Qori seminaristlərindən biri
XIX əsr elm, ədəbiyyat,
tarix, etnoqrafiya, lüğətçilik, yazılı abidələrin
və ağız ədəbiyyatı incilərinin
toplanması, nəşri, tədqiqi, məktəb, kitabxana, mətbəə-nəşriyyat
açmaq və s. sahələrdə parlaq simalar yetirən
bir dövrdür. Bu əsrin əvvəllərindən
sonuna qədər həyat meydanına atılmış
dönməz iradə, oyaq vicdan və cəsarətli qələm
sahibləri Azərbaycanın müxtəlif bölgələrində
həmvətənlərinin nurlu gələcəyi naminə
misilsiz işlər görmüşlər. Bakı, Quba,
Ordubad, Şamaxı, Gəncə, Ağdaş,
Göyçay, Salyan, Şəki, füzuli və s. bölgələrdə
insanların ürəyini riqqətə gətirən
ziyalılar nəsli yetişmişdi. Ziyalı sözünə
ehtiyacın gündən-günə artdığı bir
zamanda Lənkəranda da mütərəqqi fikirli adamlar xeyli
problemin qapısına açar salmaq naminə kirpikləri ilə
od götürmüşlər. Teymur bəy Bayraməlibəyov (1862-1937)
sayılıb-seçilən belə qələm sahiblərindən
idi. Onun ağrılı səhifələrlə
dolu ömür yolunun öyrənilməsinə XX əsrin
ortalarından bəri səy göstərilməkdədir.
T.Bayraməlibəyovun AMEA RƏİ fondunda və
Azərbaycan Xalq Təhsili Muzeyində saxlanılan yadigar əlyazmalarının,
həmçinin Azərbaycan və rus dillərində mətbuatda
çap olunmuş məqalələrinin elmi tədqiqata cəlb
edilməsi indiyə qədər görülmüş işlərin
layiqli davamıdır. Tarixçi alim
Esmira Cavadovanın "…O, həm də etnoqraf idi (Teymur bəy
Bayraməlibəyovun həyat və
yaradıcılığından səhifələr)"
kitabının ön sözündə və "Teymur bəy
Bayraməlibəyovun ömür yoluna bir baxış"
oçerkində müəllifin məşəqqətlərlə
dolu həyatının və
yaradıcılığının ayrı-ayrı aspektləri
nəzərdən keçirilmişdir. Kitabda göstərilir
ki, T.Bayraməlibəyov 1875-ci ildə Lənkərandakı
iki sinifli rus məktəbini bitirmiş, daha sonra Tiflisdə
feldşerlik təhsili almış, 1879-cu ildə Qori Müəllimlər
Seminariyasının 2-ci sinfinə qəbul olunmuş, oranı
1881-ci ildə müvəffəqiyyətlə bitirib Lənkərandakı
2 sinifli rus məktəbində rus dilindən və riyaziyyatdan
dərs demişdir. Həmin ilin aprelində
çar hökuməti "Gücləndirilmiş və
fövqəladə mühafizə haqqında Əsasnamə"
qəbul etmişdi. Orada göstərilirdi
ki, əks təbliğat aparan mətbəə, nəşriyyat,
məktəb, kitabxana dərhal bağlanmalı və təsisçisi
sürgün edilməlidir. Belə bir tarixi şəraitdə
pedaqoji fəaliyyətə başlayan T.Bayraməlibəyovun qələmini
silaha, sözünü gülləyə, sinəsini sipərə
çevirib həmvətənlərinin xoşbəxt gələcəyi
uğrunda mübarizə meydanına atılması qəhrəmanlığa
bərabər iş idi.
