Məhəmməd Hadi Azərbaycanda
Tofiq Fikrət irsinin ilk araşdırıcısı kimi
XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin parlaq simalarından olan Məhəmməd Hadinin "Səda" qəzetində dərc etdirdiyi dəyərli məqalələrindən biri müəllifdən ədəbiyyatşünas kimi danışmağa imkan yaradan "Ədəbiyyat müştaqlarına bir məşarət" əsəridir (12,13,14 iyun 1911-ci il, N 89, 90, 91). Bu əsəri müəllif İstanbuldan, işlədiyi "Tənin" qəzetindən "Səda" qəzetinə göndərmiş və həm də söz vermişdir ki, bundan sonra mütəmadi olaraq Türkiyədən çap olunmaq üçan Bakıya məqalələr göndərəcəkdir.
"Ədəbiyyat müştaqlarına bir bəşarət" məqaləsi ən əvvəl Tofiq Fikrəti Azərbaycan oxucusuna tanıtdırmaq baxımından diqqəti cəlb edir və Azərbaycanda T.Fikrət haqqında yazılan ilk tədqiqlərdən biri kimi bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
Məqalədə T. Fikrət yeni, müasir Türkiyə ədəbiyyatının "ən nəcib, ən pak və dirəxşan bir siması" kimi oxuculara təqdim olunur. 1283-cü ildə (miladi 1867 - İ. Q.) İstambulda anadan olan T. Fikrətin bir şəxsiyyət, millətpərvər ziyalı və sənətkar kimi formalaşmasında mühitin rolunu yüksək qiymətlədirən M.Hadi onun haqqında Azərbaycan oxucusuna yalnız şair kimi deyil, həm də mühərrir, müəllim və ictimai xadim kimi də məlumat verir. Məqalədən məlum olur ki, T.Fikrət İstanbulda Avropa təhsil sistemi əsasında fəaliyyət göstərən "Sultani məktəbi"ndə oxumuş, buranı bitirəndən sonra orada müəllim kimi fəaliyyətə başlamış, daha sonralar həmin məktəbin müdiri təyin olunmuşdur. Məktəbə rəhbərlik etdiyi dövrdə bir çox müvəffəqiyyətlərə imza atan T.Fikrət məktəbin gələcək inkişafı üçün dövlət tərəfindən verilən vədlərin yerinə yetirilməməsi ucbatından istefaya getməyə məcbur olmuşdur. "İstefasından sonra hər nə qədər mövqeyinə gəlməsi arzu edilmişsə:
Kimsədən ümmidi-feyz etməm,
dilənməm pərü bal,
Kəndi cəvvim, kəndi əflakimdə
kəndim tairəm.
Ənhəna tovqi-əsarətdən girandır boynuma,
fikri hürr, irfanı hürr, vicdanı hürr
bir şairəm,-
təranəsi ilə dəmsaz olan Fikrət bu arzuyu qəbul etməmiş" (N 89) və hazırda İstanbulda, Rumeli hasarında yerləşən Amerika müəssisəsi olan "Robert kolleci"ndə osmanlı - türk dili müəllimidir. "Vəzifeyi-təlimiyyədən aldığı əcri-vəzfiə böyüklüyünə nisbətən pək az bulunan maaşına qənaət edib yaşayan", "zatən kəndisi də təntənəli, nəşəli yaşamaq istəməyən", "ancaq sadə bir həyat içində əhraranə dəmgüzari-zaman olmaq istədiyini" söyləyən T. Fikrətin arzu və məramını sübut üçün M.Hadi şairin yeni meydana çıxan "Xəluqun dəftəri"ndən aşağıdakı misraları birlikdə oxumağı oxuculara təklif edir:
Yox, yox mənim əqsayi-muradım,
Qarşımda bir dəbdəbə görmək, nə də gülgün.
Bir xəndeyi-pürqəmzeyi-iqbal,
Ey hirsi-zəlil, al, bütün amal,
Amali-zər, amali-müzəhhər sənin olsun.
Ancaq budur əqsayi-muradım:
Bir kölgə qədər hürr yaşasaydım,
Bulsaydı xəyalım buna imkan,
Ciddən yaşamaq nemət olurdu.
Heyhat,
İnsan mələk olsaydı, cahan cənnət olurdu.
