Təbəssümlü xatirələr
Boşluğu doldurmaq niyyəti
Mir Cəlal müəllimə "professor" - deyə müraciət edəndə xoşuna gəlməzdi, ancaq "müəllim" sözündən xoşlanardı.
O, hər dəfə evə gələndə mütləq bir şüşə qatıq, bir dənə də kökə (bulka) alardı.
Bəzən elə olardı ki, evə tez gələrdi və tərs kimi bu zaman xörək hazır olmazdı. Püstəxanım vaxtı uzatmaq üçün süfrəni tələsmədən, mafiqayda ilə səliqəyə salar, mətbəxə gedib duz gətirər, sonra istiot, sonra əl dəsmalı, sonra xörək gətirərdi.
Evin xanımının saydıqlarımı özünəməxsus aramla gətirdiyi belə məqamlarda boşluğu doldurmaq niyyəti ilə Mir Cəlal müəllim maraqlı söhbətlər edərdi. Beləliklə, xörəyi hazırlanıb süfrəyə gətirilərdi.
İnanın…
Bazara bir yerdə
gedərdik. O vaxtlar belə bolluq deyildi. Diri toyuğu bazarda kəsdirərdik. Bazarı əməlli-başlı
gəzər, qiymətinə
baxmazdı, ən yaxşısını alardı.
Xüsusilə kartofu başlayardı seçməyə. Kartofu ayıranda uzunsovları
ayrı, girdələri
ayrı yığardı.
Soruşardım, niyə belə
ayırdın?
- Uzunsovları
qızartmaq, girdələri
küftə-bozbaş üçündür
(bunu gənc qızlara da məsləhət görürəm).
Püstəxanımın şirniyyatı başqalarından
seçilərdi.
Bayram qabağı evdə qohum-qardaşın qız
uşaqları yığışar,
cürbəcür şirniyyatlar
bişirilərdi.
Mir Cəlal
müəllim sakitliyi
sevdiyi üçün:
- Ay Püstəxanım,
bunları ayrı-ayrı
yemək olmazdı?!
Növbəti uzunmüddətli Əfqanıstan
səfərimdə mənim
üçün paxlava
qoymuş, o da qədəyi-nəs yadımdan
çıxıb yaşadığım
evin dillabında (üzü şüşəli
taxça) qalmışdı. Altı aydan
sonra süfrəyə
qoydum. İnanın, qəti keyfiyyətini
itirməmişdi.
Qapını da ehtiyatla açır
Yenə süfrə
arxasında Mir Cəlal
müəllim başlayardı:
- Püstəxanım,
filankəs müəllimi
tanıyırsan da, imtahan vaxtı uşaqları sıxışdırardı,
ya "2", ya da "qeyri-kafi" qiymət qoyardı.
Göndəriş vərəqəsi
almış bir qız uşağını
yanıma çağırdım,
dedim sənə nə sual verib
ki, sən "2" almısan?
- Müəllim,
məndən soruşdu
ki, Hacı Qaranın qonşusu arvadının adı nə idi?
Bir neçə gün əvvəl balaca bir yığıncaqda o müəllimin abrını
verdim. İndi yükü olub
yumurta. Qapını da ehtiyatla açır.
Özü "2" ala bilməzdi ki...
Mir Cəlal müəllim evə gələndə bir qayda olaraq,
təzə xəbərlərdən
Püstəxanıma danışardı.
Günlərin bir günü yemək vaxtı mən də orada idim. Süfrə yığışdırılandan
sonra Mir Cəlal müəllim başladı
gülməyə.
Püstəxanım: - Ay kişi, sözü, mətləbi başlamamış
niyə gülürsən?
- Kafedrada
oturmuşdum. Təhsin
Mütəllimov (f.e.d.
prof.) gülə-gülə
mənə yanaşdı
və dedi:
- Mir Cəlal
müəllim, xəbərin
var? Qulamhüseyn müəllim (f.e.n.)
yay vaxtı Naxçıvana gedibmiş.
Bir qayda olaraq Bakıdan
gələn qonaqlar üçün məclis
təşkil edərdilər,
süfrə açılardı.
Belə məclislərin
birində ev
sahibi Qulamhüseyn müəllimə deyir ki, bu il
qızım universitetə
qəbul imtahanları
verəcək, xahiş
edirəm gözün
üstündə olsun,
kömək elə.
Qulamhüseyn müəllim büllur kimi saf, təmiz,
ədaləti sevən,
düzlük aşiqi
idi. Ev sahibinin xahişinin qarşılığında
Qulamhüseyn müəllim
heç bir söz demir. Növbəti ildə yenə Qulamhüseyn müəllim Naxçıvana
gedir və iş elə gətirir ki, qızın atası ilə rastlaşır. Qızın atası ona nə desə yaxşıdır?!
- Ay Qulamhüseyn
müəllim, bu uşaq özü
"2" ala bilməzdi ki,
ona kömək eləmisən?
Bu dəfə hamı gülüşdü.
