Müasirlik mövqeyindən
yazılmış tədqiqat
Ədəbiyyatşünas-tənqidçi Qurban Bayramov "Əli İldırımoğlunun yaradıcılıq
yolu: milli-mənəvi
dəyərlərin bədii
salnaməsi və yaxud müasir Azərbaycan ədəbiyyatında
avtobioqrafik roman janrının
təkamülü" adlı
sanballı monoqrafiyası
ilə ədəbiyyatşünaslığımızda
ilk dəfə Əli
İldırımoğlunun müxtəlif istiqamətlərə
şaxələnən yaradıcılığını
müasir Azərbaycan
nəsri fonunda geniş təhlilini vermişdir, o, görkəmli
ədibin jurnalistlik fəaliyyətini, bədii
nəsrini, avtobioqrafik
romanlarını tədqiqat
obyektinə çevirmiş,
yazıçının mühüm
mətləb və ideyalarını ədəbiyyatşünaslıq
elminin müasir tələb və prinsipləri baxımından
ətraflı şərh
etmiş və ümumiləşdirmişdir.
Monoqrafiyada bədii
nəsrin qiymətli nümunələrindən olan
və Əli müəllimin yaradıcılığına
qədər ədəbiyyatımızda
nisbətən az görünən xatirə-roman janrının
inkişafı sahəsində
ədibin xidmətlərinin
tədqiqinə geniş
yer verilmişdir. Odur ki, bu monoqrafiya
həm ədəbiyyatımızda
avtobioqrafik roman janrının
inkişafı sahəsində
Əli İldırımoğlunun
xidmətlərini üzə
çıxarmış, həm
də ədəbiyyatşünaslığımızda
avtobioqrafik roman janrının
ilkin və çox tutarlı təhlil və tədqiqinin nümunəsini
yaratmişdir.
Qurban Bayramov Əli İldırımoğlunun bədii
və bədii-publisistik
yaradıcılığını dünya ədəbiyyatı
kontekstində nəzərdən
keçirmiş, bir sira dünya klassiklərinin yaradıcılığı
ilə zəngin müqayisələr aparmışdır. Bu müqayisələrdə
Azərbaycan nəsrinin
dəyərli faktı
kimi, hər an Əli müəllimin
orijinallığı, milliliyi
mühüm yaradıcılıq
keyfiyyəti kimi üzə çıxır.
Tədqiqatçı ilk növbədə
bizi yazıçının
fərdi şəxsiyyəti,
dövrü, mühiti,
yaradıcılığına hopmuş zəngin və mürəkkəb həyat yolu ilə
Qurban Bayramov araşdırmalar əsasında
bu qənaətə gəlmişdir ki, böyük yaradıcılıq
yolu keçmiş Əli İldırımoğlu
daim "həyat həqiqətlərinə sadiq
qalan, ancaq gördüyünü, duyduğunu,
qəlbən yaşadığını,
taleyinin bir parçasına çevrilən
gerçəkliyi qələmə
alan" bir söz sahibi
olmuşdur. "Əli İldırımoğlu
realist, həqiqətpərəst, müasir, məhsuldar, zəhmətkeş, prinsipial,
əqidəli, kökə-kökənə
bağlı, istedadlı
bir sənətkardır".
Aşkarlanan mühüm keyfiyyətlərdən
biri də budur ki, onun
nəsri bütün hallarda milli mövqedən, azərbaycançılıq
mövqeyindən, xəlqilik
konsepsiyası müstəvisində
yaranmışdır. Əli müəllimin
nəsr yaradıcılığının
əsas cəhəti kimi, onun obrazlarının,
mövzularının əksəriyyət
etibarilə avtobioqrafikliyi
qəbul olunur.
Əli İldırımoğlu ilk növbədə
jurnalist kimi fəaliyyətə başlamış,
publisistik məqalələr,
felyetonlar, satirik hekayələr, novellalar yazmışdır. Buradan topladığı təcrübə əsasında
həcmli nəsr yaradıcılığına keçmişdir.
Odur ki, Qurban Bayramov
yaradıcılıq xronologiyasına
əsaslanaraq, ilk növbədə
yazıçının jurnalistlik
fəaliyyətinin tədqiqindən
başlamışdır. Kütləvi mətbuat janrlarından
olan publisistikanın formaları çox, mövzu dairəsi genişdir. Ən geniş yayılmış
janrları oçerklər,
felyetonlardır. 50 illik jurnalistlik fəaliyyəti dövründə
Əli müəllim bu janrların, demək olar ki, hamısından bacarıqla istifadə etmişdir.