Adını çəkdiyimiz
kitabda tanınmış ziyalının Qori Müəllimlər
Seminariyasını bitirməsindən vəfatına qədərki
yaradıcılığı iki dövrə
ayrılmışdır: 1881-1917, 1917-1937. Bizcə, onun fəaliyyətini
dörd dövrə ayırmaq da olardı: XIX əsrdə mətbuatda
iştirakı; XX əsrin başlanğıcından müstəqil
Azərbaycan Cümhuriyyəti qurulana (1918) qədərki
dövrdə mətbuatla əlaqəsi; Müstəqillik
dövrü yaradıcılığı (1918-1920); Sovet
dövrü yaradıcılığı və əmək fəaliyyəti
(1920-1937).
T.Bayraməlibəyovun
yaradıcılığından monoqrafiyaya "Talış
xanlığının tarixi", "Lənkəran
keçmişdə" adlı iki iri həcmli qeyri-mətbu
tarixi-publisistik əsərinin rus dilindən Azərbaycan-türk
dilinə tərcümə mətni və dövri mətbuatda
çap olunmuş məqalələrinin tədqiqi yer
almışdır.
Lənkəranın çətin
siyasi durumu, rusların əsgəri qüvvələrini Lənkərana
dəvət etməyin tərəfdarları ilə əleyhdarları
arasında gedən fikir ixtilaflarının kəskinləşməsi,
general Kotlyarovskinin "əli silah tuta bilən hər kəsin
ayağa qalxıb" Lənkəran qalasında cəmləşmiş
İran qüvvələrinə qarşı barışmaz
mübarizə aparmaq istəyindən doğan fəsadlar, Lənkəran
qalasının komendantı Sadıq xanın "Sizin fikirlərinizi
bənd-bənd rədd edirəm" cavabı və sağlam
əqidə sahiblərinin "rus boyunduruğu altına girməkdənsə,
döyüş bölgəsində kişi kimi vuruşub
şərəflə ölmək yaxşıdır" qənaətindən
doğan vətənpərvərlik hissinin əməli nəticələrinə
güclü inam və s. əlaqədar məsələlər
1 sentyabr 1885-ci ildə qələmə alınmış
birinci əsərdə əksini tapmışdır.
İkinci əsərdə Lənkəranın
coğrafi ərazisi, iqtisadi problemləri, su təchizatı, əkinçilik
mədəniyyəti, ipəkçilik,
arıçılıq, üzümçülük, şərabçılıq,
maldarlıq, kustar istehsal və istehsal alətləri, ağac
və qamış emalı, meşələri,
talışların evləri, geyimləri, xörəkləri,
dini inamları, ailə-valideyn münasibətləri və s.
məsələlərin təsviri əsas yer tutur.
İnsan həyatının
saflığı ilə mühitin saflığı bir-birini
tamamlamasa, xeyli fəsadlar baş verə bilər. Bu baxımdan T.Bayraməlibəyovun
əsərlərini həzm edən oxucu yaxşı başa
düşür ki, müəllif mütərəqqi fikirli lənkəranlıları
yox, dövrünün mənəvi mənzərəsinin
miskinliyinə və ictimai bəlalarına qarşı
mübarizədə ağlı az,
fanatikliyi çox olan həmvətənlərini tənqid hədəfi
seçmiş, onları ideya-əqidə saflığına
və fəal həyat mövqeyinə səsləmişdir… Ona qarşı duranların heç biri bir damcı
mürəkkəbin gördüyü işi görə bilməmişdi.
Meşələrin rəhmsizcəsinə məhv edilməsi,
quşların vəhşicəsinə ovlanması, icazəsiz
balıq ovunun kütləvi hal alması, məktəb, klub,
kitabxana, teatr tamaşalarına ögey münasibətin
hökm sürməsi, savadsız adamların öz
hüquqlarını müdafiə edə bilməməsi,
mal-qara oğrularının və mənzil
soyğunçularının
özbaşınalığı və s. məsələlər
onun əsas tənqid hədəflərindən idi. Mübariz
publisist illərlə canına qəsd edib sözlərini cana
gətirsə də, müqəddəs söz səngərindən
cəmiyyətin eyiblərinə atəş açarkən
"müzür şəxslər" onun doğru
sözünü havaya atılan güllə, ağıl və
düşüncə sahibləri isə hədəfə
açılan atəş kimi qarşılamışlar.
