Bəkir Nəbiyev - 80
Sözün işığı
2010-cu il avqustun 21-də
çağdaş dövrün aparıcı ədəbiyyatşünaslarından
biri, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi,
Azərbaycan Respublikası Dövlət mükafatı
laureatı Bəkir Nəbiyevin 80 yaşı tamam olur. Bu
əlamətdar günü layiqincə qarşılamağa
can atan ziyalılar, öz təbriklərini müxtəlif
üsullarla yubilyara çatdırmağa
çalışırlar. Bunlardan biri də akademik Bəkir Nəbiyevin
yetirmələrindən olan AMEA-nın müxbir üzvü,
Azərbaycan Respublikası Dövlət Mükafatı
laureatı Teymur Kərimlidir. Onun ustadın yubileyinə həsr
etdiyi esse-tədqiqat janrında yazılmış "Gözəllərin
axıra qalmışı" adlı kitabı bu günlərdə
"Çaşıoğlu" nəşriyyatında
işıq üzü görəcək.
Aşağıda həmin kitabdan
bir parçanı cüzi ixtisarla təqdim edirik.
Akademik Bəkir Nəbiyev
son dövrlərdə gənclik həvəsi və qabiliyyəti
ilə qələmə aldığı əsərlərdən
birini sözün işıq saçmaq qabiliyyətinə
işarə ilə adlandırıb: "Nəsimi kəlamının
işığında".
Elmi yaradıcılığının əsas araşdırma obyektini XX əsr ədəbiyyatının təşkil etməsinə baxmayaraq, Bəkir müəllim bütövlükdə Azərbaycan ədəbiyyatının bilicisi kimi, istənilən dövrdən, istənilən klassikdən və istənilən problemdən yazmaq potensialına malikdir. Çünki o, əsas etibarilə renessans tipli bir ədəbiyyatşünas-alimdir və bu kateqoriyaya mənsub olan araşdırıcılar üçün ədəbi dövrlər və şəxsiyyətlər, eləcə də ədəbiyyatın taleyüklü problemlərinin çözülməsi meydanı baxımından qoruq-qaytaq yoxdur. Bu gün gənc şairin uğurlarını ədəbi tənqidin prizmasından dəyərləndirən alim, sabah əsrlərin sınağından çıxmış bir klassikin əsərlərinin bu günümüz üçün hansı dəyərləri daşıdığını da özünəxas elmi səriştə ilə yeni bir baxış bucağından dəyərləndirə bilər.
Bəkir Nəbiyevin beşcildlik "Seçilmiş əsərləri"nin, yəni ədəbiyyatşünaslıq "Xəmsə"sinin birinci cildi, elə böyük Nizaminin "Sirlər xəzinəsi"ndə olduğu kimi, 20 məqalətdən ibarətdir.
Bu, bir təsadüfmüdür? Yoxsa düşünülmüş bir addımdır? Hər halda təsadüf olmaz. Çox güman ki, bu, klassik ədəbi-mədəni irsimizin gözəl bilicisi və sevicisi akademik Bəkir Nəbiyevin Nizami "Xəmsə"sinə qarşı duyduğu sevgi və ehtiramın gözəl bir göstəricisidir.