Bütün müsəlman ölkələrində olduğu kimi, Türkiyədə də şeirə, sənətə, maarif və mədəniyyətə yetərincə qiymət verilmədiyindən acı-acı gileylənən, T.Fikrətlə yanaşı Rza Tofiqin də qaragüruh tərəfindən sıxışdırıldığını dilə gətirən M.Hadinin əsas məqsədi T.Fikrət olduğundan onun ədəbi fəaliyyəti ilə bağlı aşağıdakıları "Səda"nın oxucularına çatdırır: "Tofiq fikrətin həyati-ədəbiyyəsi iyirmi sənəlikdir. Kəndisi "Sərvəti-fünun" cəridəyi-əsbuiyyəsinə tarix intisabı olan 1311(miladi 1894-cü il - İ.Q.) sənəsindən xeyli zaman əvvəl şairi-madərzad ləqəbi ilə məruf mütəvəffa İsmayıl Səfa bəylə biliştirak bir ədəbi qəzetə çıxarmağa başlamış və "Mirsad" ismi ilə çıxan bu cərideyi-ədəbiyyə çox davam etməmişdir.
1311 sənəsi iştə osmanlı ədəbiyyatının dövri-əxir feyzini əşar edər. Fikrət o dövrdə "Sərvəti-fünun"u idarə etməyə başlamış, bu ziyası səfvət və nəzahətdən mürəkkəb sitareyi-novinin ətrafında az zaman sonra şəşəədar bir mənzumeyi-nücumi-ədəbiyyə təşkil etmişdir. Məşahri-şüəra və üdəbayi-osmaniyyədən Əbdülhəqq Hamid, Rəcaizadə ustad möhtərəm Əkrəm, Cənab Şəhabəddin, Hüseyn Cahid, Süleyman Nəzif, Əhməd Hikmət, Sami Paşazadə Səzai, Nəcib Asim, Əhməd Hikmət, sabiq maliyyə naziri Cavid, məxdum Kamal Əli Əkrəm, Əhməd Şüeyb bəylər də bu mənzumeyi-nücumi-ədəbə daxil olmuşlardır".
T.Fikrəti yeni türk ədəbiyyatının yaradıcılarından, əsas sütunlarından biri hesab edən müəllif çox haqlı olaraq qeyd edir ki, mühafizəkar ədəbiyyatçıların yeni fikirlərə, yeni formalara müharibə elan etdiyi bir vaxtda "Fikrətin parlaq qələmi türklərin əfkar və hissiyyatını təhzif və təsfiyə etdi. "Rübabi-şikəstə" şairi müqəllidlik bəliyyəsinin və hazirəyi-pakizəyi-əşar idxal edilən ovsax və müzəxrəfatı qəti surətdə təmizlədi".
T.Fikrəti "türklərin vəliyyün-nemətlərindən biri" kimi xarakterizə edən M. Hadi yeni türk şeirnin üslub, forma, məzmun, mündəricə və ideyaca kamilləşməsində T.Fikrətin xidmətlərini yüksək qiymətləndir, şeir dilinin sadəlşməsini, xalqın başa düşəcəyi səviyyəyə gəlməsini daha çox onun adı ilə bağlayaraq yazır: "Fikrətin lisani-nəzmə aid olan xidmətləri bundan daha az mühüm deyildir. "Xəluqun dəftəri" sahibi zaman nişatinə qədər yalnız təntənənin, ehtişamın, hay-huyun vasiteyi-təbliği olan lisani-nəzmlə ən təbii, ən girizan hissləri təsvir və ifadəyə müvəffəq olmuşdur. "Şahnamə" sahibi Firdovsi Bəhram Gurun vaqieyi-qəhrəmananəsini o təntənədar lisan ilə nasıl nəql edirsə, Fikrət də, məsələn, bir zavallı köylü çocuğunun ehtisasati-məsumanəsini sadə, təbii bir lisan ilə silki-nəzmə çəkir. Onun nəzmi məaseyi-vəzn inşaddan xalı bir göftar, saf və mükəmməldir".
T.Fikrətin yaradıçılıq dünyasına bələd olan, onun mübariz və döyüşkən şeirlərindən ilham alan M.Hadi bidirir ki, "Fikrət həddi-zatında o qədər məyus və bədbin deyilsə də, dövrünün fəcayeyi, mühitinin dehayi-büləndinə nisbətən əvvəl işi bu şairi məyus etmiş və bədbin mənzumələrini həp cəmiyyətin alamı ilə müləhhəm olaraq qələmə almışdır". Bu fikirləri irəli sürəndən sonra M. Hadi T. Fikrətin 1900-cu ildə, özünün təbiricə desək, "istibdadın ən məşum bir dövründə qələmə alınmış" "Sis" əsərini misal gətirir və yazır: "Zülm və təğəlləb əleyhinə tovcih edilən xitabələrin ən ülvisi "Sis" mənzuməsidir. Sənələrcə müddət hürriyyətpərvəranın ləbi-təzim və ehtiramında təkərrür edən, bütün vicdanlara istibdad əleyhinə müdhiş bir kin aşılayan bu əmsalsız şeir ilə Fikrət kəndi-kəndinin şərəfinə heykəl rəkz etmiş oldu".
