Abbas Zamanov və ədəbiyyat muzeyi

  

Naxçıvan Azərbaycanın ayrılmaz gözəl guşələrindən biri olmaqla bərabər, həm də qədim ədəbiyyat, mədəniyyət, elm və incəsənət mərkəzidir. Bu qədim diyar Azərbaycan elminə bəxş etdiyi görkəmli simalarla haqlı olaraq fəxr edir.

Ədəbiyyat tariximizi vərəqlədikcə görürük ki, bir çox şəxsiyyətlər mənsub olduqları xalqın maariflənməsi, mədəniləşməsi üçün daha xoşbəxt gələcəyi uğrunda yorulmadan qələm işlətmiş, ömürlərinin müəyyən hissəsini müqəddəs amal uğrunda mübarizə işinə sərf etmişlər.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinə, yazıçı və şairlərə guşələr ayrılmış və onlara şəxsi fondlar yaradılmışdır. Bu fondlardan birifilologiya elmləri doktoru, professor, əməkdar elm xadimi "Abbas Zamanov fondu"dur.

Abbas Zamanovun çoxşaxəli fəaliyyəti ədəbiyyatşünaslıq elmimizin inkişafında ayrıca bir mərhələ təşkil edir. Azərbaycanın, eləcə də muxtar respublikamızın qədim, həm də zəngin maddi və mənəvi sərvətlərinin, mədəni xəzinəsinin qorunub mühafizə edilməsində, görkəmli şəxsiyyətlərin həyatının, yaradıcılıq fəaliyyətinin öyrənilməsi və təbliğ edilməsində Abbas Zamanovun çox böyük rolu vardır.

Akademik Məmməd Cəfər Cəfərovun dediyi kimi: "Abbas Zamanov həmişə axtaran, hər hansı bir tədqiqatı ilə həmişə filologiya elmimizə yenilik gətirən ədəbiyyatşünaslarımızdandır".

Professor Abbas Zamanov Bakıda yaşadığı dövrlərdə Naxçıvanın sənət adamları ilə sıx münasibətdə olmuşbu əlaqələri ömrünün axırınadək davam etdirmişdir. O, Naxçıvanın bir çox muzeyləri ilə əlaqə saxlamış, xüsusən də Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin zəngin materiallara malik mədəniyyət ocağına çevrilməsində öz köməyini əsirgəməmişdir.

Hələ 1967-ci ildə muzeyin açılışında iştirak edən alim rəy kitabında muzey haqqında öz təəssüratlarını bu cür səmimi sözlərlə qeyd etmişdir:

"Muzey gözəldir. Sağ olsun onun təşkilatçıları. Bu muzey Mirzə Cəlil üçün ən yaxşı hədiyyədir."

Görkəmli alim müxtəlif vaxtlarda özünün yeni nəşr olunmuş kitablarını, qəzet və jurnal materiallarını, fotoşəkilləri, sənədləri və eləcə də görkəmli şəxsiyyətlərin onun adına avtoqrafla göndərdikləri kitabları muzeyə hədiyyə etmişdir.

Xeyirxah və təvazökar insan məktublarının birində yazır:

"Salam, Sübhi. Çoxdandır məktublaşmırıq. Az qala yadlaşmışıq. Mən muzeyi unutmamışam. Muzey üçün xeyli kitablar, qəzetlər və s. eksponatlar hazırlamışam. Naxçıvanla gediş-gəliş son dərəcə çətin olduğu üçün göndərmirəm. Qorxuram ki, bu başı bəlalı yollarda it-bat olar. Vəziyyət dəyişilərsə topladığım materialları göndərəcəyəm.

Muzeyin bütün əməkdaşlarına salam göndərirəm.

Allah bizi məkrli qonşuların xata-bəlasından xilas etsin.

Mən dərin ehtiramla inanıram ki, gün gələcək qonşular öz cəzalarına çatacaqlar".

 

Sizin A.Zamanov

 

30.IV-1992. Bakı

 

Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Universitetinin professoru. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanovun muzeyimizlə sıx əlaqələri nəzərə alınaraq o, muzeyin fəxri üzvü seçilmişdir.

Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Sübhi Kəngərli Abbas Zamanovla bağlı xatirələrində demişdir:

"Abbas müəllim sözün əsl mənasında muzeyimizin hamisi idi. O, öz şəxsi arxivini tamamilə bizə bağışlayıb. Əlinə düşürdüsə, muzeyimizə göndərirdi. Mənə tez-tez məktub yazır, vaxtaşırı telefonla zəng edib muzeyin vəziyyəti ilə maraqlanırdı. Məktublarını kitabça şəkilində hazırlayıb, ondan əziz bir xatirə kimi saxlayırıq. O, muzeyimizin fəxri üzvü sayılırdı. Biz onu sevirdik. Abbas müəllim bizim üçün doğmaların doğması idi…"

Professor Abbas Zamanovun çoxillik çoxcəhətli məhsuldar yaradıcılığında XX əsr Azərbaycan ədəbiyyatı, xüsusən Mirzə Ələkbər Sabir irsinin tədqiqi xüsusi yer tutmuşdur. Görkəmli alim 1967-ci ildə Azərbaycan filologiyası tarixində ilk dəfə olaraq "Sabir müasirləri" mövzusunda birbaşa doktorluq dissertasiyası müdafiə etmişdir.

