Azərbaycan Yazıçılar Birliyində moskvalı ədiblərlə görüş oldu

     

  Avqustun 2-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Moskva Yazıçılar İttifaqının (MYİ) nümayəndələri ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, hər iki tərəfdən tanınmış ədəbiyyat xadimlərinin iştirak etdikləri görüşdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar qonaqları səmimi salamlamış, tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır.

MYİ-nin katibi Lola Zvonaryova iki ölkə yazarlarının ədəbi əlaqələrindən, "Literaturnıe znakomstva" ("Ədəbi tanışlıqlar") jurnalında müasir azərbaycanlı yazıçı və şairlərin əsərlərinə yer ayrılmasından, jurnalın Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi nömrəsindən söhbət açmış, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Bakıya ilk dəfə gəldiyini deyən şair-tərcüməçi Qriqori Pevtsov şəhərin gözəlliyinə, azərbaycanlıların qonaqpərvərliyinə heyran olduğunu bildirmiş, fransız və rus dillərində şeirlər səsləndirmişdir.

AYB-nin ədəbiyyat fondunun sədri Nazim İbrahimov, şair-tərcüməçi Səyavuş Məmmədzadə, Hollandiyada yaşayıb-yaradan Gülşən Lətifxan və başqaları Azərbaycan ədiblərinin ədəbiyyatımızı dünya səviyyəsində uğurla təmsil etməsindən, illərin sınağından çıxmış Azərbaycan-Rusiya ədəbi əlaqələrinin dərinləşməsinin vacibliyindən danışmışlar.

Sonra L.Zvonaryova "Zvezda poley-2010" beynəlxalq poeziya müsabiqəsinin qalibi olmuş azərbaycanlı yazarlara diplom təqdim etmişdir.

Görüşdə Azərbaycan-Rusiya ədəbi əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri sahəsində geniş fikir mübadiləsi aparılmış, MYİ-nin hazırladığı birgə ədəbi layihə ilə bağlı məsələlər müzakirə edilmişdır.

Sonda rusiyalı qonaqlar səmimi görüş üçün minnətdarlıqlarını bildirmişlər.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 6 avqust.- S.4.