Bəkir Nəbiyevin bu cilddə "Kitabi-Dədə Qorqud", Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsirəddin Tusi, Yunus İmrə, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Hacı Rza Sərraf və başqa klassik şairlərimiz haqqında apardığı araşdırmalar, problemin dərindən öyrənilməsi, klassik poeziyaya orijinal yanaşma tərzi və verilən qiymətlərin elmiliyi ilə diqqəti çəkir. Məsələn, 1991-ci ildə böyük mütəfəkkir şairin anadan olmasının 850 illiyi münasibətilə qələmə alınmış "Nizami və Gəncə" məqaləsində Bəkir Nəbiyev bu böyük klassikin təkcə Azərbaycan ədəbiyyatı tarixində deyil, bütövlükdə bəşər mədəniyyəti tarixindəki yerini və rolunu çox yığcam şəkildə aşağıdakı kimi ifadə etməyə nail olmuşdur:
"Orta əsrlərin Azərbaycan renessansı poeziya günəşi, dahi şair Nizami Gəncəvinin adı ilə qırılmaz tellərlə bağlıdır. Onun yaradıcılığı həqiqətən ensiklopedik xarakter daşıyır. Şair bir sıra elmlərin və incəsənətlərin nailiyyətlərini öz poeziyasında yüksək bədii səviyyədə təcəssüm etdirmişdir. Lakin Nizami yaradıcılığını fərqləndirən başlıca cəhətlər - müdriklik ziyası, insana məhəbbət, onun zəruri mənəvi ehtiyaclarına qayğı, bütün xalqları azad və xoşbəxt görmək arzusu olmasaydı, bu biliklər cansız, təsirsiz qalardı."
Bəkir Nəbiyevin bir tədqiqatçı kimi fərqləndirici cəhətlərindən biri də budur ki, o, bir növ özü də mətnə köklənərək ona çevrilməyi, mətnin içərisində yaşamağı və elə o yaşadığı yerdən - mətnin daxilindən o gözəllikləri təsvir etməyi, necə deyərlər, "canlı reportaj" aparmağı bacarır. Bu, bir tərəfdən, Bəkir Nəbiyevin şair təbiətli bir insan olmasından, ötə yandan isə onun doğrudan da peşəkar bir jurnalist kimi bədii publisistika ilə elmi araşdırmanı üzvi şəkildə birləşdirə bilmək qabiliyyətindən irəli gəlir. Örnək üçün yuxarıdakı məqalənin bir epizoduna nəzər salaq: "Hərdən elə bilirəm ki, XII əsrdəyəm və öz əlilə əkdiyi güllərin ətir saçdığı həyət bağçasında şairin yeni şeirlərinə qulaq asan əzizləri, sevimli ömür-gün yoldaşı Afaq, gözünün işığı oğlu Məhəmmədlə dövrə vurub onun öz şirin dilindən saçılan peyğəmbər kəlamına diqqət kəsilmişəm. Bəzən də bu misraları təkrar edə-edə xəyala dalır və düşünürəm ki, sözün mistik mənasında yox, məcazi mənasında ruh deyilən şey mövcuddur və çox ola bilər ki, böyük Nizaminin şair ruhu nəsillərin ona, sənətinə ehtiramından riqqətə gələrək bu gün yeni Gəncənin küçələrində dolaşır və istedadının pərəstişkarlarının bu qədirşünas əməllərinə nəzər salıb fərəhlənir."
2005-ci ildə qələmə alınmış "Klassik poeziya və islami dəyərlər" adlı sanballı məqaləsində də biz Tanrı tanıyan bir alimin sağlam elmi düşüncə və ciddi analitik təhlilin yardımı ilə iman əhli olan klassik şairlərimizin dinə münasibətini və dini dəyərləri təbliğ fəaliyyətini çağdaş oxucunun anlayacağı bir dildə, inandırıcı fakt və mülahizələrlə təqdim etməyə nail olduğunu görməkdəyik.
