Allaha tapşırıram yaxud intiqam

 

(Babamın əziz xatirəsinə)

 

Əlixan kişi bir yerdə qərar tuta bilmirdi. Beş otağı əldən salmışdı. Bu otaqdan o otağa keçir, elə hey öz-özünə deyinirdi:

- Mənə deyən lazımdır ki, a kişi, bu qoca vaxtında işin var idi şəhərdə, özü göydələndə. Oturmuşdum gül kimi dədə-baba torpağımda. Nazimə deyim mən... Kişinin oğluna ev veriblər. Özü harada, dünyanın o başında.

Nabat xala onu sakitləşdirmək istədi:

- A kişi, bəsdir danışdın, mən heç səni belə bilməzdim. Uşaq ev alıb, camaat illərlə növbəyə dayanır, gül kimi şəraitimiz var, daha adama lazımdır?

- Hamısı sənin arzularındır, istədiyin yar idi, yetirdi pərvərdigar. Belə ev olar? Lap türməyə oxşayır. Həyətə çıxa bilmirsən, çıxanda da geriyə bir saata qayıdırsan. Balam, liftə qorxuram minməyə, pilləkənləri da qalxana kimi o dünyanı görüb-gəlirəm. Kənddə heç olmasa bağım-bağatım vardı, ağac əkirdim, qulluq edirdim, meyvəsindən kəndin yarısı yeyirdi, onlarla nəfəs alırdım.

- Bəsdir, a kişi, az deyin, nədi sənə mane olan? Budey, bu boyda həyət əlində, ək ağacını, sula özünçün qədər istəyirsən.

Sözlər Əlixanın ağlına batdı. Çox götür-qoy edəndən sonra qərara gəldi: - Hələ gec deyil. Günü sabah kəndə gedərəm, istədiyim ağac şitillərindən gətirib əkərəm, sonrası Allah kərimdir.

Oğlu Nazimə bir ay idi ki, işdən təzə mənzil vermişdilər. Sevinci yerə-göyə sığmırdı. Elə bil bütün dünyanı ona bağışlamışdılar. Zarafat deyil, üç il növbədə olasan, birdən-birə səni çağırıb desinlər ki, al, bu da sənin orderin. Valideynlərini rayondan yanına gətirmişdi. Hamı sevinirdi, atasından başqa.

...Artıq Əlixan kişi istəyinə çatmışdı. Həyətdə ağac desən əkmişdi. Albalı, ərik, şaftalı, alça, nar, əncir, söyüd daha bilim nələr. Bir sözlə, kişi əməlli-başlı bağ salmışdı. İki çinar da basdırmışdı. Birini bağın o başında, birini bu başında. Onu alqışlayanlar da var idi, qınayanlar da.

- A kişi, burada ağac bitər? Havayı özünə əziyyət verirsən. Onsuz da xeyri yoxdur.

- Elə əmələ gələr ki!.. Baxır onu kim əkir, kim qulluq edir. Vaxt gələr, mən köçərəm bu dünyadan. Amma nəvələrimiz heç olmasa bu ağacların meyvəsindən yeyəndə Əlixan babanı yada salıb rəhmət oxuyar.

- A balam, niyə kişini həvəsdən salırsız, qoyun qocalığını eləsin, sağ ol, ay Əlixan, qollarına qüvvət, - deyənlər tapıldı.

Artıq illər geridə qalmışdı, ağacların hamısı tutub böyümüşdü. Xüsusən iki çinarın boyu beşinci mərtəbəyə çatırdı. Külək əsəndə yarpaqların xışıltısı elə bil onların bir-biri ilə söhbətindən xəbər verirdi. Məğrur-məğrur illəri arxada qoyan iki "dost" sanki öz doğma el-obasından, keçmiş günlərindən Əlixana xəbər gətirirdi. Eyvanda oturan Əlixan kişi saatlarla onlara baxır, ürəyindən keçənləri çinarlarla bölüşürdü:

- Baxın, iki qardaşsız, mənim ömrümə az qalıb, bir-birinizdən muğayat olun. Can deyib can eşidin.

- A kişi, danışırsan orada öz-özünə, dəli olmamısan ki? Keç içəri, beş saatdır eyvandasan. Soyuq olar, xəstələnərsən.

İllər keçdi, zaman dəyişdi, qonşular yeniləndi.

Binaya təzə birisi köçmüşdü. Çox özündən razı idi. Sanki ayrı bir planetdən gəlmişdi. Gündə iki dəfə maşınını yudurdurdu məhəllə uşaqlarına. Sanki ətrafdakılara acıq verirdi.

- Bu kişi maşını o qədər yuyacaq ki, axırda rəngi qaçacaq, - deyə qonşular onu ələ salırdılar.

O isə bütün bunlara məhəl qoymayıb elə öz işində idi. Tez-tez çinarlara baxıb:

- Bu kişi ağacları hər tərəfə basdırıb, bir maşın yeri qoymayıb, - deyə isə fikirləşirdi...

