Bir də fürsət olacaq

      

"Azərbaycan elm xadimləri" seriyasından akademik Bəkir Nəbiyevin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş soraq kitabı nəfis şəkildə nəşr olunmuşdur.

Kitabın tərtibçisi Gülarə Rəsulova və redaktoru, filologiya elmlər namizədi Aybəniz Kəngərlinin qeyd etdikləri kimi, soraq kitabında tanınmış tənqidçi və akademik Bəkir Nəbiyevin tərcümeyi-halının əsas məqamları verilmiş, bu vaxtadək nəşr olunmuş məqalə və resenziyalarının, müəllifi, redaktoru və tərtibçisi olduğu kitabların, tərcümələrinin, rəhbərliyi altında hasilə yetən namizədlik və doktorluq dissertasiyalarının biblioqrafiyası öz əksini tapmışdır. "Bu kitabı vərəqləyənlər B.Nəbiyev haqqında vaxtilə onun müəllimi olmuş görkəmli alimlərin, məslək və qələm yoldaşlarının, uzaq-yaxın xarici ölkələrdə çalışan bəzi həmkarlarının, keçmiş tələbələrinin, nəhayət ədəbiyyatımızı yaradan məşhur şair və ədiblərin mülahizələrini də oxuya biləcəklər".

Kitabı araya-ərsəyə gətirənlər bu nəşrin Azərbaycan ədəbiyyatı, çağdaş ədəbi proses, ədəbi əlaqələr sahəsində çalışan mütəxəssislər, aspirant, magistrant və tələbələr üçün də faydalı olacağını xüsusilə vurğulayırlar.

Soraq kitabına akademik Bəkir Nəbiyev "Bir də fürsət olacaqmı" sərlövhəli ön söz əvəzi yazıb. Görkəmli alim yeni nəşrin araya-ərsəyə gəlməsi zərurətini məqalədə belə açıqlayır: "Keçən illər ərzində tərcümeyi-halımda bəzi yeniliklər olmuşdur. Təzə məqalə və kitablarım nəşr edilmiş, özüm və əsərlərim haqqında yeni yazılar dərc olunmuş, dissertasiya müdafiə edən tələbələrimin sayı artmış, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşam. 2005-ci ildə mənə "İstiqlal" ordeni verilib. Bəzi digər səbəblər də kitabın yeni nəşrini buraxmağı zəruri etmişdir".

İlk bölmədə alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri xronoloji ardıcıllıqla təqdim olunur. Bu xronoloji ardıcıllığa düzülmüş onilliklərin çərçivəsində sözün əsl mənasında böyük bir insanın, şəxsiyyətin maraqlı, rəngarəng həyat yolu canlanır.

Kitabın ən maraqlı bölmələrindən biri "Müəllimləri Bəkir Nəbiyev haqqında"dır. Burada vaxtilə B.Nəbiyevə dərs demiş görkəmli ədəbiyyatşünas alim və yazıçılardan Cəfər Xəndan, Əbdüləzəl Dəmirçizadə, Feyzulla Qasımzadə, Abbas Zamanov, habelə Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Mir Cəlal, Həmid Araslı, Məmməd Cəfər Cəfərov, Əziz Şərif və Pənah Xəlilovun öz yetirmələri haqqındakı səmimi ürək sözləri əksini tapıb.

Növbəti bölmədə xalq şairlərindən B.Vahabzadə, B.Azəroğlu, N.Xəzri, Qabil, f.Qoca, N.Həsənzadə, C.Novruz, xalq yazıçıları H.Abbaszadə, Anar, Elçin və başqalarının yazıları, alimə həsr edilmiş şeirləri verilmişdir.

Kitabın "Əməl və məslək dostları Bəkir Nəbiyev haqqında" bölməsi görkəmli ədəbiyyatşünas alim Kamal Talıbzadənin yazısı ilə başlayır. Daha sonra Yaşar Qarayev, Qulu Xəlilov, Şamil Salmanov, Ağamusa Axundov, Vasim Məmmədəliyev, Qəzənfər Paşayev, İsa Həbibbəyli və b. kimi görkəmli alimlərin fikirləri, ürək sözləri, arzularının əks olunduğu məqalələr oxucuların diqqətinə təqdim edilir. "Məsafəcə uzaq, qəlbən yaxın həmkarları Bəkir Nəbiyev haqqında", "Tələbələri Bəkir Nəbiyev haqqında" bölmələri də görkəmli alimin həyat və yaradıcılığı ilə bağlı materiallarla, faktlarla zəngindir.