İslami dəyərlərin, xüsusən islamın müqəddəs ilahi kitabı "Qurani-Kərim"in təkcə islam ölkələrinin ədəbiyyatına deyil, ümumilikdə dünya ədəbiyyatına dərin təsir göstərdiyini qeyd edən araşdırıcı, böyük alman ədibi İohann Volfqanq Höte, böyük rus şairi Aleksandr Sergeyeviç Puşkin, eləcə də Azərbaycan klassik ədəbiyyatının aparıcı simaları olan Nizami Gəncəvi, Məhəmməd füzuli, XIX-XX əsrin əvvəllərində Seyid Əzim Şirvani, Hacı Rza Sərraf, Əbülhəsən Raci, Mirzə Məhəmmədtağı Qumri, Dəxil, Dilsuz və başqa şairlərin, çağdaş dövrdə isə Nəbi Xəzri və Zəlimxan Yaqub kimi Tanrı sevgili, Peyğəmbər istəkli imanlı şairlərin yaradıcılığı əsasında öz fikirlərinin əyani təsdiqini təqdim etmişdir. Xüsusən Bəkir Nəbiyevin füzuli yaradıcılığı ilə bağlı apardığı dərin elmi ümumiləşdirmələr diqqəti çəkir. "Hədiqətüs-süəda" əsərini bir tərcümə örnəyi kimi deyil, orijinal ədəbi hadisə kimi yüksək qiymətləndirən alimin öz sözlərinə müraciət edirəm:
"Füzulinin bir sənətkar kimi ən böyük nailiyyəti, bizim fikirimizcə, Kərbəla hadisəsinin yalnız bir regionda və yalnız müsəlmanlığın yox, bütün dünyada insanlığın faciəsi kimi yüksək bədii səviyyədə mənalandıra və səsləndirə bilməsindədir."
Akademik Bəkir Nəbiyevin klassik irs haqqındakı araşdırmalarına xas olan üstün cəhətlərdən biri də, klassikanın müasirliyini üzə çıxarıb qiymətləndirməsi, klassik irsə çağdaş cəmiyyətin və dövlətin problemlərinin həlli baxımından dəyər verməsidir. "Füzuli haqqında üç yarpaq söz" adlı sanballı məqaləsinin yekunu bu baxımdan o qədər səciyyəvi və uğurludur ki, oradan bir sitatı verməkdən özümü saxlaya bilmədim. 1994-cü ildə qələmə alınmış bu məqalə aşağıdakı abzaslarla bitir:
"Təqribən 450 il bundan əvvəl füzuli yazmışdır: "Mənim doğulduğum və yaşadığım yer İraqi-ərəbdir ki, xaraba bir ölkədir. Bura elə bir bağdır ki, xuraman sərvləri səmum küləyinin qasırğalarına sinə gərib; açılmamış qönçələri isə məzlum şəhid qəbirlərinin qübbələridir. Bura elə bir zövq məclisidir ki, şərabı parçalanmış ciyərlərin qanı, nəğmələri avarə qəriblərin naləsidir. Nə möhnət artıran səhrasında rahatlıq nəsimi əsir, nə də bəlalarla dolu çölündə dərd tozlarını yatıra biləcək ümid buludları görünür."
Hər cümləsindən, hər kəlməsindən kədər yağan, qəm daman bu sözlər sanki 450 il əvvəlki İraqdan daha çox bugünkü Azərbaycan haqqında deyilmişdir.
Füzulinin baba yurdu olan Azərbaycan da bu gün böyük tarixi sınaqlara məruz qalmışdır. Nankor qonşu Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının beşdə biri işğal edilmişdir. Sayı milyonu keçmiş qaçqınlarımız doğma ev-eşiyindən, yurd-yuvasından didərgin vəziyyətdə, ağır məhrumiyyətlər içində; əksəriyyəti çadır düşərgələrdə yaşayırlar. Açılmamış qönçələri andıran məzlum şəhid qəbirlərinin qübbələri isə artıq on minlərlə hesablanır."
Vətənsevər alimin bu fəryadı, böyük patriot Mirzə Cəlil Məmmədquluzadənin düz 95 il öncə - 1909-cu il yanvarın 11-də, "Molla Nəsrəddin" jurnalının 2-ci sayında çəkdiyi fəryada necə də bənzəyir:
"Bu günlərdə İranda istibdad ilə ədalət bərk çarpışır. Yekə bir millətin dini, namusu, hüququ təhlükədədir. Köməksizlik ucundan ola bilər ədalət tərəfi basılsın. O vaxt milyonlarca məzlumun dadü fəryadı bugünkündən artıq göylərə qalxacaqdır. Bir udum suya həsrət qalıb can verən balaların, qarınları yırtılan ana-bacıların halı Kərbəla vaqiəsindən aşağı qalmayacaqdır!
