Şıxəli Qurbanov fenomeni
Dostum Şıxəli
Qurbanovu nisgilli-nisgilli yada salıb haqqında yazmaq istəyəndə,
elə bil, kimsə təkidlə mənə gözləmədiyim
bir sual verdi: Həyatdan çox tez getmiş o mərhum
fikrinizcə, necə adam idi - xoşbəxt, ya bədbəxt?
Öz-özümə
dedim: yox, bu, gözlənilməz sual deyil. Doğrudan da o necə
adam idi - xoşbəxt, ya bədbəxt?
Şıxəli kimi
ümumxalq ehtiramı qazanmış bir şəxs, bir şəxsiyyət
42 yaşında, naqəfil həyatdan gedirsə, onun
haqqında yazmaq istəyən kəs mütləq
özlüyündə, - müxtəsər, ya ətraflı,
- bu məsələni aydınlaşdırmalıdır.
Axı hamısı bir yana, onun ömründə yaxşı
və pis, adi və heyrətamiz, şən və qəmli, məlum
və hələ açıla bilməyən, qeyri-adi həqiqətlər,
hətta müəmmalar o qədərdir ki!..
Qoy olsun, Şıxəli
ilə bağlı həqiqətlərin cazibədarlığı,
məna və gözəlliyi bir də elə bu müəmmalarla
bağlılığı deyilmi? Neyləmək? Buna həyat
deyərlər. Eləsi də olur, beləsi də... Onu həsrətlə
xatırlayır, görüşlərimizi, söhbətlərimizi,
birgə fəaliyyətimizi, acılı-şirinli günlərimizi
yada salanda ən əvvəl ilk dəfə onun 16, mənimsə
21 yaşında olduğum vaxtlar gəlib göz önündə
dayanır. Hanı, nə oldu o günlər?.. Şıxəli
orta məktəb şagirdi idi, mənsə təzəcə
müəllim diplomu almışdım. Bakının Xaqani
küçəsindəki Uşaq bədii tərbiyə evində
mən ədəbiyyat şöbəsinin, - böyük
çıxmasın, - müdiri, o isə cavan, "həvəskar
yazıçı" idi. Əsas işim elə bu cavan qələm
əhli ilə məşğul olub, əsərlərini
oxumaq, qüvvəm çatan məsləhətləri verməkdi.
Gündəliyimdə belə bir qısa qeyd var: "19.1.1942
Şıxəli Qurbanovun "İntiqam" adlı pyesini
oxudum, ona yeni mövzü verdim".
Söhbətlərimiz məndə
onun təhsildə və ədəbiyyatda tərəqqi edəcəyinə
inam yaratmışdı. Doğrudan da, çox gərgin, təlatümlü
keçən illər gənc şair Şıxəlini
sürətlə dəyişdirib respublikanın yaxşı
ziyalılarından birinə çevirməkdə idi. Milli
söz sənətimizin tarixi ilə bərabər Azərbaycan-rus
ədəbi əlaqələrini də dərindən öyrənirdi.
Filologiya elmləri namizədi kimi mətbuatda ədəbiyyat dərslikləri
haqqında, M.F.Axundov, A.S.Puşkin, N.A.Nekrasov, V.V.Mayakovski
haqqında məqalələr yazırdı. Aşkar
görünürdü: o, ildən-ilə kamilləşməkdə,
fəallaşmaqdadır. Çox çəkmədən təbiətinin
başqa bir cəhəti ilə də fərqlənməyə
başladı. Bu onun təşkilatçılıq,
partiyaçılıq, başçılıq qabiliyyətləri
idi. 1954-1955-ci illərdə Şıxəli Qurbanov artıq
Bakı Partiya Komitəsində təbliğat-təşviqat
şöbəsinin müdiri, sonrakı iki ildə isə
Voroşilov rayon Partiya Komitəsinin birinci katibi işləyirdi.
Bütün bu tərəqqiyə baxmayaraq, xasiyyətcə əvvəlki
sadəlik və təvazökarlığını qoruyurdu.
Buna mən Bakıda keçirilən məşhur "Bağırovun
məhkəməsi" zamanı tam inandım. Qəzetlərdə
məhkəmə barədə maraqlı xəbərlər
çıxırdı. Raykom katibi Şıxəliyə zəng
vurub kabinetinə getdim. Onun verdiyi giriş vərəqəsi
ilə indiki Şəhriyar adına klubun zalındakı məhkəmə
iclasına qulaq asdım.
