Bərəkət yoludu şairin yolu

 

Aprelin 16-da Heydər Əliyev sarayında xalq şairi Zəlimxan Yaqubun 60 illiyinə həsr edilmiş yubiley məclisi keçirildi. Yenə şair amacı, şair düşüncəsi sazın, sözün diliylə bəyanlandı:

 

Mənim təravətli sünbülüm dolu,

Meh vuran zəmi tək ləpələnmişəm.

Bərəkət yoludu şairin yolu,

Dən-dən könüllərə səpələnmişəm.

 

Dən-dən könüllərə səpələnənlərin nəsibi isə xalq sevgisi, dövlət sayğısı olur. Yubiley mərasimi boyunca bu dəyərlər dönə-dönə yad edildi, dilə gətirildi.

Əvvəlcə xalq şairi bir çox türk ellərindən, Cənubi Azərbaycandan, Rusiyadan gələn qonaqları məclisə qatılan bütün zəlimxansevərləri salamlayıb tədbirin gerçəkləşməsinə şərait yaratdıqlarına görə Mədəniyyət Turizm Nazirliyinin, H.Əliyev sarayının rəhbərliyinə dərin minnətdarlığını bildirdi. Vurğuladı ki, düz 12 il əvvəl bu möhtəşəm sarayda ulu öndər Heydər Əliyevin iştirak etdiyi tədbirdə öz xalqı, milləti rəhbəri qarşısında hesabat verib: "Bütün qəlbimlə, düşüncəmlə, sevgi sayğılarımla əminəm ki, ulu öndərin ruhu, mötəbər, doğma nəzərləri yenə bu sarayda başımın üstündədiMən xoşbəxtəm ki, Türk dünyası kimi dünyam, müstəqil Azərbaycanım var. Mənim könül dostlarımın yaşı minilliklərlə ölçülür. Ulu ozanımız Dədə Qorqud, Yunus İmrə, Mövlanə Füzuli, Dadaloğlu, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Veysəl, Dədə Ələsgər, Dədə Şəmşir, Şəhriyar, Səməd Vurğun - bütün bunlar mənim könül dostlarımdır. Bu dostların ruhu, mənə verdikləri xalqımla, millətimlə doğmalıq, valideyn-övlad ülfəti, körpüsü başa gətirib. Bu ruh məni uca tutdu, yıxılmağa qoymadı. Mehdən gəlib mehə gedən yolumun sarbanı oldu…"

Xalq şairinin həyat yaradıcılığından bəhs edən sənədli filmin fraqmentləri elə bu ilahi, əziz ruhla baş-başa, nəfəs-nəfəsə göz önündən keçdi. Sonra aşıqlardan Ədalət Dəlidağlı, Ağamurad, Ramin Qarayev, Nemət Qasımlı, təbrizli Çingiz Mehtipur, Məhbub Xəlilli çalıb-çağırdılar. Əməkdar artistlərdən Könül Xasıyeva, Azərin, xalq artisti Mələkxanım Əyyubova xalq mahnılarıyla məclisi rövlənqləndirdilər. Dünya Axıska türkləri Cəmiyyətinin prezidenti Ziyəddin İsmixanoğlu xalq şairini dünyanın 9 ölkəsində yaşamağa məcbur olmuş 500 min Axıska türkü adından salamladı. Təbrizli şair Məhəmməd İbadi o taylı-bu taylı Azərbaycanımızın könül, ruh dilmancı olan şairin Cənubi Azərbaycanda dördcildliyinin işıq üzü görməsinin şairə cənublu oxucularının böyük sevgisindən qaynaqlandığını, onun Təbriz səfərinin hələ yaddaşlarda xoş xatirə kimi yaşadığını dedi.

