Bir günəşin zərrəsi

  

  Milli mətbuatımızın 135 illiyi ərəfəsində "Abdulla Şaiq" kitabını oxudum, şəkilləri ilə tanış oldum. Bir daha bu görkəmli maarifçi və ictimai xadimin şəxsiyyəti, ocağı, nəsli-nəcabəti, ardıcılları, əhatəsi, əsərləri, müasirləri ilə tanış oldum. A.Şaiq millətə, dövlətə, maarif və mədəniyyətə bağlılığın klassik nümunəsi kimi yad edildi, Şaiqanə yad edildi. İstər-istəməz kitab müəllifi hörmətli Teymur Əhmədov gözlərim qarşısında dayandı.

H.Cavid, F.Köçərli, S.M.Qənizadə, Yusif Ziya Şirvanlı, H.Mahmudbəyov, S.S.Axundov, Qafur Əfəndizadə Qantəmir, İ.Hikmət, M.Arif, M.C.Cəfərov, H.Araslı, Ə.Cəfər, S.Hüseyn, Y.Qarayev, Y.Məmmədəliyev, Camo Cəbrayılbəyli, S.Vurğun, M.Hüseyn, Mir Cəlal, Ə.Mirəhmədov, K.Talıbzadə, M.İbrahimov, B.Vahabzadə, Mirzağa Quluzadə, Məsud Əlioğlu, M.Təhmasib, K.Ziya, Şəfiqə Əfəndizadə kimi görkəmli elm və mədəniyyət xadimlərinin şəkilləri ilə üz-üzə qaldım. Onların qiymətli fikirlərini oxudum, keçdikləri ömür yolunun, məna və siqlətini duydum, qiymətləndirdim. Və bir daha inandım ki, Teymur Əhmədov da bu ünlü, nüfuzlu şəxsiyyətlərin sırası, elə ləyaqətli ardıcılıdır ki, eyni cür həyat missiyasını həyata keçirir. Maarifçilik, vətənpərvərlik və humanizm, elmə, təhsilə və məktəbə bu qədər ciddi maraq onun tərbiyəsi və əqidəsidir. Teymur müəllim də millətinin güclü mənəvi işığıdır. Yaxşı deyiblər ki, müdrikliyin vicdanla üzvi surətdə birləşdirilməsi, yaxud vicdanlı ağıl həqiqi ziyalının mənəvi siması olmalıdır. Teymur Əhmədov da zəmanəsinin vicdanlı ağıl sahibi, yaradıcı ziyalısıdır.

"Abdulla Şaiq" kitabı nəfis tərtibatda hazırlanmışdır. Layihə rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi məsləhətçilər Sevda Məmmədəliyeva və Lətifə Məmmədova, redaktor A.Şaiqin nəvəsi Ülkər Talıbzadədir. Kitab-albom A.Şaiq haqqında ümummilli lider Heydər Əliyevin 24 fevral 2001-ci il tarixli qiymətli fikirləri ilə açılır: "XX əsr Azərbaycan ədəbiyyatının təşəkkül tapıb inkişaf etməsində şair, nasir və dramaturq kimi Abdulla Şaiqin böyük əməyi vardır. Onun Azərbaycanda uşaq ədəbiyyatının, xüsusilə milli uşaq dramaturgiyasının yaranmasında misilsiz xidmətləri olmuşdur. Bir əsrə yaxındır ki, Azərbaycan xalqının neçə-neçə nəsli Abdulla Şaiqin uşaqlar üçün müxtəlif janrlarda qələmə aldığı gözəl sənət nümunələrindən faydalanıb və indi də faydalanmaqdadır. Abdulla Şaiq Azərbaycanın elmi və ədəbi mühitində sanballı ədəbiyyatşünas və gözəl bədii tərcümə ustası kimi də yaxşı tanınır.

Abdulla Şaiqin çoxşaxəli fəaliyyətinin böyük bir qismi Azərbaycan maarifçiliyi ilə möhkəm bağlıdır.

