Cənubdan hədiyyə
Teymur Pirhaşim
"Azəri-türk dilinin qrameri", Təbriz
Universiteti
İndi
yolların açılması ilə İrana gediş-gəliş
artmış, orada olan hadisələri və yenilikləri tez
bilmək imkanımız çoxalmışdır. İranın
bir hissəsində əmələ gələn faciə bizi
xeyli sarsıtmış, cənublu
qardaşlarımızın halına acımış və
bu cəhətdən qayğılarımız da
artmışdır. Bizi bəd xəbərlər
nə qədər narahat eləsə də, bəzən
xoş xəbərlər də alırıq. Və bunlar bizi xeyli şad eləyir. Zəlzələdən
bir az əvvəl İrana gedən bir dəstə
ziyalımız bizə xoş bir xəbər də gətirmişdir.
Orada Təbriz Universiteti "Azəri-türk
dilinin qrameri" adlı bir əsər nəşr
etdirmişlər. Əsərin müəllifi
Teymur Pirhaşimdir. Cənub
qardaşlarımızdan biri həmin əsərdən bir
nüsxə Bakı Universitetinin professoru Kərim Həsənova
hədiyyə vermişdir.
Kitabın bir səhifəsində
bu sözlər yazılmışdır:
"Ayrılığa son qoyaq". O biri səhifəsində
"Hörmətli Əziz Kərim Həsənov müəllimə
və bütün şimallı qardaşlarıma sunuram!"
Hörmətlə, Əkbər Azad
(Laçın)". Bu sözlərdə
bütün cənublu qardaşlarımızın həsrəti
və məhəbbəti ifadə olunmuşdur. Biz belə bir əsərin meydana gəlməsinə
xeyli sevindik. Məlum olduğu kimi,
Şimali Azərbaycanda belə əsərlərin çap
olunması adi haldır. Amma Cənubda
yazılan belə əsərlər nadir hadisələr kimi
bizi çox sevindirir. Bir zamanlar Bakı Universitetində
müəllimlik etmiş filoloji elmlər namizədi Məmmədtağı
Zehtabinin "İran türkcəsinin sərfi" adlı əsəri
də, həmçinin "Varlıq" jurnalının səhifələrində
doktor Həmid Nitqinin və doktor Cavad Heyətin Azərbaycan
dilinə aid məqalələri də bizə
tanışdı. Bu əsərləri biz bir də ona görə
yüksək qiymətləndiririk ki, onlar Azərbaycan dilində
yazılmışdır (fars dilində
yazılanı da var).
Azərbaycan dili barədə
yazılan əsər Şimali Azərbaycanda bir nəfərə
gəlib çıxırsa, o, əldən-ələ
keçir, mümkün qədər o əsərlə
hamı
Qrammatika
materiallarından qabaq "Müəllifin sözü"
adlı iki səhifəlik bölmə verilib. Buradan
aydın olur ki, müəllif uzun illər boyu (30 ildən
artıq) müşahidə və topladığı dil
faktları əsasında bu kitabı yazmışdır.
Azərbaycan dilinə uşaqlıq
dövründən olan məhəbbəti onu bu işə
sövq etmişdir. O, kitab üzərində necə
işlədiyini, hansı qaynaqlardan istifadə etdiyini qeyd edəndən
sonra kitabda gedən islahatları xüsusi bir cədvəldə
aydınlaşdırır. Bu cədvəl
("Kitabda işlənən istilahlar" bölməsi) bizim
üçün maraqlıdır. Çünki
burada işlənən istilahların əksəriyyəti
bizim qrammatikalarda işlənməmişdir. Müəllif
həmin istilahların mənasını izah etməsəydi,
onları anlamaq çətin olardı (müəllif işlətdiyi
istilahların bizdə olan qarşılığını
mötərizədə göstərir): "uyuşma"
(uzlaşma), "önək" (ön qoşma, prefik),
"mazi" (keçmiş), "ayəndə" (gələcək),
"ünəl" (sait), "susuq" (samit), "eyləm"
(fel), "tümləc" (cümlə),
"yaşıq" (məchul növ), "məful"
(tamamlıq), "dəkişəc" (əlavə),
"yasıq" (dodaqlanmayan), "yuvarıq" (dodaqlanan),
"həzf" (ellipsis) və s. Həmin cədvələ
baxanda aydın olur ki, istilahların bir qismi ərəb və
fars qrammatikalarında işləndiyi kimi, bir qismi bizdə
olduğu kimi işlənmiş, bir qismini isə müəllif
özü düşünüb düzəltmişdir. Müəllif düzəltdiyi istilahlardan biz də
istifadə edə bilərik. Əsərin
iki böyük bölməsi var. Müəllif bunları
"Birinci qismət", "İkinci qismət"
adlandırmışdır. Müqəddimədə
qramer, dil, kəlmə, heca, səs, hərf, əlifba, ahəng
qanununu, bir neçə imla qaydası haqqında müəllifin
fikirləri verilmişdir.Müəllif "Kök və ek"
adlı ayrıca bir bölmə vermiş, orada onların
növləri, isim və fellərdə işlənən
şəkilçilər, onların kökə
qoşulmasındakı qanunauyğunluqlar geniş izah edilir. Bu bəhsin yaxşı işləndiyini, xüsusi
olaraq qeyd etmək lazımdır.
Sonra belə bir bölmə
gəlir: "Nöqtə işarələri". Bu bölməyə bizdə "Durğu işarələri"
deyilir. Yaxşı olardı ki, bu bölmə
sintaksisdən sonra veriləydi.