Qurban Bayramov yazır: "Əli İldırımoğlu Azərbaycan
jurnalistikasına müəllimlikdən
gəlmişdir və
onun jurnalistika "təhsilini", "jurnalistika
universitetini" həyatın
özü təşkil
etmişdir. Və bunun özündə
də xüsusi bir qanunauyğunluq vardır. Çünki jurnalistika elə
bir yaradıcılıq
sahəsidir ki, onun bütün ruhunun, bünövrəsinin,
cövhərinin əsaslarını
həyatın özü
təşkil edir".
Əli müəllim də, bu sənətə bilavasitə praktikadan gəlmişdir. Elə buna
görə də, onun yaradıcılığı
əsasında jurnalistika
nəzəriyyəsini "təcrübi cəhətdən
zənginləşdirməyə imkan verən nəticələr əldə
edilmişdir" ki, tədqiqatçı bu nəticələri birər-birər
aşkarlayır.
Monoqrafiyanın mühüm keyfiyyətlərindən
biri də budur ki, Qurban
Bayramov ayrı-ayrı
janrlardan danışarkən
onların təşəkkül
və inkişaf tarixinə də nəzər salmış,
Əli müəllimin
yaradıcılığını janrın əsas tələbləri kontekstində
izləmiş və müəllifin xidmətlərini
üzə çıxarmışdır.
Yazıçının oçerkçilik sahəsində
fəaliyyətini nəzərdən
keçirən monoqrafiya
müəllifinin müşahidələrinə
görə, Əli İldırımoğlunun oçerklərində
mühüm cəhətlərdən
biri hekayə modelinə yaxınlıqdır
- "dilin lakonikliyi, təhkhiyyənin lirikliyi və emosionallığı,
zəhmətin və istedadın qovuşuğundan,
harmoniyasından yaranan
saflıq, təsvirin təbiiliyi, görümlülüyü"dür. Yazıçı
oçerklərində olduğu
kimi, ümumiyyətlə,
bütün yaradıcılığında
folklor motivlərindən,
şeir və bayatılardan, xalqın etnoqrafik yaddaşından,
xalq əfsanələrindən,
atalar sözü və məsəllərdən
geniş istifadə etmişdir...
Dövrün ictimai-siyasi hadisələri
ilə əlaqədar
80-ci illərin sonunda,
90-cı illərdə Əli
İldırımoğlunun publisistikası mövzu etibarilə yeni bir mərhələyə
qədəm qoymuşdur. O, bu dövrdə hadisələrin
qaynar nöqtələrində
olmuş, onları bütün gərginliyi ilə izləyərək
həssaslıqla əsərlərində
əks etmişdir ki, tədqiqatçı bunların ictimai-sosial məzmununu ciddi təhlil prosesində aşkarlayır...
Qurban Bayramov felyeton janrının tarixinə də nəzər salmış, onun inkişaf yolu barədə məlumat vermiş, bu sahədə Əli İldırımoğlunun xidmətlərini
ətraflı işıqlandıraraq
onun yaradıcılığında
mənəvi-etik felyeton
tipinin üstünlük
təşkil etdiyini göstərmişdir.
Monoqrafiyada ciddi və
oxunaqlı bir üslubda yazıçının satirik hekayələri,
publisistik əsərlərdə portret yaratma ustalığı,
erməni xislətinin ifşası kimi mühüm məsələlər
də tədqiq edilmişdir. Bütün araşdırmalar
prosesində müəllif Əli İldırımoğlu
yaradıcılığı fonunda XX əsr Azərbaycan
publisistikasının orijinal keyfiyyətlərini üzə
çıxarmağa çalışmışdır...