Ali və orta təhsil məktəbləri üçün onlarla dərsliyin müəllifi olmuş Abdulla Şaiqin uzunmüddətli pedaqoji fəaliyyəti milli təhsilimizin yeni mərhələyə yüksəlişində mühüm rol oynamışdır.

Kitabın müəllifi, professor T.Əhmədov Abdulla Şaiqi şair, dramaturq, tərbiyəçi, müəllim və maarif xadimi kimi ətraflı səciyyələndirmiş, onun XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixindəki yerini, mövqeyini ümumiləşdirmişdir. Kitabda görkəmli maarifpərvərin xatirələri, müasirlərinin onun haqqında qiymətli fikirləri ifadə olunmuş, hər bir səhifənin məna və məzmununa uyğun fotoşəkillər yerləşdirilmişdir.

Tərtibçi A.Şaiqin xatirələri əsasında bir fotoxronika seçmiş, mənalı bir panoram açmış, XIX əsr Tiflisini - o zamanın Zaqafqaziya xalqlarının siyasi-ictimai həyatı ilə bağlı olmuş şəhəri, sözlə şəklin vəhdətini canlandırmışdır.

Teymur müəllim A.Şaiqin doğulduğu Tiflis şəhərinin ümumi mənzərəsindən sonra onun uşaqlıq illərini, ata ocağını yazıçının öz sözləri ilə canlandırmışdır. Məlum olur ki, A.Şaiqin atası "vəzifəsinə sadiq, haqqı, doğruluğu sevən, zamanın maarifçi şəxsiyyətlərindən" olmuşdur, ruhani idarəsi və müəllimlik etdiyi 6 sinifli məktəbin zəhmət haqqısı ilə ailəsini dolandırmışdır. "Atası Axund Mustafa Talıbzadə məktəbdə şəriət, fars dili və ərəb qəvaidi (qaydaları - Ə.Ə.) müəllimi işləmiş", anası Mehri xanım Talıbzadə evdar qadın olmuşdur.

Kitab-albomda Abdulla Talıbzadənin 1888-1889-cu illərə aid olub əlində kitab məktəbli illərinin şəkli verilmişdir. O, həmin illəri belə xatırlayır: "Mən müəllimlərimi çox sevirdim... Dərsə olan sonsuz həvəsim və yorulmadan gecə-gündüz çalışmağım da müəllimlərimə səmimi məhəbbətimdən irəli gəlirdi. Səhərlər alaqaranlıqdan oyanır, dərslərimi lampa işığında təkrar-təkrar oxuyur, hazırlayırdım. Böyüdükdən sonra, müəllim olduğum zamanlarda belə o müəllimlərimi unuda bilmirdim. Həmişə özümü onlara bənzətməyə çalışırdım". A.Şaiq Xorasanda Mirzə Yusif adlı müəllimin məktəbində oxumuş, oranın dərs üsulu xoşuna gəlməmişdir. "Burada hətta falaqqa və çubuq da var idi. Uşaqları çox bərk döyürdülər. Tiflisdəki uşaqlıq həyatım, məktəbim, yoldaşlarım, Kür sahilindəki evimiz heç yadımdan çıxmırdı". Teymur müəllim maarifçinin bu xatirəsi işığında XIX əsr İranını, Xorasan şəhərini, Mirzə Yusif məktəbini, müəllim və tələbələrini əks etdirən fotoları da oxuculara təqdim etmişdir.

Yeri gəlmişkən, bir fikri də xatırladım. Akad. K.Talıbzadənin şəxsi arxivindən alınıb dərc edilmiş əlyazmada A.Şaiqin böyük qardaşı Yusif Ziya Şirvanlı haqqında da məlumat vardı. Mən bu şəxs haqqında ilk dəfə Xəlil Rza Ulutürkün arxivindən oxumuş və "Milli ideal mücahidi" adlı kitabımda məlumat vermişdim.

