Harid Fədai: Kuzey Kıbrıs türk mədəniyyətinin yorulmaz
tədqiqatçısı
Kuzey Kıbrıs Türk Cümhuriyyəti neçə onilliklərdir yunan əsarətindən və nəzarətindən xilas olaraq Türkiyə Respublikası ilə birbaşa əlaqələr qurub müstəqil istiqamətini müəyyənləşdirməklə, öz siyasəti, iqtisadiyyatı ilə yanaşı, həm də mədəniyyətin, elmin, təhsilin, ədəbiyyatın da inkişafını prioritetli sahələr kimi diqqət mərkəzində qoymağa önəm verdi. Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycanda nümayəndəliyi olsa da, Kıbrıs mədəni-ədəbi həyatının müxtəlif tərəfləri, onun inkişaf yönləri haqqında respublikamızda məlumatlar olduqca azdır. Bununla belə Kuzey Kıbrıs türk mədəniyyəti və ədəbiyyatı da ümumtürk mədəniyyətinin və ədəbiyyatının tərkib hissəsi kimi öyrənilməyə və təbliğ edilməyə ehtiyaclıdır. Bu baxımdan Kıbrıs türklərinin mədəniyyətinin, folklorunun, etnoqrafiyasının, ədəbiyyatının bəzi məqamları ilə bağlı məlumatları oxuculara çatdırmaq, heç şübhəsiz ki, Azərbaycanda maraqla qarşılana bilər.
Kıbrıs türklərinin mədəni-ədəbi həyatının araşdırılması, öyrənilməsi və nəşri yönündə Harid Fədainin apardığı işlər xüsusilə təqdirəlayiqdir. Harid Fədai Kuzey Kıbrısda nəinki folklor, etnoqrafiya, klassik ədəbi nümunələr araşdırıcısı kimi, həm də şair, radio və televiziya qurucusu, jurnalist, dəyərli ədəbiyyatşünas kimi tanınmaqdadır. Fikrimizcə, Harid Fədaidən danışdıqda onun yaradıcılığını bir neçə mühüm baxış bucaqlarından təsnif etmək və dəyərləndirmək olar:
Kıbrıs türk kültürünün başlıca xüsusiyyətlərini araşdıran materialları; Kıbrıs türk dastanlarının təhlili; Kıbrıs türk yazılı ədəbiyyatı nümunələrinin öyrənilməsi; Kıbrıs türklərində islam mədəni-mənəvi ənənələrinin tədqiqi; türkologiyaya dair araşdırmaları; Harid Fədainin şeir yaradıcılığı; Kıbrısda nəşr olunan mətbuat orqanlarının inkişaf istiqamətlərinin təhlili və s.
Ümumiyyətlə, Harid Fədai yaradıcılığı çoxşaxəliliyi və çoxaspektliyi ilə səciyyəvidir. Heç şübhəsiz ki, onun yaradıcılığının göstərdiyimiz yönlərdən hər birində araşdırmağa və öyrənməyə böyük ehtiyac vardır.
Qeyd etmək lazımdır ki, Harid Fədainin Kıbrıs türk kültürünün müxtəlif tərəflərini öyrənən ikicildlik "Bildiriler - 1" (Lefkoşa, 2002) və "Bildiriler -2" (Lefkoşa, 2003), Nazim Kaytaz-zadənin "Yadigarı-Muhabbet" romanı (Lefkoşa, 2004), "Yadigarı-Muhabbet"lə bağlı "Sözlük" (Lefkoşa, 2004), Kıbrıs türk kültürünün işıqlandırılmamış problemlərini çevrələyən "Makaleler-1" (Lefkoşa, 2005), Əhməd Raikin araşdırmalarını özündə əks etdirən "Əski şeylər" (Lefkoşa, 2006) və s. kitabları nəinki Kıbrıs və Türkiyədə, həm də digər türk dövlətlərinin oxucuları arasında geniş yayılmış və müəllifinə hörmət qazandırmışdır. Harid Fədaini Azərbaycanda da tanıyırlar. Belə ki, o, "Ədəbiyyat qəzeti"nin redaksiya şurasının üzvü olmaqla, dəfələrlə Bakıda türkologiya, folklorşünaslığa, etno-mədəni problemlərə həsr olunan Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, maraqlı məruzələri ilə yadda qalmışdır. Harid Fədai hər dəfə Bakıya gələndə ədəbiyyat, sənət adamları ilə görüşər, türk mədəniyyətinin, folklorunun, ədəbiyyatının inkişafı ilə bağlı orijinal fikir mübadiləsi edər, ortaq dəyərlərimizin tədqiqi məsələsindən ağızdolusu danışar, xoş təəssüratlar yaradar. Harid Fədai ünsiyyətə açıq insandır. O, həmsöhbətini diqqətlə dinləməyi bacarmaqla, öz fikir və mülahizələrini də sadə, rəvan, aydın elmi dildə digərlərinə çatdıra bilmək ustasıdır. Son dərəcə təvazökar və eləcə də türk mədəniyyətinin müxtəlif tərəflərini tarixi-xronoloji və nəzəri-metodoloji aspektdə öyrənən belə bir insanla dəfələrlə görüşlərimiz, fikir mübadilələrimiz olmuşdur. Hətta biz üç-dörd il bundan öncə onunla bir müsahibə aparıb "Ulduz" jurnalının səhifələrində çap da etdirmişdik. Harid Fədai ilə bu aralarda şəxsən görüşməsək də, yazışmalarımız, ələqalərimiz sonralar da davam etməkdədir. O, mənə yuxarıda adlarını çəkdiyim və çəkmədiyim kitablarını göndərmişdir. Orada təqdim olunmuş materialların hamısı ilə tanış ola bilmək mənə müyəssər olmuşdur.
