Ədəbi ilin yekunları
Aprelin 21-də Azərbaycan
MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 2009-cu
ilin ədəbi yekunlarına həsr olunan Respublika elmi
müşavirəsi keçirildi. Elmi müşavirəni
sözügedən İnstitutun direktoru, akademik Bəkir Nəbiyev
giriş sözü ilə açaraq dedi: "İlk olaraq
akademik Məmməd Arif Dadaşzadəyə Allahdan rəhmət
diləyirəm. Sözümün əvvəlində
Məmməd Arif müəllimi xatırlamağım əbəs
deyil. Ona görə ki, belə bir
müzakirənin keçirilməsinin ilk təşəbbüskarı
ötən əsrin 60-cı illərində bu institutda
şöbə müdiri işləyən Məmməd Arif
Dadaş-zadə olmuşdur.
Tədbirin
çağdaş ədəbi proses üçün əhəmiyyəti
ondan ibarətdir ki, belə müzakirələr mütəşəkkil
olaraq ədəbiyyatşünas alimlərin və elmi
şöbənin diqqətini ədəbi prosesə yönəldir.
Eyni zamanda bu tədbir ədəbiyyatşünaslıq
tarixçiliyi baxımından da xüsusi önəm
daşıyır ki, arada 50-60 il keçəndən
sonra belə ədəbiyyatımızın bu
çağını araşdıran alimlərimiz bu
günkü ədəbi tənqidin, ədəbiyyatşünaslığın
hansı mövqedə olmasını aydın hiss edə biləcəklər.
İndi belə
bir yanlış tendensiya var ki, guya bizdə ədəbiyyat
yoxdur. Mən
belə yanlış münasibətlə rastlaşanda həmişə
xalq yazıçısı Elçinin yaxın vaxtlarda
- 15 il
bundan əvvəl."
Bu gün "bizdə ədəbiyyat
yoxdur" - deyənlərə mənim də sualım belə
olar: "Siz son dəfə, neçənci ildə, hansı
kitabı, yaxud ədəbi jurnalı oxumusunuz?"
Şübhəsiz
ki, son illərdə zəif əsərlər də
yazılıb, ayrı-ayrı ədəbi dərgilərdə
belə nümunələr də çap olunub. Amma ədalətsizlik
olar ki, birmənalı şəkildə "bizdə ədəbiyyat
yoxdur" hökmü verəsən. Şəxsən mən
Anarın "Ağ qoç, qara qoç", Elçinin
"Bayraqdar", Kamal Abdullanın "Yarımçıq əlyazmalar",
Aqil Abbasın "Dolu" və i.a. romanlarını son illərin
ədəbi uğurları kimi dəyərləndirərdim. Təkcə "Azərbaycan" jurnalında 2009-cu
ildə 10 povest və roman çap olunub. Seyran Səxavətin
və Hüseynbala Mirələmovun əsərlərinin təhlilini
məruzəçilərə saxlayıb təkcə Əlabbas
adlı nisbətən az tanınan müəllifin
"Qaraqovaq çölləri" romanından müxtəsər
danışmaq istərdim. Mövzusu Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsinin ilk illərindən alınan
bu əsərdə Əfsun adlı azərbaycanlının
başına gələnlərdən söz
açılır. O, ermənilərə əsir
düşmüş bacısı Əfruzun xilası
üçün min cür əzab-əziyyətlə üzləşməli
olur. Onun müsibəti əslində erməni
vandallarının xalqımızın başına gətirdikləri
müsibətləri ümumiləşdirilmiş şəkildə
özündə əks etdirir. Əsərin
bir yerində azərbaycanlılara əsir
düşmüş Arşakın taleyindən də bəhs
olunur. Onun dərhal öldürülməsini
istəyənlər də tapılır. Ancaq
xalqımızın humanist ruhu üstün gəlir. Qərara alınır ki, əsir yaralı olduğu
üçün əvvəlcə ona tibbi yardım edilsin,
sonra imkan olan kimi ermənilərə əsir
düşmüş soydaşlarımızın biriylə dəyişdirilsin.
Bu münasibət iki insanın ölümün
caynağından xilas edilməsinə yönəldiyi
üçün daha insani və bəşəridi. Əsərdə maraqlı bir məqam da var.
Arşakın oğlu Raffini öz erməni soydaşları azərbaycanlılara
rəğbət bəslədiyi üçün qətlə
yetirirlər. Vaxtilə oxuduğum
antitürk, şovinist "Xent" adlı romanın müəllifinin
də adı Raffidi. Əlabbas elə bil
ki, humanist Raffi obrazı vasitəsiylə şovinist erməni
yazıçısı Raffinin mənəvi dəyişməsini,
çevrilməsini, haqqı tanımaq imkanı
qazanmasını vermək istəyib. Biz də
bu inamdayıq ki, gec-tez belə də olacaq.
Ötən il
poeziyamız üçün də uğurlu olub. Xalq şairləri Zəlimxan Yaqub "Peyğəmbər",
Fikrət Qoca
"Dörd addım" kimi dəyərli poemalar yazıb.
