Bakıda "Humanitar elmlərin müasir durumu və

ədəbiyyatşünaslığın nəzəri metodoloji məsələləri"

 mövzusunda Beynəlxalq elmi konfrans keçirildi

        

  Görkəmli alim, Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevin anadan olmasının 80 illiyi münasibətilə "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri" mövzusunda keçirilən Beynəlxalq elmi konfrans öz işinə dekabrın 1-də AMEA-nın Rəyasət Heyətinin binasında başladı. Azərbaycan alimlərilə yanaşı, Türkiyə, Rusiya, İran, Özbəkistan və başqa ölkələrdən tanınmış ədəbiyyatşünasların da qatıldığı konfransı AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq dedi: "Müasir Azərbaycan öz sosial-iqtisadi və mədəni-mənəvi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Doxsanıncı illərin ortalarından bu günədək aparılan sistemli və davamlı dövlət quruculuğu siyasəti konkret bəhrəsini verir, ölkəmiz növbəti yüksəliş mərhələsini yaşayır. Yeni mərhələnin spesifikasını müəyyənləşdirən ən dürüst nəzəri-fəlsəfi və sosioloji ümumləşdirmə, cənab Prezidentimiz İlham Əliyevin elan etdiyi kimi, bütövlükdə "keçid dövrü" kimi xarakterizə edilən mərhələnin yekunlaşması qənaətidir.

Müasir dünyanın aparıcı dövlətlərinin keçdiyi təkamül yolu, onların təcrübəsi, həmçinin dünyanın içində olduğu qlobal proeblemlərin mahiyyəti təsdiq edir ki, sosial proseslərdə intellektual potensialın yaxından iştirakı, elmi qurumların yeri və rolu prinsipial məsələdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yalnız elmi-mədəni sferada deyil, bütövlükdə ölkənin ictimai həyatında geniş rezonans doğurmuş, bu istiqamətdə geniş müzakirələrə rəvac vermiş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində irəli sürülən ideyalara bu müstəvidən nəzər saldıqda elmi fəaliyyət sahəsində, xüsusən ictimai-humanitar elm sahələrində mövcud çatışmamazlıqlar, qüsurlar fonunda Azərbaycan elmi mühitinin qarşısında duran vəzifələrin konturları daha aydın görünür.

Bu gün humanitar elmlərin problemləri dünyanın elmi-ictimai və ədəbi mühitində geniş müzakirə olunur, ayrı-ayrı ictimai-humanitar elm sahələrinin inkişafına məsul olan şəxslərdən tutmuş, alimlərə, şairlərə, yazıçılara, müstəqil jurnalistlərə, müəllimlərə, tələbələrə qədər hər kəs problemlərlə bağlı öz baxış və mülahizələrini ortaya qoyur. Cəsarətlə demək olar ki, bu elm sahələrinin problemləri bu miqyasda, bu qədər müxtəlif baxış və dünyagörüş rakurslarından kompleks şəkildə heç vaxt müzakirə olunmamışdır.

Planetar qloballaşma ilə milli modernləşmənin kəsişmə məqamında ictimai və humanitar elmlərin problemləri elmi müzakirələrin mərkəzində dayanır.

Milli əxlaqi dəyərləri qorumaq, mənəvi ekosistemin mühafizəsini gücləndirmək üçün milli humanitariyanın cəmiyyətin həyatına daha sıx inteqrasiyası və mənəvi mühitdə daha aktiv iştirakı vacib məsələlərdən biridir.

Müasir elmi nəzəriyyələrə görə, cəmiyyətin sosial-iqtisadi sferası digər sahələrlə sıx bağlıdır və onların bir-biri ilə uyğunlaşmayan inkişafı sonda ciddi ciddiyyətlərə və sosiumun dağılmasına gətirib çıxarır…

Bu baxımdan müasir Azərbaycan cəmiyyətinin sosial-mədəni mühitinin təhlili olduqca vacib vəzifəyə çevrilmişdir. Bu problemlərin öyrənilməsi ehtiyacı birbaşa olaraq ölkənin ictimai və humanitar elmləri qarşısında ciddi vəzifələr qoyur.

Təəssüf ki, milli ideologiyada müxtəlif humanitar elm sahələrinin - dilçiliyin, ədəbiyyatşünaslığın, mədəniyyətşünaslığın, tarixşünaslığın, dinşünaslığın… faktları, nəticələri, ümumi müddəaları vahid konseptual elmi təfəkkürdə birləşmədiyindən, Azərbaycanın bütün parametrləri üzrə görünən obyektiv mükəmməl obrazını yaratmaq hələ ki, mümkün olmamışdır. Belə bir mükəmməl obrazda təqdimata nail olmadan isə Azərbycanı nə özümüzə, xüsusən yetişən gənc nəslə, nə də dünyaya daha yaxından tanıtmaq mümkün olmaz!