Məclisdə çıxış edən Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Respublika Birliyinin sədri Əbülfəz Müslümoğlu şairi vətəndən uzaqda yaşayan soydaşlarımız adından salamlayıb hədiyyələr təqdim etdi. Gürcüstan Respublikası Kvemo Kartli qubernatorunun müavini Hüseyn Yusifov dedi: "Bu çıxışları eşidəndə mənim qəlbim dağa dönür. Borçalı elləri, Gürcüstanda yaşayan azərbaycanlılr adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, Zəlimxan Yaqub yaradıcılığına bu qədər böyük diqqət yetirir, onu vətənin ən yüksək ordenləriylə təltif edir. Biz bunu Zəlimxanın şəxsində bütün Borçalıya olan diqqət kimi qəbul edirik. Bu günlərdə Gürcüstan Respublikasının Prezidenti ölkənin ən ali mükafatının Zəlimxan Yaquba verilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda, bu ildən başlayaraq ölkə başçısının fərmanıyla Novruz bayramı Gürcüstanda da milli dövlət bayramı kimi qeyd ediləcək. Bunlar xalqımızın mədəniyyətinə, milli ruhuna olan böyük sevginin təcəssümüdür".

Mərasimdə çıxış edən professor Nizaməddin Şəmsizadə dedi: "Böyük bir insanın adını daşıyan sarayda Azərbaycan xalqının qəlbindən qopub gələn gözəl şairimiz Zəlimxan Yaqubun 60 illik yubileyini ümumən bütün sənətsevərlər adından salamlayıram. Onun yaradıcılığı əvvəldən sona, sondan əvvələ aparan mədəniyyət harmoniyasının təcəssümüdü. Şair "Əbədiyyət dastanı"ndan sonra "Peyğəmbər"i yazdı. "Əbədiyyət dastanı" olmasaydı, "Peyğəmbər" yaranmazdı. Bu, böyük dühadan ilahi dühaya aparan yoldu. Zəlimxan böyük babaları Rumi, Füzuli, Yunus İmrə duyğularının çınqısıdır. Burada səslənən şeirlər onun 60 illik ömrünün mahiyyətini, nəliyini ortaya qoyur. bizə elə gəlir bu şeirlər məhz hər birimizin düşüncəmizdən doğulub. Onun yaradıcılığında Türk dünyası düşüncəsinin qovuşduğunu görmək gözəldi. Bu poeziyada böyük bir ürək var. "Ucaldım Allaha, endim insana" - bu misra Zəlimxanın bütün yaradıcılığının qayəsini ifadə edir".

Sonra yaxın-uzaq ellərdən gələn təbrik teleqramları səsləndirildi. İrəvan Dövlət Dram Teatrının, Şuşa Teatrının ifasında "Göyçə dərdi", "Şair harayı" səsləndi, xalq artistləri Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, İlham Əsgərov "Əbədiyyət dastanı"ndan, "Peyğəmbər"dən parçalar təqdim etdilər.

Ulu öndər Heydər Əliyevlə şairin unudulmaz görüşlərini əks etdirən sənədli filmin fraqmentləri maraqla izləndi. Qazaxıstanda yaşayan soydaşlarımız Süleyman Əhmədov, Ramiz Məşədihəsənli şairin "Sürgün" kitabının araya-ərəsyə gəlməsindən söz açdılar.

Yubiley tədbirində Z.Yaqubun yenicə çapdan çıxmış "Özün basdırdığın ağaca söykən" kitabının ikicildliyi Rüstəm Kamalın "Zəlimxan Yaqub - inanc işığı" kitabı da təqdim edildi. Deyildi ki, "əvvəl-axır dünya türkün olacaq!" Vurğulandı ki:

 

Bizə lazımdı? Ağız birliyi,

baxta yol açan üz birliyi.

Qıpçaq qıvraqlığı, Oğuz birliyi,

Olsaydı Xətai-Yavuz birliyi

Axmazdı ildırım, çaxmazdı şimşək,

Bu gün yumruq kimi birləşə bilsək

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.3.