Təkcə "Nuri" deyiləm

 

Deyirlər "Nuri" mənə, "Nuri" ismi-soyum mənim,

Oğuzlar nəslindənəm, nurdur, işıqdır bu tənim.

 

Bəxtiyaram ki, dinim, həm imanım islamidir,

Əqidəm amalım, ruhi-canım islamidir.

 

Mən "mən"əm, "mənəvi"yəm, ilahi hopmuş "mən"imə,

Bundan artıq gərək, bu saf könül çəmənimə?

Allaha sevgi mənim dilimdə yox, canımdadır,

Eşqim Allah eşqidir, sevgi axan qanımdadır.

 

Təkcə "Nuri" deyiləm, ilahinin nuri mənəm,

Bu səbəbdən doludur işıqlı sözlərlə sinəm.

 

Nur da mən, "Nuri" mən, haqqın nuru gözümdədir,

Nur mənim ruhumdadır, bu nur mənim özümdədir

 

 

Borcluyam sənə

 

O gün ki, işıqlı dünyaya gəldim,

Sənin hökmün ilə ağlayıb -güldüm.

 

Dil açıb, danışa bildiyim zaman,

İlk sözüm sən oldun, böyük Yaradan!

 

Alnımın yazısı olaraq bir gün,

Mənə qismətindən ilham da verdin.

 

Sənin rəhmin ilə, sahibi-aləm,

Götürdüm əlimə kağızla qələm.

 

Yazdım sevincimi, yazdım dərdimi,

Qayğılar, diləklər məgər birdimi?..

 

Demirəm yazmışam özüm bunları,

Yazmışam alnıma yazılanları.

 

Bu, mənə ilk gündən agahdır, agah,

Kəsdiyim hər kəlmə sənindir, Allah!

Sənin hökmün ilə insan olmuşam,

Beləcə böyüyüb, yaşa dolmuşam!

 

Ürəkdən deyirəm mən dönə-dönə,

Canımla, qanımla borcluyam sənə.

 

 

Eyləyir

 

Bəxtə bax, taleyə bax, arzunu bərbad eyləyir,

deyim, o bəxtə ki "fərhad"ı "fəryad" eyləyir

 

Həyatın mənası yox, ömür keçir, dövran keçir,

Taleyin qəsdi nədir, qəm-qüssə "icad" eyləyir?

 

Onun şıltaqlığının sayı, hesabı var,

Dostunu sıxışdırır, düşmənini şad eyləyir.

 

Əzəldən adəti bu: vurub qırır hər istəyi,

Yaxşıya yoxdur əli, pisliyi "abad" eyləyir.

 

"Gecənin xortdanı" tək insafı yox, mürvəti yox,

Qəlbə "qəlbi yanmayır"- qədər "imdad" eyləyir.

 

Sabir Nuri Türkel öz taleyindən gileylidir,

Dünyaya gələn gündən hər günündən "dad" eyləyir.

 

 

Ağlaram

 

İlahi, axşam-səhər edib ahu-zar ağlaram,

Harayım ərşə çıxar, mən fəqir naçar ağlaram.

 

Düşmüşəm bir dərdə ki, sağalmağa yox gümanım,

Aramsız sızlar yaram, dərdə giriftar ağlaram.

 

Güllərim soldu tamam, bağçamda bülbül qalmadı,

O gözəl gülxanədə şahlıq edər xar, ağlaram.

 

Söyləyirlər: "Görəsən, dərdi nədir, biçarənin?"

Birdimi, dərdi-qəmim, min səbəbi var, ağlaram.

 

Sabir Nuri, həyatın ağrısı çox, zilləti çox,

Görmədim bu dünyada vəfa, etibar, ağlaram.

 

 

Sabir Nuri Türkel

 

Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.6.