Dilimiz-diriliyimiz

        

Səkkiz ildir ki, avqust ayının ilk günü xalqımızın ictimai-mədəni həyatında çox əlamətdar tarixi bir hadisə kimi geniş qeyd olunur.

Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanı ilə 2002-ci ildən etibarən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Həmin tarixi sənəddə göstərildiyi kimi qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir.

Həmin tarixi fərmanda oxuyuruq: "Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi".

Azərbaycan dili və əlifbası gününü haqlı bir qürurla qeyd etdiyimiz indiki vaxtda doğma dilimizin, ədəbiyyatımızın taleyi üçün neçə əsrdən üzü bəri bütün varlığını, ürəklərinin hərarətini həsr eləmiş böyük sənətkarlarımızı, ədəbiyyatımızın taleyi naminə vaxtilə ağır repressiya dövründə həyatını qurban vermiş görkəmli qələm sahiblərimizi dərin hörmət və ehtiramla yad etməyə borcluyuq.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 6 avqust.- S.1.