Harid Fədainin XX əsrin 50-ci illərindən başlayaraq iyirmidən artıq kitabı Lefkoşa, İstanbul, Ankara və digər şəhərlərdə işıq üzü görmüşdür. Bu yorulmaz tədqiqatçı müxtəlif ölkələrdə keçirilən simpozium və konqreslərdə tutarlı mülahizələr irəli sürmüş, elmi arqumentasiyaları ilə başqalarının hörmətini qazanmışdır. Harid Fədainin "Kıbrıslı Aşıq Kenzi Divanı", "fethiyyei-Cezirei-Kıbrıs", "Lefkoşa mevlevi hanesi", "Kıbrıs efsaneleri", "Türkiye Dışındakı Türk edebiyyatları Antolojisi-9", "Kıbırs Türk Edebiyyatı", "Hatıralar, Fadil Niyazi Korkut", "Kandi Divanı-Qazeller", "Yadigarı-Muhabbet, Nazim Kaytaz-zadə M.Nazım" və başqa əsərləri Kıbrıs mədəniyyətinin və ədəbiyyatının müxtəlif dönəmlərini, problemlərini işıqlandırmaq baxımından əvəzsiz axtarışlar kimi dəyərləndirilməlidir. Göründüyü kimi, Harid fədainin türk kültürünü öyrənmək istiqamətində xidmətləri yetərincədir.
Harid Fədai 1930-cu ildə Lefkedə anadan olmuşdur. Lefkoşa liseyini bitirdikdəndən
sonra Qaradağ-Lefke bölgəsindəki Kıbrıs
mədəni şirkətində
rəssam yardımçısı
işləmişdir. 1951-1953-cü
illərdə Ankara Qazi
Egitim Enstitüsü türkçə bölümünü
bitirdikdən sonra 1953-1956-cı
illərdə Baf türk kollecində müəllimlik fəaliyyəti
ilə məşğul
olmuşdur. 1956-1960-cı
illər ərzində
İstanbul Universiteti ədəbiyyat fakültəsi
türk dili və ədəbiyyatı
bölümündə təhsilini
davam etdirmişdir.
1960-1963-cü illərdə
o, həm Kıbrıs
Egitim dairəsində
türk dili və ədəbiyyatı
müfəttişliyində işləyə-işləyə, həm də Türk Ögretmen Kollecində müəllimlik
etmişdir. Elə
bu vaxtlardan Harid Fədai Kıbrıs Cumhuriyyəti
Radio-televiziya qurumunda
radio proqramları üzrə
müdir köməkçisi,
1964-1968-ci illər arasında
Lefke sancaq radiosu müdirliyi,
1969-1971-ci illər ərzində
Bayraq radio Proqram əmirliyi, 1972-1983-cü illərdə
idarə etmə işləri üzrə müdir yardımçılığı
kimi vəzifələr
daşıya-daşıya, araşdırmaçılıq fəaliyyətini davam etdirmişdir.
Bayraq Radio-TV qurumundakı fəaliyyətindən
sonra o, 1983-1988-ci illərdə
Kamu hizməti komisyonu dairəsində çalışmışdır.
Harid Fədai bir müddət Girnə Amerikan Universitetində
(1992-1993) koordinatorluq etdikdən
sonra Lefke Avropa Universiteti ilə Doğu Akdəniz Universiteti Kıbrıs Araşdırmaları
Mərkəzində türk
dili ögretim görevlisi və araşdırma görevlisi
olaraq çalışmaqdadır.
Kuzey Kıbrıs türk kültürünün dərindən
araşdırılması istiqamətində
apardığı fəaliyyətə
görə ona bu ölkənin və Türkiyənin müxtəlif təşkilatları
tərəfindən ödüllər
verilməsi ilə nəticələnmişdir. Belə
ki, o, müxtəlif illərdə, məsələn,
1987-ci ildə Lefkoşa
türk bankası kültür sənət ödülü, 1998-ci ildə
Mərmərə Universiteti
türkiyat araşdırma
və uyğulama mərkəzi bilim ödülü, 2002-ci ildə
İstanbuldakı türk
kültürünə hizmət
vakfının türk
dünyası türk
dili şərəf ödülü, 2004-cü ildə
Samtay vakfı araşdırma kitab ödülünü və
s. almışdır.
Yeri gəlmişkən bildirmək
istəyirik ki, Kuzey Kıbrısda fəaliyyət göstərən
Samtay vakfı araşdırma kitab ödülü bu ölkənin mədəniyyətinin
və ədəbiyyatının
təbliği sahəsində
son dərəcə böyük
xidmət göstərən
araşdırıcılara verilir. Samtay vakfı proqram və yayın koordinatörü
Bülənt Fevzi oğlu "Kıbrıs türk kültürü
məqalələri-1"-ə görə
Harid fədainin araşdırmalarını dəyərləndirərək
onların təşkilatının
Harid Fədaiyə ödül verilməsindən
məmnun olduqlarını
adı çəkilən
kitabın girişində
xüsusi vurğulayır.
Bütün söylədiklərimiz bir
daha təsdiqləyir ki, doğrudan da Harid Fədai
türk mədəniyyətinin
öyrənilməsi və
təbliği ilə bağlı son dərəcə
məhsuldar işləyən
araşdırmaçılardandır.
Nizami TAĞISOY
Ədəbiyyat qəzeti.- 2010.- 20 avqust.- S.6.