Yalanı həqiqətə sarmaşıq kimi
dolaşdıran və tərəqqiyə can atan insanları
çaşdıran bədxah müasirləri nə qədər
çalışsalar da, T.Bayraməlibəyovu söz səngərindən
uzaqlaşdıra bilməmişlər. O, insan həyatını
rövnəqdən salan ictimai bəlaların, hərcmərcliyin
tüğyan etməsinin səbəbini ölkənin rəhbər
nəzarətindən çıxmasında, zorun ağıl
kürsüsünü qəsb etməsində
görürdü.
1884-cü ildə
yaratdığı Xeyriyyə Cəmiyyətinin xətti ilə
təşkil etdiyi çoxsaylı teatr tamaşalarından
yığılan vəsaitin çoxunu yoxsul məktəblilərin
yeməyinə, geyiminə, məktəb ləvazimatına və
tibbi müayinəsinə sərf etsə də, izlədiyi əsas
məqsəd həmvətənlərinin təhsil və tərbiyəsinə,
ağıl gözünün açılmasına səmərəli
təsir göstərmək olmuşdur. Bu məqsədə
xidmət naminə XIX əsrin 90-cı illərində
topladığı türk, talış, İran folkloru
nümunələrini "Kaspi" qəzetində və
Tiflisdə çıxan "Qafqaz əraziləri və
xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT-SMOMPK)
məcmuəsində oxucuların mühakiməsinə verməsi
də ona böyük nüfuz qazandırmışdı.
Həmin illərdə Lənkəranda ipəkçilik məktəbi
açmaq təklifini irəli sürməsi, Lənkəran-Ərdəbil
şosse yolunun çəkilməsi layihəsini verməsi və
hər iki problemə dair "Kaspi"də məqalə
çap etdirməsi (1891, 1896), Lənkəranda bal və pivə
zavodunun açılmasının faydaları haqqında təkliflə
(1899, 13, 17 yanvar) mülahizələrini oxucularla
bölüşməsi, küçələrin antisanitariya vəziyyəti,
işıqlandırılmaması, ərzaq məhsullarına
qoyulan qiymətlərin tez-tez artırılması və s. məsələlərə
biganəlik göstərdiyinə görə "Şəhər
özünü idarə təşkilatı"nı adı
çəkilən qəzetdə tənqid etməsi (1898, 10
oktyabr) kimi çoxsaylı istiqamətlərdə sözü
və qələmi ilə gördüyü işlərin əziyyəti
onun, xeyri həmvətənlərinin payına
düşmüşdür.
Bayraməlibəyovun
birinci dövr yaradıcılığı üçün
xarakterik olan bir çox keyfiyyət cizgiləri onun ikinci
dövr yaradıcılığının da ana xəttini təşkil
edir. Bu dövrdə də o, hər şeyi düz
görür və düz yazırdı. Yalan
sözdən və fikirlərini oxuculara sırımaqdan uzaq,
vicdanı qarşısında üzüağ idi. Nədən, necə, nə üçün
yazdığını yaxşı bilirdi. Ürəyindən
keçəni yox, ağıl süzgəcindən keçəni
yazan müəllif 26 sentyabr 1902-ci il tarixli
"Kaspi" qəzetində çap etdirdiyi bir məqaləsində
göstərmişdi ki, quldurlarla dolu dar
cığırları ləğv edib əhalinin əmin-amanlığını
təmin etmək naminə Lənkəran-Təbriz-Ərdəbil
dəmir yolunun çəkilməsinə başlanılarsa, hər
iki tərəf üçün faydaları çox olar.
