Gül əvəzinə söz

 

Kitablarımdan birinin adı "Gül əvəzinə söz"dür. Yazılarında həmişə məni "ustadım" deyə yad eləyən, ədəbi uğurları ilə etimadımı yetərincə doğruldan Sərvaz Hüseynoğlunun ömrün əllisini başa yetirdiyini, ekvator xəttinin finişini haqladığını eşidəndə yadıma ilk düşən bu sözlər oldu: "Gül əvəzinə söz". Bu adı kitabıma verməyim burada lap karıma gəldi. Bilirəm ki, bütün qələm adamları kimi Sərvaz üçün sözdən böyük xəzinə yoxdur. Eyni zamanda, kitabımın adını bu yazımın başlığına çıxarmağımın bir səbəbi var; belə ki, Sərvazın özü mənim üçün ən əziz duyğularla başa gətirdiyim kitablarımdan biri kimidir. Həmişə qürurlanmışam ki, bu "kitab"ımın qatı açıldıqca daha maraqlı gərəkli görünür.

17 oktyabr 1981-ci ildə indiki "Gəncənin səsi" qəzetində ona "Uğurlu yol" yazmışdım. Onda Sərvaz indiki Gəncə Dövlət Universitetinin tələbəsi idi. Yazmışdım ki, Alimlər evi nəzdində fəaliyyət göstərən "İlham" ədəbi birliyinə qədəm basdığı ilk gündən ədəbi axtarışları, mütaliəsi, duyumu ilə seçilən gənc şairin gündən-günə təzələnən, cilalanan istedadının "boy artımı" göz qabağındadır.

İllər zənnimdə yanılmadığımı ortaya qoydu. Aradan keçən 30 ilə yaxın vaxt sınağı qənaətimi daha da möhkəmləndirdi. O illərdə Sərvazla olan söhbətlərimizin baş mövzusu Rəsul Rza, Əli Kərim, Məmməd Araz, Nəriman Həsənzadə, Məmməd İsmayıl, o dövrün gənc ədəbi qüvvələrindən Vaqif Cəbrayılzadə, Ramiz Rövşən, Vaqif Bəhmənli yaradıcılığı əlbəttə ki, dünya ədəbiyyatı idi. Tanınmış füzulişünas alim Sabir Əliyev bir dəfə ondan hansı şairi daha çox mütaliə etdiyini soruşanda Sərvaz fikirləşmədən ustad Rəsul Rzanın adını çəkdi. Sabir müəllim qalın şüşəli eynəyinin altından maraq dolu baxışla tələbəsini uzun-uzadı süzüb "Qərib, - dedi, - ətrafındakı gənclərin xoşbəxtliyi ondadır ki, indidən kimi mütaliə etməyin fərqindədirlər". O zaman mən Sabir müəllimin sözlərini Sərvaza "Uğurlu yol" diləyi kimi qəbul etdim.

Sonrakı illərdə yetirməmin Abbas Abdulla, Ələkbər Salahzadə, Sabir Əhmədli, Sabir Rüstəmxanlı, Vaqif Yusifli, Mustafa İsgəndərzadə, Məmməd Namaz nəhayət xalq yazıçıları Anar, Elçin, professor Qəzənfər Paşayev, Şəmsi Vəfadar qayğısıyla əhatələnməsi onun ədəbi taleyi sarıdan nigaranlığıma son qoydu. Sərvazın bu insanlara bəslədiyi hədsiz minnətdarlıq duyğusu indi onunla olan söhbətlərimizdən dönə-dönə keçir.

Sərvazın "İmamverdi Əbilov tənhalığı" kitabına xalq yazıçısı Elçinin yazdığı ön söz "Vəfadarlıq" adlanır. Bu söz yetirməmin tədqiqat obyektinin ömür yolunu bütövlükdə ehtiva etməklə yanaşı, eyni zamanda onun öz ömürlüyünün ifadəçisidir. Ona görə ki, bu günə qədər mən Sərvazın bircə dəfə olsun ilkinliyinə, əhdə-ilqara, ona yaxşılığı keçmiş hər hansı şəxsə, ən başlıcası, şeirə-sənətə sayğısızlıq göstərdiyini görmədim. Bu səbəbdən mən xalq yazıçısı Elçinin "Vəfadarlıq" sözünə özümün "qədirbilənlik" qənaətimi əlavə edirəm. Bu etimadı o öz istedadı ilə, zəhmətkeşliyi ətrafına olan diqqəti ilə qazanıb. Yazılarımın birində bütün səmimiyyətimlə ifadə etmişəm ki, Sərvaz mənim qabarlı əllərimdir. Ömrümün ən ağrılı, məyus günlərindən birində bu əllər mənim üçün ən çox arzusunda olduğumu etdi, heç cür dilimə gətirib, isbatlaya bilmədiyim bir haqqımı yazdı, aydınlıq gətirdi. Onun bu diqqəti mənim son illərədki ədəbi durumumda önəmli rol oynadı, məni mənəvi, ədəbi sıxıntılardan xilas etdi. Şəyirdin ustaddan görməsi təbii, adi bir haldır. Ustadın şəyird vəfasından bəhrələnməsinin savabını yazmaqdasa çətinlik çəkirəm.

Yetirməmin son illər publisistikaya daha çox qələm sərf etməsindən niğaranam. Ona ünvanladığım məktublarımda dönə-dönə bunu xatırlatmışam da. Cavabını ilkinliyindən süzülüb gələn səmimi şeirlə yazıb:

 

Nədən qorxuramsa - yol yoldaşımdı,

Nədən çəkinirəm - məndə yaşayır.

Məsələn, nəfəsim, məsələn, canım

Hərəsi bir məzhəb, dində yaşayır.

 

Birinə doğmayam, mininə yadam,

Bir doğma imzayam, bir qərib adam.

Tanrı elə çaşıb, bilmir ki, adam

Kimdə unudulub, kimdə yaşayır

 

yaxud:

 

Gülü-çiçəyi tapdayıb,

Namaza tələsən adam

Düşünüb cavab tapmadım

Sən niyə beləsən, adam?

 

Qıvrılıb qında yatırmı,

Doğulmağa can atırmı?

Tanrım, gümanın çatırmı

Mən səndən diləsəm adam?

 

mən öz yetirməmin poetik fikri misraların boyuna bu qədər səmimiyyətlə, peşəkarlıqla biçməsindən dərin məmnunluq, rahatlıq hissi keçirirəm. Bilirəm ki, peşəkarlıq, istedad zəhmətkeşlik heç vaxt adamı yolda qoymur.

Sərvazla ilk tanışlığım zamanı mən elə onun indiki yaşında idim. Həmin yaşda onun qayğıya daha çox ehtiyacı var idi. İndiki yaşında isə ona ünvanlanan yazımı Sərvazın öz övladına həsr etdiyi misralarla tamamlamaq istəyirəm:

 

Doğru, yalan - yol ikili yol haça,

İmkanımız arzumuzdan balaca.

Belə keçdi bu ömür-gün, bala can,

Yaxın otur, tanı məni, gör məni.

 

Uman yerdən inciyibən küsdüm mən,

Qəm sarıdan Məcnundan da üstünəm.

Hardan soyuq sazaq əssə üstünə

Sən o səmtdən divarına hör məni.

 

 

Qərib MEHDİ

 

Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.4.