Qonaq gedəndən
sonra
Övladlarının dediklərinə görə
orta məktəbdə
oxuduqları zaman riyaziyyat fənnindən çətin məsələ
və misalları onlara Mir Cəlal müəllim başa salar və həll
edərdi. Onun qəribə tərbiyə
üsulu var idi: elə ki,
evə bir qonaq gəldi, başlardı Aqili tərifləməyə.
- Bilirsən,
dərslərini necə
yaxşı oxuyur. Sinif rəhbəri ayda bir-iki dəfə evə zəng vurur. Deyir ki, nə yaxşı tərbiyəli
uşaqdır, dərslərinə
həmişə hazırlıqlı
gəlir. Çox təəssüf
ki, belə şagirdlərimiz azdır.
Qonaq gedəndən
sonra soruşardı:
- Aqil neçənci sinifdə oxuyursan?
Daha nə
var...
Mir Cəlal müəllim uşaqlarının seçdiyi
sənəti, çalışmaq
istədikləri ixtisası
bəyənərdi. Bu mənada uşaqlar çox sərbəst idilər. Amma onun demokratikliyi
bəzən Püstəxanımı
hövsələdən çıxarırdı.
Bir dəfə necə olursa, Aqil evə
gecə saat 2-də gəlir. Qabaqcadan ər-arvad sözləşir
ki, Aqil evə gələndə onu əməlli-başlı
danlasınlar. Püstəxanım Mir Cəlal müəllimə
deyir ki, ona bərk acıqlansın,
tənbeh etsin.
Bu dəmdə qapı
döyülür, Püstəxanım
qapını açır
və Aqili görüncə, ona deyir: "Atan bərk hirslənib, keç otağa, bayaqdan yatmayıb, səni gözləyir".
Bu məqamda
Aqil soruşur:
- Nəyin
var yeməyə?
Anası:
- Zəhrimar!
Aqil təmkinini
pozmadan yenə soruşur:
- Daha nə var?
Anası cavab verməyib onu otağa aparır. Hər ikisi otağa
girəndə heç
kəsi görmürlər.
Sən demə, ana-bala sözləşəndə, Mir Cəlal müəllim yavaşcadan yataq otağına keçibmiş.
Yox, bəs
elədi...
Mir Cəlal müəllim sakitliyi çox sevərdi. O deyərdi: - Televizorun səsini alın, elə şəklinə baxsaz bəsdir.
1958-ci ildə Arifin toyu evdə təşkil edildi. O zaman evə təxminən 120 qonaq çağırıldı.
Toyu aparmaq üçün musiqiçilər dəvət
etmək lazım idi. Mən çox xoşladığımız
xanəndə ilə sövdələşdim. O, soruşdu ki, Cümşüd, bizim üçün nə qədər pul ayırıblar.
Dedim: - 1200 manat.
- Allah bərəkət
versin. Orda kimlər olacaq?
- deyə soruşanda, dedim, - biri Mirzə İbrahimov, sonrasını
deyim? (O vaxtlar Mirzə İbrahimov Ali Sovetin sədri idi).
O, gülümsədi:
- Yox, bəs elədi, lap yaxşı,
- dedi.
Toy başladı. Xanəndə bir-iki mahnı oxumuşdu ki, Mir Cəlal müəllim məni qapıya çağırıb 1200 manat
verdi və
dedi ki, bunları yola sal.
Mən xanəndəyə
deyəndə ki, bəsdir, gedə bilərsiniz, o təəccüblə
soruşdu:
- Ay Cümşüd,
yəni mənim oxumağım xoşlarına
gəlmədi?
- Yox, əzizim Mir Cəlal müəllim səs-küyü
sevmir, - deyib musiqiçi dostları ərk ilə yola saldım. Məclisin tamadası Süleyman Rəhimov idi. İnsafən, məclisin sonrakı
hissəsi musiqisiz də şirin və mənalı sağlıqların müşayiəti
ilə şən və yaddaqalan oldu.
"Məni bu hala salan siz
olmusuz"…
İstirahət günü idi, maşınla bağa gedirdik, Püstəxanım
da bizimlə idi. Mir Cəlal müəllim
mənə dedi:
- Cümşüd,
partiya üzvləri ilə ehtiyatla dolan (o vaxtlar mən partkom idim).
Srağa gün Yazıçılar
İttifaqında partiya
iclasında filan yazıçının arvadının
şikayətinə baxılırdı. Arvadının dediyinə görə, əri evə gec gəlir, həmişə sərxoş
halda olur, evə pul vermir,
uşaqların qayğısına
qalmır və s.
Yerindən duran onu danladı,
məzəmmət elədi.
Gör o tənqid
atəşinə tutduğumuz
insan nə dedi.
- Bu dediyiniz
sözlər hamısı
düzdür, hətta
olmuş hadisələri
arvad yadından çıxarıb. Məni bu
hala salan siz olmusuz. Siz məni yaxşı
tərbiyə etməmisiz...
Cümşüd MURADOV
Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.5.