Bəkir müəllim "Bir də fürsət olacaqmı…" sərlövhəli ön sözündə oxuculardan "…kitabda biblioqrafik göstəricilərin ənənəsinə, quruluşuna, tələblərinə axıradək əməl olunmamasına irad tutmasınlar" - deyə səmimiyyətlə rica edir. Bu səmimi ricaya əməl etmədiyimə görə hörmətli müəllimimizin qınağına səbəb olmayacağıma əminəm. Çünki Bəkir müəllim özü də elmi işdə dəqiqliyi, səliqə-sahmanı sevən alimdir. Biblioqrafik işdə dəqiqliyi və tamlığı təmin etmək isə əsas şərtdir. Əslində söhbət biblioqrafik quruluşa qoyulan tələblərdən getmir. Akademik Bəkir Nəbiyevə həsr edilmiş bu soraq kitabı Azərbaycan ədəbiyyatı, çağdaş ədəbi proses, ədəbi əlaqələr sahəsində mütəxəssislər üçün stolüstü kitab olacağı reallıqdır. Buna görə "öz həyat tarixçəsini vərəqləyib, ömründə əlamətdar izlər buraxmış illəri cərgəyə düzərək" seçdiyi materialları təqdim edən Bəkir müəllimin kitabın ərsəyə gəlməsində köməyi də, tərtibçi Gülarə xanım Rəsulovanın əməyi də xüsusi qeyd edilməlidir. Eyni zamanda, kitabın biblioqrafik göstərici olan hissəsinin təkmilləşdirilərək təkrar nəşr edilməsi də arzu ediləndir. Çünki bu həm də kitabın biblioqrafiya hissəsində getmiş bir sıra yanlışlıqları aradan qaldırmağa, biblioqrafik siyahıya düşməyən neçə-neçə elmi məqaləni, çıxışı, müsahibə və digər materialları bərpa etməyə, kodlaşdırılmış göstərici tərtib etməyə imkan verər. Bununla əlaqədar bir neçə qeydi diqqətə çatdırmağı məqsədəuyğun bilirəm.

Kitabın "B.Nəbiyevin həyatı və elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri" bölməsində alimin 1951-ci il aprelin 25-də "Ədəbiyyat qəzeti"ndə ilk məqaləsinin dərc olunduğu göstərildiyi halda, "Məqalələr, resenziyalar" bölməsində Həsən Seyidbəylinin eyniadlı povesti haqqında yazılmış "Kənd həkimi" adlı həmin ilk mətbuat məqaləsinin tarixi səhvən 1951-ci il 25 aprel əvəzinə 4 noyabr göstərilmişdir. Halbuki noyabrın 4-də alimin başqa bir məqaləsi - H.Seyidbəylinin "Qiymətli damcılar" kitabına həsr olunmuş "Dama-dama göl olar" dərc olunmuşdur. Onu da qeyd edək ki, "Akademik Bəkir Nəbiyev" soraq kitabçasının 1999-cu il nəşrində hər iki məqalə 1951-ci il bölməsində dəqiq göstərilmişdir. "Roman və povestlərimizdə müasir həyatın təsviri" başlıqlı məqalənin "Azərbaycan" jurnalının 1963-cü il ¹5 əvəzinə ¹2 sayında dərc olunduğu göstərilir. Halbuki həmin sayda (¹2) alimin biblioqrafik siyahıya daxil edilməmiş digər məqaləsi - M.Dilbazinin yaradıcılığına həsr olunmuş "Həyat poeziyası" məqaləsi dərc edilmişdir. Eləcə də Əli Kərimin eyniadlı kitabına həsr olunmuş "Qızıl qanad" adlı məqalə (1966) "Azərbaycan" jurnalında dərc olunduğu halda məxəz "Ulduz" jurnalı qeyd olunmuşdur. Mirzə İbrahimovun "Pərvanə" romanı haqqında yazılmış "Nurlu ideala gedən əzablı yollar" məqaləsinin də (1971) dərc olunduğu "Azərbaycan" jurnalının sayı da ¹6 əvəzinə ¹8 kimi səhv göstərilmişdir. Halbuki həmin (¹8) sayda B.Nəbiyevin əslində yenə biblioqrafik siyahıya düşməmiş "Uşaq ədəbiyyatını böyük tələblər səviyyəsinə" adlı məqaləsi dərc olunmuşdur.

Eləcə də Şamil Salmanovun "Azərbaycan sovet şerində ənənə və novatorluq problemi" monoqrafiyası haqqında yazılmış "Poeziya: ənənə və novatorluq" məqaləsinin də sayı ¹9, s. 192-196 əvəzinə ¹2 getmişdir.

Eyni zamanda alimin bir sıra məqalələri biblioqrafik siyahıda qeydə alınmamışdır. Deməli hörmətli alimimizin elmi yaradıcılığının bir çox səhifələri də aşkar edilməmiş qala bilər.

Sonda onu da qeyd edim ki, Bəkir müəllimin: "Səxavəti sonsuz olan Tanrının iradəsi ilə mənə bir də fürsət verilmişdir. Artıq mən həyatımın 79-cu ilini yaşayıram və bu fürsətdən istifadə edərək soraq kitabının yeni, son nəşrini buraxmaq qərarına gəlmişəm…" fikri ilə razılaşmaq mümkün deyil. Çünki hələ bundan sonra da Bəkir müəllimin özünün iştirakı ilə damla-damla toplanan düşüncələr, elmi fikirlər, mülahizələr, tədqiqlər, söhbətlər, rəylər, xatirələr və s. dünyasının incilərini biblioqraf sərraflığı ilə "sapa düzmək", onu Azərbaycan ədəbiyyatşünaslıq elminin, ümumiyyətlə, elmi irsimizin malı etməyə çox ümidliyik.

 

 

Zakirə Əliyeva

 

Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.5.