Poeziyamızın Bəxtiyarı
Bu gün Batıdan Doğuya, Doğudan Batıya - hər bir türkün sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir... Bu fikrin isbatına və təsdiqinə heç bir ehtiyac yoxdur. Bunu desək də, deməsək də, tarix özü bu həqiqəti təsdiq edib. Bəxtiyar Vahabzadə hər hansı bir türkün yaddaşında "şair", "poeziya", "şeir" sözlərinin ardınca gələn ilk beş-on sözdən biridir: Nizami, Füzuli, Nəsimi, Rumi, Xətai, Yunus İmrə, Vaqif, Sabir, Hadi, Müşfiq, Səməd Vurğun, Şəhriyar, Nazim Hikmət, Rəsul Rza ...Bu müqayisədə heç bir mübaliğə görmürəm. Şairlərin böyüklüyünü xalq bilir, xalqın yaddaşı onun sevgisi kimidir.
On beş il öncə - B.Vahabzadənin anadan olmasının 70 illiyi münasibətilə belə bir kitab nəşr olunmuşdu: "Poeziyamızın Bəxtiyarı". O kitabda B.Vahabzadənin yaradıcılığı, keçdiyi ömür yolu və şəxsiyyəti barədə məqalələr, resenziyalar toplanmışdı. Dünyanın, Azərbaycanın tanınmış sənətçiləri poeziyamızın Bəxtiyarına ən səmimi, ən duyğulu ürək sözlərini izhar edirdilər.
Sovet ədəbiyyatının klassiklərindən sayılsa da, ruhən müasir bir yazıçı olan, dilimizin, mədəniyyətimizin qorunmasında böyük xidmətləri olan Mirzə İbrahimov yazırdı: "Bəxtiyar Vahabzadə şerimizin Füzuli, Vaqif, Sabir, Səməd Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi, estetik ləzzət duyursan".
Ustad Rəsul Rza deyirdi: "Bəxtiyar Vahabzadə sözün əsl mənasında şairdir. Onun poetik fırçasının çəkdiyi lövhələr rəngarəng və maraqlıdır. Bəxtiyar Vahabzadənin poeziyası - düşüncələr poeziyasıdır."
Unudulmaz yazıçımız İlyas Əfəndiyev: "Bəzən od tutub yanır, bəzən Prometey kimi üsyankar, bəzən məsum uşaq kimi kövrək olur və bu zamanlar da onun lirası insanın qəlbini sarsıdan, ruhi aləmini təlatümə gətirən ülvi bir avazla səslənir. Və biz ona şair deyirik".
Bu seçmələri yan-yana düzməkdə məqsədim nədir? Əcəba, Bəxtiyar poeziyasına, bu poeziyanın Doğudan Batıya, Batıdan Doğuya çatacağına bir şübhəmi qalır? Qətiyyən! Əsla!
Hələ mən B.Vahabzadə haqqında yazılan namizədlik və doktorluq dissertasiyalarını, neçə-neçə monoqrafiyanı və sayı-hesabını sağlığında heç özünün də bilmədiyi yüzlərlə məqalələri demirəm. Onların əksəriyyəti məhəbbətdən, Bəxtiyara sevgidən doğub? Bu sevgiyə bir şübhəmi var?
Bəxtiyar Vahabzadə poeziyası onun şəxsiyyətindən ayrılmazdır. Əslində, hər hansı bir şeir şairdən kiçik bir zərrədir. Şair havadan poeziya yarada bilməz. Poeziya onun ruhu, iç aləminin bəlirtiləridir.
