Tofiq Abdinin "Poeziya"sı

     

  "Nəğməli gecələr"dən, "Ata sevgisi"ndən, "Sahilsiz dünya"dan Tofiq Abdinəcən və ya əksinə, bizlərə yaxşı tanış olan poetik düşüncələrdən yarpaq - seçmələr daxil edilib "Poeziya" toplusuna. "Şəhərimiz ayaq açır"dan "İstanbul notları… Onlar bir vaxt yaşayıblar… Bakı ritmləri"nə yol bu seçmələrdən başlayır.

"Sahilsiz dünya"da "Gəl tanış olaq, Bakı" təmənnası edən, "Gördüm ki, bu şəhər tanımır bizi" təəssüfü keçirən, "Şair Əli, vaxtmı tapdın ölməyə?!" ağrısı çəkən Tofiq Abdin onun da fərqindəydi ki, istəklərə yetməyin adını tapmaq çətinliyivar bu dünyada:

 

Bunun adı necə olsun:

Xoşbəxtlikmi?

Səadətmi?

Faciəmi?

 

O illərdə yenicə tanışlığa can atdığı "Bakının ekranlarında Vyetnamdan yol gəlmiş müharibəyə" baxırdı. O illərdə "Vyetnamın səma ekranında əsl müharibə göstərilirdi vyetnamlılara".

"Tofiq Abdin bu şeri yazmışdı ötən əsrin 60-cı illərində. O, bilmirdi ki, həmin əsrin doxsanıncı illərində özünün boy atdığı bir şəhərdə Qanlı Yanvar olacaq. Və bu sətirlər məhz onun boy atdığı şəhərdə də yaşanacaq. Bu şəhərin adamları müharibəni ekranlarda yox, məhz gözəl Bakının gözəl küçələrində görəcək. Əsl müharibəni, birtərəfli gedən müharibəni…"

Tofiqin "Şəhərimiz ayaq açır" kitabına xalq şairi Fikrət Qoca yazdığı ön sözdə belə deyirdi və bu maraqlı şairin haqqında əsl fikri kitabı oxuyub axıra çıxandan sonra oxucuların söyləyəcəyini diqqətə çatdırırdı.

Tofiqin hələ 60-cı illərdə yazdığı şeirlərin canında "Bu həyatı həyat kimi biz yaşamaq istədikcə müqavimət göstərməliyik" tribunluğu var idi. 70-ci illərdə isə artıq o, igidlərdə igidliyin, millətdə yekdilliyin, ağaclarda sərinliyin ağrısını çəkirdi. fərqindəydi ki, qələm adamının ömür yolunun zənginliyi onun yaratdıqlarının uzunömürlü olmasını təmin edir.

Bu yazılanların üstündən 25 il vaxt ötəndən sonra da Tofiqin yaradıcılığı haqqında əsl söz deyəsi oxucular onu maraqla izləyirdilər. Və oxuyub görürdülər ki, Tofiq yenə də özünə, sözünə sadiqdi. Yenə də yazır ki:

 

İndi də gərək

Özümüzü hazırlayaq

İyirmi beş il bundan sonrakı yola.

 

Şerin 1987-ci ildə yazıldığını nəzərə alsaq Tofiqin vur-tut 2-cə il bundan sonra da oxucuyla eyni düşüncə, qənaətlə görüşəcəyi gərək təəccüblü görünməsin: "İndi də gərək özümüzü hazırlayaq iyirmi beş il bundan sonrakı yola".

Bu, milləti bütün sabahlara hazırlamaq düsturudu.

"Sahilsiz dünya"da, "Gəl tanış olaq, Bakı" ricası vardı Tofiqin. "Şəhərimiz ayaq açır"da o, artıq "Gəlin tanış olaq, Tofiq Abdinəm!" durumundan çıxış edirdi. "Bakı ritmləri"ndə isə "Mən şəhər adamı oldum, üzüm dönük, unut məni!" təəssüfü öndədi. "Poeziya"nın son səhifələrini çevirdikcə oxuyub keçdiyimiz şeirlərin nisgili damır yaddaşımıza:

 

Qürbət çoxillik şərab kimidir -

qana keçdikcə

hələm-hələm bilinməz…

 

yaxud:

 

Bütün yolların sonunda

Yeni bir qürbət varsa,

Ayrılıq varsa -

Nəyə dəyər köhnə qürbəti

Oralara daşımaq?

Nəyə dəyər əski qürbəti

Yenidən yaşamaq?

 

Bu damlalar "Poeziya" boyunca sıralanır, ritm, səliqə-sahman qarışır və şıdırğı, ucundan tutub xatirələrə çıxılası bir leysan, yağış başlayır:

 

Bu torpaqda dərddən yelkən açdılar,

Sən qocaldın,

Qoca çağlar yerində…

 

Dönüb kimdən sorasan ki, sizdə bir siqar olarmı? Fərqindəyikmi indi Tofiqsiz İstanbulun sinemalarında "siqar içilməsi" yasaqdı, çox yasaq

 

 

S.Aranlı

 

Ədəbiyyat qəzeti.- 2010.- 13 avqust.- S.4.