Türkiyədə Rəsul Rzanın yubiley tədbirləri
Qəzetimizin ötən
sayında xalq şairi Rəsul Rzanın anadan olmasının
100 illik yubileyi çərçivəsində Ankarada
TÜRKSOY-un və "Bəngü" nəşriyyatının
birgə layihəsilə şairin "Gecənin susqun nəğməsi"
adlı seçmə şeirlər kitabının nəşr
olunduğunu xəbər vermişdik.
Yaxın günlərdə
ustad şairin 100 illik yubileyilə bağlı tədbirlər
çərçivəsində Türkiyədə bir
sıra layihələr də reallaşmışdır. Belə
ki, Avrasiya Yazarlar Birliyinin "Kardeş kalemler" dərgisinin
aprel sayının xeyli hissəsi də Rəsul Rzaya həsr
edilmişdir. İmdat Əfşarın
uyğunlaşdırmasında Rəsul Rzanın altı
şeri və "Rənglər" silsiləsinə daxil
olan bütün şeirlər, habelə Kamran Əliyevin
"Rəsul Rzanın sənət yolu", Fərahim
Sadıxovun "Şeir kəhkəşanının parlaq
ulduzu", Qəzənfər Kazımovun "Rəsul
Rzanın şeir dili" adlı geniş məqalələri
dərc olunmuşdur.
Aprelin 12-də Ankarada
TÜRKSOY-un toplantı salonunda şairin 100 illiyinə həsr
olunmuş tədbir keçirilmişdir. Tədbirdə
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul
Günay, TÜRKSOY-un baş katibi Düseyn Qaseinov, Avrasiya
Yazarlar Birliyinin başqanı Yaqub Dəliöməroğlu,
İLESAM başqanı Yəhya Akenkın, İmdat Afşar
çıxış etmişlər. Beynəlxalq Rəsul Rza Fondunun
sədri, xalq şairi Fikrət Qoca İmdat Afşara və
Yaqub Dəliöməroğluna təltif olunduqları Rəsul
Rza mükafatlarının diplomlarını təqdim
etmişdir.
Gecədə TRT-nin Rəsul
Rzaya aid çəkdiyi yarımsaatlıq sənədli film
göstərilmiş, müğənni Cavid Təbrizli Rəsul
Rzanın və Nigar Rəfibəylinin sözlərinə
yazılmış mahnıları ifa etmişdir. Şairin oğlu,
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tədbirin
təşkilatçılarına və
iştirakçılarına dərin minnətdarlıq hisslərini
ifadə etmişdir.
Yubiley tədbirləri Kayseri şəhərində davam etmişdir. "Bizim eyvan" dərgisinin imtiyaz sahibi, görkəmli həkim, iş adamı və mesenat doktor Kamal Tekdenin maddi dəstəyi və Erciyəz Universitetinin iştirakıyla təşkil edilmiş "Rəsul Rza və Azərbaycan ədəbiyyatı" simpoziumu aprelin 14-də Sabançı Kültür Mərkəzində keçirilmişdir. Şairin yaradıcılığı haqqında universitetin türk dili və ədəbiyyatı şöbəsinin müdiri, professor Nevzat Özkan məruzə etmişdir. Elə həmin gün Erciyəz Universitetinin konfrans salonunda çağdaş Azərbaycan ədəbiyyatına və Anara həsr olunan toplantıda "Bizim eyvan" dərgisinin baş redaktoru Serdar Kozan məruzə etmişdir.
Aprelin 16-da isə Kayseri Kültür müdirliyinin konfrans salonunda "Can Azərbaycan" gecəsində tələbələrin ifasında Səməd Vurğunun, Şəhriyarın, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin şeirləri səslənmiş, onların sözlərinə yazılmış mahnılar və xalq nəğmələri ifa edilmişdir. Azərbaycan və Türkiyə bayraqlarıyla səhnəyə çıxıb ifaçılara qoşulan, rəqs edən azərbaycanlı gəncləri - Kayseridə təhsil alan tələbələri salondakılar gurultulu alqışlarla qarşılamışlar. Gecədə Kayseri valisi iştirak etmişdir.
Bundan başqa, aprelin 19-dan 25-ə kimi İzmirdə İkinci Uluslararası Türk dünyası Kültür
konfransı keçirilmişdir.
Türk cümhuriyyətlərindən, Rusiyadan, İrandan, Çindən, İraqdan,
başqa ölkələrdən
440 nümayəndənin iştirak
etdiyi konfransda aprelin 19-da Anarın
"100 yaşında Rəsul
Rza", aprelin 21-də
Türk dünyası
ədəbiyyatları seksiyasında
Ayşe Atay və Əli Erolun "Rəsul Rzanın şeirlərində
Ezop dili", aprelin 20-də Anarın
"Çağdaş Azərbaycan
nəsri" mövzularında
məruzələri dinlənildi.
Ədəbiyyat qəzeti.-2010.-30 aprel.-S.3.