Açıq etiraf edək ki, milli-mənəvi dəyərlərin qorunmasına, milli tariximizin, mədəniyyətimizin və dilimizin tədqiqinə yönəldilmiş humanitar və ictimai elm sahələrində elmi-metodoloji yanaşma adına təsvirçi təqdimat, strateji hədəf adına emosional vurğunluq, patetika, ritorik vətənpərvərlik soyuq məntiqdən, sistemləşdirmə və konseptuallaşdırma meyllərindən daha güclüdür. Bu mənada indi humanitar və ictimai elm sahələrimizdə "nəyi öyrənək" sualından daha çox, "necə öyrənək" sualı xüsusi əhəmiyyətə malikdir.

Bugünkü konfransda humanitar elmlərin çağdaş durumu kontkestində ədəbiyyatşünaslığın, sənətşünaslığın, nəzəri-estetik fikrin problemləri Qərb və Şərq ədəbi təcrübəsi, nəzəri arsenalı əsasında araşdırılır. Əminəm ki, dünyada tanınmış alimlərin iştirak etdiyi bu konfrans humanitar elmlərimizin inkişafına təkan olacaqdır".

Sonra AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev "Ədəbiyyatşünaslıq müasir humanitar düşüncə kontekstində" mövzusunda məruzə etdi. Vurğuladı ki, son iyirmi ildə humanitar fikrin mühüm qollarından olan ədəbiyyatşünaslıq və ədəbi tənqid də ciddi tarixi və metodoloji problemlərlə üz-üzədir: "Marksist-Leninçi metodologiyanın tənəzzülü ədəbi-nəzəri fikrin metodoloji məsələlərini dünyanın müasir humanitar fikri kontekstində araşdıraraq, perspektivləri müəyyən etmək zərurətini meydana qoyur".

B.Nəbiyev nəzərə çatdırdı ki, dövlətlər arasında "Çin səddi"nin dağılması, elmi-humanitar qloballaşma kimi səciyyələnən çağdaş günlərimiz ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə qayıdışla yanaşı, bəşərin pozulmuş mənəvi harmoniyasını bərpa etmək kimi şərəfli bir missiyanı da icra etmək zorundadır.

Respublikamızda humanitar elmlərin vəziyyətinə, onun tarixi nailiyyətlərinə, müasir dünya elmi ilə inteqrasiya məsələlərinə, nəzəri-metodoloji problemlərinə çağdaş Azərbaycanın ictimai-siyasi reallaqları müstəvisində nəzər yetirən akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində qaldırılan problemlərin aktuallığına diqqət yönəldən B.Nəbiyev keçirilən konfransın da əsas məqsədinin ədəbiyyatşünaslıq elmimizin problemlərinə dünyanın humanitar fikrindəki elmi-nəzəri məktəblər, konsepsiyalar müstəvisində nəzər salmaq olduğunu önə çəkdi. Qeyd etdi ki, istər Azərbaycan, istərsə də postsovet məkanında XX əsr (sovet dövrü) ədəbi irsini öyrənməkdə yeganə prinsip kimi tarixiliyi önə çəkmək, bu əsrdə yaranan ədəbi irsin elmi-nəzəri təsnifinin sərhədlərini müəyyən etmək, onun tarixi mərhələlərini obyektiv təhlil etmək sahəsində görülən işlər çoxdur: "formasiyalar nəzəriyyəsindəki mümkün qədər təmizlənmiş altı cildlik ədəbiyyat tarixi hazırlanmış, onların üç cildi nəşr edilmiş, qalan cildlər isə hazırlanma və çap prosesindədir…"

Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun baş elmi işçisi, İctimai Akademiyanın akademiki Yuri Borev "Bəşəriyyətin və bəşər varlığının mahiyyəti və ideyaları" mövzusunda etdiyi məruzədə görkəmli sənətkarların, tanınmış şəxsiyyətlərin daha çox insan idealları və düşüncələrinə əhəmiyyət vermələrinin səbəbləri üzərində dayandı. O, görkəmli rus şair və yazıçılarından A.C.Puşkindən, M.Qorkidən, Soljenitsindən, eləcə də kosmonavt alim Tsilkovski, dahi rejissor Stanislavski, bir çox elmi kəşflərə imza atmış Labaçovski və başqalarından gətirdiyi sitatlar əsasında insan və insaniyyət haqqında olan düşüncələrini tədbir iştirakçılarıyla bölüşdü, insan idealları və düşüncələrinin fəlsəfəsini cəmiyyətə əxz etdirmək yolunda yaradıcı adamların xidmətindən, şəxsiyyətin cəmiyyətin və tarixin inkişafındakı yerindən söz açdı. Qeyd etdi ki, cəmiyyətdə təkcə özün üçün yaşamaq elə də önəmli deyil: "Yalnız başqaları üçün də yaşamaq düzgün deyil. Başqalarına, cəmiyyətə xidmət göstərməklə yaşamaq lazımdır… Həyatda insana gərək olan bütün mənəvi dəyərlərdən faydalanmaq lazımdır. Eyni zamanda bacarmaq lazımdır ki, səndə olan bütün mənəvi keyfiyyətləri səxavətlə başqalarına verə biləsən. Rustaveli deyirdi ki, nə versən özünə qayıdar, nə gizlətsən itirərsən. İnsan başqalarının həyatını zənginləşdirməklə öz həyatının zənginləşməsinə xidmət etməlidir… Mən Amerikanın fanatı deyiləm. Ancaq heyrətə gəlirəm ki, 40 amerikalı milyarder - dünyanın ən varlı adamları öz varidatlarının böyük bir hissəsini öz ölkələrinin nəfi üçün vəsiyyət etməyi bacarmışdır. Mən, bax, bu düşüncənin fanatıyam və bu hissi bəşəriyyətin yaşam tərzinə çevirmək gərəkdi".

