Bəs nöqtə...
Çox gözləyəsi
olmadım. Bir azdan
qapı döyüldü.
Gözlədiyim qonaq
- professor Dərin Dayazov əda ilə içəri keçdi.
Dünən redaksiyaya özü zəng çalmış,
ədəb qaydalarına
sığmasa da, çəkinmədən xahiş
etmişdi ki, onunla müsahibə aparaq. Özünün vurduğu işarələrə
görə, bu niyyətin mayasında heç bir şöhrət iddiası
yoxdur. Əsl məqsədini açmamışdı.
Bizi sürprizlə təəccübləndirmək
istəyirdi.
"Gündə
bir kəşf" qəzeti adətən müsahiblərini özü
tapar, intervü verməsini özü xahiş edərdi. Bəli, bu
dəfə tərsinə
olmuşdu, müsahib özü təkidlə xahiş edirdi. O, redaktoru inandıra bilmişdi ki, millətin mənafeyi naminə bu müsahibə baş tutmalıdır. Prinsipiallığı ilə seçilən
redaktor özünün
qoruduğu qəzetçilik
etikasını pozmuş,
müəmmalı qarşı
tərəfə güzəştə
getmişdi. Müsahibəni aparmaq mənə həvalə olunmuşdu.
Ayağa durub onu salamladım
və oturmaq üçün yer göstərdim. Professoru kənardan tərif
ölüsü, tribuna
ləlöyünü kimi
tanıyırdım. Bir dəfə
məclisdə olmuşduq.
Başqalarını əziyyətə salmaqmı istəmirdi, yoxsa etibarmı etmirdi - özü haqqında o ki var özü danışdı. İki
saatlıq müqəddimədən
belə məlum oldu ki, kişi elm ilə silələnmiş başını
Loğmandan, səxavətli
əlini Hatəmdən
alıb. Az-çox xasiyyətinə bələd
olduğum üçün
söhbətə köhnə
hava üstündə
başladım:
- İcazə
verin, özümü
sizə təqdim edim: "Gündə bir kəşf" qəzetinin əməkdaşı
Qarayaxa Əlçəkməzov. Sizi isə
geniş oxucu kütləsinə tanıtdırmaq
gülünc işdir.
Dərin Dayazov kimi mötəbər bir alimi, parlaq
zəka sahibini, neçə-neçə sanballı
kitablar müəllifini,
qəbul imtahanlar qəhrəmanını, elmə
yeniliklər gətirən
arxivlər əzabkeşini,
enli sinəsi ilə xitabət kürsülərini lərzəyə
salan, bəlağətli
nitqləri ilə mikrafonları xoşbəxt
eləyən bir adamı…
Birnəfəsə dediyim tərif selindən boğuldum. Kiçik fasiləyə
ehtiyac duydum. Birdən müsahibim mənim şit tərifimdəm sıxıla
bilərdi. Bu fasilə ilə həm də müqabil tərəfə
təvazökarlıq nümayiş
etdirmək imkanı verdim. Sən demə, yanılırmışam.
O, narahatlıqla mənə
sarı boylandı:
- Niyə dayandınız?
Söhbətinizə davam edin.
Professorun atmacasından heyrətləndim. Axı mən
söhbət eləmirdim.
Mən riyakarlıqla məşğul
idim - həyasızcasına
onu tərifləyirdim.
Məcbur oldum, cilovunu
çəkdiyim tərif
atını yenidən
qamçıladım?
- Hatəm səxavətli,
Hacı Zeynalabdin bəxşişli bir adamı, müxtəlif mətbuat orqanlarından aldığı qonorarını
- halal pullarını
böyük məmnuniyyətlə
yardım komitələrinə,
xeyriyyə cəmiyyətlərinə
pay verən geniş ürəkli bir professoru kim
tanımır?!
İkinci fasilə də bir nəticə vermədi. Mən qan-tərə batmış
tərif atının
lap zəhrini çatladası
oldum:
- Redaksiyamızda sizi
salamlamağa ürəkdən
şadıq! Sizin gəlişiniz
bizim üçün
bayrama çevrilmişdir.
