Toy
Taksi şoferi sıçrayıb maşından düşdü. Dal qapını açdı.
- Həmişə toyda, ağsaqqal ,- dedi.
Həyat yoldaşımla mən maşından düşdük. Bayaqdan plaşımın cibində ayırıb qoyduğum "beş"liyi çıxarıb şoferə uzatdım. Əlimi geri qaytardı.
- Mənim qonağımsız. Yaşlı adamlardan mən pul almıram. Həmişə toyda!
Bunu deyib şofer götürüldü. Həyat yoldaşım maşının dalısınca baxa-baxa dedi:
- Dünya xalı deyilmiş, balam. Yaxşı adamlar varmış.
Şadlıq evinin qapısından içəri girən kimi televiziya işçiləri bizi dövrəyə aldılar.
- Dursunun toyuna gəlmisiz? - deyə
cavan bir oğlan soruşdu.
- Bəli,- dedim. - Bizi dostum
- Dursunun babası dəvət eləyib toya.
- Lap yaxşı, - deyə
cavan oğlan mikrafonu mənə uzatdı. İstəyirik siz Dursunun babasının dostu kimi xeyir-dua verəsiniz, ürək sözlərinizi deyəsiniz.
Dursun bizimlə birlikdə işləyir.
- Çox yaxşı,
oğlum. Amma mən televiziya
ilə çıxış
etməyi tərgitmişəm.
Mənim bu sözlərimə cavanlar qəhqəhə ilə güldülər. Müsahibə
almaq istəyən oğlan məni dilə tutmağa başladı:
- Siz tanınmış
alimsiz, dəfələrlə
ekranda görmüşük
sizi...
- Oğlum, dilə
tutma məni. Tərgitmişəm.
- Niyə? Səbəbi var?
- Var!
- Deyə bilərsinizmi?..
Həyat yoldaşım hirsləndi.
- Qoyun gedək toya də... Onsuz da gecikmişik. Səbəbini bilmək istəyirsiz?
Səbəbi odur ki, sizdə Sona adlı bir qız
var. O, bu kişini ələ saldı. Çağırdı, çıxışını
yazdı, dedi filan vaxtda baxarsan.
Baxdıq, vermədi.
- Sona?- deyə cavan oğlan maraqla soruşdu və özü də sualına cavab verdi:
- Bizdə
Sona adlı qız yoxdur.
Elə bu vaxt Dursunun
babası qəfildən
peyda oldu. Məni görən
kimi qucaqladı.
- Elə bildim gəlməyəcəksən, - dedi.
- Heç elə
şey olar? Nə danışırsan,
- dedim.
- Sən gəlişinlə
mənə dünyanı
bağışladın, qardaş,
- deyə Dursunun babası bizi lap yuxarı başa apardı və: - Harda ürəyiniz istəyir, əyləşin,- dedi.
Münasib bir yerdə oturduq. Süfrə gözəl bəzədilmişdi.
O biri toylarda gördüyüm israfçılıq,
bir-birinin dibində nə olduğu bilinməyən salat nimçələri yox idi. Heç içki-araq, konyak
da yox idi
burda. Sağlıqlar deyiləndə hamı
susurdu. Hələ
qulluq edənlər...
Elə ədəb-ərkanla
davranırdılar ki...
Keçən toyların
birində qulluq eləyən "Jalə"
şirəsini tökdü
ağ pencəyimin
sağ çiyninə.
Biri də vardı. Narşərabı nimçə yerinə
süzmüşdü şalvarıma.
Gedəndə pencəyimi çıxarıb
qabağıma tutmuşdum.
Can deyil bu toy. Şükür, belə bir
toy da gördük.
Bir süfrədə
oturduqlarımdan orta yaşlı bir kişi məni
tanıdı. Demə onun
müəllimi olmuşam
bir vaxt. Hal-əhval tutduq.
Başqa
toylarda heç söhbət eləmək
olmur. Toy başlayandan gəlin çıxıb gedənəcən
çalırlar, adamın
atasını yandırırlar.
Toydan qayıdandan sonra da səhərəcən qoşa nağaranın səsi adamın beynini dağıdır.
Şirin, lirik bir musiqi
səsləndi. Bir qız oxuyurdu.
"Aldatmayaq bir- birimizi" deyirdi. Vaxtilə bu mahnıya
mən Şövkət
Ələkbərovanın ifasında
qulaq asmışdım.
Mahnını dinləyə-dinləyə
həyat yoldaşımdan
soruşdum:
- Necə toydur? Görürsən ədəb-ərkanı? Gəlin hələ bircə dəfə də oynamayıb ey... Amma o biri toylarda
gəlinlər əvvəldən
axıra qədər atdana-atdana rəqs eləyirdilər.
- Düz deyirsən.
Çox
yaxşı toydur.
Gəlin
də əladır, bəy də. Amma getmək vaxtıdır.
Razılaşdım.
- Yaxşı. Gedim, pul
salım, gəlirəm.
- Çaşıb qız
evinin qutusuna salma ha...
- Narahat olma.
Salondan çıxdım. Toylarda gördüyüm "oğlan evi" "qız evi" sözləri yazılmış
qutular yox idi. Sağa baxdım, sola
baxdım, ancaq yemək-içmək idi.Bir
də gördüm Dursunun babası gəlir üstümə.
- Nə axtarırsan,
qurban olum sənə?
Tutuldum. Əlimi cibimə
saldım.
- Heç zəhmət
çəkmə. Gözümün ağı-qarası bircə
nəvəm var. Deyirsən
yəni bir məclislik də pulum yoxdur. Bu günü görmək
mənim ən müqəddəs arzum idi.
Kişinin gözləri doldu. Qucaqlaşdıq.
- Bilsəydim heç
olmasa gül alardım, - dedim. Mən də kövrəldim.
Dostum göz yaşlarını
sildi.
- Sən özün
elə gülsən də...-dedi.
Bir də qucaqlaşdıq.
İçəridən "Tərəkəmə" rəqsinin
sədaları eşidilirdi.
Dostum:
- Gedək, bir oynayaq,-dedi.
- Mənim bu gözlərim üstdə,- dedim.
Getdik. Bütün oynayanlar
kənara çəkildilər,
başladılar əl
çalmağa. Cuşa gəldim.
Qollarımı lap geniş
açdım...
... Həyat yoldaşım məni
yuxudan oyatdı.
- Yuxuda nə görürdün? Əlin dəydi
ey... sifətimə.
- Toyda oynayırdım.
Qollarımı açıb oynayırdım.
Qəribə toy idi. Çox
qəribə... Pah atonnan... sənin. Qutu...
- Nə qutu? Səhər danışarsan. Ver özüvü yuxuya, yat...
Səhərəcən yata bilmədim.
Aqşin Babayev
Ədəbiyyat
qəzeti.- 2010.- 3 dekabr.- S.5.