Mənim fikrimcə, Bəxtiyar Vahabzadə Mirzə Ələkbər Sabirdən sonra dövranla, dünya ilə ən amansız müxalifətdə olan şairlərimizdən birisidir. Dahi Sabirin "Hophopnamə"si göz yaşları içində qəhqəhə idi, üz tutduğu xalqa "özünü dərk et" harayını, fəryadını çatdırırdı. Bəxtiyarın "Bəxtiyarnamə"si isə nə göz yaşlarıdı, nə də qəhqəhə. Müdrik bir şair-filosofun bəzən çılğın, bəzən qəzəb, hiddət, üsyan dolu çağırışlarıdır. "Ey xalqım, özünü dərk et və düşün… əsrlər boyu səni izləyən və qəhr edən bu bəlalardan özün çıxış yolu ara, tarixdən ibrət al!"
Törədi Koroğlu dəlilərindən
Savadlı, bilikli "ağıllılar" hey.
Bu ağıl hünərə deyil, bəs nədən
Kölə ehtiyata səcdə qılır hey?
Dayaq olmalıykən öz elinə sən,
Elin kürəyində bir bıçaq oldun.
Sən igid olmalı, ər olmalıykən,
Özgənin əlində oyuncaq oldun.
Bəxtiyar poeziyasında yüzlərlə belə ittiham, qınaq və kinayə dolu misralarla rastlaşa bilərik. Və bu misralar, bəzən bütöv-bütöv şeirlər, poemalar insan-vətəndaş-şəxsiyyət Vahabzadənin yaşadağı dünya ilə, həyat və mühitlə, quruluşla müxalif olmasından doğurdu.
Əllinci illərin sonları... Sovet imperiyasının hələ heç sarsılmadığı, daha da güc topladığı o illərdə Bəxtiyar Vahabzadə "Gülustan" poemasını yazdı. Bircə elə bu fakt kifayətdir deyək ki, o taylı-bu taylı yatmış millətin içində huşyar insanlar da vardı, biri də Bəxtiyar idi. Ötən illərdə yazılan bir məqalədə oxumuşdum ki, guya bu poemanı yazmaqla Bəxtiyar Vahabzadə özü haqqında ucuz şöhrət, illüziya yaratmaq istəyirmiş... Bəlkə də həmin müəllif poemanın yazıldığı illərdə ali məktəbdə marksizm-leninizm kursu keçirdi və təpədən dırnağa komsomolçu idi. Cürət, qeyrət, milli amal insana heç də əlli, altmış yaşında bəxş olunmur, insanla birgə doğulur, qanda, ilikdə yaranır bunlar.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
Xalqın, millətin sevimli şairinə ilk mənəvi zərbə də elə bu poemadan sonra dəydi. Amma Bəxtiyar sarsılmadı, bəziləri kimi etirafda bulunmadı.
Bəxtiyar Vahabzadənin həm şəxsiyyəti, həm də yaradıcılığı onu millətin, xalqın böyük şairi anlamına gətirir. Onun üçün dünya Azərbaycandan başlayırdı, Azərbaycanla da bitirdi. Bu xalqın dəli-divanəsiydi .
Bəxtiyar Vahabzadə poeziyamızda milli birliyin, vahid azərbaycançılığın lideri idi. Bu fikri söyləməklə onun poeziya tarixində xidmətlərini şişirtmək fikrində deyilik. Ancaq həqiqət budur ki, milli birlik, Azərbaycanı vahid görmək ideyası sovet dönəmində Bəxtiyar Vahabzadə poeziyasından başlayır. Bu başlanğıc Xəlil Rza Ulutürk, Məmməd Araz, Söhrab Tahir, Sabir Rüstəmxanlı kimi şairlərə də təsirsiz qalmadı.
Bəxtiyarın poeziyasında qanımızla, kökümüzlə, ruhumuzla bağlı olduğumuz xalqın mənəvi dünyasını, böyüklüyünü, zənginliyini, hətta ifrat humanizmini və səhvlərini də bir bədii tarix kimi oxuyursan. Onun bu xalqın fikri-mənəvi intibahına səsləyən harayına qoşulanda istər-istəməz fikirləşirsən: yalnız öz xalqını sevən bir şair, onun tarixi keçmişiylə qürrələnən, həm də faciələrini görən bir insan bir böyük ərklə onu qınaya bilər, həm də ona qarşı hər hansı haqsızlığa dözümsüzlük göstərər.
