Mən bu fikirdəyəm ki…
Yenicə başa vurduğumuz
ilin ədəbi həyatına nəzər saldıqda mənim
xəyalımda birinci növbədə Cəlil Məmmədquluzadənin
anadan olmasının 100 illik yubileyi canlanır. Məncə,
bu yubiley keçən ədəbi ilimizin ən əlamətdar
hadisələrindən biri, bəlkə də birincisidir.
Yubiley ilə əlaqədar olaraq ədibin azəri dilində
üçcildliyi, dörd seçilmiş hekayələr
kitabı (ikisi Bakıda, ikisi Moskvada),
yazıçının həyatına və
yaradıcılığına dair bir sıra başqa kitablar
nəşr edilmişdir. Yubiley ərəfəsində, həmçinin
yubiley günlərində M.İbrahimov, Ə.Şərif,
M.C.Cəfərov, Mir Cəlal, K.Talıbzadə, Ə.Mirəhmədov,
H.İsrafilov, M.Məmmədov və başqaları Mirzə Cəlil
irsinin ayrı-ayrı problemlərinə dair bir sıra qiymətli
elmi əsərlər yazıb çap etdirmişlər.
Yubiley zamanı abidə yüksəlmiş, adı rayona və
kəndə verilmişdir. Keçən ilin fərəhli
hadisələri içərisində Ş.Qurbanovun "Sənsiz"
pyesinin tamaşasını da göstərmək olar.
Adətən, il bitdikdə
adam özünün gördüyü işlərə nəzər
salır, onları bir növ yekunlaşdırmaq istəyir. Oxuculara
məlumdur ki, mən, əsasən, mətnşünaslıq
sahəsində çalışıram; məcazi mənada
desək, başqalarının dəyirmanını işlədirəm.
Keçən il mən Mirzə Cəlilin yubiley nəşrləri
üzərində işləyib səkkiz kitab
buraxmışam. Onlar oxuculara məlum olduğu
üçün adlarını çəkməyə ehtiyac
yoxdur. 1968-ci ildə görəcəyim işlərin də əsasını
mətnşünaslıq təşkil edəcəkdir. Bundan əlavə,
bu il "Sabir və müasirləri" monoqrafiyamı nəşrə
hazırlayacağam, "Unudulmuş mollanəsrəddinçilər"
rubrikası altında bir neçə məqalə yazacaq,
"Xaricdə müasir azəri ədəbiyyatı"
mövzusu üzərində axtarışlar aparacağam.
Yeni ildən
qarşımızda duran vəzifələrə gəldikdə
bu fikirdəyəm ki, biz hələ klassik
yazıçılarımıza olan borcumuzun onda birini belə
ödəməmişik. Bu il biz klassik irsimizin nəşri və
tədqiqi sahəsindəki işləri daha da gücləndirməliyik.
Dünya ədəbiyyatında klassik
yazıçıların həyatını əks etdirən
romanların yaradılması gözəl bir ənənə
şəklini almışdır. Təəssüf ki, bizim ədəbiyyatımızda
bu ənənə hələlik yox kimidir. Arzu edirəm ki, Ə.Məmmədxanlı
uzun illərdən bəri M.F.Axundov haqqında işlədiyi romanı bu il bitirsin və
görkəmli nasirlərimiz qollarını çirməyib
C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi və başqa
klassiklərin surətlərini canlandıran bədii əsərlər
yazsınlar.
Təbrizdə yaşayan
müasir azəri ədibləri keçən il orada Mirzə
Cəlilin və Ə.Haqverdiyevin seçilmiş hekayələrini,
S.Vurğunun "İstiqbal təranəsi"
kitabını, M.Ə.Sabirin "Hophopnamə"sini, Vaqifin və
Vahidin divanını nəşr edib yaymışlar.
Məlumdur ki, onlar buna
böyük çətinliklə müvəffəq
olmuşlar. Onları bu çətinlikdən qurtarmaq
üçün nəşriyyatlarımız ölkəmizin
cənubunda yaşayan oxucular üçün ərəb əlifbası
ilə xüsusi kitablar nəşr etməlidir.
Abbas ZAMANOV
"Ədəbiyyat və incəsənət" qəzeti
6 yanvar 1968-ci il
Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.1.