Bu gün Kərbəla meydanı - Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, Vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur."
Eyni elmi məziyyətləri Bəkir Nəbiyevin klassik irs haqqındakı başqa məqalələrində və müxtəlif nüfuzlu elmi konfranslarda, simpoziumlarda, sessiyalarda etdiyi elmi məruzələrinin mətnində də aşkarlamaq mümkündür. Biz təfərrüata çox varmadan, ancaq alimin bu seriyadan olan son monoqrafik tədqiqatının, Seyid İmadəddin Nəsimi haqqında araşdırmasının üzərində diqqətimizi toplamaqla kifayətlənmək istərdik.
İnsan ruhu ilahi nurun Yer üzərinə düşmüş emanasiyası olduğu kimi, insanın ruhunun ayrılmaz atributu olan söz də bu nurdan ayrı deyildir. Özü də söz təkcə insanın təfəkkür qabiliyyətinin məhsulu deyil, həm də onun emosiyalarının ifadəsidir ki, bədii söz bunun ən yaxşı gerçəklik növüdür. Yəqin bu səbəbdəndir ki, "kəlamın işığı" deyərkən Bəkir Nəbiyev hər şeydən öncə, işıqlı şəxsiyyətin ifadə etdiyi işıqlı poetik sözü nəzərdə tutur və Nəsimi poeziyasında da bu işığı ayırd edərək araşdırma obyektinə çevirir.
Akademik Bəkir Nəbiyevin 2008-ci ilin noyabrında Hələb şəhərində keçirilən Beynəlxalq elmi konfransda etdiyi məruzə "Azərbaycan şerinin Nəsimi zirvəsi" adlanır. Ancaq 15 səhifəlik bu məruzənin və səfər qeydlərinin əsasında məzmunca sanballı, formaca miniatür bir monoqrafiya hazırlamasaydı, Bəkir Nəbiyev də Bəkir Nəbiyev olmazdı.
Xarakterindəki səmimiyyət və ürəyiaçıqlığın gücü ilə hamını da özü kimi hesab edən, hər kəsi özünün dümdüz arşını ilə ölçən və sir-sözünü paylaşmağı sevən Bəkir müəllim, Nəsimi haqqında məruzəsini hazırlayarkən dəfələrlə bəndeyi-həqirlə də ixtilat etməyi, bu və ya başqa sözün məna çalarları haqqında fikir mübadiləsi aparmağı, bir paraları kimi qətiyyən özünə, zirvəsində durduğu elmi iyerarxiyaya əskiklik saymır, əksinə, mübahisədən qalib çıxanda uşaq kimi sevinir və gözləri gənclik ehtirası ilə parıldayırdı.
Onun hər kəsə xas olmayan bu unikal xasiyyəti, məndə həmişə qarşılıqlı səmimi duyğular və bu böyük insana qarşı hörmət hissi oyadıb.
Klassik ədəbiyyatdan, klassiklərin söz işığından aldığı gözəl sifətlərdən biri də ürəyiyumşaqlıq, mərhəmət, mürüvvət, insanları yola vermək bacarığıdır ki, bunun da gerçəkləşməsi mənim gözlərimin önündə Ədəbiyyat İnstitutunun "rəiyyəti" ilə rəftar timsalında özünü çox parlaq surətdə göstərməkdədir.
Əlbəttə, bunu demək artıqdır ki, bir direktor kimi Bəkir müəllim öz tabeliyində olanlara qətiyyən rəiyyət kimi yanaşmır, hətta layiq olmayanlarla belə bərabərsəviyyəli həmkarlıq çərçivəsindən çıxmamağa çalışır və rəhbərlik istedadının sayəsində təbii ki, buna nail olur.