Dünya quru bir səs,
Qəm çəkməyə dəyməz.
Yüz-yüz itən olsun,
Min-min də
bitən var.
Şükr eyliyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən
var.
Bəxtiyar
poeziyasında həmişə zamanın ahəngi, ritmi, hətta
addım səsləri aydınca duyulmuşdur. Zaman onun poeziyasında həm
konkret mənada - dəqiq ayı, ili, əsri
ilə məlum çərçivədə, həm də
bütün keçmişləri, indiyə və gələcəyə
sığışdırılan bir dairədədir.
Zamanın ayrı-ayrı bölümlərini ifadə edən
yazılarında Bəxtiyar Vahabzadə
"Gülüstan", "416", "Şəhidlər",
"Yollar-oğullar" şairidir. Yəni konkret tarixi hadisələrin
konkret zaman bölümündə əksi... Amma
unutmaq olmaz ki, burada konkretliyin özündə də bir şərtilik
var. "Gülüstan" bir xalqın tarixi faciəsinin ibrət
dərsidir, bir zamanın başqa bir zamanda ehyası,
sonrakı zamanın da əbədi ağrısıdır.
"Şəhidlər" də həmçinin.
Amma elə
şeirlər, poemalar var ki, orada zaman dəyişməz və
bütövdür, konkret bir ayla, əsrlə məhdudlaşmır. Məsələn,
"İnsan və zaman" silsiləsindən olan bir sıra
şeirlər, "Latın dili", "Gəl, ana təbiət",
"Muğam", "Mənə nə var?",
"Özümdən narazıyam", "Həyat, sən nə
şirinsən", "Ana dili" və s. bu qəbildən
olan poetik nümunələr. Bu filoloji fərqləndirməyə
son qoyub bir də onu deyə bilərəm ki, Bəxtiyar
şerində zamanı hiss etmək onun şair xarakterinin
sosial keyfiyyətindən yox, ümumiyyətlə, fitri
narahatlığından doğur.
Min-min illər bu dünya beləcə
fırlansa da,
Bir yuvanın
bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər
bir-birini dansa da,
Dəyişməzdir
əqidəm, çox da dünya fırlanır.
Mərhum tənqidçi
Aydın Məmmədov yazırdı: "Bəxtiyar Vahabzadə
poeziyası əzabkeş fikrin, dünya, insan, sevgi və
azadlıq haqqında çırpıntıların
poeziyasıdır. Bu poeziya tarixin şah
damarını axtarır, bir sözün, bir obrazın maqnit
sahəsində keçmiş, bu günü və gələcəyi
qovuşdurur. Hər dəfə də
dünyanın taleyinə bir nöqtədən-bütün mənəvi
qüdrətini insanların yolunda sərf etməyə
hazır olan fədakar humanizm zirvəsindən
yanaşır". Şairin "İnsan
və zaman" silsiləsi onun bütün
yaradıcılığı boyu davam edən lirik-fəlsəfi
düşüncələrinin ifadəsidir. Bu silsilədə dünyada baş verən hər
hansı yeni olaya, hadisəyə həssas şair münasibəti
hiss edilir. fikir axtarışı Bəxtiyar
poeziyasının əqli - intellektual yönünü müəyyənləşdirən
başlıca amil idi.
Dünya-axtarış evi...
Kimi sərvət axtarır,
Kimi fikir
axtarır.
Kimi də ürəklərin
axtarış həvəsində
Sirr
görür, sirr axtarır.
Sərvət, fikir!
fərqə bax!
Sərvət - fikir deyilsə,
fikir - sərvətdir ancaq.