X.Rza dil və mədəniyyət, coğrafi-ərazi birlik məsələlərindən poeziyasında, publisistikasında, tərcümələrində, ədəbi tənqidçiliyində və ədəbiyyatşünaslıqda, habelə, elmi-tarixi memuarlarında dönə-dönə bəhs etmişdir. O, çoxsaylı şərqşünas və türkoloqların iştirak etdiyi bir məclisdə Y.Z.Şirvanlının çıxışını qələmə almışdır. Yusif Ziya deyir: "Bu qədəhi içirəm vahid Azərbaycanın sağlığına..." (X.Rzanın 20 dekabr 1969-cu il tarixli gündəliyindən). Həmin sağlıq üstündə Y.Z.Şirvanlı həbs edilmişdir. Onu "panazərbaycanizm" üstündə ittiham etmişlər. Sonralar bu ittiham ləğv edilmişdi. K.Talıbzadənin əlyazmasından məlum olur ki, Yusif Ziya "islam dini, xalq həyatı barədə ciddi kitablar, dərsliklər yazmış, müasir maarifçiliyin məzmununu zənginləşdirən onlarla məqalələr nəşr etdirmiş, bədii yaradıcılıqla məşğul olmuş, siyasi, hərbi fəaliyyətilə milli azadlıq hərəkatının fəal nümayəndələrindən biri olmuşdur".

Yusif Ziya güclü türkçü olmuş, A.Şaiqin bu ideyalara yiyələnməsində mühüm rolu olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Türkiyədən vətənə qayıtmış, N.Nərimanovun köməyi ilə Naxçıvanın hərbi naziri təyin edilmiş, "lakin Bakıdan öz təkliflərinə lazımi cavab ala bilməyən Yusif Ziya N.Nərimanovun köməyi ilə Azərbaycan Respublikasından xaricə getmək icazəsi almış", Ənvər Paşanın Qızıl Ordu ilə vuruşan dəstəsinə, Türküstanın, "Orta Asiya xalqlarının müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan basmaçılara qoşulmuş", Ənvər Paşanın müavini seçilmişdir. Ənvər Paşa Qızıl Ordu dəstələri tərəfindən "öldürüldükdən üç gün sonra Yusif Ziya da kafir gülləsinə tuş gəlir. Qana bulaşmış alt köynəyini çıxarıb Bakıya - qardaşına çatdırmaq üçün döyüş yoldaşına verir, özünü yaxınlıqdakı Ceyhun çayına atıb həlak edir". Kitab-albomda Y.Ziyanın bacısının həyat yoldaşı Mirzə Tağı və qardaşı A.Şaiq ilə birlikdə şəkli verilmişdir.

Salnaməçi T.Əhmədov şəkillərin imkan verdiyi qədər xronoloji ardıcıllığı gözləmiş, A.Şaiqin mənəvi təkamülünə uyğun olaraq şəkil seçimləri, yerləşmələri etmişdir. Artıq biz gənc A.Şaiqin 27-28 yaşlarının şəkli ilə tanış olur, o illər ki, onda (1902) o, "görkəmli maarifpərvər H.Mahmudbəyovun müdir olduğu 6 sinifli məktəbin aşağı siniflərinə ana dili müəllimi təyin olunmuş, dərs demişdir. Kitabdakı 1908-1912-ci illərin şəkilləri A.Şaiqi artıq müəllim, düşüncə adamı kimi təqdim edir. Bu illərdə o, "Molla Nəsrəddin"ə yazır, Sabir, Səhhətlə görüşür və bundan məmnunluq duyurdu: "Molla Nəsrəddin"ə yazmağa başladıqdan sonra Sabir və Səhhət tez-tez Bakıya gəlirdilər. Bəzən onlar günlərlə Bakıda qalır, axşamlar çox zaman bizə gəlirdilər. O gün mənim üçün böyük bayram olurdu. Bu iki dost şairin şirin və səmimi söhbətləri məni o qədər məşğul edirdi ki, onlar getdikdən sonra yatağımda həmin şirin dəqiqələri, saatları yenidən xatırlayır, həyəcandan gözlərimə saatlarla yuxu getmirdi".