1904-cü il 29 yanvar tarixli digər bir məqaləsində
Lənkəran küçələrinin qazılıb eybəcər
hala salınması pislənilir və göstərilir ki,
şəhərin tən ortasındakı xəndəklərin
birinə bu gün at düşübsə, sabah insan
düşə bilər. Başqa bir məqaləsində
(Kaspi, 1905, 11 noyabr) isə göstərmişdi ki,
uşaqların və gənclərin mədəni-maarif
ocaqlarından kənarda qalması Viləş
çayının hər il yaz və
payız aylarında törətdiyi fəlakətlərdən
heç də az qorxulu deyil. Həmin qəzetin 20 dekabr
1903-cü il, 12 və 19 fevral 1906-cı il,
12 və 19 fevral 1915-ci il tarixli saylarında Lənkəran
türməsində yatan oğru və quldurların əməlləri
pislənilmiş və onların aqibətindən həmvətənlərinin
ibrət dərsi alması fikri irəli
sürülmüşdür.
Görkəmli
ziyalının bu kimi yazıları göstərir ki, onun
fikir ixtilafları mərkəzinə çəkilən məqalələri
və şifahi tövsiyələri fikir mübadiləsi mərkəzinə
çəkilənlərdən qat-qat çox olmuşdur. Bu iki qütbdən
birini fanatiklər, köhnəpərəstlər, yenilik əleyhdarları,
digər qütbü isə azlıqda qalan mütərəqqi
ağıl və düşüncə sahibləri təmsil
edirdi. Mənfi qütb təmsilçiləri
müəllifin fikirlərinə çətin həzm olunan
tikə kimi baxsalar da, mütərəqqi düşüncə
sahibləri hesab edirdilər ki, T.Bayraməlibəyovun qələmindən
çıxan hər bir söz həmvətənlərinin
yaxşı gələcəyinə olan inamın parlaq təzahürüdür.
Kitab müəllifi qeyd edir ki, bu ideya "Kaspi",
"Tiflisski listok", "Rıbnoe delo",
"Azerbaydjan", "Baku", "Azərbaycan" və
s. mətbuat orqanlarında Teymur bəyin çap etdirdiyi
çoxsaylı məqalələrində öz təsdiqini
tapmışdır.
1906-cı ildə Lənkəranda
təsis etdiyi kitabxananın Bakı qubernatoru
Alışevskinin təklifi ilə bağlanmasına,
Bakıda "bir il polis nəzarətində"
saxlanılandan sonra T.Bayraməlibəyovun İran səfiri
İsmayıl xana ərizə ilə müraciət edib 15
sentyabr 1907-ci ildə Azərbaycan-türk, fars, ərəb, rus
dillərində tam orta təhsil səviyyəsində dərs
keçilməsinə müvəffəq olduğu "Behcət"
adlı məktəbin 1910-cu ildə Bakı qubernatorunun sərəncamı
ilə fəaliyyətini dayandırmasına baxmayaraq, polad iradəsi
onun ziyalılıq qürurunu sınmağa
qoymamışdı. Lənkəranda açdığı
(1909) "Ziya" adlı ilk rus-tatar (Azərbaycan) məktəbinin
isə "səkkiz aydan" sonra Alışevskinin hikkəsinə
tuş gəlməsi, lakin T.Bayraməlibəyovun müraciəti
və Dağıstan qubernatorunun zəmanəti ilə yenidən
həmin məktəbin Dağıstanda fəaliyyət
göstərməsindən Bakı qubernatorunun qəzəblənməsi
də mübariz pedaqoqun dilini və qələmini susdura bilməmişdi.
1910-cu ildə Lənkəranda açdığı 4 sinifli
ibtidai məktəbi "3 sinifli gimnaziya"ya çevirməsinə
nəzarətin gücləndirilməsi və tədriclə fəaliyyətinin
şübhə altına alınması, 1913-1914-cü dərs
ilində öz evində açdığı "3 sinifli
ibtidai məktəb"in də fəaliyyətinə az sonra
xitam verilməsi və s. ürək ağrıdan mənzərələr
T.Bayraməlibəyovun əzablı və şərəfli
ömür yolu keçdiyini və əsrinin oyaq vicdan sahiblərindən
olduğunu aydın əks etdirir.