Oxucuların həsrətli gözləri
yoldadır. İcazə versəydiniz,
müsahibəyə başlayardıq.
Dərin Dayazov məmnun halda kresloya yayıldı:
- Mən hazır!..
Mən professorun
niyyətilə maraqlandım:
- Söhbətimiz hansı
mövzuda, hansı istiqamətdə gedəcək?
Söz düyünçənizi açsaydınız,
mətləb yaxın
olardı.
O, qızıl dükanına
oxşar ağzını
açıb xeyli şaqqıldadı. Qızardım, bədənimə istilik gəldi. Yəqin bilirdim ki, o mənim avamlığıma
gülür:
- Cavan oğlan, məni suyun hansı bulaqdan gəldiyi maraqlandırmır.
Məni xəmir, çörək
düşündürür. Bütün sirlər yekunda açılacaq. Hansı sual
ürəyincədir, ver.
Çətinə düşsəm,
özün kömək
eləyərsən. Kim
bilmir ki, doğan da müxbirdir,
köbəyini kəsən
də. Bizimki qonorar almaqdır.
- Çalışaram titulunuza layiq, elmi dərinliyinizi üzə çıxardan
suallar verim. İnanıram ki, mənim
suallarım nə qədər qəliz, eşidilməmiş, qıfılbəndli
olsa, dəxli yoxdur - sizin sehirli açarlarınız
onları asanlıqla açacaqdır.
Professor Dərin
Dayazov rinqə girmiş boksçu kimi özünü yığışdırdı. Mən Məhəmməd Əli üsullu zərbələri
seriya ilə - aramsız vurdum:
- Hörmətli professor, sizə elə gəlmirmi ki, yazda yamyaşıl dona bürünmüş
ağaclar payız gələn kimi yarpaqlarını tökürlər?
Sizə elə gəlmirmi ki, fəsillərin ən istisi yay, ən soyuğu
qışdır? Sizə
elə gəlmirmi ki, kişi
sevəndə qadına,
acanda çörəyə
möhtac olur? Bir az da dərinə gedək. Sizə elə gəlmirmi
ki, quş qanadsız, təyyarə benzinsiz uça bilməz? Sizə elə gəlmirmi ki, yağış yağanda çətirin,
külək əsəndə
papağın hayına
qalmaq lazımdır?.. Hörmətli professor, sayca sonuncu
- 16-cı sualımı verirəm.
Sizə elə gəlmirmi ki, çay ancaq sel gələndə
daşa bilər?
Professor Dərin
Dayazov nəzərlərini
uzun müddət məchul bir nöqtəyə dikdi. Qaşları qaraçı kəndiri kimi gah düyünləndi,
gah da açıldı.
Deyəsən, "qıfılbəndli" suallar onu çətinliyə
salmışdı. Elə bil
çiynində göylərin
yükü vardı -
Herakl kimi dizəcən torpağa girmişdi. Mən səbirlə gözləyirdim.
Sükut uzansa da, kişi
yol tapıb özünə qayıda bilmirdi. Ya çox dərinliyə
enmişdi, ya da çox yüksəklikdə
qanad çalırdı.
Çarə tapılmalıydı. Məşədi İbad demişkən,
bunun üçün
professorun həyasız
milçək vızıltısına
əşşədd ehtiyacı
vardı. Arzu olunmuş
kimi, həyasız milçək haradansa peyda oldu və
xilaskar vızıltısını
işə saldı.
Sanki bu vızıltı
professoru qırx arşınlıq quyunun dibindən çəkib çıxartdı. Dərin
Dayazovun donmuş sifəti canlandı, boğazını aramla arıtladı, alimlər alimi Ərəstunsayağı
diləndi:
- Bəli.
O, ağrıdan, dar
köynəkdən xilas
olmuş kimi, arxayınlıqla üzümə
baxdı. Cəmi bircə söz... Onu nə qədər
o yan-bu yana
sıpqardımsa, bir şey çıxmadı.
