Sonu görünməyən
görüş...
İmam Daşdəmir oğlu
Mustafayev respublikamızın ictimai-elmi-siyasi həyatında
xüsusi mövqeyi olan bir şəxsiyyətdir. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin sərəncamına
uyğun olaraq böyük alimin və ictimai xadimin 100 illik
yubileyi ölkəmizdə geniş qeyd edilir.
İmam Mustafayev elə məşhur simalardandır ki, onun haqqında təkcə iş və sənət dostları deyil, demək olar hər sahəyə məxsus adamların, hətta xüsusən hər bir azərbaycanlının deməyə ürək sözü vardır.
Haqlı fikirdir ki, "Ürəkdən gəlməyən söz ürəkləri incidir". Ürəkdən gəlməyən münasibətlər də ürəklərdə yer tapa bilməz.
Tale elə gətirib ki, uzaq, lakin qaynar bir kənd mühitində 50-ci illərin əvvəllərində İmam Mustafayev adı mənim şəxsimdə bir yeniyetmənin ürəyində, fikrində özünə yuva sala bilib.
İllər keçdikcə - böyüdükcə, başa düşdükcə, bu ad mənə daha əziz, daha doğma oldu.
Hər kəsin həyatında yaxınların-uzaqların müəyyən təsiri təbiidir. Ancaq bu təsir - kömək nadir hallarda həlledici olur. Məsələ bundadır ki, atam müharibəyə yola düşəndə qardaşımı əmimə, məni dayıma (daha doğrusu, anamın dayısına, - anam bacısız-qardaşsız olduğundan onun dili ilə çağırırdıq) tapşırmışdı.
Dayım Dünyamalı Əhmədalı oğlu Məmmədovun təhsili olmasa da, fitrətən o dərəcədə fəal və işgüzar idi ki, çox çəkmədi o zamankı Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində Mir Cəfər Bağırov adına kolxozun sədri oldu. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü.
Dünyamalı Əhmədalı oğlu barədə M.C.Bağırov bir dəfə demişdi: Səndə elə inam var ki, daşın da üstündə əksən, bitər!
Elə bilirəm, bu qənaət özü çox şey demiş olur. Ancaq çox çəkmədi rayonun bir sıra qabaqcıl kolxoz sədrlərini, o cümlədən də dayımı görünür, işə çox can yandırdığına görə, necə deyərlər, "özünü yandırdılar". Hətta həbs etdilər.
Onun kənddən xeyli aralı rayon mərkəzində keçirilən məhkəməsində anamgillə bərabər hər dəfə əvvəldən-axıra iştirak etmişəm. Dayımın hakimə verdiyi məntiqli, cəsarətli cavablar yaddaşıma həkk olub qalıb. Ancaq məntiqə baxan yox idi.
Hər dəfə məhkəmədən sonra axşam evə yorğun-arğın gəlib çıxanda anamgilin haqsızlığa necə yanıb-yaxıldıqlarını, səhərə kimi öz-özləri ilə danışdıqlarını unutmaq qeyri-mümkündür. Həqiqətən dağın dözə bilmədiyinə insan dözərmiş!..
Tarixin çarxı dayanmadı. Stalin öldü… İmam Daşdəmir oğlu Azərbaycan KP MK-nın birinci katibi seçildi.
İmam Mustafayevin adını dayımdan çox eşitmişdim. Onu vicdanlı, işini gözəl bilən, respublikanın təsərrüfat adamlarını çox yaxşı tanıyan və qiymətləndirən sədaqətli insan kimi dəyərləndirirdi.
Belə əsl sınaq zamanında çarəsiz qalmış, savadsız, ancaq qardaşının taleyi üçün canını da əsirgəməyən nənəm Zəri Əhmədalı qızı İmam Mustafayevin qəbuluna düşə bilmişdi.
Nənəm qardaşının haqsız yerə həbs olunduğunu deyib, əlində vəkil verən sənədlər İmam Mustafayevin ayağına əyilib yaylıq atarkən, İmam Daşdəmir oğlu onu dərhal ayağa qaldırmış və demişdi:
- Bacı, mən
Dünyamalını çox yaxşı
tanıyıram. O, azad olunacaq!..