Şıxəli Mərkəzi
Komitənın təbliğat və təşviqat şöbəsinin
müdiri işləyəndə təşkilatçılıq,
rəhbərlik məharəti ilə bərabər biliyi, ədəbi
və nəzəri hazırlığı, xəlqi
xüsusiyyətləri də artırdı. Bircə misal: onun
fəxri xiyabandakı heykəli önündə qoyulmuş
iri, gözəl şam maketini görənlərdən,
çox güman, az adama məlumdur ki, xalqımızın ən
əziz bayramlarından olan Novruzu qadağalardan xilas edib yenidən
xalqa qaytarmaq üçün Şıxəli Qurbanov nə qədər
zəhmətə dözməli olmuş, töhmətlər
eşitmişdir. Lazım gələndə dövlət xadimləri,
filosoflar və şərqşünaslarla məsləhətləşirdi.
Ən yaxın köməkçiləri məşhur şərqşünas
professor İ.S.Braginski və professor M.Təhmasib idi.
Ş.Qurbanov ideoloji həyatımızın
düzgün istiqamətlənməsində əsas rəhbər
simalardan idi. O, bilik və hazırlığını həmin
sahənin işçilərinə vermək üçün
yerli təşkilatların yığıncaqlarında məruzə
və nitqlər eləyir, hər bazar ertəsi MK-da qəzet-jurnal
redaktorları və informasiya müəssisələri rəhbərlərinin
seminarını keçirirdi. Məsələn, qəzetin həmin
günkü nömrəsinin ideyaca, məzmunca, mövzuca, tərtibatca,
müəllif və müxbir heyəti baxımından təhlil
və qiymətini elə məharətlə, elə
düzgün verirdi ki, redaktorlar onun sözlərini diqqətlə
bloknotlarına yazıb öz kollektivlərinə
çatdırırdılar.
Təəssüf ki,
50-ci illərin axırı, 60-cı illərin əvvəlində
respublika partiya təşkilatı və onun bir çox rəhbərləri
kimi, Şıxəli Qurbanov da Moskvanın təqiblərinə
və ifşaçılıq siyasətinə düçar
oldu. Düşmənlərimiz 20-30-cu illərdə
sınaqdan çıxardıqları Nəriman Nərimanov
kartını bir daha işə saldılar. Bu siyasi oyunda Kreml
rəhbərləri ilə bərabər Şıxəlinin bəzi
"həmkarları" da iştirak edirdi.
Bütün bunlar Azərbaycanın
əvvəlcə bir neçə ali rütbəli rəhbər
xadiminin, az sonra Ş.Qurbanovun məsul vəzifədən
uzaqlaşdırılması ilə nəticələndi.
60-cı ilin axırlarında Mərkəzi Komitənin təbliğat
və təşviqat şöbəsində müavini
olduğum üçün Şıxəlinin keçirdiyi
böhranlı halları çox görmüşəm.
Bizə bəzən
aşkar haqsız töhmət edənlərdən biri o
vaxtkı ikinci katib V.Semiçastnı idi. Onun Şıxəli
ilə məni Şövkət xanım Ələkbərovanın
konsertlərdə Misir mahnısı "Şələbiyyə"ni
oxumağına görə bərk danlayıb hədələməsini,
radio və televiziyada oxunan havaları "təftiş etmək",
hətta mətnlərə "əl gəzdirmək" barədə
göstərişlərini bu gün acı-acı
xatırlayıram.
Onda Mərkəzi Komitədə
ideologiya üzrə katib bizim keçmiş universitet tələbəmiz
Nazim Hacıyev idi. Respublikada ideoloji işləri yenidən
qurmaq məqsədilə MK yazıçılar, bəstəkarlar,
teatr işçiləri və başqalarının
müşavirələrini keçirməyə
başlamışdı. İclasları Vəli Axundov və
MK-nın başqa katibləri aparırdı. İşi elə
qurmuşdular ki, məni özləri ilə rəyasət heyətində
oturdur, Şıxəli Qurbanovun isə sadəcə
müşavirədə iştirakını da lazım
bilmirdilər. Bu rəftar çoxları kimi, mənə də
təəccüblü gəlir, narahat edirdi. Hər dəfə
belə yığıncaqlardan sonra günahsız müqəssir
kimi Şıxəlinin kabinetinə gedib nitqləri təhlil
edir, şöbəyə aid tənqidlərdən nəticə
çıxarıb görəcəyimiz işlər barədə
məsləhətləşirdik. Onunla Yazıçılar
İttifaqına gedib yığıncaq keçirməyimiz,
Şıxəlinin orada çox yaxşı bir
çıxış etməsi də birgə işlərimizdən
idi.