B.Vahabzadənin
bu fikir axtarışlarını onun bir çox şeirlərində,
poemalarında və pyeslərində izləyə bilərik. Burada bu
xüsusda geniş söz açmağa ehtiyac duyulmur. Ancaq qısaca deyim ki, B.Vahabzadə müasir Azərbaycan
poeziyasında bir tendensiya xarakteri daşıyan fəlsəfi
lirikanın gözəl nümunələrini
yaratmışdır. Vaxt, zaman,
ölüm-olum, gözəllik, təbiət və urbanizisaya,
xeyir və şər... bütün bu anlayışlar Bəxtiyar
poeziyasında öz fəlsəfi-poetik həllini
tapırdı. Əzəldən bu
böyük şairin daxilində narahat və
ağıllı bir filosof yaşayırdı. O,
heç bir vaxt ateist olmadı, dinimizi inkar etmədi.
Allah! Bilirik, cism deyil, bəs
nədir Allah!
Ən yüksək
olan haqda, həqiqətdədir Allah.
Dondunsa təkamül və
gözəllik qabağında,
Dərk et,
bu təəccübdə, bu heyrətdədir Allah.
Bəxtiyar
şerinin bütün parametrlərində, hətta onun
kiçik çalarında belə qüvvətli şəkildə
hiss edilən, duyulan, hətta bir çox məqamlarda bu
poeziyanın aparıcı füquruna çevrilən Bəxtiyar
obrazıdır. Çağdaş poeziyamızda belə
bir görünüş, yəni şair obrazının onun
poeziyasında bu dərəcədə aparıcı rol
oynaması ilk növbədə, bu obrazın xarakterindən
doğur. Belə demək mümkünsə,
bütün şeir və poemalarında poetik duyğunun,
hissin mərkəzində şair obrazı durur. Həyat, ölüm, insan məhəbbəti, həqiqət
uğrunda mübarizə, istiqlal düşüncələri,
kədər, nifrət, tarixə baxış, müasirlik -
bütün bu problemlər Bəxtiyar-şair obrazında təmərküzləşir.
Ancaq elə güman eləmirəm ki, hansı
bir şeirə, ya bir kitablıq şeirə boylanıb
"bax, bu şeirdə" ya "bu kitabda Bəxtiyar bir
insan və şəxsiyyət kimi tamdır" fikri ortaya
çıxsın. Yox, olsa-olsa, hər şeir Bəxtiyar
dünyasının kiçicik zərrəsi ola
bilər. Təbii ki, bəzi şeirlərində zərrə
ümmanı, an əbədini daha parlaq əks
etdirə bilər. Yenə də elə güman
eləmirəm ki, şeirlərində görünən Bəxtiyar
obrazı sırf Bəxtiyar obrazıdır. Bu cür düşünüş də Bəxtiyar
poeziyasının aparıcı qəhrəmanının
missiyasını daraltmağa gətirib çıxarardı.
Məncə, Bəxtiyar obrazında XX əsr insanının -
düşünən, düşündürən, əsrin təzadları
və mürəkkəblikləri qarşısında həyəcanlanan,
əsəbi hallar keçirən, bəzən heyrətlənən,
hər hansı gözəllik önündə səcdə
qılan, əcdad, kök, ilkinlik duyğusunu qanında
yaşadan, doğma ana dilini, xalq mənəviyyatını hər
şeydən uca tutan, azadlıq mücadiləsində,
xalqının istiqlal savaşında sözü gülləyə
çevirən və təbii ki, sevən, sevilən, əzab
çəkən bir aşiq canlanır. Bu
aşiq sözünü xüsusi vurğulamaq istəyirəm.
Azadlıq aşiqi, təbiət aşiqi, Vətən
aşiqi, gözəllik aşiqi, poeziya aşiqi.
Bəxtiyar
obrazının məramnamə xarakteri daşıyan ifadəsini
bircə şeirdə canlandırmaq istəyi məni rahat
buraxmadı.
Müxtəlif şeirlərinə üz tutdum, hansı
şerindənsə bu misraların üzərində
dayandım:
Uçmaq istəyirəm,
yalnız zirvədən
Seyr edim bu
günü, ötən çağları.