Monoqrafiyanın sonrakı,
ən mühüm hissəsi Əli
İldırımoğlunun roman
yaradıcılığıının təhlilinə, bədii
nəsrinin süjet, kompozisiya, quruluş, mövzu, ideya məsələlərinə
həsr edilmişdir. Müəllif göstərir ki, Əli
İldırımoğlunun romanları estetik məziyyətləri,
mövzu xüsüsiyyətləri, avtobioqrafizmi ilə Azərbaycan
romançılığı tarixində özünəməxsus
yer tutur. Romanların çox mühüm bir keyfiyyəti budur
ki, Əli İldırımoğlu Qərbin bütün sosial
qurumlarını laxladan boz-bulanıq əxlaq və mənəviyyat
sərbəstliyinin yaratdığı bəlaların
qarşısını almaq üçün əsrlərin
sınağından çıxmış milli və islami əxlaq
və dəyərlərimizə arxalanmağın bədii təbliği
ilə məşğul olmuşdur. Onun bütün əsərləri
"ciddi sosial bəlalar yaradan əxlaqsızlığa və
mənəviyyatsızlığa qarşı hədsiz və
hüdudsuz bir barışmazlıqla ortaya
çıxmışdır". Müəllif bu cəhətdən
onun romanlarını mənəvi, əxlaqi problemlər
romanı adlandırmaqda haqlıdır.
Romanların təhlili
prosesində sosial-ictimai, mənəvi-psixoloji dəyərlərə
yüksək qiymət verilmişdir: "Bizcə, müasir nəsr
ən çox mənəviyyat axtarışlarına yönəlik
olmalıdır. Çünki müasir mərhələdə
sosial struktur sürətlə dəyişkənliyə məruz
qalır, ideoloji kataklizmlər baş verir, insanlıq, bəşəri
dəyərlər, humanizm sferaları zora məruz qalır,
işğallar, müharibələr "humanizm və
demokratiya pərdələri"nə bürünərək
qlobal xaotizm yaradır. İnsanın mənəvi aləminin
harmoniyası pozulur, anarxiya axarında ən çox mənəviyyat,
əxlaq erroziyaya uğrayır, vətəndaş
qıtlığı yaranır…"
Müəllifin fikirləri
elmi olmaqla yanaşı, sosial məzmunda sərrastdır və
Əli İldırımoğlu yaradıcılığını
məhz bu yöndən qiymətləndirməklə
inandırır. Bütün bu cür prinsiplər əsasında
romanlardan dəyərli nümunələr gətirərək
Qurban Bayramov sübut edir ki, Əli müəllim daim "bəşəri,
bəşəri olduğu qədər də milli olan dəyərlər
uğrunda mübarizə aparır, həyatda, məişətdə,
işdə, adət və ənənələrdə, insani
münasibətlərdə, ailə və cəmiyyətdə
ancaq yüksək əxlaqi dəyərləri, mənəvi
keyfiyyətləri, kişiliyi, mərdanəliyi, düzlük
və halallığı müdafiə edir…" Onun
obrazları milli yaddaşımızı oyadaraq, yaxın
tarixi keçmişdən müasir dövrə keçiddə
şüurumuzun alt qatlarında oyanış törədir. "Mənim
rəncbər atam" romanında da, "Zorən
jurnalist", "Közərən sətirlər",
"Aqibət" romanlarında da müəllif belə
keyfiyyətlər görür. Gerçəkliyi təhrif etmədən
onu milli-mənəvi ideyaların xidmətinə cəlb etmək
Əli İldırımoğlunun əsərlərinə məxsus
estetik prinsiplərdəndir. Onun avtobioqrafik romanları "Azərbaycan
romançılığında tamamilə yeni, orijinal bir
silsilədir; yaxın keçmişin ictimai kolliziyaları -
toqquşmaları içərisində çabalayan insanın
mübarizə tarixidir."
Müəllif yeri gəldikcə
keçmiş ədəbiyyatımız və ona münasibət
məsələlərinə də toxunmuşdur. Sovet
dövrü ədəbiyyatının üstündən xətt
çəkmək istəyən yarımtənqidçilərdən
fərqli olaraq, Q.Bayramov sosialist ideyalarının xeyrinə
işləyən bu ədəbiyyatın bəzi
nöqsanlarını göstərməklə yanaşı,
onun müsbət keyfiyyətlərinin tərəfində
durur, bütövlükdə onu bir tərəfə atmaq istəyənlərin
mövqeyini köklü şəkildə yanlış hesab
edir və düz fikirləşir: "Görünür, biz
hamıdan ağıllı çıxmışıq, hətta
öz ədəbi irsimizə də yad gözlə baxmağa
başlamışıq. Nizamiyə, Füzuliyə, Xətaiyə,
Səməd Vurğuna, Süleyman Rəhimova, Rəsul Rzaya,
Süleyman Rüstəmə, Əlağa Vahidə "dahilərin
divanı" adı ilə divan tuturuq". Bu cür fikirlər
Əli İldırımoğlu mətnlərinin təhlili
prosesində Qurban Bayramovun ədəbi aləmə dar, məhdud,
qərəzkar münasibətlə baxanlardan fərqli olaraq,
yüksək alim təfəkkürünə malik olduğuna
dəlalət edir.
