Gələcəyi işıqlandıran təfəkkür

 

Ölkəmizin nüfuzlu elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından görkəmli ərəbşünas alim, filologiya elmləri doktoru, professor Aida Nəsir qızı İmanquliyevanın biblioqrafiyasını nəşr edib. Ensiklopedik səviyyədə hazırlanmış "Biblioqrafiya"nın tərtibçi-müəllifləri AMEA MEK-in direktoru Aybəniz Əliyeva-Kəngərli və İsmət Səfərov, redaktoru görkəmli şərqşünas, Vasim Məmmədəliyevdir. Kitabxana bu seriyadan akademiklər Ramiz Mehdiyev, Zərifə Əliyeva, Arif Paşayev, Məmməd Cəfər Cəfərov, İsa Həbibbəyli, Arif Mehdiyev və başqalarının qiymətli əsərlərini toplayıb tərtib və izahlarla nəşr edib. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru Aida İmanquliyevanın 1964-2009-cu illərdə Azərbaycan, rus, ingilis dillərində çap olunmuş monoqrafiya, kitab, məqalə və müxtəlif beynəlxalq simpozium və konfranslarda oxunmuş məruzələrinin materiallarını əhatə edən bu kitab mədəniyyətimizə qiymətli bir töhfədir.

Kitabda tərtibçilərin izahedici ön sözündən sonra millət vəkili, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva "Professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında rolu" adlı məzmunlu məqaləsi dərc olunub. Gövhər xanım yazır: "Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva Azərbaycan şərqşünaslıq məktəbinin inkişafında böyük xidmətləri olan, eyni zamanda keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərimizdən olmuşdur. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa bir vaxt ərzində ona nəinki keçmiş sovetlər birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirmişdir". Bu sətirlərdə bir şərqşünas alim, ərəbşünas kimi Aida xanıma xas ümdə xüsusiyyətlər öz əksini tapıb.

Namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra görkəmli alim elmi fəaliyyətini Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirmişdir. 1972-ci ildən "Ərəb ədəbiyyatı" qrupunun rəhbəri, 1976-cı ildən "Ərəb filologiyası" şöbəsinin müdiri vəzifəsində işləmişdir. Üstün, seçkin fəaliyyətinə görə 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini təyin olunmuşdur. 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Həm Avropada, həm də Yaxın Şərqdə məşhur olan ərəbşünas alim Aida xanım İmanquliyevanın elmi-təşkilati bacarığı nəzərə alınaraq 1991-ci ildə o Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olumuşdur. Görkəmli şərqşünas alim, SSRİ Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatının tədqiqi üzrə əlaqələndirmə şurasının üzvü idi.

Azərbaycan şərqşünaslıq elmini Moskvada, Sankt-Peterburqda, Kiyevdə, Poltavada, Hamburqda, Halledə qürur və ləyaqətlə təmsil etmiş bu nüfuzlu alim dünya ədəbiyyatşünaslığına ciddi elmi töhfə olan "Mixail Nüaymə və "Qələmlər birliyi" (M., 1975), "Cübran Xəlil Cübran" (B., 1975), "Yeni ərəb ədəbiyyatı korifeyləri" (B., 1991) kimi fundamental monoqrafiyaları, 70-dən artıq elmi-nəzəri məqaləsi, ölkə və beynəlxalq konfrans və simpoziumlardakı məruzələri ilə dünyanın diqqətini ərəbşünaslıq mərkəzi kimi Bakıya-Azərbaycana cəlb etməyə nail olmuşdur.

Barəsində söz gedən kitaba daxil edilən "Aida İmanquliyevanın yaradıcılığında fəlsəfi və ədəbi-bədii komporativistika" adlı yazısında AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov Aida xanımı öz əsərlərində Şərq müdrikliyini əks etdirən bir filosof kimi təhlil və təqdim edir: "Onun yaradıcılığından qırmızı xətlə keçən Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyasının bu gün üçün əhəmiyyəti diqqət mərkəzində olmalıdır" kimi düzgün nəzəri-metodoloji başlanğıcdan çıxış edən müəllif nəhayətdə belə qənaətə gəlir: "Aida İmanquliyeva sadəcə ərəbşünas, yaxud ərəb ədəbiyyatı mütəxəssisi deyildi. O, həm də sivilizasiyalar arasındakı münasibəti, Şərq və Qərb düşüncə tərzlərinin ortaq və fərqli cəhətlərni və bu problemlərin ədəbiyyat və fəlsəfə müstəvisində proyeksiyasını öz tədqiqat predmetinə daxil edən, XX əsrin sonlarında Azərbaycan üçün xüsusi aktuallıq kəsb edən bu məsələləri ədəbi-tənqidi rakursda gündəmə gətirən bir fəlsəfə tədqiqatçısı, vətəndaş alim idi".

Bu sətirlərdə böyük və canlı bir həqiqət var. Aida İmanquliyeva Şərq ruhu ilə yaşayan, Qərb təfəkkürü ilə düşünən bir alim, keçmişi dəyərləndirən, bu günü izah edən və gələcəyi işıqlandıran təfəkkür idi. Burada təfəkkürdən daha çox, bəsirət gözü ifadəsini işlətmək yerinə düşər. Hələlik sivil dünyanın mütəfəkkirlərinin yaratdığı bütün fəlsəfi təlimlərin dəyəri keçmişi və bu günü dərk etməsi ilə deyil, daha çox gələcəyi izah etməsi ilə ölçülüb. Aida İmanquliyevanın ərəb ədəbiyyatı və mədəniyyətinə dayaqlanan, türk ruhu ilə qidalanan fəlsəfəsi də belə idi. Bu fəlsəfə özünün müasirlik ruhu ilə həm Şərqi, həm Qərbi, həm də öz elmi ilə öyünən Rusiyanı (Sovet İttifaqını) heyrətdə qoydu.

