Ötəridə əbədiyyət
Həyatın gündəlik məsələlərini əks etmək, bu gün, bu saat baş vermiş əhvalatları və ictimai fikrin ən yeni cərəyanlarını isti-isti oxuculara çatdırmaq yarandığı gündən indiyə kimi qəzetlərin əməldə də, idealda da ən vacib vəzifəsi sayılır. Bu keyfiyyət çox zaman hətta onların dəyərini, əhəmiyyətini də müəyyən edir. Təbiəti etibarilə carilikdən, ötərilikdən daha artıq gələcəyə, sabahkı günə, əbədiliyə meyl edən ədəbiyyat və incəsənət əsərləri də həyatın, zamanın gündəlik axınında, arasıkəsilməz hərəkətində yarandığından bu sahələrə həsr olunmuş mətbuat orqanlarında, səhifələrində biz bu və ya digər dərəcədə mütləq zamanın, bu günün nəfəsini duymalı oluruq. Məhz buna görə də onlar vaxt keçdikcə, illər ötdükcə bədii fikrin salnaməsi olur, onun hərəkətinin, keçdiyi yolların aynasına çevrilir.
Bu cəhətdən bizim əvvəlcə "Ədəbiyyat qəzetəsi", bir müddət sonra isə "Ədəbiyyat və incəsənət" adı altında çap olunmağa başlamış qəzetimiz son yarım əsrdə ədəbi-estetik fikrimizin inkişafının, yüksəlişinin, keçdiyi yolların parlaq güzgüsü olmuşdur. Çoxlu yaradıcı qüvvələrin, bir neçə yazıçı, rəssam, bəstəkar, teatr nəsillərinin canlı bədii axtarışları, parlaq müvəffəqiyyətləri, çətinlikləri, uğursuzluqları, işıqlı, dərin, mənalı ədəbi, estetik, fəlsəfi fikirləri, bəzən yuvarlandıqları yanlış, sürüşkən yollar qəzetimizin səhifələrində həkk olub qalmışdır.
Bütün bu illər ərzində qəzet ədəbiyyat və incəsənətimizin mübariz tribunası olmuşdur. Bədii fikrin inkişafına qüdrətli təkan vermiş, yüksək keyfiyyətli yeni əsərlərin yaranması uğrunda mübarizəni gücləndirmiş, sənət adamlarına həssas kömək göstərmiş, faydalı, ağıllı məsləhət vermişdir. O, məhəbbətlə, hərarətlə yanaşı, uğurlu əsərləri qaldırmış, mənaca kasıb, bədii cəhətdən sönük əsərləri tənqid etməklə yaradıcıların diqqətini hər bir milli ədəbiyyatın siqlətini artıran, ümumbəşər sənəti xəzinəsinə hədiyyəsi olan böyük əsərlər yaratmağa cəlb etmişdir.
...Mən həmişə bu əqidədə olmuşam ki, maddi və mənəvi sərvətlər inkişafının ən vacib şərtlərindən biri xalqın əsrlər uzunu toplanmış təcrübəsinə, zamanın sınaqlarından çıxmış böyük ənənələrə əsaslanmaqdır, onlardan qidalanmaqdır. Azərbaycan ədəbiyyatı və incəsənətinin tarixin dərinlərinə kök atmış bu cür ənənələri Xaqani, Nizami, Əcəmi Naxçıvani kimi dühaların yaratdığı qranit bünövrə üstündə ucalmışdır və bizim qəzetimiz illər boyu bu böyük irsi öyrənmək, onu düzgün qiymətləndirmək kimi şərəfli işdə az əmək sərf etməmişdir.
Əlbəttə, bu mürəkkəb sahə indi də böyük diqqətə möhtacdır. Çünki bizim həyatımız, mədəniyyətimiz, mənəvi aləmimiz, klassik irsimiz... bir çox təzyiqlərə məruz qalmış, ağlabatmaz yalanlar, uydurmalar, qeyri-elmi "rəylər" və "fikirlər"lə qiymətləndirilmişdir. Təəssüf ki, bu eybəcər təsəvvürlər də "ənənə" şəkli almış və bir çox alimlərin beynində indi də yaşayır.
Məsələn, Nizami, Xaqani, Nəsimi kimi intibah və humanizm dövrünün nəhəngləri barədə gah bu, gah da digər kitab və məqalələrdə bu eybəcər, elmi fikrə tamamilə zidd orta əsr uydurmalarına indi də rast gəlmək olur. Uzağa getməyək: Nizaminin "Leyli və Məcnun" dastanında Şirvanşahın məktubundakı "türkane süxən, türkane süfət" ifadələri ilə əlaqədar misralar şairin vətənpərvərlik fikirləri ilə doludur. Bu fikirləri azdırmaq, onları Mahmud Qəznəvi və Firdovsi əhvalatı ilə bağlamaq, şairin öz ana dilinə qarşı təhqiranə münasibətdən qəzəblənməsinə göz yummaq meyllərini xatırlamaq kifayətdir ki, çürük uydurmaların "ənənə"yə çevrildiyini görəsən. Bu cür "ənənə"lərin antielmi və xalqa, həqiqətə zidd mahiyyətini yeri gəldikcə xatırlatmaq, tənqid etmək qəzetimizin şərəfli işidir.
...Əlli yaşını qeyd edən qəzetimizə, onun əməkdaşlarına və geniş yaradıcı müəlliflərinə yeni uğurlar olsun!
Mirzə İbrahimov
Ədəbiyyat qəzeti.- 2010.- 6 avqust.- S.3.