Akademik İsa Həbibbəylinin sözü ilə desək, "Abbas Zamanov XIX-XX əsrlər müasir ədəbiyyatımızın ən görkəmli tədqiqatçılarındandır. O, nəinki Azərbaycanda, demək olar ki, bütün mədəni dünyada görkəmli sabirşünas alim kimi tanınmışdır".

Muzeyin fondunda qorunub saxlanılan, mühafizə olunan eksponatlar arasında Abbas Zamanovun avtoqrafla muzeyə hədiyyə etdiyi "Sabir müasirləri", "Sabir bu gün", "Sabir xatirələrdə", "Müasirləri Sabir haqqında", "Əməl dostları", "Cəbhə dəftərindən" s. kitabları vardır.

Ədəbiyyatşünas alim eyni zamanda xaricdə Azərbaycan dilində çıxan bir çox dərgiləri muzeyə hədiyyə etmişdir. Bunların arasında Qərbi Almaniyanın Bonn şəhərində Cənubi Azərbaycan siyasi mühacirlərinin nəşr etdirdiyi "Ana dili" qəzetinin müxtəlif illərinin sayları, həmçinin Tehranda nəşr olunan "Varlıq" jurnalının 1986-1990-cı illərə aid nömrələri, Türkiyədə nəşr olunan "Azərbaycan türkləri", "Orkun", "forum" jurnalları fondda öz əksini tapır, qiymətli eksponat kimi qorunub saxlanılır.

Alimin müxtəlif nəşriyyatlarda çap olunmuş əsərlərinin, habelə 1979-cu ildə Təbrizdə Əsəd Behrənginin tərcüməsi ilə çap olunmuş, "Sabir müasirləri" kitabı, 1926-cı ildə "Əkinçi" qəzetinin 50 illik yubileyi ilə əlaqədar ərəb əlifbası ilə çap olunmuş "Əkinçi" toplusu, Mirzə Ələkbər Sabirin fars türk dillərində olan "Hophopnamə"sidə muzeyin fondunda olan maraqlı materiallardandır.

Abbas müəllim dünya azərbaycanlılarının, yazıçı şairlərin bir-birilə ədəbi-mədəni əlaqələrin yaradılmasında da vasitəçi rolunu oynamış, tariximizlə, dilimizlə bağlı nəşr olunan kitablardan ibarət müxtəlif ədəbiyyatları da avtoqrafla muzeyə göndərmişdir. Bu kitablardan Teymur Bünyadovun "Mərd qalalar, sərt qayalar", Nizaməddin Babayevin "Ədəbi mübahisələr", Kamran Məmmədovun "Yusif Vəzir Çəmənzəminli", türk yazarlarından Seyfəddin Altaylının "Nəbi Xəzri "O gecənin qaranlığı", Servet Gürcanın "Əhməd Cavad "Çırpınırdı Qara dəniz" bir çox eksponatları göstərmək olar.

Fondda Abbas Zamanovun həyat yaradıcılığının müxtəlif anlarını əks etdirən fotolar da öz əksini tapmışdır.

"Professor Abbas Zamanov, Cənubi Azərbaycan şairi Səhənd", "Professor Həmid Məmmədzadə, Abbas Zamanov, xalq şairi Balaş Azəroğlu, Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi Hüseyn Sədiq", "Professor Abbas Zamanov Sabir şeir günlərində çıxış edir", "Ədəbiyyatşünas alim Abbas Zamanov, Əziz Şərif", "filologiya elmləri doktoru Abbas Zamanov, muzeyin baş fond mühafizi Xanım İsmayılova" b. fotolar muzeyin ən qiymətli ən nadir eksponatlarındandır.

Bütün mənalı həyatını Azərbaycan ədəbiyyatşünaslığının inkişafına, ədəbi irsimizin öyrənilməsinə, təbliğinə sərf edən fədakar alim Abbas Zamanov haqqında bir çox tədqiqat əsərləri yazılmış, onun həyat fəaliyyəti araşdırılmışdır. Bu ədəbiyyatşünas alimlərdən akademik İsa Həbibbəylinin "Müasirləri Abbas Zamanov haqqında", filologiya elmləri namizədi fərqanə Kazımovanın "Yaddaşlara köçən insan", "Abbas Zamanov biblioqrafiyası" b. kitabları da muzeydə nümayiş olunur.

Yorulmaz tənqidçi, ədəbiyyatşünas naşir Abbas Zamanov aramızda olmasa da, onun zəngin ədəbi fəaliyyəti, muzeyimizə göstərdiyi xidmətləri, qayğısı hər zaman qəlbimizdə yaşayacaq, biz muzey əməkdaşları tərəfindən daim öyrəniləcək təbliğ ediləcəkdir.

 

 

Zülfiyyə İSMAYILOVA

 

Ədəbiyyat qəzeti.- 2010.- 20 avqust.- S.4.