1909-1912-ci illərin fotoları və ədibin xatiratları sübut edir ki, o, həmin çağlarda S.S.Axundovla birlikdə dərs demiş, şagirdləri ilə bir yerdə onunla şəkil də çəkdirmişdir. A.Şaiq ciyərini soyuq tutduğundan Volqaboyu sahillərinə səyahət etmiş, Stavropolda olmuşdur. 1916-cı ilin şəklində onu artıq Nalçikdə həmkarları ilə birlikdə istirahət edən görürük. Bu fotolarda o, qardaşı və bacısı Ruqiyyə xanımladır.

Tərtibçi A.Şaiqi 20-ci illərdən başlayaraq bizə tanınmış maarifpərvər kimi təqdim edir. Q.Ə.Qantəmir 1923-cü ildə yazırdı: "Əgər Şaiq olmasaydı, "Milli qiraət"imiz yox idi, "Müntəxəbat" nəşr olunmamışdı, "Ədəbiyyat dərsliyi"ndən məhrum idik. "Türk çələngi"ni görməmiş, "Türk ədəbiyyatı"nı eşitməmişdik. Əgər bu kitablar olmasaydı, məktəblərimiz yoxsul, müəllimlərimiz yalavac qalmışdı..." F.Köçərli isə A.Şaiqin ilk şeirlərinin oxucusu olmuş, onlara tənqidçilik etmişdi. A.Şaiq yazır: "Şəxsən mən "Tülkü həccə gedir", "Yaxşı arxa", "Tık-tık xanım", "Köç" və s. əsərlərimi ilk dəfə F.Köçərliyə göndərmişəm". Bir fotoda isə A.Şaiq İsmayıl Hikmət və Hüseyn Cavidlə bir yerdədir. Bu foto 1924-cü ilə aiddir. H.Cavid yazırdı: "Şaiq kimdir? Əvət hər kəscə o, çalışqan və təcrübəli bir müəllim, həssas, nazik bir şair, mehriban və səmimi bir insandır. fəqət, məncə, gözə çarpan bir yıldız varlıqlardan daha böyük, daha möhtərəmdir".

20-ci illərin sonlarında A.Şaiq dövrünün tanınmış qələm dostları H.Cavid, Ə.Haqverdiyev, C.Cabbarlı, H.Sanılı, M.Müşfiq, S.Rəhman və başqaları ilə bir aradadır. O, artıq evlənmiş, qadını Şahzadə xanım, oğlu Kamal və İldırımla şəkillər çəkdirmişdir.

Kitab-albomda fotolar və sitatlar xronoloji ardıcıllıqla düzülmüşdür. 40-cı illərin bir neçə fotosu da maraqlıdır. 1946-cı ilə aid fotoda A.Şaiq Ali Pedaqoji İnstitutun müəllim və məzunları arasındadır. Bu fotonu ədəbiyyatımızın filosofu Y.Qarayevin müdrik, bədii-fəlsəfi fikirləri süsləyir: "O günəşin zərrəsi kimi kövrək, narın, zərif bir işığa bənzədi; yandı xəfif, zərrə-zərrə... Bu parlaq ziyanı, (günəşin zərrəsini), tarixdə yeni bir dövrün sabahı, məktəb, maarif və sənət al bir şəfəqə boyadı!" Bu səhifələrdə Camo Cəbrayılbəyli və S.Acalovla görkəmli ədibin 1958-ci ildəki fotosu da verilmişdir. C.Cəbrayılbəyli yazırdı: "Ədəbiyyat və dil tədrisi sahəsində ən təcrübəli və məlumatlı mütəxəssislərdən biri Şaiq idi. O, dərs dediyi tələbələrə ədəbiyyat nəzəriyyəsi və tarxini öyrətməkdən başqa onların ümumi ədəbi, mədəni inkişafı üçün də böyük səylə çalışırdı... Qocaman müəllimin 1920-ci illərdə dərs dediyi məktəbə "Şaiq nümunə məktəbi" adı verilmişdir. Bu məktəbi yüzlərlə istedadlı gənc bitirmişdir".