Elə də oldu. O böyük
insanın böyük
məhəbbəti bütün
ailəmizin, - eləcə
də mənim, - ürəyimizə doldu və ömürlük qaldı…
İmam Mustafayev dayıma əzəlki münasibətinə
sadiq qalaraq onu rayonun ən
geridə qalmış
kolxozlarından birinə
"otuzminçi" kimi
sədr göndərdi. Dünyamalı Əhmədalı oğlu
öz xarakterinə və ona etibar
edən şəxsə
sadiq qalaraq kalxozlar içində axırıncını birinci
yerə gətirdi.
Ancaq neyləmək olar, yenə ardınca deyib-danışanlar tapıldı. Çox
təəssüf ki, dünyada yamanlar yaxşılardan çoxdur.
Bəlkə də yaxşılar az olduqlarına görədir
ki, xalqın gözündə çox
qiymətli görünürlər.
Məşhur misrada deyildiyi kimi: "Az olsa bir
mətah, el ona çox bəha verər!.."
"Deyib-danışmaq"
xəstələrinin - "ustalarının" narahatlığının
səbəblərini öyrənmək,
müvafiq tədbir görmək üçün
İmam Daşdəmir
oğlu özü həmin kolxoza gedir və nə
lazımsa edir.
Bütün bunlar mənim gözümdə
həm sehirli bir yuxu kimi,
həm də çox mənalı bir dərs kimi
zaman-zaman canlanıb və düşündürüb.
"Dünyada
heç nə itmir - istər maddi, istər mənəvi - ancaq şəklini dəyişir"
- deyənlər haqlıdı.
İllər keçdi.
Ancaq bu illər yeniyetmə vaxtımdan mənə rahatlıq verməyən xeyirxah duyğuları nəinki unutdurmadı, daha artıq xatırlatdı, xeyirxahlıqdakı
cazibənin sirrini dərk etməyə həvəsləndirdi. Elə
oldu ki, bir gün İmam
Daşdəmir oğlu
"Ədəbiyyat qəzeti"nə
təşrif gətirdi.
Baş redaktor Nəriman müəllim məni otağına çağıranda İmam
Mustafayevlə görüş
qismətinin mənim üçün nə demək olduğunu özü də bilmirdi. Birgə şəklimiz çəkildi.
Belə qərara gəldim ki, ürəyimdə düyün
bağlayan sözləri
daha münasib vaxtda İmam müəllimə deyərəm.
Bir müddət sonra - 1997-ci il yanvarın axırlarında
Azərbaycan Dövlət
Akademik Dram Teatrında
xalq yazıçısı
Elçinin yeni
"Ah,
Yuxarıda dediyim həqiqətləri yəqin
oxşar taleli neçə-neçə başqaları
kimi, bizim ailənin də pənahı olmuş bu böyük, xeyirxah insana danışdım. İmam
müəllimin simasındakı
o fərəhi, sevinci
heç vaxt unuda bilmərəm. Mənə elə gəldi insan özgəsinə göstərdiyi
təmənnasız yaxşılığın,
ədalətli münasibətin
necə unudulmaz olduğunu belə təsadüfən bütün
səmimiliyi ilə şəxsən eşidərkən-görərkən
bu qədər fərəhli və qürurlu ola bilərmiş!..
İmam Mustafayevin
Dünyamalı Əhmədalı
oğlu barədə söylədiyi yüksək
fikirlər mənim üçün hər şey demək idi. Onun özünə
xas, necə deyərlər, hökmlü
və açıq ürəkli, yeri gələndə xalq yumoru ilə şirinləşmiş danışığı
indi də qulağımda səslənir.
Bu sözlər ona məxsusdur:
- Dünyamalıdan
şikayət gələn
kolxoza özüm yolumu saldım. Hazırlanmış bir neçə nəfər daha dözə bilmədiklərini deyib, əyləşdiyim maşının
çarxı altına
atıldılar. Sürücüyə:
"Sür!..." - dedim.
Sürücü ayağını
qaza basan kimi, həmin öyrədilənlər çarxların
altından dovşan kol dibindən qaçan kimi qaçdılar!..
Doğrudan da, haqq nazilir, üzülmür.
Ürəyi mərhəmətli
olduğu qədər
xaraktercə möhkəm
İmam Daşdəmir
oğlu ilə görüşüb ayrılarkən
yaxınlarda geniş bir söhbət vədi ilə xudahafizləşdik.
Sən demə
bu, son görüş
imiş.
Amma əslində
elə bilirəm sonu görünməyən
görüş imiş…
Ayaz VƏFALI
12.08.2010
Ədəbiyyat qəzeti.- 2010.- 13 avqust.- S.2.