O zamanlar Sov.İKP MK
öz rəhbər işçilərini respublikada siyasi maarif
işlərini yoxlamaq üçün göndərirdi.
İdeologiya şöbəsinin müdir müavini A.Petrov bu məqsədlə
Bakıya gəlmişdi. Bir gün səhər
çağı N.Hacıyev onunla məni cənub rayonlarımıza
getməyə təlimatlandıranda Ş.Qurbanov içəri
girdi. Biz çıxarkən N.Hacıyev Şıxəli ilə
I katibin yanına getdilər (Semiçastnının yerinə
göndərilmiş P.M.Yelistratov da orada idi). Beş dəqiqə
çəkmədi ki, Şıxəli oturduğum otağa gəlib
acı bir təbəssümlə dedi:
- Əziz müəllim,
xudahafiz!
- Xeyir ola?-
dedim. - Hara belə?
- Evə!
- Bir otursana, necə yəni
evə?
Elə ayaq üstəcə
söylədi: - Dedilər ki, bilirik, sən çoxdan elmi
işə keçmək istəyirsən. Bu qərara
gəlmişik ki, səni azad eləyək, akademiyada işləməyə
gedəsən.
Yoldaşların
köməyi ilə cəld yığışıb bizimlə
sağollaşdı.
Şübhəsiz,
bu Şıxəli kimi ləyaqətli, bacarıqlı,
istedadlı bir xadimə vurulan ağır zərbə idi. Fəqət,
xoşbəxtlikdən iradəsi, bir də xətrini əziz
tutanlar onu sarsılmağa qoymadı.
Bir neçə gün sonra
Akademiyanın Nizami adına Dil və Ədəbiyyat
İnstitutunda Şıxəlinin özünün təşəbbüs
və səyilə bütün müttəfiq respublikalar
üçün nümunə olan
"Qarşılıqlı ədəbi əlaqələr
şöbəsi" yaradıldı, ilk şöbə rəhbəri
də o oldu.
Filoloqlar ailəsinin
ən fəal üzvlərindən olması onun həm biliyi,
həm də təşkilatçılığı ilə
şərtlənmişdi. M.F.Axundovun 150 illiyinə
hazırlıq zamanı Tbilisiyə ezam olundu. Azərbaycan-rus ədəbi əlaqələri
mövzusunda doktorluq dissertasiyası üçün material
toplamaq, bu sahənin tanınmış mütəxəssisləri
ilə məsləhətləşmək məqsədilə
Moskva, Leninqrad (indiki Sankt-Peterburq - red.) və başqa şəhərlərə
elmi ezamiyyətə getdi. Seçdiyi
mövzuda məruzələr elədi, məqalələri nəşr
olundu.
Elmlə ürəyi
soyumurdu. Burada uşaqlıqdan işə
düşmüş yazıçı qələmi də
onun köməyinə gəldi. Xüsusilə
satirik komediya janrına meyli çox güclü idi. Əlyazmasını
ilk dəfə mənə oxuduğu "Əcəb işə
düşdük" komediyasının həm məzmununda, həm
də bəzi obrazların təbiətində sənədlilik
aşkar nəzərə çarpdığından onun
tamaşası prototiplərin, o cümlədən bəzi
"rəhbər işçilərin" etiraz və
hay-küyünə səbəb oldu.
N.Hacıyevin
naxoşluğu şiddətləndiyi üçün xəstəxanada
yatırdı.
Ona baş çəkməyə gedən
yoldaşlarından bəziləri nainsaflıqla xəstəyə
çuğulluq, xəbərçilik eləyir, mənim
Şıxəlinin əsərlərinə rəvac verdiyimi
söyləyirdilər. Xəstə əsəbiləşib
Mərkəzi Komitə katibliyinə şöbəmizin
işində guya dözülməz nöqsanlar olduğu, yeni
müdir Məmməd Qazıyevin də yanlış mövqe
tutduğu və sairə bu kimi məsələlər
haqqında rəsmi məlumatlar yazıb təcili tədbirlər
görülməsini məsləhət görürdü; hiddətlənib
mənim barəmdə də kəskin ittihamlar
yağdırmışdı. Mən təmkinimi
itirmirdim. Amma bir dəfə ona baş çəkəndə
üzüməcə elə sözlər dedi ki, əsəbiləşib
işdən çıxmaq istədim. Qəribədir
ki, işin axırından ehtiyat edən həmin
çuğulçu yoldaşlar məni fikrimdən döndərdilər.
