Bu millətin yaşamağa haqqı var

 

Uzaqlardan gəlir səsi, sədası.

Dağları var Dərbənd-Kərkük arası,

Sızlasa da Araz adlı yarası,

Bu millətin yaşamağa haqqı var.

 

Yurd-yuvası gülüstandı, gülüstan,

Dost-tanışa mehribandı, mehriban.

Səbirlidi, dözümlüdü hər zaman, -

Bu millətin yaşamağa haqqı var.

 

Özgələrə qul eyləməz özünü,

Zirvələrdə çoxdan qoyub izini.

Çətin anda deyə bilir sözünü, -

Bu millətin yaşamağa haqqı var.

 

Bir qalxandı, bir qılıncdı hər qaya,

Od paylayır, işıq verir dünyaya.

Şükr eyləyir Tanrı verən hər paya, -

Bu millətin yaşamağa haqqı var.

 

Hər laləsi, qərənfili bir şəhid,

Qalaları Koroğludan bir şahid.

Oğlu-qızı qeyrət tacı, mərd igid, -

Bu millətin yaşamağa haqqı var.

 

Yaxşılıqdı hər əməli, istəyi,

Tapdalamaz heç vaxt duzu, çörəyi.

Dost-tanışdan əsirgəməz köməyi, -

Bu millətin yaşamağa haqqı var.

 

 

Hələ

 

Allah, bu ayrılıqdı?

Bilinməyir sonu hələ.

Həsrət dolu bir nağıldı,

Zülmətədi yönü hələ.

 

Kimlər salıb bu qırğını?

Bağlanıb dəmir qapılar.

Açar şərin əlindədir,

Açan çətin ki, tapılar.

 

Bu dünya qan içindədi,

Zalımlarda insaf hanı?

Ölüm qapı dalındadı,

Əcəl hərləyir adamı.

 

Dərd yapışıb yaxasından, -

Yazıq vətən çabalayır.

Mərd namərdə quldu indi,

Haqq elə yerində sayır.

 

Şeytan elə qudurubdu,

Daş da ona kar eyləmir.

İndi qardaş qardaşa da

Daha etibar eyləmir.

 

Tanrım, bəndən yolun azıb,

İtibdi nizam-tərəzi.

Eşit bizim duamızı.

Haqq yoluna qaytar bizi.

 

 

 

Əsgər gedirsən

 

                           Oğlum Aslana

 

Beşikdi hər kəsə Vətən, yurd, oğul,

Halal süd əmmisən, halal bir evdə.

Daha böyümüsən, qurtardı nağıl,

Qaldı nağıllarda Cırtdan da, Div .

 

Bizə əmanətdi bu torpaq, bu yer,

Qanıyla suvarıb babalarımız.

Bu dağlar, dərələr bir gör deyir -

Zirvələr fəth edib ulularımız.

 

Qeyrətdi, namusdu Vətənə çəpər,

Ucalmaq istəsən torpağa əyil.

Sinəni etməsən bu yurda sipər,

Yaşamaq özü ömür-gün deyil.

 

Düşmənə baş əyməz igidlər heç vaxt,

Qılıncla, qələmlə tanınmışıq biz.

Qorunan torpaqda gül açır həyat,

Sərhəddən başlayır bil, Vətənimiz.

 

Bu gündən əsgərsən sən Vətənə,

Keşikdə möhkəm dur, əlində silah.

Bu torpaq, bu millət güvənir sənə,

Səni dərd, bəladan qorusun Allah.

 

 

Qismət

 

Sükut cingildəyir qulaqlarımda,

Səssizlik içində ötüşür zaman.

Sözlərim gileydi qulaqlarımda,

Küləklər axtarır özünə ünvan.

 

Oxu baxışımı sən gözlərinlə,

Eşqinlə ürəyim qoy çiçəkləsin.

Gəl oxşa qəlbimi sən sözlərinlə,

Buludlar göylərdən sevgi ələsin.

 

Yerlə göy arası, gözlə qaş kimi

Necə yaxındı biri-birinə.

Deyəsən yatmışam mən daş kimi,

Çata bilməmişəm görüş yerinə.

 

Taledən, qismətdən yarımamışam,

Dözümün nazını çox çəkdim, Allah.

Bir azdan yenə düşəcək axşam,

Bəlkə gileyim günahdı, günah.

 

Hövsələm daralıb, səbrim təngiyib,

Sönüb ümidimin işığı, odu.

Xəyalım yollarda qalıb, ləngiyib

Sınıb arzuların incə qanadı.

 

Qara bulud kimi alnıma qonub

Məni məndən alıb alın yazısı.

Qalmışam od ilə su arasında,

Üzümə bağlanıb tövbə qapısı.

 

 

Əziz Musa

 

Ədəbiyyat qəzeti.- 2010.- 20 avqust.- S.6.