Poeziya dərsləri
Azərbaycan Televiziyasının (AzTV) "Poeziya"
verilişi haqqında düşüncələr
Yaşanan tarix
sübut edir ki, bütövlükdə poetik fikir insan
xarakterinin, insan mənəviyyatının formalaşmasına
xidmət edən ən güclü təsir vasitələrindən
biridir. Yüzilliklər
boyu cəmiyyətlər poetik fikirlərdən böyük
güc alıblar. Poeziya hər zaman insanı saflığa, sədaqətə,
böyük mənalı insansevərliyə, haqqa, ədalətə,
azadlığa, sülhə, barışa səsləyib. Eyni
zamanda mübarizəyə cağırıb. Vətən
uğrunda, xalq uğrunda, insanlıq uğrunda mübarizəyə
səsləyib. Poetik fikrin təsir gücü həm də
sözün qüdrətini bir daha nümayiş etdirib.
Böyük füzuli nahaq yerə deməyib ki,
Ver sözə ehya ki, tutduqca
səni xabi-əcəl,
Edə hər saət səni ol
uyğudan bidar söz.
Amma onu da demək olmaz ki, poetik fikir hər zaman cəmiyyət tərəfindən birmənalı qarşılanıb. Yenə də elə Fizulinin özünə müraciət etsək görərik ki, o da bir zaman, necə deyərlər, şeirə verilən dəyərdən rəncidə - xatir olduğunu büruzə verərək deyib: "Dövran istər ki, xar ola nəzm..."
Amma poetik fikir bütün dövrlərin sınağından çıxmağı bacarıb. Poetik sözün qüdrəti bu gün də bəşər övladının qəlbini riqqqətə gətirir. Sadəcə olaraq bu qüdrətin varlığını, gücünü bir daha cəmiyyətə təlqin etmək gərəkdir. Bu cəhətdən Azərbaycan Televiziyasının (AzTV) xidmətini xüsusilə qeyd etmək gərəkdir. "Poeziya" verilişi isə bu televiziyada müstəsna əhəmiyyət kəsb edir. Bu veriliş yalnız Azərbaycan poeziyası ilə məhdudlaşmır. Verilişdə böyük türk poeziyasından, onun görkəmli nümayəndələrindən söhbət açılır. Onların yaradıcılıqlarının həm fərdi məziyyətləri, həm də bir- biri ilə qarşılıqlı əlaqələri şərh olunur. Bu veriliş bir neçə aspektdən maraqlıdır. Əvvəla, verilişin məhz Anar müəllim tərəfindən aparılmasının özü olduqca təqdirəlayiq bir haldır. Çünki 1500 ilin oğuz şerinin toplanması bilavasitə onun xidmətidir. Bu ilk növbədə tamaşaçıda aparıcıya böyük inam hissini artırır. Anar müəllim də bir aparıcı olaraq tədqiqatçılarla söhbətində, hətta onların bir sıra fikirlərinin qüvvətləndirilməsində bu inamı doğruldur. Onun həmsöhbəti bilir ki, burda mövzudan yayınmaq, hansısa faktı, tarixi hadisəni təhrif etmək mümkün deyil. Tamaşaçı da gözü ilə görür ki, yazıçı Anar sözü gedən dövrə özü də mükəmməl bələd olduğundandır ki, müsahibini düzgün istiqamətləndirə bilir. Digər tərəfdən, burda bir vaxt məhdudiyyəti də var. Təbiidir ki, tədqiqatçıların bir qayda olaraq, necə deyərlər, ürəkləri dolu olur. Məsələn, XVI əsr Azərbaycan poeziyasından fasiləsiz olaraq saatlarla danışmaq olar. Əgər söhbətə bir neçə müsahib dəvət olunubsa, deməli onların hər birinə öz fikirlərini söyləməyə imkan yaratmaq gərəkdir. Bu da məhz aparıcının missiyasıdır. Anar müəllim kimsəni incitmədən, kimsənin sözünü kəsmədən kiçik bir replika ilə söhbətin məcrasını lazımi istiqamətə yönəldir. İkinci diqqət yetirilməli məqam verilişi yaşamaqdır. Bu hər iki tərəfə aiddir. Bu verilişdə hər iki tərəf o poeziya saatını sözün əsl mənasında yaşayır. Məhz ona görə də üçüncü tərəf olan auditoriya da o saatı yaşaya bilir. Verilişin digər bir məziyyəti də dəvət olunan qonaqların Azərbaycan ədəbi mühitində tutduqları mövqedir. Məsələn, həm bu verilişdə, həm də "Məclisi-üns"də iştirak edənlərdən biri əruzşünas alim professor Tərlan Qliyevdir. Bu verilişlərdə Tərlan müəllim sözün əsl mənasında əruzun bütün ahəngini, gözəlliyini, musiqisini tamaşaçıya çatdıra bilir. Həm də duyaraq, hiss edərək çatdırır. Onu dinləyəndə mərhum Əli Fəhmi düşür yada. Təəssüf ki, bizim bir sıra bədii qiraət ustalarımız əruzu içdən yox, boğazdan yuxarı oxuyurlar. Hecaların hansınısa uzadıb oxumaq əruzda oxumaq demək deyil. Çox zaman da əruzu pafosla qarışıq salırlar. Halbuki şerin pafoslu oxu tərzi bu gün üçün qəbuledilməzdir. Pafosla intonasiyanı səhv salmaq yolverilməzdir. İntonasiya birmənalı şəkildə məntiqin çatdırılmasına xidmət edir. Amma bu məntiq gərək əvvəlcə ifaçının özü tərəfindən dərk oluna...