O qədər ucalım,
yüksəlim ki, mən
Görməyim
yerdəki xırdalıqları.
Uçmaq istəyirəm,
əsəblərimi,
Əsrin öz
kökündə çəkib tarıma.
Uçmaq istəyirəm,
dərdi-sərimi
Dərmana yetirən
nağıllarıma.
Ucalıq və yüksəklik!
Genişlik və səmavilik! Xəyal və romantika! Məncə, Bəxtiyar poeziyasının
bütün pafosunu bu sözlər təyin edir.
...İki ildir
Bəxtiyarsız yaşayırıq. Onun səsini
eşitmirik, təzə şeirlərini oxumuruq. Ancaq Bəxtiyar
Vahabzadə elə bir ədəbi irs qoyub
ki, əsrlərə yetər. Nədir bu əbədiyaşarılığın
sirri?
Birincisi, XX əsr
və XXI əsrin ilk illərinin Azərbaycan ədəbiyyatını
B.Vahabzadənin yaradıcılığı olmadan təsəvvür
etmək mümkün deyil. Azərbaycan
xalqının mənəvi dünyasını, mübarizələr
tarixini, intellektual aləmini, keçmişindən bu
gününə uzanan yolu, bu yolun şərəfli-şanlı
səhifələrini, həmçinin faciəli, dramatik mənzərəsini
biz digər böyük sənətkarlarımızın
yaradıcılığı ilə bir sırada - Bəxtiyar
poeziyasında da izləyə bilərik.
O, Azərbaycan
sözünün canlı əfsanələrindən idi. Sözlə insanı heyrətləndirməyin
ustası idi.
"Heyrət, ey
büt!" dedi dünyaya qələm,
Aləmi bir
seyrim yüz heyrətimdir.
Mən heyran olmasam yaza bilmərəm,
Mənim nəğmələrim
- öz heyrətimdir.
Həmişə qorxmuşam
biganəlikdən,
Yaşa heyran-heyran, öl heyran-heyran!
Məni soyuq-soyuq dindirincə
sən,
"Can" deyib
canımı al, heyran-heyran!
Bəxtiyar
Vahabzadə poeziyası klassik və müasir Azərbaycan
poeziyası arasında bir körpü idi. Onlarla misallar
göstərə bilərəm ki, B.Vahabzadə klassik
poeziyadan yaradıcı şəkildə necə təsirlənirdi.
Xüsusilə, Füzuli poeziyası onun
üçün bir məktəb idi. O, dünya
poeziyasına dərindən bələd idi, amma Azərbaycan
poeziyası onun üçün sevimli və doğma idi, milli
şeir ənənələrinə xor baxanlara qarşı
mübarizəni elə şeirlə aparırdı. Burada onun Azərbaycan klassik və müasir ədəbiyyatının
bir sıra problemlərinə, həmçinin sevdiyi sənətkarların
yaradıcılığına həsr etdiyi onlarla məqalələrini
xatırlayırsan. B.Vahabzadə
füzulişünas deyildi, lakin onun Füzuli poeziyası və
ölməz "Leyli və Məcnun" poeması
haqqında yazdığı məqalə fikrimcə,
füzulişünaslığın incilərindən biri
sayıla bilər. O, C.Məmmədquluzadə
yaradıcılığının tədqiqatçısı
deyildi, amma Mirzə Cəlil sənəti barədə
yazdığı məqalə heç bir tədqiqat əsərindən
geri qalmır. Müasirlərindən kimin
haqqında yazmadı ki? Səməd
Vurğunun ömür yolu və yaradıcılığı
haqqında ilk monoqrafiyanın müəllifi də o oldu.
