Muğam Teatrında

 

Aprelin 28-də Muğam Teatrında tanınmış şair, nasir, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Firuzə Məmmədlinin anadan olmasının 70, ədəbi fəaliyyətinin 50 illiyinə həsr olunmuş mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan Muğam Teatrının direktoru Arif Qazıyev şairə Firuzə Məmmədlinin yaradıcılığından söz açdı, yubilyarı təbrik etmək üçün ilk sözü Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya verdi. Fikrət Qoca yubilyarı Yazıçılar Birliyinin rəhbərliyi adından təbrik etdi, onun Yazıçılar Birliyi Həmkarlar İttifaqı Komitəsinin sədri kimi dolğun fəaliyyətindən, kollektiv üçün gördüyü işlərdən danışdı, özünüməxsus yaradıcılığından bəhs etdi.

Tədbirdə professor Buludxan Xəlilov yubilyarın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. "Firuzə Məmmədli 1940-cı ildə Xaçmaz rayonunun Canaxır kəndində dünyaya gəlib. Quba şəhər tibb məktəbində təhsilini bitirdikdən sonra Pedoqoji İnstitutun dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Bir müddət institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedaqoji məktəbində çalışıb. 1970-ci ildən indiki Pedaqoji Universitetin Azərbaycan dilçiliyi kafedrasında ana dilimizi tədris etməklə məşğuldur. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Firuzə xanım 23 şeir kitabının, 130-dək elmi-publisistik məqalənin, 4 monoqrafiyanın müəllifidir". B. Xəlilov çıxışında F. Məmmədlinin həm də maraqlı tərcümələr etdiyini vurğulayıb, istər bədii, istər elmi-publisistik yaradıcılığında həmişə dil-üslub məsələlərinə böyük önəm verdiyini qeyd edib.

Tənqidçi Vaqif Yusifli çıxışında yubilyarı "poeziyamızın Firuzəsi" adlandırdı: "Firuzə Məmmədli həm şair, həm alim, həm pedaqoqdur. Bütün sahələrdə də eyni şəkildə uğurlara nail olur... Çağdaş poeziyamızda onun özünəməxsus mövqeyi var".

Ədəbiyyatşünas Qurban Bayramov F.Məmmədlinin yaradıcılığında həyatın bütün tərəflərinə genişmiqyaslı poetik baxış olduğunu bildirib: "Onun yaradıcılığı özünəməxsusdur. Müasir düşüncə tərzi əsərlərində özünü qabarıq büruzə verir. İnanıram ki, gələcəkdə Firuzə Məmmədlinin yaradıcılığı ən müxtəlif rakurslardan geniş tədqiqatlar üçün mövzu olacaq".

Şairlərdən Səlim Babullaoğlu, Bəydadaş Cəfərli, ədəbiyyatşünas-alimlərdən Tarıyel Qasımov və Safurə Quliyeva da F.Məmmədlinin yaradıcılıq məziyyətlərini incələdilər.

Mərasimdə şairənin şeirləri səsləndi, sözlərinə bəstələnmiş mahnıları tanınmış incəsənət ustaları ifa etdilər. Muğam Teatrının aktyorlarının ifasında F.Məmmədlinin qəzəlləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı, şeirlərinə bəstələnmiş mahnıları müğənnilər Sevinc Sarıyeva və Tural ifa etdilər. Müğənni Zəka Vilayətoğlunun yubilyarın şeirlərinə bəstələdiyi mahnılar da hərarətli alqışlarla qarşılandı.

Tədbirin sonunda çıxış edən Firuzə Məmmədli mədəniyyətimizə, ədəbiyyatımıza və incəsənətimizə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlığını bildirdi. O, həmçinin tədbirin təşkilində göstərdiyi köməkliyə görə Anar müəllim başda olmaqla Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, Pedaqoji Universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov başda olmaqla Universitetin kollektivinə, çıxış edən qələm dostlarına və eləcə də məclisə toplaşanlara öz dərin minnətdarlığını bildirdi.

Məclis Z.Vilayətoğlunun şairənin "Ad günü" şerinə bəstələdiyi mahnının sədaları altında yekunlaşdı.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.-2010.-30 aprel.-S.4.