Əlacsız qalıb cəmi
bircə sözlə barışmalı oldum.
Ayağa
qalxdıq, mən onu ehtiram əlaməti
olaraq qapıya qədər ötürdüm.
Son anda bir daha diqqət nümayiş etdirdim:
- Başqa sözünüz,
təklifiniz, qərarınız
varsa, çəkinməyin.
Dərin Dayazov xoşhallıqla əlini çallaşmış
telinə çəkdi. Sinəsini qabartdı.
Qızıl ağzını
açıb gümüş
bir söz tulladı:
- Darıxmayın, qərarımı
eşidərsiniz.
- Müsahibə üçün
təşəkkür edirik,
bir-iki günə qəzetimizin səhifəsində
oxuya bilərsiniz.
"Gündə
bir kəşf" qəzeti məşhur professoru çox intizarda qoymadı, müsahibə şənbə
günü nömrəsində
verildi. Bütün redaksiya heyəti
bu müsahibəyə
və müəllifin
qərarına böyük
maraq göstərirdi.
Professor, sən demə,
dəqiq adam
imiş. O da öz növbəsində
bizi intizarın məngənəsində çox
əzilməyə qoymadı.
Tezliklə ondan mənim
ünvanıma məktub
gəldi. Ürək çırpıntısı
ilə məktubu açıb acgözlüklə
oxudum. Dəli kimi ayağa
sıçradım. Elə bil
çapa getməkdə
olan materialımı səhifədən çıxartmışdılar.
Məktubu bir də oxudum: "Sizin çoxsaylı suallarınıza verdiyim
"Bəli" cavabımın
qonorarını təmənnasız
olaraq "Qayğı"
xeyriyyə cəmiyyətinin
fonduna bağışlayıram".
Özümü saxlaya bilmədim, professorun telefon nömrəsini yığdım. Sorğuya
axtardığım adam - Dərin Dayazov cavab verdi.
Nə qədər çalışdımsa
onunla ciddi danışmağı bacarmadım.
O, məni səsimdən
tanıdı, şuxluqla
dilləndi:
- Siz tərəflərdə
müsahibənin əks-sədası
necədir?
- Əla!..
- Mən zəng
selinin altında itib-batmışam. Yoldaşlar
məni əsasılı
dəlillərlə inandırırlar
ki (paxıllıqdan çatlayanlar da var), hələ heç bir müsahibədə belə
mənalı, alimanə,
həcmcə kiçik,
lakin ensiklopedik əhatəli cavab oxumamışıq!
Mətləbə keçməyə
can atdım:
- Məktubunuzu almışam.
Özünüzü böyük iqtisadi
zərbə altına
qoyursunuz.
Onun gülüşü şaqqıldadı. Bu dəfə
ləl əvəzinə
qızıl ağzından
dəmir düşdü:
- Mən elmi sahədə alim olsam da, səxavətdə
zəmanəmizin Hacısı,
Hatəmiyəm. Deyəsən,
kinayəm hiss olundu:
- Əlbəttə, dörd
hərifdən ibarət
"Bəli" sözünün
qonorarını millətin
ehtiyaclarına xərcləmək
hər adamın işi deyil...
Gözləmədiyim halda Dərin Dayazov hirsləndi, qəzəbindən əsib-coşmağa
başladı. Sən demə, günahım
varmış. Onun
qızıl ağzından
nəsə tökülürdü:
- Bəs nöqtə?
Onu niyə hesaba almırsan? Bədxahlıq özünü göstərdi.
Mənim xidmətlərimi
azaldanın, beşimi
dörd eləyənin
başına oyun açaram!.. Bu şəxsi məsələ
deyil, burada söhbət millətə
xidmətdən gedir!..
Bu sözlər
dəstəkdən gəlirdi. Başını aşağı salan əlimdəki dəstək
xəcalətindən ikiqat
olmuşdu.
Qərib Mehdi
Ədəbiyyat
qəzeti.- 2010.- 3 dekabr.- S.5.