Yeri gəlmişkən deyim ki, B.Vahabzadə S.Vurğun ədəbi
məktəbinin ən istedadlı nümayəndəsi idi,
S.Vurğunun ölməz poeziyasından çox şey əxz
elədi, lakin sənətdə, poeziyada öz yolunu tapdı və
ondan sonra ədəbiyyata gələn bir çox şairlərimiz
üçün də Bəxtiyarın poeziyası örnək
oldu. O, S.Rüsətmi də, R.Rzanı da, M.Arazı da, N.Həsənzadəni
də, Ə.Kərimi də sevirdi və onların
yaradıcılığına ürəkdən gələn
məqalələr həsr edirdi. Cavan şairlərin
yazdıqlarına da biganə deyildi.
İkincisi, Bəxtiyar
poeziyası o taylı-bu taylı hər bir azərbaycanlı
üçün Vətən dərsi idi. Onun şeirlərini,
poemalarını oxuyub Vətəni sevdik, onun
torpağını, daşını sevdik. Xalqımızın tarixini vərəqlədik,
fiziki Azərbaycanın parçalandığını
görsək də, mənəvi Azərbaycanımızı
bütöv gördük. Onun poeziyası
bütövlükdə tarixi keçmişimizə və XX əsr
Azərbaycanına tutulan saf, ləkəsi, təmiz bir
güzgüdür deyirik. Poeziyamızda cəsarətin
necə boy atdığını, müstəbidləri necə
titrətdiyini hiss etdik. Qanlı Yanvar faciəsindən
bir neçə gün sonra Bəxtiyar Vahabzadənin rus
generalının üzünə tüpürdüyünü
dedilər, amma o öz şerlərində çox-çox əvvəl
imperiyanın üzünə tüpürmüşdü.
Bəxtiyar
şeiri düşüncə, idrak yoluna işıq
saçır.
Bu işıqdan hələ neçə nəsil
faydalanacaqdır.
Vaqif YUSİFLİ
P.S. Bəxtiyar Vahabzadə mənim
müəllimim olub. BDU-nun filologiya fakültəsində,
IV kursdə o, bizə "Sovet ədəbiyyatı tarixi"
fənnindən mühazirələr oxuyurdu. Əslində,
bizə milli mənlik, qeyrət dərsi
keçirdi.Mövzular bir yana qalırdı, bizə Mirzə Cəlildən,
Hadidən, Sabirdən, Üzeyir bəydən söz
açırdı, o zaman deyilməsi yasaq olan mətləblərdən
söz açırdı. Bir gün, mühazirələrin
birində Səməd Mənsurun "Rəngdir" şerini
oxudu. Bu şeir mənə elə təsir
elədi ki, mühazirədən sonra həmin şeri istədim.
Bəxtiyar müəllim, məni boş
auditoriyaların birinə apardı, misra-misra onu mənə
köçürtdü. O zaman çox az
oxucunun bu şeirdən xəbəri vardı.
…İllər
keçdi.Mən ədəbi aləmə qoşuldum. "Azərbaycan"
dərgisində işə başladım və Bəxtiyar
müəllimlə dönə-dönə rastlaşdım,
evində oldum, onunla iki dəfə müsahibə apardım,
haqqında bir neçə məqalə yazdım. Günlərin birində ona "Tənqid
yarpaqları" adlı kitabımı hədiyyə etdim.
Bir aydan sonra "Xalq qəzeti"ndə həmin
kitab haqqında Bəxtiyar müəllimin məqaləsi
çap olundu. Bu, mənim həyatımda ən
xoşbəxt günlərdən biri idi.
Ustad şair
redaksiyaya şeirlərini göndərəndə bir neçə
dəfə mənə zəng edib, rəyimi soruşub. Günlərin
birində oğlum Vidadi telefonu götürdü. Zəng edən Bəxtiyar müəllim idi.
"Ata, səni telefona çağırırlar" - dedi. Bəxtiyar
müəllimin mənə telefonda sözü bu oldu:
"Oğlum, sənə "ata" deyən o
uşağın dilindən öp". Bilirdim
ki, Bəxtiyar müəllimin "papa", "mama"
sözlərindən xoşu gəlmir.
Ədəbiyyat qəzeti.- 2010.- 20 avqust.- S.3.