1946-cı ilin iki fotosu da qiymətlidir. Bunlardan birində A.Şaiq S.Vurğun, M.Hüseyn, S.Rüstəm, M.Dilbazi və başqaları ilə bir yerdə, o biri fotoda isə S.Vurğun ona "Qafqazın müdafiəsi uğrunda" medalını bağışlayır. Bir foto isə 1944-cü ildə çəkilib, S.Vurğun və A.Şaiq ədəbi qüvvələrlə bir yerdədir. Əhəmiyyətli fotolardan biri də A.Şaiqin Azərbaycan Yazıçılar İttifaqında çəkdirdiyi şəkildir. Bu şəkildə isə o, türk dünyasının vətəndaş şairi N.Hikmət və milli ədəbiyyatımızın qocaman nasiri S.Rəhimovla bir yerdədir. Belə məlum olur ki, S.Rəhimovun İttifaqın sədri olduğu illərə aiddir. Həmin fotonu isə 20-ci illərdə Azərbaycanda ədəbi tənqid sahəsində çalışmış türk ədəbiyyatşünas-alimi İsmayıl Hikmətin şeri tamamlayır. Bu şeirdə A.Şaiq poetik olaraq mələyə qiyas edilir:

 

"Biri: "İnsan mələk

olarmu?" - desə,

Bən derim: bir misalı var

bakınız,

Bu təbii şüari-munislə,

Bəncə: şair nümunədir

mələyə.

 

Bu şeri tamamlayan isə A.Şaiqin iri planda öz şəkli və şeridir. Önündə kitablar, özü də mütəfəkkir görkəmdə.

Teymur müəllim elə foto və xatirələrə müraciət etmişdir ki, onlar A.Şaiqin xarakterini daha çox müxtəliflikdən ifadə edir. Əgər prof.Y.Qarayev onun məktəb, maarif sahəsində xidmətlərini bədii-fəlsəfi şərh edirsə, akademik M.Arif onun elmi-tənqidi oçerklərindən danışırsa, S.Hüseyn onu yeni ədəbiyyatın təməlçisi kimi qiymətləndirirsə, H.Cavid onu çalışqan, təcrübəli bir müəllim kimi, həssas bir şair, səmimi bir insan kimi dəyərləndirirsə, F.Köçərli onun "Dağlar sultanı" kimi şeirlərinin feyzini qeyd edirsə, Mir Cəlal onun insanpərvərlik və humanizmini "Həpimiz bir günəşin zərrəsiyiz" sərlövhəli şeri üstündə təcəssüm etdirir: "Şaiqin fikrincə, bəşər əslən, qardaş yaranmışdır. İnsanların hamısı bir günəşin şüasından əmələ gəlmiş, bir ananın, təbiətin qoynunda böyümüşlər". M.Hüseynin tənqidçi qənaətində A.Şaiq haqqında ictimai dəyərləndirmə daha səciyyəvidir: "Şaiq mahir bir sənətkar, mükafatı daima vicdanından almaq istəyən gözəl bir insan, dərs verdiyi tələbələri öz doğma balaları kimi sevən həqiqi bir xalq müəllimidir..." O, demokratik Azərbaycan ziyalılarının ən tipik və ən görkəmli nümayəndələrindən biridir. Ədəbiyyatşünas-alim M.Əlioğlu isə onu uşaq ədəbiyyatının banisi kimi səciyyələndirir: "Abdulla Şaiq - Azərbaycan uşaq ədəbiyyatının əsas yaradıcılarından biri və bu ədəbiyyatın inkişafı - tərəqqisi yolunda müstəsna xidmətləri olan görkəmli sənətkardır". Tərtibçi A.Şaiqin belə hüdudsuz təfəkkür sahibi olmasının zəminini də nəzərə almış, onu elə görkəmli yazıçının öz sözü ilə ifadə etmişdir. Bu, xalq mənəviyyatıdır: "folklor mənə xalq dilini, xalq zövqünü, xalq adət və ənənələrini öyrətdi, xalqı və vətəni dərindən sevdirdi".