Qəribədir ki, (bəlkə də heç qəribə deyil, təbiidir) Bəkir Nəbiyev işıqlı sözlər barəsində danışanda, ya da məruzəsini oxuyanda özü də sanki daxilən işıq saçır və bütün vücudu həmin işıqlı sözün tərcümanına çevrilir. Ona elə gəlir ki, üzünü tutduğu bütün auditoriya bu işıqlı sözlərin qəbuledicisidir və həmin işığı hər kəsə çatdıra bilir.
Akademik Bəkir Nəbiyevin böyük şair və mütəfəkkir Seyid İmadəddin Nəsimi ilə ilk rəsmi ixtilatı, yanılmıramsa, 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin YUNESKO səviyyəsində keçirildiyi şanlı günlərdə baş vermişdir. O zaman Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində çalışan Bəkir Nəbiyev rus dilində Nəsimi haqqında bir məqalələr toplusu tərtib etmiş və ona yaxşı bir ön söz də yazmışdı. 37 il öncə (lap adamın yadına 37-ci il düşür...) yazılmasına baxmayaraq, ön sözdə Bəkir müəllimin Nəsimi haqqında dediyi bir çox fikirlər bu gün də öz elmi əhəmiyyətini və aktuallığını itirməmişdir.
Elə həmin 1973-cü ildə Bəkir Nəbiyevin "Baku" qəzetində yenə də rus dilində "Nəsimi barədə hər şey" adlı məqaləsi nəşr olunmuş və burada Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyindəki Nəsimi ekspozisiyasından söhbət açılmışdır. Maraqlıdır ki, məqalə xalq şairi Qabilin Hələbdən - Nəsiminin türbəsindən bir ovuc torpaq gətirərək muzeyə hədiyyə etməsi haqqındakı məlumatla bitir.
2005-ci ildə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şamaxıya səfəri zamanı Nəsimi heykəlinin açılışı mərasimində çıxış edən Bəkir müəllim Nəsimi sənətinin mahiyyətinə dərindən bələd olduğunu nümayiş etdirmişdi.
Nəsimi öz dövrünü və hələ bundan sonrakı neçə-neçə əsrləri qabaqlamış bir sənətkardır və bu baxımdan, əlbəttə, Azərbaycan şairinə yuxarıda verilən yüksək qiymətin elmi əsası vardır.
Bəkir Nəbiyevin nəsimişünaslıq fəaliyyətinin davamını və yüksək zirvəsini 2008-ci ildə Suriyanın Hələb şəhərində Beynəlxalq Nəsimi konfransında etdiyi "Azərbaycan şerinin Nəsimi möcüzəsi" adlı elmi məruzəsində görürük.
O məruzə bizim (professor Qəzənfər Paşayev, nəsimişünas Səadət Şıxıyeva və bu sətirlərin müəllifi) gözümüzün önündə edilmişdi və Bəkir müəllim o məruzəni edərkən Hələb Mədəniyyət idarəsinin böyük salonuna yığılan ərəb və azərbaycanlı nəsimisevərləri səsinin və jestlərinin sehri ilə necə əfsunlamışdı, onu bir Allah bilir və o mənzərənin təsvirində qələm öz acizliyini etiraf etməyə məcburdur. Ancaq həmin gün haqqında azacıq da olsa təsəvvür yaratmaq üçün Bəkir müəllimin konfransdan təxminən bir il sonra qələmə aldığı "Nəsimi qəzəlində bir qədim qafiyə yuvasının izi ilə" adlı maraqlı məqaləsinin giriş hissəsində verdiyi bir epizodu nəzərdən keçirmək yetərlidir. Həmin günü bir pentium dəqiqliyi ilə bərpa edib kağıza köçürən Bəkir müəllim yazır:
"Mənim çıxışıma konfrans iştirakçıları diqqətlə qulaq asırdılar. Hərdənbir öz rəğbət duyğusunu gizlətməyən dinləyicilər də tapılırdı. Lakin birdən heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Mən Nəsiminin: "Yanərəm eşqindən, axər gözlərimdən yaşlər; firqətin dərdi çıxardı yürəgimdən başlər" mətləli qəzəlini oxuyub bitirən kimi onun sətri (məna) tərcüməsinin səslənməsinə səbri çatmayan dinləyicilər həyəcanla əl çalmağa başladılar və bu alqışlar o qədər də tez kəsmədi..."
