75 illik yol
Cəlil Məmmədquluzadə
adına Naxçıvan
Muxtar Respublika Ədəbiyyat Muzeyində
"Azərbaycan Yazıçılar
Birliyinin yaradılmasının
və "Ədəbiyyat
qəzeti"nin nəşrə
başlamasının 75 illik
yubileyi haqqında"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 18 may 2009-cu il tarixli sərəncamı ilə əlaqədar Naxçıvanda yaşayan
yazıçı və
şairlərin, elm adamlarının,
mədəniyyət və
incəsənət işçilərinin,
ziyalıların iştirakı
ilə "Azərbaycan
Yazıçılar Birliyi
və "Ədəbiyyat
qəzeti" - 75" mövzusunda
ədəbi yığıncaq
keçirilmişdir.
Ədəbiyyat muzeyinin direktoru Sübhi Kəngərli yubileylə bağlı ölkə başçısının imzaladığı sərəncamın böyük maraqla qarşılandığını vurğulayaraq müasir dövrdə ədəbiyyatımıza, mədəniyyətimizə, mətbuatımıza dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmış, "Ədəbiyyat qəzeti"nin yubileyi ilə əlaqədar muzeydə keçirilən tədbirlər haqqında məlumat vermişdir.
Naxçıvan Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar "75 il xalqın və ədəbiyyatın xidmətində" mövzusunda məruzə ilə çıxış etmişdir.
Yazıçı-publisist, əməkdar müəllim Əbülfəz Əsgərli, şairlər Ələsgər Nehrəmli, Əbülfəz Ülvi, Elxan Yurdoğlu, mədəniyyət işçiləri Əli Rzayev, Rahilə İbrahimova, Zəminə Gülməmmədova və b. çıxış edərək müasir dövrdə Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat qəzeti"nin insanların elmi-mədəni, ədəbi-estetik dünyagörüşünün formalaşmasında, ədəbiyyat və mədəniyyətimizin təbliğində rolundan danışmış, şairlər şeirlərini oxumuşlar.
Sonra tədbir iştirakçıları "Ədəbiyyat qəzeti"nin 1934-2010-cu illərə aid nüsxələrindən tərtib edilmiş sərgiyə maraqla tamaşa etdilər. Hazırda muzeyin fondunda qəzetin 2500 nömrəsi qorunub mühafizə edilir. Qəzetin 12 iyun 1934-cü il tarixli sayında Azərbaycan Yazıçılar Şurasının I qurultayının materialları dərc olunmuşdur. "Gənc yazıçılar qurultaydan nə gözləyirlər" başlıqlı rubrikada cavan yazıçılar Mirzə İbrahimov, Sabit Rəhman, Yusif Şirvan, Ənvər Məmmədxanlının məqalələri, Y.Şirvan, H.Natiq, C.Xəndan, M.Rahim, qurultay nümayəndələrindən bir qrupunun fotoları, 21 dekabr 1936-cı il tarixli sayında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə, satirik şairimiz Mirzə Ələkbər Sabir, 27 sentyabr 1947-ci il tarixli sayında böyük söz ustadımız Nizami Gəncəvi, 10 dekabr 1958-ci il tarixli sayında dahi şairimiz Məhəmməd Füzuli və digər mütəfəkkirlərimiz, elm və mədəniyyət adamlarımız, şair və yazıçılarımız haqqında müxtəlif səpkili yazılar verilmişdir.
Yığıncaq iştirakçıları
muzeyin fond və ekspozisiyaları ilə tanış olmuşlar.
İradə MƏHƏRRƏMOVA
Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.2.