Misir alimləri ilə
görüş
Nizami adına
Ədəbiyyat İnstitutunun Qədim dövr ədəbiyyatı
şöbəsində Qahirənin Eyn Şəms Universitetinin
professorları Məhəmməd Səid Camaləddin və Əhməd
Mursi əs-Safsafi ilə görüş keçirilmişdir. Görüşdə həmçinin Bakıdakı
Misir Mədəniyyət Mərkəzinin direktoru doktor Adil Dərviş
və "Ət-Təhrir" radio və televiziya
jurnalının redaktorunun müavini, şair Huda əl-Bədri
iştirak etmişlər. Ərəb alimlərinin əsərlərini
tədqiq etmiş şöbə müdiri, filologiya elmləri
doktoru İmamverdi Həmidov qonaqların fəaliyyətindən
məlumat verərək bildirdi ki, prof. Camaləddin
müqayisəli ədəbiyyatşünaslıq sahəsində
ərəb dünyasında tanınmış alimdir.
1976-cı ildən bəri onun dörd dəfə nəşr
edilmiş "Müqayisəli ədəbiyyatşünaslıq"
monoqrafiyasının bir fəsli Nizaminin "Leyli və Məcnun"
poemasının ərəb qaynaqları ilə müqayisəli
öyrənilməsinə həsr olunmuşdur. Müəllif
Nizami sənətinin özəlliklərindən bəhs etməklə
şairin mövzuya gətirdiyi yeniliklər və dəyişikliklər
haqqında mülahizələri
nizamişünaslarımızın marağına səbəb
ola bilər. M.S.Camaləddin "Xosrov və Şirin"
poemasından bir neçə parçanı ərəb dilinə
tərcümə etmişdir. O, Nəsirəddin Tusinin "Məntiq"
əsərinə yazılmış şərhlərin nəşrində
iştirak etmişdir. Onun tədqiqat obyektinə Məhəmməd
İqbalın əsərləri də daxildir. M.S. Camaləddin
XX əsrin ortalarında Misirdə Əbdunueyn Həsəneyn tərəfindən
əsası qoyulmuş nizamişünaslığı təmsil
edən alimlərdən biridir. O, həmkarları prof. Məhəmməd
Bədi Cuma, prof. Taha Nəda, doktor Şirin Həsəneyn və
doktor Məhəmməd Səid Əbdulmöminlə
yanaşı, Nizami irsini öyrənməklə məşğul
olur.
Prof. Əhməd Mursi əs-Safsafi Misirdə görkəmli türkoloq, füzuli haqqında dəyərli monoqrafiyanın müəllifi Hüseyn Mücib əl-Misridən sonra türkdilli ədəbiyyatın tədqiqi sahəsində çalışan tanınmış alimdir. O, "füzulinin "Leyli və Məcnun" adlı tədqiqatında böyük Azərbaycan şairinin poemasının obyektiv elmi təhlilini vermişdir.Yunus İmrə və Xətainin poeziyası haqqında elmi məqalələr yazmışdır. Ümumiyyətlə, Misir alimləri Nizaminin və füzulinin öyrənilməsinə böyük maraq göstərirlər.
Prof. əs-Safsafi göstərdi ki, Nizami adına Ədəbiyyat İnstitutu böyük tədqiqat müəssisəsidir. Burada çalışan alimlərlə elmi əlaqələrimiz bizim üçün faydalıdır. Doktor İmamverdi Həmidovu bizim türkoloqlar və iranşünaslar yaxşı tanıyır. Biz gələcəkdə əlaqələrin genişlənməsinə çalışmalı, əsərlərimizi bir-birimizə çatdırmalıyıq.
Misir Mədəniyyət Mərkəzinin direktoru doktor Adil Dərviş göstərdi ki, Azərbaycan-Misir ədəbi və elmi əlaqələri getdikcə genişlənməkdədir. Bu işdə ədəbiyyatşünas alimlərin rolu böyükdür. Doktor İmamverdi Həmidovun bu mövzuda yazdığı "Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında" kitabının təqdimatı bizim mərkəzdə keçirilmişdir. Biz alimlər arasında əlaqələrin genişlənməsinə, fikir mübadiləsi, müzakirələrin keçirilməsinə çalışır və bu məqsədlə həmkarlarımızı Bakıya dəvət etmişik.
Prof. M.S.Camaləddin qeyd etdi ki, Azərbaycanın zəngin ədəbiyyatı vardır. Nizamini və füzulini öyrənməklə biz bu böyük işin yalnız bir hissəsini yerinə yetiririk. Təmsil etdiyimiz Eyn Şəms Universitetində Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində mütəxəssisə ehtiyacımız vardır. Bu məqsədlə biz Bakı Dövlət Universitetinə aspirantımız Əhməd Samini ezam etmişik. O, hazırda prof. Vaqif Sultanlının elmi rəhbərliyi altında müasir Azərbaycan romanının problemlərini öyrənməklə məşğuldur. Prof. Camaləddin onu da qeyd etdi ki, Misir alimlərinin Nizami haqqında tədqiqatlarında Azərbaycan alimlərinin əsərlərindən istifadə edilmədiyi üçün bəzi metodoloji çətinliklərə rast gəlmişlər. Bu, Nizaminin farsdilli ədəbiyyatda yeri ilə bağlıdır. Bu çətinliyi aradan qaldırmaq üçün XII əsrdə Azərbaycan poeziya məktəbinin xüsusiyyətlərini nəzərə almaq lazımdır.
AMEA-nın müxbir üzvü Teymur Kərimli Azərbaycan ədəbiyyatının keçdiyi tarixi inkişaf yolundan, ədəbi əsərlərin yazıldığı dil problemindən, türkdilli abidələrin və şifahi xalq ədəbiyyatının yazılı ədəbiyyatımızın formalaşmasında rolundan, ədəbiyyatımızda islam amilinin mövqeyindən danışdı. Daha sonra şöbə əməkdaşları - filologiya elmləri doktorları Nüşabə Araslı və Mahirə Quliyeva, fəlsəfə doktorları Leyli Əliyeva, Lalə Əlizadə, Ülkər Məmmədova və Könül Hacıyevanın məşğul olduqları tədqiqatlar, şöbədə yerinə yetirilən işlər və əməkdaşların əsərləri haqqında məlumat verildi.
Görüş
səmərəli keçdi və alimlər arasında gələcəkdə
bu əlaqələrin davam etdirilməsi arzusu bildirildi. Azərbaycan
alimləri və misirli qonaqlar nəşr olunmuş
kitabları bir-birinə təqdim etdilər.
Könül Hacıyeva
Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.4.