniyyətlər və dinlərarası
problemlərin aradan qaldırılması haqqında növbəti
tədbirini keçirdi. Azərbaycan Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, Azərbaycan DA Milli Komitəsi
başkanı Anar, professor Nizami Cəfərov, Azərbaycan DA
təmsilçisi Mustafa Saatçı, Xəzər
Televiziyası başqanı Hüseyn Dinləməz, Qafqaz
Universitetinin rektoru Əhməd Sanıç, Türk-Azərbaycan
məktəblərinin tələbələri, müxbirlər
tədbirdə iştirak edirdilər."
Hazırladı: Məlahət QƏMBƏROVA
Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.2-3.