Bir səhər Əlixan yenə adəti üzrə durub eyvana çıxdı. Bir az bağı seyr etdi. Birdən donub yerində qaldı. Elə bil bir anda hər şey dəyişdi, ətrafı duman aldı. Gözlərinə qaranlıq çökən Əlixan kişi gördüklərinə inanmadı. Çinarlardan biri kəsilmişdi, özü dibindən. Bəlkə ona elə gəlirdi. Qocalmışdı, gözlərinin nuru getmişdi.

Yox, bu həqiqət idi, özü dəhşətli həqiqət. Xeyli gəzişib bütün otaqları əldən saldı, dilinə bir şey vurmadı.

Bəs bunu kim edə bilər, kimin əli gələr ki, illərlə böyüdüb boya-başa çatdırdığı, nazı ilə oynadığı, uşaq kimi qulluq etdiyi, özünə övlad sandığı canlı bir ağacı bir anda məhv etsin?

Əlixanın səsi həyəti başına götürmüşdü:

- Adam işi deyil bu. Qatildir, qatil!..

- qışqırırsan a kişi, kimsə bilməyib, bir qələtdi edib, kömək elə ağacı yoldan çıxaraq, bir azdan işə gedəcəyəm, maşının yolunu kəsib - təzə qonşunun soyuqqanlı dediyi bu sözlər Əlixanı daha da özündən çıxartdı.

- Kim edibsə, gəlsin o təmizləsin. Mən daha heç demirəm. Allah bəlasını versin bunu kəsənin. Onu Allaha tapşırıram, - deyib Əlixan hirsli-hirsli pillələri yuxarı qalxdı.

...Yenə eyvandan aşağı baxırdı. Kəsilmiş «qardaşın» yerində təzə qonşunun «Mersedes»ini görəndə lap ürəyi ağrıyırdı. Üzünü o biri ağaca tutub deyirdi:

- Mən sizi axi, bir-birinizə tapşırmışdım. Qoruya bilmədin onu, barı intiqamını yerdə qoyma. Məni bu dünyadan nisgilli yola salma.

Ağac isə elə bil utandığından başını aşağı salıb sanki xəcalət çəkirdi.

Əlixan kişinin ölümü hamını kədərləndirdi. Bütün məhəllə onu son mənzilə yola salmağa çıxmışdı. Hamı ona rəhmət oxuyur - yaxşı kişiydi, çox yaşayardı, çinarın «ölümünə» dözmədi. Allah cəzasını versin baisin. İnsanlar yaman harınlaşıblar - deyirdi.

Təzə qonşu «BMV» almışdı. Camaatın hərəsi maşına bir qiymət qoyurdu. Biri 25 min, o biri 50 min, digəri isə ağlagəlməz bir qiymət deyirdi. Təzə maşını yenə kəsilmiş çinarın yerində saxlayırdı. Bir uşaq maşına yaxınlaşan kimi eyvandan qışqırığı aləmi bürüyürdü. Hamını təngə gətirmiişdi.

Səhər gözlərini ovuşdura-ovuşdura pilləkənləri düşən təzə qonşu əsnəyə-əsnəyə maşına yaxınlaşıb açarları eşələməyə başladı. Maşının açarını tapıb pultu sıxdı. Qapıların səsini eşitməyib diksindi. Elə bil yuxudan təzəcə ayıldı. Gözlərini bir ovuşdurub maşına baxdı. Gördüklərinə inanmadı, ürəyi sıxıldı. Az qala dili tutulacaqdı. Dünən yuyub təmizlədiyi, əzizlədiyi «BMV» yerə yapışmışdı. Təkərləri yerindən çıxmışdı, şüşələrdən əsər-əlamət yox idi. Maşının damı içəri batmışdı. Bir sözlə, elə günə düşmüşdü ki, adamın lap yazığı gəlirdi. Üstünə düşən çinar onu yararsız hala salmışdı.

Gecə əsən möhkəm külək çinarı kökündən çıxarıb maşının üstünə salmışdı. Küləyin tərpətdiyi yarpaqlar elə bil maşını yumruqlayırdı. Təzə qonşu ürəyini tutub başını aşağı saldı. Pilləkənlərin üstündə oturdu. Ətrafa yığılan camaatın üzünə baxmağa xəcalət çəkirdi. Nazim işə gedəndə bu mənzərəni soyuq-soyuq seyr edib, qonşuya: «Sabahın xeyir, qonşu, necəsən?» - dedi. Qonşunun səsi çıxmadı.

Nazim gülümsəyə-gülümsəyə ürəyində atasına rəhmət oxuyub: "Qardaş" intiqamını aldı, atacan, rahat yata bilərsən, - deyib yoluna davam etdi.

 

 

DİLAVƏR

 

Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.5.