Yeri heç vaxt səhv düşməyən şair...

     

Hər il avqustun 12-si bütün poeziyasevərlər tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Qabilin (İmamverdiyev) anadan olduğu gün kimi qeyd edilir.

Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən Qabil İmamverdiyev 1926-cı ildə Bakıda anadan olmuşdur. O, orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1954-1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxumuşdur.

Əmək fəaliyyətinə 1949-cu ildə Yardımlı rayonunda orta məktəb müəllimi kimi başlayan Qabilin ilk mətbu şeri 1944-cü ildə nəşr edilmişdir. O, "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan" jurnalında müxtəlif vəzifələrdə çalışmış, milli poeziyamızın inkişafında və gənc ədəbi nəslin yetişməsində xüsusi xidmətlər göstərmişdir.

Yaradıcılığının ilk illərində "Səhər açılır", "Mənim mavi Xəzərim", "Küləkli havalarda", "Qoy danışsın təbiət" və s. kitabları işıq üzü görmüşdür. 1958-ci ildə, ailə-məişət və əxlaq məsələlərindən bəhs edən "Mehparə" poeması, böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş "Nəsimi" poeması ona dərin oxucu məhəbbəti qazandırmışdır. Əsərləri xarici dillərə tərcümə olunmuş görkəmli şair, eyni zamanda özü də müxtəlif xalqların şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatını zənginləşdirməklə, onun parlaq səhifələrindən birini təşkil edir. fəal həyat mövqeyi və hadisələrə obyektiv münasibətilə seçilən şair ana dilimizin bədii imkanlarından məharətlə istifadə edərək, poeziyanın mövzu baxımından rəngarəng nümunələrini yaratmışdır. Şairin milli ədəbi irsimizin ənənələrindən qaynaqlananmüasir ədəbi prosesləri özündə əks etdirən, lirizmihumanizmi ilə səciyyələnən şeirləri Azərbaycan oxucusu tərəfindən həmişə rəğbətlə, sevilə-sevilə oxunmuşdur. Onun poetik təfəkkürünün məhsulu olan və ədəbiyyatımızın müxtəlif janrlarını əhatə edən lirikası dilinin axıcılığı, rəvanlığı, milli koloriti ilə seçilir. Qabilin xalqımızın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik olan, həyat həqiqətlərinin realist təsvirini verən və ciddi ictimai-əxlaqi problemlər qaldıran yaradıcılığı insanlara vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərmişdir.

Şairin əsərləri bir çox xalqların dillərinə tərcümə olunaraq ölkəmizin hüdudlarından kənarda maraqla qarşılanmışdır.

Qabilin altmış ildən artıq dövrü əhatə edən ədəbi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, bir sıra fəxri ad, orden-medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunmuşdur.

Görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə poeziyasevərlərin qəlbində daim yaşayacaqdır.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 13 avqust.- S.5.