Qaldım. MK məndən
N.Hacıyevin yazdıqlarını sənədləşdirməyi,
hətta qərar layihəsi hazırlamağı tələb
edirdi. Aydındır ki, yazmaya bilməzdim və
naçar yazdım da...
Katibin ürəyi
soyumurdu. Şıxəli isə haqqında tənqidi sənəd
hazırlandığından xəbər tutsa da,
özünü o yerə qoymur,
yaradıcılığından qalmırdı. O, getdikcə
daha yaxşı pyeslər yazırdı.
"Sənsiz"
son böyük işi, məcazi dildə desək, "Qu
quşunun vida nəğməsi" oldu. Ölümündən əvvəl
tamaşanın quruluşçu rejissoru T.Kazımova zarafatyana
dediyi: "Sənsiz"ə baxarsız mənsiz", -
sözlərində sən demə, fəci məna da yox
deyilmiş...
Yazımı
xoş bir xatirə ilə qurtarmaq istəyirəm. Bizim evlərimiz
üzbəüz idi. Günlərin birində
axşam bizə gəldi. Təzəcə
yazıb qurtardığı doktorluq əsərini gətirmişdi.
Gecə yarıyadək onun məzmunu, qoyulan
problemlər barədə danışıb məsləhətləşdik.
Əsəri mənə verib xahiş elədi
ki, tələbkarlıqla, amma mümkün qədər
sürətlə oxumağa çalış. Oxuduğum zaman onun elmə gətirdiyi bir çox
yeniliklərin şahidi oldum. Müdafiəsi
müvəffəqiyyətlə keçən bu doktorluq
dissertasiyası akademiyada nəşr olunanda redaktorluğu mənə
tapşırıldı.
1966-ci ilin
fevral ayının son günlərində Azərbaycan Kommunist
Partiyasının XXVII qurultayı keçirildi. Şıxəli
Qurbanov Mərkəzi Komitə katibi və büro üzvü
seçildi. Bu, gözlənilməz
olduğu qədər də məntiqi, ədalətli
seçki idi. Haqq qələbə
çaldı.
Çox məsul
vəzifə daşısa da, o, Şıxəliliyində
qalmışdı. Axşamçağı, gərgin işdən
sonrakı yorğunluğunu çıxarmaq üçün
hərdən institutumuza gəlib bizi elm, mədəniyyət, ədəbiyyat
yenilikləri ilə
...Faciəli xəbər mənə
necə və nə vaxt çatdı? Telefonla və
dərhal. Səhər masa başında işləyəndə
dostlardan iki nəfər zəng vurub mənə gözlənilməz
suallar verdi: "Qonşuluğunuzda səs-küy
yoxdur?", "Təzə bir xəbər eşitməmisən?"
Hər ikisinə "yox" cavabı verdim.
Çox çəkmədən yaxın
dostlarımın bir neçəsi bizə gəldi. Onlar Şıxəlinin ölümü barədə
dəhşətli xəbəri eşitmişdilər. Bir azdan indi akademik olan dostum Kamal Talıbzadə də
gəlib Şıxəlinin vəfat etdiyini söylədi.
Gözlərimiz yaşla doldu. Dostumuz barədə
xeyli danışıb pəncərədən baxanda bir
neçə tanış adamın hüznlə
Şıxəligilə gəldiyini gördük.
Bütün bu yaxşı və
pis, adi və heyrətamiz, şad və qəmli, məlum və
hələ düyünü açılmamış həqiqətlər,
hətta müəmmalar göstərir ki, əslində,
Şıxəli Qurbanov Vətənin və xalqının
ölümdən sonra da yaşayan, yaşayacaq
oğullarından biridir. Dost, alim, yazıçı, xadim
oğullarından biri!.. Həm xoşbəxt,
həm də ...
Əziz MİRƏHMƏDOV,
Azərbaycan EA-nın müxbir üzvü,
əməkdar elm xadimi, professor
8 noyabr 1995-ci il
Məqaləni redaksiyamıza
Şıxəli Qurbanovun qızı Gülnarə xanım təqdim
etmişdir.
Ədəbiyyat
qəzeti.- 2010.- 13 avqust.- S.5.