T.Bayraməlibəyovun
üçüncü dövr yaradıcılığı və
əmək fəaliyyəti ictimai-siyasi burulğanların səngidiyi,
yeni həyat və yaşayış tərzinin
başlandığı və müstəqil Azərbaycan Xalq
Cümhuriyyətinin ilk addımlarını atdığı
dövrə təsadüf edir.
1918-ci ildə ailəsi ilə
birlikdə Lənkərandan Bakıya köçən, həmin
ildən yeni həyatın ədəbi, elmi, siyasi nailiyyətlərini
müntəzəm izləyən və Azərbaycan Demokratik
Respublikasının ictimai-siyasi həyatında, o cümlədən
II qızlar gimnaziyasının açılışında,
Azərbaycan müəllimlərinin I qurultayında, Xalq maarifi
və Həmkarlar işçilərinin 5-ci və 6-cı
qurultaylarında fəal iştirak edən T.Bayraməlibəyov
sələflərinin, müasirlərinin və yeni hökumət
başçılarının ideya işığından
ruhlanaraq qələminə dinclik verməmişdir.
Əvvəlki
illərdə olduğu kimi, Şərqdə ilk müstəqil
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də
T.Bayraməlibəyovun tənqid hədəflərinin
çoxu keçmiş əsrlərdən miras qalmış
rüsvayçılıq obyektləri idi. Köhnə həyat
tərzi ilə vidalaşmaq və yeni həyat uğrunda fəal
mübarizə aparmaq ideyası onun ana mövzularından
olmuşdur. Həmvətənlərini bu ideya
işığı ətrafına toplamağa kömək məqsədilə
məktəb və kitabxana, kitab və mətbuat bolluğuna
çalışmaq, teatrın inkişafına meydan vermək,
elm, ədəbiyyat, kitab və teatr xadimləri ilə yerli əhalinin
görüşünü keçirmək, yeni-yeni mətbəə
və nəşriyyatlar açmaq, ədəbiyyat və incəsənətin
xalqın həyatı ilə əlaqəsini möhkəmləndirmək,
təhsildən yayınma hallarının qarşısına
sipər çəkmək və s. məsələlər
haqqında 1918-1920-ci illərdə "Azərbaycan",
"Azerbaydjan" və digər mətbuat orqanlarında
düşündürən, istiqamətləndirən,
polemikaya meydan açan yazılarla çıxış etmək
onun ömür kitabının hələ mükəmməl
öyrənilməmiş səhifələrindəndir.
Mahir polemistin 1918-ci ildə Lənkəranda
qızlar məktəbi açılmasının zəruriliyinə,
onların təhsilə, kitaba, Vətənimizin dini və
dünyəvi dəyərlər sərvətinə yiyələnməsinin
vacibliyinə, baxımsız qalan xəstələrin
dünyasını vaxtsız dəyişməsinə və
s. aktual məsələlərə həsr etdiyi məqalələri
(Azerbaydjan, 1918, 6 noyabr, 7 dekabr) həmvətənləri
arasında böyük rezonans doğurmuş, müstəqil
Azərbaycan Cümhuriyyətinin ilk zəng səsləri kimi əks-səda
vermişdi.