"Poeziya" verilişinin məziyyətlərindən biri də türk dünyası şairlərinin bir-birinə poetik təsirlərinin şərhidir. Məsələn, verilişlərin birində türkmən Məhtumqulu, İranda yaşayan Telimxan və Vaqif yaradıcılığındakı paralellər şərh olundu. Söhbət əsnasında məlum oldu ki, Telimxan dövrünün çox məşhur şairlərindən olub. Qəbri ziyarətgaha çevrilib. Amma əsərləri ölümündən 176 il sonra nəşr olunub. Telimxanın yaradıcılığına Vaqifin, Xəstə Qasımın, Abbas Tufarqanlının böyük təsiri olub. Ona görə də şeirlərini tam xalq üslubunda yazıb.
"Poeziya" verilişini mübaliğəsiz olaraq poeziya dərsləri adlandırmaq olar. Özü də bu dərslərə bu gün yalnız poeziya həvəskarlarının yox, bütövlükdə cəmiyyətin ehtiyacı var. Digər tərəfdən, bu həm də tarix dərsləridir. Çünki əsl şair öz yaradıcılığında həm də dövrünün ağrı-acısını qələmə alır. Məsələn Telimxan deyir:
Türkmən Telimxanın gövhəridir sözü,
Zəmanə dönübdür, xiridarı yox.
Vaqif nə deyirdi? Vaqif də deyirdi:
Mən cahan mülkündə
mütləq doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm,
özgə babət görmədim.
Anar müəllimin dediyi kimi, Vaqif öz dövrünün bütün təzadlarını yaşayandan sonra bu qənaətə gəlir. Özü də o Vaqif ki, vaxtilə Vidadini nikbinliyə çağırırdı. Bəs onlardan çox- çox sonrakı dövrdə yaşayan Sabir nə yazırdı? Sabir də yazırdı ki,
Ey əcəb, mən ki, sədaqət
yolunu azmayıram,
Hələ gördüklərimin dörddə
birin yazmayıram.
Bütün bunlar bir daha sübut edir ki, poeziya tarixin, ictimai quruluşların inikası, insan toplumlarının ağrı-acısının ifadəsidir. Təəssüf ki, bu günün özündə də poeziyaya münasibət heç də birmənalı deyil. Amma onu da demək olmaz ki, poetik fikrə tam laqeydlik var. Sadəcə olaraq əsl poetik fikirlərin geniş auditoriyaya çatdırılması gərəkdir. Bu baxımdan Azərbaycan Televiziyasının " Poeziya" verilişi çox böyük bir missiyanın daşıyıcısıdır. Verilişin 13 aprel tarixli buraxılışında Nəbatidən, Xalxalidən, Qaracadağidən söhbət açıldı. Təbiidir ki, sadəcə söhbət açılmadı, həm də onların yaradıcılıq məziyyətləri şərh olundu. Veriliş ensiklopedik xarakter daşıdığından tamaşaçını nəinki yormur, əksinə, adam doymur. Şəxsən mən bu son verilişə baxanda çox istədim ki, Xalxalidən bir az da geniş söhbət açılaydı. Çünki geniş tamaşaçı auditoriyası Cənubi Azərbaycan ədəbiyyatı haqqında yetərincə bilgiyə malik deyil. Verilişin maraqla izlənilməsinin başlıca xüsusiyyətlərdən biri də dil məziyyətləridir. Verilişin dili ağır, akademik dildən çox uzaqdır. Məsələn, Nəbatidən elə danışmaq olar ki, onu yalnız ədəbiyyatşünaslar başa düşə bilər. Amma Anar müəllim sualı elə bir tərzdə qoyur ki, tədqiqatçı da həmin şairin yaradıcılıq xüsusiyyətlərini məhz geniş kütlənin anlayacağı bir tərzdə cavablandırır.