Tədqiqatçı
sübut edir ki, mütərəqqi və istedadlı nəsrin
qayəsinə görə, əxlaq insanın
özüdür, insanlığın təşkiledici
amilidir, onun - insanın mənəviyyat
ölçüsüdür və bu müasir nəsrimizdə
əksini ən az tapan cəhətdir.
Qurban Bayramov
yazıçının başqa roman, povest və hekayələri
ilə yanaşı, daha çox sevdiyi, yana-yana, köhnə
kişilərin tükənməsindən qovrula-qovrula yazdığı
"Mənim rəncbər atam" romanını bu cəhətdən
nümunə hesab edir. Əli müəllimin hər bir əsərinə
çox müxtəlif yönlərdən yanaşmaq, hər
dəfə o əsərlərdə insanlıq naminə yeni məziyyətlər,
ideyalar, yeni keyfiyyətlər müəyyənləşdirmək
mümkündür ki, tədqiqatçı bacarıqla buna
nail olur.
Qurban Bayramov bu
monoqrafiyası ilə Əli İldırımoğlunun əsas
ideyalarını, xəlqi-milli keyfiyyətlərini, sənətkarlıq
qabiliyyətini, avtobioqrafik roman janrı istiqamətinə gətirdiyi
yenilikləri üzə çıxarmış,
yazıçı-publisistin zəngin yaradıcılıq yolu
barədə aydın və geniş təsəvvür yarada
bilmiş, bununla da, müasir Azərbaycan nəsrinin
imkanlarını elmi-nəzəri cəhətdən əsaslandıraraq
dürüst müəyyənləşdirmişdir. O, tədqiqatında
elmi-nəzəri prinsiplərdən çıxış edir,
ədəbi-estetik fıkir nəhənglərinə
mütamadi istinadən əksər arqumentlərini və tezislərini
əsaslandırır. Müəllif tədqiq etdiyi problemləri
dərindən bildiyini nümayiş etdirir, heç kimdən,
heç nədən sərf-nəzər eləmir, yeri gəldikcə
ciddi, təmkinli polemikaya girir, uğurlu nəticələr əldə
edir...
Bu monoqrafiya elmi-nəzəri
istiqamətinin aktuallığına və yeniliyinə, ədəbi-estetik
fikirlərin zənginliyinə, ictimai-sosial məzmununa görə
məndə ciddi maraq doğurdu. Tədqiqatçı Azərbaycan
nəsrini Əli İldırımoğlunun
yaradıcılığı fonunda, dünya ədəbi
prosesi kontekstində təqdim etmiş, yaradıcı şəxsiyyət
amilini önə çəkmişdir. Elə buna görə
də, Qurban Bayramovun "Əli İldırımoğlunun
yaradıcılıq yolu..." monoqrafiyası təkcə bir
nasirin yox, ümumiyyətlə, müasir Azərbaycan nəsri
haqqında düzgün, səhih, maraqlı elmi təsəvvür
yaradır.
Qeyd etdiyimiz kimi, Qurban
Bayramov yüksək ədəbi-estetik fikir söyləmək,
poetik əsəri dərindən analiz etmək, qiymətləndirmək
qabiliyyətinə, səriştəli tənqidçi-ədəbiyyatşünas
qələminə malik olduğunu nümayiş etdirmişdir
və yaradıcılığının mühüm keyfiyyətlərindən
biri də, onun daim aktual mövzulara müraciətidir. Bilavasitə
bu monoqrafiyada da aktual və vacib bir mövzunun tədqiqi ilə
məşğul olmuş, xüsusilə, ədəbiyyatımızda
avtobioqrafik roman janrının təkamülü barədə
aydın təsəvvür yaratmışdır.
Əminik ki, oxucular bu
yeni nəşrin simasında müasir nəsrimizin nəaliyyəti
barədə zəngin məlumat almaqla yanaşı, müasir
filoloji fikrin inkişafına təkan verən və onu zənginləşdirən
dəyərli bir monoqrafiya ilə qarşılaşacaqlar…
Qəzənfər KAZIMOV
Ədəbiyyat qəzeti.-2010.-30 aprel.-S.3, 5.