Əsərdə
ardıcıl olaraq isim, məsdər, sifət, kinayə (zəmir-şəxs
zəmiri isimə qoluşan zəmirlər, ismi-işarə,
mübhəm ədatlar, mövsul-ki, kim, nə
sorğu ədatı), ədəd, fel, qeyd bölmələri
verilir. Sonuncu bölmə sintaksis bəhsində
verilsəydi, daha yaxşı olardı. Buradakı
bəzi məsələlər təkrar olunur. Məsələn, 102-ci səhifədəki
"sorğu ədatı" bölməsində və
156-cı səhifədəki "istifham qeydləri" eyni
sözlərdən bəhs edir. Burada digər
təkrarlar da var. İlkiçi (bağlayıcı) bölməsində
bağlayıcı və qoşma qarışıq gedir.
Bildiyimiz kimi,
Azərbaycan dilinin felləri çox zəngindir. Müəllif
də onu lazımi şəkildə işləyib təqdim
etməyə müvəffəq olmuşdur.
Müəllif
birinci qisməti bir neçə imla qaydası verəndən
sonra tamamlayır. İkinci qimsətə - nəhv bəhsinə
keçir. Əslində birinci bölmədə
morfoloji kateqoriyalar izah edilmişdir (ikinci hissədə
morfoloji sözü yerinə düşmür). Burada isə qrammatikanın bölmələri (sərf
və nəhv), cümlə, cümlə üzvləri,
cümlənin növləri, mübtəda, xəbər,
tamamlıq (məful), mübtəda ilə xəbərin
uzlaşması (fel ilə failin mütabiqəsi), xəbərin
(felin) ixtisara düşməsi mövzuları şərh
edilir. Bunun ardınca nida və izafət
izah olunur, "dəkişəc" (bədəl) adlı bir
bölmə verilir. Bu, bizim "əlavələr"
adı ilə izah etdiyimiz mövzudur.
Belə məlum
olur ki, müəllif bu əsəri Azərbaycan dilini öyrənən
tələbələri nəzərə alıb
yazmışdır. Bu da kitabdakı terminlərdən və
onların cavablarının sonunda verilməsindən
anlaşılır. Kitab
anlaşıqlı bir dildə yazılmışdır.
Kitabın
yaxşı cəhətlərindən biri də verilən
qaydaların Azərbycan dilindən gətirilən misallarla təsdiq
edilməsidir.
Bu misalların içərisində Azərbaycan
şairlərindən alınan nümunələr də var
ki, onlar da hər bir oxucuya xoş təsir
bağışlayır.
Onu da anlamaq
çətin deyil ki, dünyada və Azərbaycanda
yaranmış şəraitlə əlaqədar olaraq, müəllif
Şimali Azərbaycanda yazılmış sərf
kitablarından istifadə edə bilməmişdir. Bu istifadəetmənin həm
mənfi, həm də müsbət cəhətləri ola bilərdi. Mənfi cəhəti
o olardı ki, müəllif istifadə etdiyi əsərlərin
təsirinə düşərdi, öz orijinal fikirlərini bəlkə
də verə bilməzdi. Müsbət cəhəti
o olardı ki, müəllif bizim işlətdiyimiz istilahlardan
istifadə edə bilərdi, bəyəndiklərini
özü də işlədərdi, məlumatı
artardı, onun əsəri daha təkmil şəkildə
ortaya çıxardı.
Biz kitabın
nöqsanları üzərində qəsdən dayanmadıq. Məqsədimiz
bu deyildi. Bizə Cənubi Azərbaycanda elə
bir kitabın çıxması böyük bir hadisədir.
Əlaqələrimiz yaranan kimi Təbriz alimi
Teymur Pirhaşimin yazdığı "Azərbaycan dilinin
qrammatikası" kitabı bizi, təkrar edirik ki, yuksək dərəcədə
sevindirdi. Şübhə ola bilməz
ki, gələcəkdə Azərbaycan dilinin qrammatikasına
aid əsər yazan alimlər Teymur Pirhaşimin bu kitabından
faydalanacaq, onun qramer yazmaq təcrübəsindən və
yaratdığı istilahlardan istifadə edəcəkdir.
Farsların da bu kitabdan
istifadə edəcəyini düşünərək, burada
verilən bölmələrin hər birinin xülasəsi
verilmiş (bu, Həmid Nitqinin məsləhəti üzrə
olmuşdur), istilahların izahında, mənalandırılmasında
farscadan istifadə edilmiş, kitabın adının təsviri
farsca da göstərilmiş, müəllif haqqında qısa
məlumat, doktor Həmid Nitqinin təqdimatı (həm də
rəyi) farsca verilmişdir. Yaxşı
olardı ki, bu təqdimat Azərbaycan dilində olaydı.
Şimali Azərbaycanda çap olunan Azərbaycan
dili kitabını (eləcə də başqa kitabları da),
oxuculara təqdim edən hörmətli bir adamın belə
yazısının hər hansı başqa bir dildə
yazılması bizim oxuculara qəribə gələr. Arzu edərdik ki, bunu gələcək əsərlərdə
Cənubda da nəzərə alsınlar (görünür,
onların şəraiti belədir). Biz belə
güman edirik ki, əlaqələrimiz daha da genişlənəcək,
Şimalda və Cənubda çalışan alimlər
bir-biri ilə daha yaxından əlaqə saxlayacaq, təcrübə
mübadiləsi yolu ilə öz elmi fəaliyyətlərini
daha da təkmilləşdirəcəklər.
Abbas ZAMANOV,
Əlövsət ABDULLAYEV
"Ədəbiyyat və incəsənət" qəzeti
26 oktyabr 1990-cı il
Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.1, 2.