Veriliş
rejissor işi baxımından da maraqlıdır. Bu mənada
ki, ona verilən quruluşun özü də bilavasitə
tamaşaçı ilə səmimi ünsiyyətə xidmət
edir. Nəticədə sanki
tamaşaçı da poeziya haqqındakı bu maraqlı, məntiqli,
həm də son dərəcə təbii bir söhbətin
iştirakçısına çevrilir. Ekranın
cazibə qüvvəsi məhz bu məqamda özünü
büruzə verir.
Oxucularımızın
diqqətinə onu da çatdırmaq istərdim ki, Cəmiyyətin
mənəvi tərbiyəsində poeziyanın müstəsna
xidməti beynəlxalq qurumlar tərəfindən də
çox yüksək dəyərləndirilib. Məsələn,
1999-cu ildə YUNESKO-nun 30-cu sessiyasında belə bir fikir səslənib
ki, poeziya müasir insanın mənəvi dünyasını
narahat edən ən çətin sualların cavabını
vermək iqtidarına malikdir. Sadəcə
olaraq ona geniş ictimaiyyətin marağını cəlb etmək
gərəkdir. YUNESKO hesab edir ki, Kütləvi
İnformasiya Vasitələrinin birbaşa vəzifə borcudur
ki, poeziyanın əsl əhəmiyyəti tam şəkildə
geniş auditoriyaya çatdırılsın. Bu baxımdan bir elektron KİV olaraq Azərbaycan
Televiziyası da (AzTV- də) öz üzərinə
düşən bu vəzifənin mahiyyətini dəyərləndirməyi
bacarır. Bayaq qeyd etdiyimiz kimi, bu gün
Anar müəllimin aparıcılığı ilə təqdim
olunan "Poeziya" verilişində yalnız Azərbaycan
deyil, türk dünyasının tanınmış poeziya
nümayəndələrinin də
yaradıcılığından söhbət
açılır. Ümid edirik ki, bu veriliş
uzunömürlü olacaq və geniş tamaşaçı
auditoriyasını dünya poeziyasının da ən gözəl
incilərilə
Dünya
ölkələri bu gün bir-birini hədələyərək
qan-qan deyir. Dünya ölkələri bu gün bəşəriyyəti
yer üzündən silə biləcək silahlar istehsal edir.
Bu gün bəşəriyyətin gələcəyi
ilə mənəm-mənəmlik iddiası
qarşı-qarşıyadır. Amma
dünayının hansı ölkəsində olursa-olsun
poeziya insanlığı tərənnüm edir. Kaş
Hüseyn Cavidin bu misrası dünyanın bütün məmləkətlərində,
bütün xalqların dilində səslənəydi:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur
Yer üzünü.
"Poeziya"
verilişindən söhbət açmağımız bu
yazın gözəl günlərindən birinə təsadüf
etdi. Bu məqamda Hüseyn Arifin "Bəs, yazın gəlməsi
şeir, deyilmi?" adlı misrası düşdü
yadıma. Həmin şeirdə Hüseyn Arif daha sonra
yazırdı:
Kim deyir şerin meydanı
dardır,
Sonu
görünməyən bir ilk bahardır.
Neçə ki, həyat var,
şeir də vardır,
Həyatın
nəfəsi şeir deyilmi?!
Şeirə məhz
beləcə Hüseyn Arif məntiqi ilə yanaşsaq, deməli
bu "nəfəsin" saflığı birbaşa həyatın
saflığına bağlıdır. Həyatın
saflığı üçünsə mühitin
saflığı əsas amildir. Bu
mühüm amilin əldə olunması üçünsə
təbiətin ekologiyası ilə mənəviyyatın
ekologiyası vəhdət təşkil etməlidir.
Zərxanım ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.5.