«Canavar» rus dilində
Xalq yazıçısı Elçinin "Canavar" hekayəsi yazıçı-publisist Azər Mustafazadənin rus dilinə çevirməsində "Literaturnaya qazeta"nın 4-11 avqust tarixli sayında dərc olunub. Əsərin rus dilindəki variantının son sətirlərini oxuduqca sövq-təbii bu görkəmli yazıçının hələ 1981-ci ildə qələmə aldığı "Qaratoyuqlar" və "Qırt toyuq" hekayələri yada düşür. Hər iki hekayənin qəhrəmanları öz balalarına instiktiv olaraq yaşamaq uğrunda mübarizə "dərs"i keçirlər. Hər iki halda bu səhnələr içdən gələn səmimi bir rahatlığı, xoş əhvalı ilə yadda qalır: "…bala qaratoyuqlar isə yenə var gücləri ilə ağızlarını geniş açıb haray-həşirlə civildəyə-civildəyə analarından yemək istəyirdilər…"
"Canavar"da da belədi. Ancaq balaların bu təbii istəyi qarşısında Ana canavarın gümanı təkcə öz canına, al qanına, ciyərinə gəlir. Olanı öz canıdı. Baxmayaraq ki, uzaqlardan - qoca Şərqdən əsən nəmişlik havası, həyat mehi o dar macalda Ana canavarı şəklənən qulaqlarından tutmuş heysiz şəkildə qıçlarına sıxdığı quyruğunacan hərəkətə gətirir, sonsuz bir istəklə havanı imsilədir, ancaq Ana canavar sövq-təbii sonun çatdığını da dərk edir. "Canavar"da Elçinin mövzu predmeti Cek Londonla, R.Kiplinqlə, Ç.Aytmatovla çarpazlaşsa da, sənətkarlıq gücü, təfəkkürü ilə paralellik yaradır. Qəribədi ki, Elçinin "Canavar"ı Ç.Aytmatovun mövzusu qurdlar həyatından alınan "Qiyamət"indən daha çox bu dahi yazıçının "Dəniz kənarıyla qaçan Alabaş"ı ilə səsləşir. "Dəniz kənarıyla qaçan Alabaş"dakı ata Əmrayinlə onun balıqçı həmkarı Mılğunun taleyi "Canavar"dakı Ana canavarın durumundadı. Əmrayin də, Mılğun da təbiət, aclıq-susuzluq qarşısındakı son məğlubiyyət dəqiqələrində balaca Kiriskin yaşaması xeyrinə intihar edirlər. "Canavar" qəhrəmanı da balaca küçüklərinin acından-susundan tələf olması naminə olanını - canını verməyi üstün tutur.
Fərq burasındadı ki, Kirisk qətl işindən xəbərsiz idi, ata qatili deyildi. Buradakı qətlin kökündə təbiətin şıltaqlığı, gözləniləmyən tufan dayanır. "Canavar"da isə körpələrinin yaşaması naminə öz canını qurban verən ananın qətlini reallaşdıran onun öz balaları, özü də yaşatmaq istədiyi balalarıdı. Bu mənada Elçin yaşamaq və yaşatmaq uğrundakı mübarizənin eyni məqamını daha qlobal, eyni dərəcədə xəbərdaredici mahiyyətlə ədəbiyyata gətirir. Əmrayin və Mılğunla müqayisədə Ana canavar dünyanın aqibətini ifadə etməyə daha şanslıdı. Kirisk ilə müqayisədə Ana canavarın körpələri valideynlərinin - onu həyata bəxş edənin canına susamaqla qətlini icra etməklə çağdaş əxlaqın mahiyyətini daha incəliklə ifadə etməyə qadirdirlər.
Çingizin Əmrayin və Mılğunun intiharında dünyanın itirəcəyi bir şey yoxdu, əvəzində insan humanizminin önə çıxması, bir körpənin, yəni gələcəyin, sabahın yaşaması var. Elçinin Ana canavarın ölümündə isə ananın öz balası yolundakı fədakarlıqla yanaşı balanın, yəni gələcəyin, sabahın canavarlaşması göz önündədi. Qloballaşan dünyanın - ananın fədakarlığından çağdaş nəslin canavarcasına bəhrələnmək namrədliyi bəşəriyyətin gələcəyinə diş qıcayıb. Elçin bu bəlanı ustalıqla ifadə edə bilib. Elçin öz "Canavar"ıyla yaşamaq naminə yaşanan canavarlığın anatomiyasını göz önündə sərgiləyib.
Şərqdən gələn nəmişlik - həyat ətri Ana canavar - boz qurd üçün həm də humanizm mənbəyi, mərdlik, fədakarlıq məqamıdı.
Adı çəkilməyən Qərb - bala canavar bu dəyəri ana qanına batmış, ana ciyəri parçalamış dişləriylə qəbul edir.
Yazıçının
anlatmaq istədiyi mətləb məhz bu canavarlaşma təhlükəsindən
qaynaqlanır…
Sərvaz
Ədəbiyyat qəzeti.- 2010.- 13 avqust.-S.2.