Bu sırada Yusif Həsənbəyin
"Sınaqlarda sınmazıq biz", Adil Mirseyidin
"Metropol röyaları" əsərlərinin də
adını çəkə bilərəm. Bir müddət Azərbaycan ədəbi mühitindən
uzaq düşən Məmməd İsmayılın indi
çox müdrikləşmiş bir aurada öz yeni şeirləri
ilə poeziyamızda özünəməxsus
sözünü deməsi razılıq doğurur. Musa
Yaqub, Çingiz Əlioğlu, İlyas Tapdıq, Fikrət Sadıq, Firuzə Məmmədli, Oqtay Rza, eyni
zamanda, 85 yaşlı Əlihəsən Şirvanlıdan
tutmuş Əlisəmid Kürə, ondan da gənc olan
şairlərə qədər qələm adamlarımız
ötən ilin ədəbi yaddaşına kifayət qədər
sanballı söz töhfəsi verə biliblər. Təkcə
"Azərbaycan" jurnalının ötən ilki 12
sayına nəzər salsaq, bu deyilənlərin şahidi ola bilərik.
Eyni uğurlu
misalları dramaturgiya, tərcümə, publisistika, ədəbi
tənqid, eyni zamanda da Cənubi Azərbaycan ədəbi
prosesi haqqında çəkə bilərik. Deməliyəm
ki, son illərdə, eləcə də 2009-da mübariz ruhlu,
obyektiv təhlilə əsaslanan kəskin tənqidi icmalar demək
olar ki, yoxdur. Bununla belə xalq yazıçısı
Elçinin "Azərbaycan ədəbi mühitində nələr
baş verir?", Rahid Uluselin "Azərbaycan və dünya
klassikası", Pərvanə Bəkirqızının
"Ağ qoç, qara qoç" romanı utopiya və
antiutopiya paradiqmasından", Asif Rüstəmlinin
"Mütərcim Cəfər Cabbarlı", Zaman Əsgərlinin
"Könüllər fatehi", "Əhməd Yəsəvi",
Tofiq Hacıyevin "Azərbaycan dili tarixində Füzuli", Tehran Əlişanoğlu,
Vaqif Yusifli, Qəzənfər Paşayev, Xədicə İsgəndərli,
İslam Qəribli və başqalarının çox
maraqlı, dəyərli məqalələrinin adlarını
çəkə bilərəm. Bu məqalələrdə
həm klassik irsə münasibət var, həm də modern ədəbiyyata
dair mülahizələr. Demək xoşdur ki, bü
müəlliflərin əksəriyyəti Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarıdır.
Sonra məruzələr
dinlənildi.
Fəlsəfə doktoru Rahid
Ulusel "2009-cu ildə ədəbi tənqid"
mövzusunda etdiyi məruzəsində vurğuladı ki,
bü gün tənqiddə əsas narahatlıq doğuran onun
ədəbiyyata, cəmiyyətə baxış dairəsinin
getdikcə daralmasıdır: "İndiki halda tənqid yenicə
yaranan əsərə, ümumiyyətlə, az qala hər
hansı bir bədii informasiyaya yalnız onun öz
hüdudlarından baxa bilir… Tənqidçi
Rüstəm Kamalın fikriylə desək, tənqid artıq
"qeyri-rentabelli" sahədir. "Onu
ya bağlamaq, ya da ədəbiyyat fəlsəfəsi müstəvisinə
keçirmək lazımdır. Mən
ikincinin tərəfdarıyam". Bu klassik istiqamətin
milli mədəniyyətin inkişafında nə qədər
əhəmiyyətli olduğunu təsdiqləməklə
yanaşı, qeyd etməliyik ki, nə tənqid ədəbiyyat
fəlsəfəsini nə ədəbiyyat fəlsəfəsi
tənqidi əvəz edə bilməz… 2009-cu ildə çap
olunmuş araşdırmalar arasında orijinal mövqeyin təqdiminə
görə üç məqalə - Kamil Vəlinin "Sovet
ədəbiyyatı: gerçəkliklər, həqiqətlər,
ziddiyyətlər", Rəhim Əliyevin
"Yazıçılar İttifaqı və sovet ədəbiyyatı"
və xalq yazıçısı Elçinin "Azərbaycan
ədəbi prosesində nə baş verir?" polemik
yazıları xüsusilə seçilir…"
Məruzəçi
ötən müşavirələrdə tənqidi
yanaşılan "Tənqid. net" jurnalının bu gün Azərbaycanda
müasir ədəbi tənqidi fikir panoramını
az-çox dolğun formada əks etdirən dərgi kimi dəyərləndirdi,
2009-cu ilin tənqid yaradıcılığında bilavasitə
ədəbi tənqidi prosesin araşdırılmasına
görə Elnarə Akimovanın "Azərbaycan ədəbi
tənqidi müstəqillik illərində" və Təyyar
Salamoğlunun "Tarix və çağdaş ədəbi
prosesə dair araşdırmalar" məqalələrinin
üzərində xüsusilə dayandı, Azərbaycan
yazıçılarının xaricdə çap olunan əsərləri
haqqında da kifayət qədər bol ədəbi-tənqidi
araşdırmalar aparıldığını önə
çəkdi.
