İşığam

 

Bu yer üzü kainatda bir ada,

Məkan axır zaman adlı dəryada.

gəldiyim günü bildim dünyada,

vaxt gedəcəyəm, bilmirəm.

 

Allah burda qapı açıb üzümə,

Hardan gəldim bəlli deyil özümə.

Mənim dünya dediyimin özü ?

Heç bilmirəm, ağlamıram, gülmürəm.

 

Xəlq eləyən düşüb bir vaxt həvəsə,

Hamımızı yığıbdı bir qəfəsə.

Mən eşqimi paylayıram hər kəsə,

Kədərimi heç bir kəslə bölmürəm.

 

Fikrət Qoca saqqallı uşaqdı,

Yerə, göyə, quşa, daşa aşiqdi.

İnsan oğlu haqdan gələn işıqdı,

Mən işığam, doğulmuram, ölmürəm!

 

 

İş günüm

 

Kölgəm vicdanım kimidi,

Bütün günü dolanır başıma.

Gah arxamca sürünür,

Gah da çıxır qarşıma.

Elə ki düşür axşam

Çöldən, yoldan yığışıram.

Kölgəm yığılır qəlbimə,

Əyləşir hakimlik taxtına

Mən uzanaram

Ömrümün məhkumluq vaxtına

Sorğular, suallar,

Məni əldən salar

Səhər,

pəncərəmdə xoruz kimi

banlayanda günəş

yenə ,

yenə bütün günü

taleyinlə güləş.

İstədiyin, istəmədiyin görüş,

Üzündə könülsüz gülüş.

Gördüyün, göstərdiyin üz,

dediyin söz,

ağrıyan ayağınla

ürəkli yeriş

bunlar hamısı işdi,

Hələ qədər

Əllərin üçün darıxır,

Bir yandan da

kölgən sənə baxır...

 

 

Həyat haqqında

 

İki köhnə tanış görüşdü,

-Həyat necədi?- soruşdu.

-Necə olacaq bu yaşda?!

Tük qalmayıb başda.

Həyat bombozdu,

hamı qaçhaqaçda.

Həyatda görməli şey olsaydı

Gözümün nuru belə yatmazdı.

Həyatda eşitməli şey olsaydı

Qulaqlarım belə batmazdı.

Başımda qalmayıb huş

- Canım-gözüm, həyatı

Sağlam adamdan soruş.

 

 

Belə yaxşıdı

 

Az fərqim var mənim quldan,

Töhmət, minnət sağdan, soldan.

Yolsuzluğa gedən yoldan -

Güzardan belə yaxşıdı.

 

Deyən var ki, az çalışdın,

Çox az yazdın, çox danışdın.

Bu vurharaya alışdım,

Bazardan belə yaxşıdı.

 

Dərmanım az, dərdim çoxdu,

Qarnım acdı, gözüm toxdu.

Çöldə şaxta, ev soyuqdu,

Məzardan belə yaxşıdı.

 

Hər uşağın nazına döz,

Arvadla olmuşuq üz-göz.

Birlikdəki bir min beş yüz

Yazardan belə yaxşıdı.

 

 

Hələ tapa bilməmişəm

 

İqlimlər adladım, ölkələr keçdim,

Haqqı tapmaq üçün düşdüm yollara.

Yollar qovuşana gəldim yetişdim,

Yollar ayrıcıymış sən demə bura.

Ağlama, Nərgiz

 

Səhər, səhər dan sökülür,

gəlib yenə ağlına?

Ləçəyindən şeh süzülür,

Ağlama, Nərgiz, ağlama.

A köynəyi sarı gəlin,

Qış deyil, bahardı gələn.

Düşmən deyil, yardı gülən,

Ağlama, Nərgiz, ağlama.

 

"Ərimgəldi"də* darıxan,

Darıxıb, əriyib axan.

Ağdamın yoluna baxan,

Ağlama, Nərgiz, ağlama.

 

Gözlə, qaragöz, ağlama,

Bu həsrətə döz, ağlama.

Sənə təsəlli verməyə

Mən tapmıram söz, ağlama.

 

Yollar hara getsə dönər,

Bir gün dağlar-daşlar dinər.

Könül gülər, göz sevinər,

Ağlama, Nərgiz, ağlama.

 

* Ərimgəldi - Şuşanın girəcəyində yerdir. İstirahət edən qadınlar, uşaqlar şənbə, bazar günləri orda oturub ərinin yolunu gözləyərdi.

 

 

İlk məhəbbət nəğməsi

 

Heç bilmədim haçan gəldi bu bahar,

Bir gecədə açıldılar yarpaqlar.

Yar qapısın fələk açsa üzümə,

fələyin qapısını yar bağlar.

 

Bahar gəlib bülbül gülə yar olub,

Qönçə üçün yaşıl köynək dar olub.

Qışda buza danışmışdım dərdimi,

Buz əriyib, məhəbbətim car olub.

 

Yaşım gəlib on yeddiyə yetibdi,

Baxtım yatıb, ya da tamam itibdi.

Yollar, çöllər gül-çiçəyə bürünüb,

Sizin yolda qaratikan bitibdi.

 

Qıydın mənim kövrək, cavan yaşıma,

Həzzlə baxdın gözlərimin yaşına.

Sənin mənə çəkdirdiyin cəfalar

Gələcəkdi qardaşının başına.

 

 

Bu necə...

 

Bu necə məhəbbətdi?

Məhəbbət deyil.

Gecəli-gündüzlü əziyyətdi,

dözülməz dərddi.

Qocalıb əldən düşəndə

həsrətdi, xiffətdi.

Bu necə məhəbbətdi?!

İnsanın cəhənnəm oduna məhəbbəti -

Ananın övladına məhəbbəti!

 

 

Ağıllı

 

Elə belə bir gündə,

Bizim bu məhəllədə,

Elə bizim bu tində

çox sevimli dəlimiz

Bıdış yolumu kəsdi.

-Sən ağıllısan, ya mən?

(Ay Allah, deyəsən?)

Dedim:

-Səndən ağıllı

Birini tap soruş sən,

desə razıyam mən

Otuz il sonra yenə

görüşdük məhəllədə.

-Necəsən? -dedim.

Dedi:

-Özümdən ağıllını

Axtarıram hələ

 

 

1990. 20-si

yanvardan sonra

 

Yurdumun evləri, küçələri

güllələrdən keçənləri

dirilib gəlir cana.

Onlar göy qurşağı kimi

qayıdıb gəlir Azərbaycana.

 

 

Danışın

 

Mən bu zövqə, bu kimliyə

Bir ömürlük məhkumam.

Mənə məndən danışın siz,

Mən bilim mən kiməm.

 

Var, amma yoxdu.

Sözü demək çox asandı,

Sözə qulaq asan yoxdu,

Hara baxırsan insandı,

İnanmalı insan yoxdu.

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.-2010.-30 aprel.-S.4.