Eşqin bitməz sevdası

 

Srağagün Gənc Tamaşaçılar Teatrında tanınmış el sənətkarı Əlimərdanlı Aşıq Nəcəfin anadan olmasının 110 illiyi münasibətilə "Apostrof" çap evi tərəfindən nəşr edilmiş "Düşdüm eşqin sevdasına" kitabının təqdimat mərasimi keçirildi.

Mərasimi kitabın rəyçisi, professor Qəzənfər Paşayev açaraq bildirdi ki, son illər ölkəmizdə aşıq sənətinin inkişafına Azərbaycan Prezidenti İlham Əliyev YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva xüsusi diqqət qayğı göstərirlər. "Bu, ənənədən gəlir. Təqdim olunan kitaba maraqlı ön söz yazmış millət vəkili Qənirə Paşayeva bu missiyadan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsinə xüsusi önəm verir. Nəticə göz qabağındadı. Qənirə xanımın, eləcə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun təşkilatçılığı ilə bir çox el aşığının seçilmiş əsərləri çap edilib, yubileyləri, kitablarının təqdimatı keçirilibOxuculara təqdim olunan kitabda cəmi 46 il ömür sürmüş, deportasiya acısı yaşamış, İkinci Dünya müharibəsində ağır yaralanmış ustad el aşığı Aşıq Nəcəfin şeirləri toplanıb. Bu işdə əməyi keçən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm".

Tədbirdə çıxış edən xalq şairi Zəlimxan Yaqub mərasimi sözün, ruhun bayramı kimi dəyərləndirdi: "Aşıq Nəcəfin şeirlərilə kitablardan qabaq ustad sənətkarların ifasında tanış olmuşam. O, Tovuz aşıq məktəbinin layiqli yetirmələrindən biridir. Əsərlərində Dədə Ələsgər ruhu var, Aşıq Əkbər, Aşıq Xanlar həmişə ondan çalıb-oxuyardılar. Aşıq Nəcəf kimi ozanların olduğu yerdə həmişə mədəniyyət olub, məclis olub, deməli xalq ruhu yaşayıb…"

Akademik Budaq Budaqov öz çıxışında vurğuladı ki, musiqimizin kökündə aşıq sənəti dayanır Aşıq Nəcəf bu sənətə həmişə böyük duyğularla xidmət edib.

Cənubi Azərbaycandan olan Böyükbəy vurğuladı ki, hələ sovetlər dönəmində milli birliyimiz, kimliyimiz haqqında Aşıq Nəcəf kimi söz adamlarının yaratdıqlarından dərs alar, böyük kədərimizi onları oxuyub əxz etməklə ovudardıq.

Millət vəkili Həvva Məmmədova, kitabın redaktorlarından biri olan professor Bəhlul Abdulla, tanınmış şair İlyas Tapdıq, kitabın tərtibçisi Bağman Baba, Təbrizli şair Məhəmməd İbadi öz çıxışlarında ustad aşığın yaradıcılıq məziyyətlərindən söz açdılar.

Millət vəkili Qənirə Paşayeva çıxışında qeyd etdi ki, vaxtilə Azərbaycan Yazıçılar İttifaqının üzvü, 1928-ci ildə Azərbaycan Aşıqlarının I qurultayının iştirakçısı olan Aşıq Nəcəf vergili bir insan idi. Aşıq Hüseyn Bozalqanlının yetirməsi olan Aşıq Nəcəf klassik irsə kifayət qədər bələd olan sənətkar kimi söz xəzinəmizin əbədiyaşar incilərini yaradanlardandır".

Dünya Türk Gənc Yazarlar Birliyinin sədri, təqdim olunan kitabın redaktorlarından biri olan Əkbər Qoşalı öz çıxışında dedi: "Bu kitab üzərində bir redaktor kimi işləmək mənim üçün bəxtiyarlıq idi. Burada toplanan şeirlərdə dünyanın sözlə şəkillənməsinin özünəməxsus ifadəsini, milli kimliyimizin dini kimliyimizə qovuşmasını gördüm sevdim. Aşıq Nəcəf daşıdığı, malik olduğu enerjini şeirlərində əsl türk xarakterilə ifadə edib".

Tədbirdə aşıqlardan Ələsgər Tağıyev, Əli Quliyev, Mahmud Məmmədov, İlham Abbasbəyli, təbrizli İsa Qaraxanlı, Azər Xanlaroğlu, Zülfiyyə tanınmış müğənnilər çıxış etdilər.

Sonda ustad aşığın nəvəsi Məzahir müəllim babasının sənətini uca tutanlara, xatirəsini yaşadanlara minnətdarlıq etdi.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.6.