İllər, şəxsiyyətlər

 

"Böyük alim, Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafında öz fədakar əməyi ilə əvəzsiz rol oynamış Abbas Zamanovun xidmətləri unudulmazdır.

Azərbaycan ədəbiyyatının bir çox ölkələrdə tanınması təbliğ olunması Abbas Zamanovun adı ilə bağlıdır.

Şübhə yoxdur ki, Abbas Zamanovun yaratdığı əsərlərdən milli mədəniyyətimiz gələcəkdə bəhrələnəcəkdir".

 

Heydər Əliyev

"Səs" qəzeti, 7 aprel 1993-cü il

 

 

Azərbaycan MEA-nın müxbir üzvü, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun müxtəlif illərdə respublika dövri mətbuat səhifələrində çap olunmuş xatirələri, elmi məqalələri, ümumən ədəbiyyat-sənət məsələlərinə dair mülahizələri toplanmış bu günlərdə nəfis şəkildə nəşr olunmuş "Cənubdan səslər" kitabı (368 səh.) ulu öndərin yuxarıda verilmiş unudulmaz sözləri ilə başlayır.

"Cənubdan səslər" görkəmli ədəbiyyatşünas alim, yazıçı müəllim Mir Cəlal Paşayevin əziz xatirəsinə ithaf olunur. Kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir.

Kitaba "Unutsaq unudularıq" adlı ön söz yazmış Orxan Seyidov haqlı qeyd edir ki, Abbas Zamanov yaşadığı dövr ərzində çox məhsuldar işləmişdir. O, ədəbiyyatın hər sahəsində külüng çalmış uğurlar qazanmışdır. Alimin yaxın dostu, ədəbiyyatşünas alim Əziz Şərif onu belə səciyyələndirmişdir: "Heç bir ədəbiyyat sənin kimi fədakar mücahidsiz ötüşə bilməz. Vay o ədəbiyyatın halına ki, onun Abbas Zamanovu olmasın".

Yorulmaz elmi-pedaqoji fəaliyyəti ilə bərabər Abbas müəllim böyük ictimai xadim idi. O, hələ sovet hakimiyyətinin "qılıncının qabağı da, dalı da kəsəndə" dünya azərbaycanlıları ilə əlaqə saxlayırdı. Öz hesabına Azərbaycanda nəşr edilmiş qiymətli əsərləri dünya azərbaycanlılarına çatdırırdı. Xaricdə olan azərbaycanlılar da Abbas Zamanova özlərində nəşr edilmiş ədəbiyyatları göndərirdilər. Bu o dövr üçün xeyli ağır olsa da, Abbas müəllim bu işin öhdəsindən ləyaqətlə gəlirdi. Onun göndərdiyi kitablardan indi qardaş Türkiyə Respublikasında, Ərzurum Atatürk Universitetində yaratdığı altı minə yaxın kitabdan "Abbas Zamanovun Bağış Kitabları" kitabxanası fəaliyyət göstərir.

Nəhayət, onu da əlavə edək ki, 70-80-ci illərdə "Azərbaycan müəllimi" "Ədəbiyyat qəzeti"ndə ("Ədəbiyyat incəsənət") Abbas müəllimin xüsusi səyi ilə "Cənubdan səslər" rubrikası altında maraqlı materiallar dərc olundu. Həmin məqalələrdən bir çoxunun müəllifi Abbas müəllim özü idi. Güneyli-quzeyli ədəbiyyatımızın vəhdət halında tədqiqi təbliğində yeni zəruri mərhələ açan o qiymətli məqalələrin əksəriyyəti ilk dəfə "Ədəbiyyat qəzeti"ndə dərc edilib.

Cənublu-şimallı oxucuların, həmçinin dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların stolüstü kitabı ola biləcək "Cənubdan səslər"i vərəqləyən hər kəs bu diqqətədəyər fakta şahidi olacaq.

"Ədəbiyyat qəzeti"nin 75 illiyinin dövlətimizin başçısı cənab İlham Əliyevin məlum Sərəncamı ilə qeyd olunduğu indiki vaxtda unudulmaz Abbas Zamanovun qəzetimizlə əməkdaşlığı həmişə yüksək tutduğunu bir daha dərk etmək bizim üçün çox xoşdur.

Vaxtilə "Ədəbiyyat incəsənət"in ("Ədəbiyyat qəzeti") böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyinə həsr edilmiş yubiley sayını (23 noyabr 1968-ci il, ¹-47) yuxarı qaldırıb, redaksiya kollektivinə "Bu, qəzet deyil, kitabdır!.." - deyən Abbas müəllimin hərarətli sözləri bizim üçün fəxr olmaqla bərabər, həm böyük məsuliyyət hissidir.

"Cənubdan səslər" kitabından Abbas Zamanovun "Mən bu fikirdəyəm ki…" görkəmli dilçi alimimiz professor Əlövsət Abdullayevlə birgə yazdığı "Cənubdan hədiyyə" məqalələrini oxuculara məmnuniyyətlə təqdim edirik.

 

 

Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.1.