Ədəbiyyatşünas
alim Sabir Əmirov "İran İslam inqilabından sonra Cənubda
ədəbi proses" mövzusunda etdiyi məruzə də
maraqla qarşılandı. Məruzəçi nəzərə
çatdırdı ki, Güney ədəbiyyatı
yolçularının əllərində kəskin silah olan
söz sənətinin ən müqəddəs qayəsi bəşərin,
o cümlədən, təbii ki, həmvətənlərinin
arzularını həqiqətə qovuşdurmaqda fəal
iştirak etməkdən ibarətdir. S.Əmirov Cənubi
Azərbaycanda yaşayıb-yaradan Ağazadə Ülyai,
Şəhrək, Haşım Tərlan, Saplaq, Musa Herisi,
Müzəffər Derəfşi, Memari, Qaimi, Rəhim Dəqiqi,
K.Qəvəli, eləcə də digər şair və
yazıçıların əsərlərindən gətirdiyi
nümunələr əsasında inqilabdan sonrakı Cənubi
Azərbaycan ədəbi prosesinin özəllikləri barədə
söz açdı.
"Bədii publisistika - 2009" mövzusunda məruzə edən Elçin Mehrəliyev bu sahədə Nahid Hacızadə, Zakir Sadatlı, Musa Ələkbərli, Südabə Ağababayeva, Atababa İsmayıloğlu, Sərvaz Hüseynoğlu, Rəfael Tağızadə, Sevinc Mürvətqızı, Aydın Xan, Natiq Rəsulzadə, Məti Osmanoğlu, Taleh Həmid və başqalarının uğurlu yazılarla çıxış etdiklərini önə çəkdi. Bildirdi ki, adlarını çəkdiyi qələm adamlarının bədii publisistik yazılarında bədii publisistikanın qarşısında qoyulan müasirlik, elmilik, bədiilik və s. kimi tələblər sadəcə həllini tapmır, öncə və çox zaman ədəbi tənqidin diqqətindən kənarda qalan mənəvi ehtiyacdan yaranmaq, problemə münasibəti daha çox, lap poeziyada olduğu kimi, hiss- həyəcan və iztirablarını ifadə vasitəsilə bildirmək xüsusiyyətilə seçilir.
"2009-cu ilin poeziyası" mövzusunda çıxış edən fəlsəfə doktoru Elnarə Akimova vurğuladı ki, hər hansı bir ilin poeziyası haqqında danışmaq əslində həmin illə bərabər onun tərkib hissəsi olduğu tarixi mərhələnin dəyərləndirilməsi, ondakı poetik axtarış və yeniliklərin üzə çıxarılması deməkdir: "2009-cu ilin poeziya nümunələri göstərir ki, şerimizin bədii təsvir predmetləri dəyişməz olaraq qalır… Qeyd edim ki, bu mövzular işlənmə, bədii təsvir predmetinə çevrilmə üsullarına görə yaşlı və cavan şairlərimizdə eyni formada təzahür etmir. Eyni predmetə yönələn baxış müxtəlif, polifonik spektrli olur… Bu gün bəlkə də yaşadığımız zamanla, üzləşdiyimiz tarixi faciələrlə əlaqədar olaraq vətən, torpaq azadlığı mövzusu şairdən daha çox diqqət, yaşam, mənalandırma tələb edir".
Məruzəçi Musa Yaqubun, Məmməd İsmayılın ötən il "Azərbaycan" jurnalında dərc edilən şeirlərindən bəhs edərək dedi: "Onların şeirləri bir daha sübut edir ki, istedad olanda yaradıcı insanın şeirləri bütün zaman kəsimlərində yalnız bir fəslin - baharın təravətini daşıyır". Natiq M.Astanbəyli, Vaqif Bəhmənli, Nisə Bəyim, Elxan Zal Qaraxanlı, Əlizadə Nuri, Narıngül və Adil Mirseyidin ötən il ədəbi dərgilərdə yer alan şeirləri fonunda poeziyamızın uğurlarından söz açmaqla bərabər, xalq şairi Zəlimxan Yaqubun "Peyğəmbər" poeması üzərində xüsusilə dayandı: "Poema Z.Yaqubun zəngin mütaliə, dini və elmi bilik arsenalı əsasında yazıldığını göstərir".
Məruzədə xalq şairi Fikrət Qocadan tutmuş gənc qələm sahibi Qismətin, Əli Əlioğlunun, Anar Aminin, fəridin və başqalarının ötən il ədəbi dərgilərdə çap edilən əsərlərindən ətraflı söz açıldı.
Tədbirdə filologiya elmləri doktoru Aydın Dadaşov ötən ilin dramaturgiyası, fəlsəfə elmləri doktoru Cavanşir Yusifli tərcümə ədəbiyyatı mövzularında əhatəli çıxış etdilər.
Elmi
müşavirəni akademik Bəkir Nəbiyev
yekunlaşdırdı.
S.Əsgərli
Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.3.