Kitab-albomun səhifələrinin bir çoxu A.Şaiqin ahıl çağları ilə bağlıdır. Bu fotolarda o, artıq baba kimi nəvələri ilə bir yerdədir. Qocaman ədib bu fotolarda SSRİ Ali Sovetinin qurultayında deputat kimi görünür, xüsusilə, gəncliyə öyüdlər edir: "Xalqımızı sevin, yaxşı oxuyun, dövrünüzün mədəni, irəli getmiş adamları olun, qoca bir müəllim, saçı, saqqalı ağarmış bir yazıçı öz sevimli balaca vətəndaşlarına bundan başqa nə arzu edə bilər?".

Professor T.Əhmədov A.Şaiqin görkəmli ədəbiyyatşünas-tənqidçilərlə çəkdirdiyi şəkillərə, onların tənqidi yazılarına da yer ayırmışdır. Bu baxımdan A.Şaiqin S.Vurğunla, Ə.Mirəhmədovla birlikdə çəkdirdiyi fotolar da mənalıdır.

Salnamə-kitabda biz Ə.Cəfər və G.Hüseynoğlunun A.Şaiqin vəfatını əks etdirən xatirə yazıları və şəkilləri ilə də tanış oluruq. Həmin şəkillərin tarixçəsi də elə belədir: "Dəfn günü. Abdulla Şaiqin məzarı başında. fəxri xiyaban. Bakı. 30 iyul, 1959". Bu şəkillərdə A.Şaiq gül-çiçəklər qoynunda, ana torpağın ağuşunda, görkəmli ədəbiyyat və sənət adamlarının əhatəsində uyuyur, xalq şairi B.Vahabzadənin 1959-cu ildə görkəmli ədibə həsr etdiyi şeri də fotosəhifələrə canlılıq gətirir:

 

Sənət yollarında dayandın mətin,

Səni sarsıtmadı nə dərd, nə ələm.

Neçə sənətkarın, neçə alimin

Gözünə nur verdin, əlinə qələm.

 

Kitab-albomda A.Şaiqin adını yaşadan Dövlət Kukla Teatrının şəkli, dramaturqun "Eloğlu", "Nüşabə" kimi pyeslərindən fraqmentlər, əsərlərinə illüstrasiyalar, kitablarının, habelə tərcümə etdiyi kitabların foto-surəti verilmişdir.

Kitabın axırlarına doğru A.Şaiqin oğlu akademik Kamal Talıbzadə və nəvəsi Ülkər Talıbzadənin fikirləri və fotoları verilmişdir. Burada övladların ata haqqı minnətdarlıq duyğularıyla yad edilir. A.Şaiqin valideyn kimi böyüklüyü, ülviyyəti ifadə olunur. Ülkər Talıbzadə: "Kamal Talıbzadə ailəsinə, atasına, anasına son dərəcə bağlı olan bir insan olub. O, valideynlərini yüksək qiymətləndirir, onları dəlicəsinə sevirdi". Kitabın son səhifəsində A.Şaiqin mənzil-muzeyindən fraqmentlər də özünə yer almışdır. Və A.Şaiqin nəsil şəcərəsi də bir ağac obrazında eskizləşdirilmişdir.

Teymur Əhmədovun tərtib etdiyi bu kitab-albomu alimin onlarla memuarlarından biridir. Bu, Teymur müəllimin elm və mədəniyyətimizə verdiyi yüksək qiymətin, göstərdiyi böyük xidmətlərin nəticəsidir. "Kitablar insan ruhunun müqəddəs yazılarıdır". Yalnız özünün kitab ruhu, müqəddəs ruhu olanlar belə kitabları yetirib ərsəyə gətirə bilərlər. Teymur Əhmədovun özü də canlı bir kitabdır - insan ruhunun müqəddəs yazıları olan bir kitab!

Yeri gəlmişkən, bir canlı kitab timsalında olan ustadımız, görkəmli ədəbiyyatşünas-alim və mətbuat xadimi Teymur Əkbər oğlu Əhmədovu mənalı ömrünün 80-ci yaşında ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, işgüzar fəaliyyət, ailə-övlad səadəti, daimi xoşbəxtlik arzulayıram.

 

 

Əlizadə ƏSGƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2010.- 20 avqust.- S.5.