Bəkir Nəbiyevin ərəb dinləyiciləri Nəsimi şerinin mənasını anlamadan belə, yalnız onun oxunuş ahənginin əfsununa düşmüşdülər...
Əlbəttə, Bəkir müəllim elə bu məlumatın ardınca yazanda ki: "Mən elə o gün də, sonralar da bir qədər götür-qoy edib bu qəribə (əslində isə burada qəribə heç nə yox idi və hər şey tamamilə təbii idi - T.K.) hadisənin səbəbini özüm üçün aydınlaşdırmağa çalışdım. Salondakılar məna və məzmununu, məalını (tərcüməsini) bilmədikləri bu qəzələ nə üçün belə fəal reaksiya vermişdilər?" - sözlərini yazanda ən azından bir qədər təvazökarlıq edir. Axı ustad özü də öz diksiyasının əfsununa, deklamasiya qabiliyyətinin gücünə və auditoriyaya estetik təsir qüvvəsinə bələd olmamış deyil və onu da bilir ki, anlamadığı hər hansı xarici dildə oxunan gözəl bir mahnıya qulaq asan dinləyici, onu alqışlamaq üçün heç də "məna və məzmununu, məalını (tərcüməsini)" anlamağı gözləmir.
Artıq bir dəfə dediyimiz kimi, Bəkir müəllim xoşuna gələn, döşünə yatan, duyğularını titrədən poeziya örnəklərini, xüsusən də lirikanı məhz müəllifin çatdırmaq istədiyi bir üsulla dinləyiciyə çatdırır; illah da ki, bu, klassik poeziya, əruz ritmikasının şedevri ola... Bu zaman Bəkir müəllimin təkcə dili-dodağı, səsi şeir demir, o özü başdan-başa şeirə çevrilərək təkcə dinləyicinin ruhunu deyil, eyni zamanda tamaşaçının gözünü də oxşayır. Nəsiminin müqəddəs qanı tökülmüş Hələb torpağında ərəblərin Nəsiminin türkcə şerinə Bəkir Nəbiyevin ifasını dinlədikdən sonra qızğın əl çalmalarının sirrini də məncə, elə burada, yəni ifaçının fərdi qabiliyyətində, mətahını təqdim etmə istedadında axtarmaq lazımdır...
Akademik Bəkir Nəbiyevə "asan görünən" bu qabiliyyəti müstəqil Azərbaycan Respublikasının vətəndaşları, xüsusən gənc nəsil arasında yaymaqda, onun saf toxumlarını cücərtməkdə xalqımız, dövlətimiz üçün böyük faydaların olduğunu demək - məlum bir fikri təkrar etməkdən başqa bir şey olmasın gərək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı ildə fəxri adlara layiq görülmüş bir qrup ədəbiyyat xadimini təltif edərkən Prezident sarayında söylədiyi dərin məzmunlu nitqində demişdir:
"Bizim xalqımız müəyyən dövrlərdə müstəmləkə şəraitində, bəzən də başqa formada digər ölkələrin tərkibində yaşamışdır. Sual olunur, necə olub ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz xüsusiyyətlərini saxlamışdır? Azərbaycan xalqı assimilyasiyaya məruz qalmamış, öz tarixi keçmişini qoruyub saxlaya bilmişdir?
Mən hesab edirəm ki, müxtəlif amillər olubdur. Amma onların içərisində ana dili və ədəbiyyat ən başlıca amildir. Çünki bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir... Deyə bilərəm ki, bizim yazıçılarımız, şairlərimiz Azərbaycanda ən populyar insanlardır. Keçmişdə də belə olub və bu gün də belə olmalıdır."