"Azərbaycanın elm və mədəniyyət xadimləri" silsiləsindən Aida İmanquliyevaya həsr olunmuş biblioqrafiya kitabına "Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Aida İmanquliyeva haqqında" adlı maraqlı bir bölmə də daxil edilib. Burada AMEA-nın prezidenti akademik Mahmud Kərimovun, akademiklərdən Abel Məhərrəmov, mərhum Ziya Bünyadov, Vasim Məmmədəliyev, Cəmil Quliyev, mərhum Fəraməz Maqsudov, Teymur Bünyadov, Bəkir Nəbiyev, Ağamusa Axundov, xalq şairi Bəxtiyar Vahabzadənin, AMEA-nın müxbir üzvü mərhum Yaşar Qarayev, dövlət xadimi, professor Fatma Abdullazadənin... və digər görkəmli alimlərin Aida xanımın şəxsiyyəti, nəcabəti, elmimizdəki rolu haqqında dəyərli mülahizələri yer alıb. Öz konseptuallığına, səmimiyyətinə, söylənilən fikir və mülahizələrin çəkisi və sanbalına görə onları aidaşünaslıq elmi adlandırmaq olar. Burada söylənilən fikirlərin hamısında Aida İmanquliyevaya xas olan başlıca cəhətlər: insani gözəllik, Şərq və Azərbaycan qadınlarına məxsus xanım-xatınlıq, ana ucalığı, Tomrislərdən, Nüşabələrdən gələn qeyrət və mərdlik, orijinal düşüncə tərzi, ağılla qəlbin yüksək mənəvi vəhdəti, fəlsəfi təfəkkür, millətə sevgi və dövlətçilik duyğusu diqqətə çəkilir. Aida xanımın elmə və xalqımıza təmənnasız xidməti onun mənəvi-əxlaqi ucalığı kimi yüksək dəyərləndirilir. Onun böyük alim olması haqqında çox söylənilib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov haqlı olaraq yazır: "Aida xanım öz yaradıcılığı ilə Şərqi Qərbə, Qərbi Şərqə qarşı qoymur, bu iki region arasında ümumi cəhətlər tapmağa, onların yaxınlaşmasına yardımçı olmağa çalışırdı. Onun bu yöndəki fəaliyyəti xüsusən indiki qloballaşma, müxtəlif mədəniyyətlərin yaxınlaşması və inteqrasiyası əsrində yenidən aktuallıq kəsb etməyə başlamışdır".

Akademik Ziya Bünyadovun yazıları da bu mənada maraqlıdı: "Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni əlaqələrinin sintezi, yaradıcı üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunub ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaratdı".

Xalq yazıçısı Elçin onu təkcə tərcümələrində deyil, elmi əsərlərində də bir yazıçı hesab edir və bu, tamamilə doğru müşahidədir. Elçin yazır: "Hətta elmi əsərlərində belə onun qələmində bir yazı-pozu əhlinin şövqü, fantaziyası, detalları tutmaq (və duymaq), təhlil obyektini hiss etmək, nüansları seçmək bacarığı var". Qeyd olunan yazıların hər birində Aida xanımın nurlu obrazı canlanır. Bizcə, hörmətli fatma xanım Abdullazadə dərin qadın hissiyyatı ilə ona məxsus ən başlıca cəhəti qeyd edir: "Aida xanım ağ rəngi dünyalarca sevərdi. Ağ rəng Aida xanımın rəngi idi. Onun üçün həyatın ən dərin mənası öz daxilində idi". Tamamilə doğrudur: Aida xanımın daxilindən gələn ağ rəng Tanrının nuru idi.

Haqqında söz gedən biblioqrafiyada mərhum Yaşar Qarayevin qeydləri diqqətimizi çəkir. "Şərq dəyərlərini Aida xanım yalnız filoloq-mediyevist kimi təmsil etmirdi. Bütün xanımlıq məlahəti, qənirsiz gözəlliyi ilə o, Şirinin, Leylinin özü idi".

İllər ötür, yazılan qalır. "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından Aida İmanquliyevaya həsr edilmiş biblioqrafiya kitabı şərqşünas alimləri, tədqiqatçı filoloq və filosofları, qədirbilən oxucuları bu nurlu insanın şəxsiyyəti, mühiti, müasirləri, elmi əsərləri, yaradıcılıq axtarışları ilə yaxından tanış edən etibarlı ensiklopedik bir əsərdir. Bu kitabın konkret dəyəri ilə bərabər, həm də ümumtarixi, ümummədəni və kulturoloji əhəmiyyəti vardır. Biblioqrafik əsərlər təkcə bir alimin, görkəmli xadimin həyatı, mühiti, fəaliyyəti və yaradıcılığı ilə bağlı faktların toplusu deyil. Ümumiyyətlə, bir mədəniyyət hadisəsidir, müasirləri tarixə daxil edən ən etibarlı sənəddir. Bu tipli kitablarda bəzən bir adama aid olan fakt mövcud epoxanın mahiyyətini anlamağa şərait yaradır.

Aida İmanquliyevaya həsr olunmuş "Biblioqrafiya" da öz miqyası etibarilə çox genişdir. Bu əsər XX əsr Azərbaycan şərqşünaslığının elmi-nəzəri axtarış strategiyası haqqında tarixi təsəvvür yaradır. Kitabın əhəmiyyəti bir də bundadır ki, o, görkəmli şərqşünas, ərəbşünas alim, professor Aida İmanquliyevanın yaradıcılığı ilə bağlı gələcək araşdırmalar üçün dəyərli elmi məxəzdir.

 

 

Gülşən Əliyeva

 

Ədəbiyyat qəzeti.-2010.-30 aprel.-S.2.