Bölgə və ölkə
problemləri ilə əlaqədar mövzulara qoşa qanad
kimi müraciət edən, qələminə, əqidəsinə,
Vətəninə və vətənpərvər mövqeyinə
ömrü boyu sadiq qalan müəllifin ölməz irsindən
belə nəticə çıxır ki, xoşbəxtlik yolu
kitab və mətbuatdan, məktəb və şəxsi təhsildən,
ağılla biliyin vəhdətindən və əməyə
şərəfli münasibətdən keçir. Məqalə,
oçerk və s. yazılarında tarixçi, etnoqraf,
diyarşünas, Azərbaycanşünas, icmalçı, tənqidçi,
pedaqoq, yenilikçi (layihəçi), folklorşünas, təbib,
publisist kimi çıxış edən bu məhsuldar qələm
sahibi keçmişdən də, yaşadığı
dövrdən də yazanda qələmə aldığı
mövzulara gələcəyin tələbi ilə baxmağı
bacaran ziyalı idi. O, çox yazır, tez-tez çap olunurdu.
Belə hesab edirdi ki, zaman öz axarı ilə gedir, gerilikdən
sovuşmağa, gələcəyə qovuşmağa tələsir,
biz isə zamanın nəbzini tutmağa, onun dünəni, bu
günü, sabahı haqqında yazmağa, müasirlərimizi
məlumatlandırmağa gecikirik və gecikdikcə əzab
çəkirik… Qələm onun dərdlərini,
əzablarını dən kimi üyüdən dəyirman
idi. Qələmindən mötəbər əl
yapışsa da, onların hər ikisini əl sahibinin
müdrik ağlı idarə edirdi.
Erməni və rus mənşəli
Avetisov, İlyaşeviç kimi insan qatillərinin ətrafında
birləşmiş azğın bolşevik hərbiçilərinin
soyğunçuluq, qarətçilik, mal-qara oğurluğu,
namus təcavüzü ilə məşğul olmasına,
ölüm saçan silahlarla müstəqil Azərbaycan Xalq
Cümhuriyyətinə meydan oxumasına və s. neqativ hallara,
xəyanətlərə və cinayətlərə
qarşı qələmi ilə ardıcıl mübarizə
aparan (Azerbaydjan, 1918, 10, 15 noyabr, 6 dekabr) T.Bayraməlibəyov
"Lənkəranlıların fəryadı" kimi
neçə-neçə məqaləsi (Azerbaydjan, 1919, 18
may) ilə həyəcan təbili çalmışdır.
Öz xoşbəxtliyini, hegemon dövlətçiliyini
başqa xalqların "bədbəxtliyi üzərində
quran Sovet hökumətinin hiyləgər" siyasətini pisləyən
Teymur bəyin çap etdirdiyi çoxsaylı məqalə, məktub,
xəbər və Azərbaycan Nazirlər Kabinetinə (baş
nazir f.X.Xoyskiyə) ünvanladığı ərizələrində
müstəqil Azərbaycan Cümhuriyyətinin tərəfdarı,
bolşevizmin əleyhdarı kimi çıxış etməsi
onun yorulmaz qələm sahibi, alovlu publisist, mübariz vətənpərvər,
polad iradə və dönməz əqidə sahibi olduğunu
aydın əks etdirir.