Ana dili və ədəbiyyata bu cür yüksək qiymət verməsi ilə yanaşı, hər kəsə gün kimi aydındır ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasını inkişaf etmiş dövlətlər səviyyəsinə qaldırmaq üçün bütün mümkün vasitələrdən də uğurla istifadə edir. Əlbəttə, mən burada dövlətimizin son illərdə əldə etdiyi iqtisadi, siyasi, diplomatik uğurları sadalamaqla başqa sahələrin mövzusuna nüfuz etmək istəməzdim. Bir şey aydındır ki, düzgün daxili və xarici siyasət yürüdən müstəqil Azərbaycan dövləti bazar iqtisadiyyatı şəraitində inamla irəliləyir və onun bu sahədəki uğurları ilbəil daha da artır. Ancaq elə yuxarıdakı nitqində Prezident İlham Əliyev onu da nəzərə çatdırır ki, bazar iqtisadiyyatı çox yaxşıdır, "bazar mənəviyyatı" isə pisdir və qəbuledilməzdir. Prezident sözünə davam edərək deyir:
"Biz çalışmalıyıq ki, ölkəmizin uğurlu iqtisadi inkişafını şərtləndirən bütün amillərlə yanaşı, mütləq və mütləq mənəvi dəyərlər itməsin. Bizim ənənlərimiz, tarixi nailiyyətlərimiz saxlanılsın, qorunsun. Əlbəttə, ölkənin gücü, zənginliyi onun iqtisadi qüdrətindədir. Ancaq, eyni zamanda, onun mənəvi gücündədir. Ona güc verən məhz mənəvi dəyərlərdir. Əlbəttə, bunda yazıçıların, şairlərin əvəzsiz rolu vardır."
Möhtərəm Prezidentin güvəndiyi bu cür əvəzsiz şairlərimizdən biri də İmadəddin Nəsimi idi və o, hələ 600 il öncə dilin və mənəviyyatın, şerin və ədəbiyyatın bazar malı olmadığını qətiyyətlə elan edərək həm öz müasirlərinə, həm də gələcək nəsillərə üz tutub deyirdi:
Dil bazarçısı
yalandır, varmazam bazarinə,
Gerçək
olmaz əgridil, inanmazam iqarinə.
Sadiq oldur dilini könlü
ilə bir eyləyə,
Əgridildən
nəsnə gəlməz, durmuşam inkarinə.
Belə bir dahi
sənətkarın əsərlərinin tədqiqi sahəsində
Bəkir Nəbiyevin gördüyü işləri məhz
çağdaş Azərbaycan nəsimişünaslığının
uğurları siyahısına yazmaq lazımdır.
Klassik və
çağdaş ədəbiyyatımızın təbliği
sahəsində akademik Bəkir Nəbiyevin özü
böyük bir məktəb olduğu kimi, onun
ardıcılları da bu sahədə öz çəkilərində
önəmli rol oynamağa qadirdirlər. Akademikin
yandırdığı ədəbiyyat məşəlinin
işığını sönməyə qoymayanlar
arsında şübhəsiz ki, Bəkir Nəbiyev elmi məktəbinin
ardıcılları aparıcı yer tutmağa borcludurlar.
Ustadın bu gün də inamla daşıdığı,
vüqarlı başı üzərinə
qaldırdığı həmin məşəlin
çınqıları bu gün bir çox gənc ədəbiyyatşünasların
ürəyində şeirə-sənətə, bədii
sözə məhəbbət və hörmət, incə mənaları
anlaya bilmək, tükü tükdən seçə bilmək
işığı yandırıb, bu gərəkli ənənələri
davam etdirmək eşqi oyadıb. O işıq bu gün
bütün parlaqlığı ilə yanmaqdadır. O, hər
şeyə qadir olan sözün işığıdır; o
işığın özü elə sözdür.
Teymur KƏRİMLİ
Ədəbiyyat qəzeti.- 2010.- 13 avqust.- S.3.