"Sis"mənzuməsindən kiçik bir parçanı nümunə gətirən müəllif onu da qeyd etməyi unutmur ki, istibdad illərində yazılsa da, o zamanlar nəşrinə müvəffəq olmayan müəllif bu əsəri yalnız "elani-hürriyyətdən sonra "Tənin"in birinci nüsxəsində" çap etdirə bilmişdir.
M.Hadi T.Fikrətin "Rübabi-şikəstə" kitabının ikinci çapında gedən şeirlərinə, xüsusilə "Rücu" və "Tarix" əsərlərinə yüksək qiymət verir. Müəllif təəssüflə bildirir ki, T.Fikrətin adları qeyd olunan və qeyd olunmayan onlarca əsəri yazıldığı illərdə nəşr olunsaydı, bunların azadlıq mübarizəsində, istiqlal savaşında bəşəriyyətə və millətə çox böyük xeyri dəyərdi.
"Tarix" mənzuməsini "şəbabi-münəvvərənin qəlbində yaşamaqda, pirayəyi-lisan ehtiramı olmaqda" olan "mənzumeyi-bədiyyə" kimi xarakterizə edən müəllif daha sonra yazır: "Tarix" mənzuməsi qüyudati-hazirədən çılpaq doğmuş bir zadeyi-azadəxüram, bir məxluqi-nazəndə və sərbəst məramdır".
M.Hadinin çöx doğru və haqlı olaraq qeyd etdiyi kimi, "bəzi şayani-ehtiram simalar yalnız mənsub olduqları millətin deyil, bütün insaniyyətin malıdır". Müəllif T.Fikrəti də mütəfəkkirlər zümrəsinə daxil edərək fikrini belə əsaslandırır: "Çünki məhsulati-fikriyyəsi sırf millətə aid olmayıb, kütleyi-bəşəriyyətə aiddir. Bu zat millətini, vətənini nasıl sevərsə, alam ilə nasıl naləsaz təəssür olursa, fəlakət və səfalət içində yuvarlanan bütün insanları da sevər, ələm və müsibətlərinin tərcümani-fəlakətfəşanı olur".
M.Hadi məsləhət görür ki, T.Fikrətin amal və məramını anlamaq, millətə və bəşəriyyətə xidmət yollarının nədən ibarət olduğunu öyrənmək üçün "bu günlərdə saheyi-intişara çıxan "Xəluqun dəftəri"ni" oxusunlar. Nümunə üçün o, "Hilali-əhmər cəmiyyəti-nəcibəsi hüzurunda" adlı şeirdən kiçik bir parça verir ki, biz də həmin parçadan bəzi misraları burada verməyi məqsədə uyğun hesab edirik:
Övladi-bəşər məhv edərək məhv olacaqdır,
Hər ləhzə bu vadiyi-bəla qan dolacaqdır.
Övladi-bəşr iştə şu üxluteyi-əzdad,
İblis, mələk, əql, cünun, şəfqətü bidad.
Həp təfriqə əkdikləri, biçdikləri həp kin,
Keçdikləri yerlərdəki iz bir xətti-xunin.
Qeybət və riya üzlərinin tabi-niqabı,
Qardaş qanı sairlərinin əski şərəbı.
Başlar bütün əfraxteyi-qeydü məbalət,
Yalnız ayaq altına qalanlarda müsavat...
Qan səpiliyor, qan yağıyor, qan coşuyor, qan,
Bax halına, qafil, şu qızıl kütleyi-xüsran.
Heyhat, yazıqlar sənə, ey tinəti-xunxar!
Məqalənin sonunda M. Hadi bidirir ki, Azərbaycandan "Rübabi-şikəstə" və "Xəluqun dəftəri" kitablarını almaq istəyən olarsa, qəzetdə qeyd olunan ünvana müraciət etsinlər.
"Tənin"
mühərrirlərindən Əbdülsəlimzadə Məhəmməd
Hadi" imzası ilə çap olunan bu məqalə ilə,
əslində T. Fikrətin
Azərbaycanda öyrənilməsi və tədqiqinin tarixi
qoyulmuşdur. Təəssüf ki, Rüstəm Hüseynovun
"Tofiq Fikrət"
monoqrafiyasında "mürtəce qüvvələr T.Fikrətə
müharibə elan etdikdə M. Hadi onu müdafiə
edən cəbhənin fəal mübarizlərindən idi"
(R.Hüseynov. Tofiq Fikrət, Bakı,
Yazıçı, 1981, səh. 182) cümləsi verilsə də,
nə M. Hadinin bu məqaləsi, nə də T.Fikrətlə
bağlı yazdığı digər əsərləin
adı çəkilməmişdir.
İslam QƏRİBLİ
Ədəbiyyat qəzeti.-2010.-30 aprel.-S.6.