Azərbaycanın şəhər
və kəndlərində ermənilərin törətdiyi vəhşilikləri,
Nuru Paşanın başçılıq etdiyi qəhrəman
türk ordusunun kitablara sığmayan hünərini, XI ordunun
Azərbaycan xalqının qanına susadığını və
s. tarixi hadisələri gözü ilə görmüş
Teymur bəy Bayraməlibəyovun sonuncu yaradıcılıq
dövrünün qələm təcrübələrindən
kitabda yalnız "Lənkəran keçmişdə"
tarixi, coğrafi, iqtisadi, etnoqrafik əsəri daxil
edilmişdir (s.58-137). E.Cavadovanın qənaətinə
görə, 1930-32-ci illərdə tamamlanmış bu əsərdən
əvvəlki və sonrakı illərdə müəllif
xeyli aktual mövzulara müraciət etsə də, onların
böyük bir qismi 1935-ci ildə qələmə
aldığı "Maştağa kəndində xəstələrin
müalicə üsulları", həmin ildə oktyabrın
12-də yazdığı "Behcət" fars-türk məktəbi
haqqında qeydlər və s. yazılar kimi hələ də
bağlı qovluqlarda qalmaqdadır. Kitab müəllifinin daha
bir qənaətinə görə, Azərbaycan xalqına layiq
5 oğul, 4 qız atası və zəngin irs sahibi olmuş
T.Bayraməlibəyovun yaradıcılıq mərhələlərinin
ayrı-ayrı dövrlərini təmsil edən mətbu və
qeyri-mətbu irsini toplayıb 2-3 cildlik "Seçilmiş əsərləri"ni
nəşrə hazırlamaq onun yaxınlaşmaqda olan 150
illik yubileyinə (2012) ən yaxşı hədiyyə olar. İnamla demək olar ki, belə bir təşəbbüs
baş tutarsa, görkəmli jurnalist və maarif xadiminin xarici
nəşrlərdə (məsələn, 1910-cu ildə Parisdə
rus dilində çıxmış "Musulmanin"
jurnalında) yer almış məqalə və məktublarını
da üzə çıxarmağa təkan verə bilər.
Bizcə, dəqiqləşdirmə
tələb edən bir neçə faktın da üstündən
sükutla keçmək olmaz. V.Pottonun 1886-1887-ci illərdə
Sankt-Peterburqda rus dilində çıxmış dörd
cildlik "Qafqaz müharibələri…" kitabından öz
əsərlərində istifadə etdiyini yazan T.Bayraməlibəyovun
əsərinin sonundakı "1 sentyabr 1885-ci il" qeydini həmin
nüsxənin tamamlanma tarixi, yaxud yazılma tarixinin
başlanğıcı olduğu haqqında düşünərkən
Pottonun kitabından seçdiyi nümunələri Teymur bəyin
öz əsərinə sonradan əlavə etməsi
ehtimalı da nəzərdən
qaçırılmamalıdır. "Molla Nəsrəddin"
jurnalının Lənkəranda bir neçə müxbiri
olduğu kimi, "Kaspi", "Azərbaycan",
"Azerbaydjan" və s. mətbuat orqanlarının da orada
T.Bayraməlibəyovdan başqa digər müxbirləri ola
bilərdi. Odur ki, "Lənkərandan. Xüsusi müxbirimiz" imzası ilə həmin qəzetlərdə
dərc olunmuş məqalə, məlumat və xəbərlərin
hamısını T.Bayraməlibəyova aid etməyin nə dərəcədə
doğru olduğu gələcəkdə bir də götür-qoy
edilməlidir. 1918-1920-ci illərdə Lənkərandan
Bakıya göndərilən müxbir məktublarının
da 1918-ci ildə ailəsi ilə Bakıya
köçmüş T.Bayraməlibəyova şamil edilməsi
belə bir sual doğurur ki, Bakıda yaşayan və işləyən
Teymur bəyin Lənkərandan Bakıya məktub-məqalə
göndərməsi nə dərəcədə
ağlabatandır?
Bu kimi qeydlərə
baxmayaraq, tanınmış şərqşünas-mətnşünas
alim, filologiya elmləri doktoru A.Ş.Musayevanın elmi
redaktorluğu, tarix elmləri doktoru N.M.Quliyevanın və
tarix elmləri namizədi T.S.Şahbazovun rəyi ilə
yüksək poliqrafik səviyyədə işıq
üzü görmüş bu monoqrafiya təkcə onların
və tarixçi alim E.Cavadovanın yox, həm də T.Bayraməlibəyovun
unudulmuş irsinə unudulmaz qayğı baxımından AMEA
RƏİ-nun təqdirəlayiq xidməti kimi yüksək dəyərə
malikdir.
İmaməddin ZƏKİYEV
Ədəbiyyat qəzeti.- 2010.- 6 avqust.- S.6.