Xalqın yaşatdığı - xalqı yaşadan dil: Ana dili

  

"Ey mənim xalqım, ey mənim ümidim pənahım! Ürəyimin istiliyi səndəndir. Fikrim işığını səndən alır. Həyatımın hər yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Gözəl binalar üçün mənə daş yonduran sənin eşqindir. Yolların kənarında ağac əkdirən, səhralara su gətirdən, yerin altını eşib sərvət tapdıran, çöllərdə məhsul yetirmək həvəsimi alovlandıran, qolumdan tutub "Yaz!" deyən sənsən. Alçaq əllər məni uçuruma itələyəndə dadıma sən çatmısan, amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan".

Gətirdiyimiz bu misal Mirzə İbrahimovun "Böyük dayaq" romanındandır.

Bizcə, romanın adı da bu sözlərdən doğmuşdur müəllif yuxarıda misal gətirdiyimiz sözlərlə oxucusuna demək istəyir ki, hər kəsin ən böyük dayağı tək-tək adamlar deyil, mənsub olduğu xalqdır. Vay o adamın halına ki, öz xalqından ayrı düşə, onun ruhuna, onun mənəviyyatına, dilinə tarixinə biganə ola.

Bizim fikrimizcə, "Böyük dayaq" romanında müəllifin qarşıya qoyduğu birinci fikir budur.

 

 

Bəxtiyar VAHABZADƏ

 

Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

 

***

 

Türki bir çeşmə isə, mən onu dərya elədim,

Bir soyuq mərəkəni məhşəri-kübra elədim.

 

...Hər qalmışdı keçənlərdən ona bal pətəyi, -

Əridib mumlu balın şəhdi-müsəffa elədim.

 

...Türki, vallah, analar oxşarı laylay dilidir, -

Dərdimi mən bu dəva ilə müdava elədim.

 

 

ŞƏHRIYAR

 

Ədəbiyyat qəzeti.- 2010.- 6 avqust.- S.3.