Konfransda "Ritorik fiqur, yoxsa özünütəyin amili" mövzusunda məruzə ilə çıxış edən Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyat İnstitutunun Rusiya federasiyası və MDB xalqları şöbəsinin müdiri Kazbek Sultanov milli şüurun formalaşmasının xalqın yaşam tərzindəki həlledici amilini önə çəkdi. Qeyd etdi ki, milli şüur sözün əsl mənasında həqiqətən də milli olmalıdı. Milli mədəniyyəti bunsuz düşünmək mümkün deyil… Humanitar biliklərin əsas kateqoriyaları - milli-mədəni fərdilik, özünəməxsusluq, fərqlilik qloballaşma dövründə ön planda olmalıdır".

Məruzəçi öz fikirlərini Rəsul Həmzətov, E.Səidi, Qaysın Quliyev, A.Qoquadan və başqalarından gətirdiyi misallarla əsaslandıraraq dedi: "Xalq bitki kimidi, onun təkrarolunmaz, özünəməxsus xüsusiyyətləri var. Əgər özünəməxsus xüsusiyyətləri xalqın əlindən alsan o, sadəcə olaraq kütləyə çevrilə bilər. İstiot və yaxud hər hansı bitki özünəməxsus xüsusiyyətlərini itirdikdə ota çevrildiyi kimi, xalq da milli kimliyini itirəndən sonra tükənir, başqa bir mahiyyət kəsb edir…"

Konfransın gedişi zamanı Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru diplomu təqdim olunan Türkiyənin Ege Universitetinin professoru Yavuz Akpinar "Azərbaycanda milli tarix anlayışı və bunun ədəbiyyat tarixinə yansıması…" mövzusunda etdiyi məruzədə diqqəti son illərdə Azərbaycan və bütövlükdə türk xalqları arasında əlaqələrin genişləndiyinə yönəltdi və vurğuladı ki, kürsəlləşmə dövrü üçün bu, çox önəmlidir: "Biz Azərbaycanda milli tarix anlayışı dedikdə ən azından iki fərqli yanaşmadan bəhs edirik: birincisi, Azərbaycan modernləşmə hərəkəti içində öz-özlüyündən ortaya çıxan və dünyadakı elmi-siyasi gəlişmələrə dayanan, özəlliklə XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən milli kimlik və tarix anlayışı; ikincisi, çarlıq dönəminə söykənsə də, özəlliklə ötən əsrin 20-ci illərinin sonlarında ortaya çıxmağa başlayan və daha sonrakı illərdə ayrıntılı olaraq şəkillənən sovet tarix və kimlik anlayışı. Bu iki görüşün bir-birindən kəskin şəkildə fərqli olduğu bir gerçəkdir. Birincisi öncəlliklə xalqın soy tarixinə, digəri isə üzərində yaşanılan torpağın, yəni coğrafiyanın tarixinə söykənməkdədir. Halbuki dünyadakı millət və milliyyət anlayışlarının bütünü öncəliklə irqə (yəni soya) və dilə əsaslanmaqdadır".

Məruzəçi bu durumda Əli bəy Hüseynzadənin simasında ortaya çıxan və daha sonra çeşidli ayrıntıların gündəmə gəlməsilə zənginləşən anlayışların günümüzdə hansı vasitələrlə irəli aparılması yollarından bəhs etdi, Azərbaycan ədəbiyyatının avropalaşma tarixində M.F.Axundovun müstəsna yerindən, onun İran ədəbiyyatının, türkdilli xalqların ədəbiyyatının modernləşməsinə təsirindən ətraflı bəhs etdi, hazırkı şəraitdə F.Köprülünün, Ə.Hüseynzadənin görüşlərinə qayıtmağın vacibliyini önə çəkdi.

Özbəkistan Milli Universitetinin özbək klassik ədəbiyyatı kafedrasının müdiri, professor Həmidulla Baltabayevin "Orta Asiya ədəbi tarixinin öyrənilməsinin metodoloji əsaslarının dövrləşdirilməsi prinsipi" mövzusunda etdiyi məruzədə ədəbiyyat tarixinin mədəniyyət tarixinin ayrılmaz hissəsi olduğu bir daha önə çıxarıldı. "O, hər bir millətin intellektinin estetik inkişafında mühüm əhəmiyyət kəsb edir. Türk xalqları Mərkəzi Asiyanın, Uralın və Sibirin köklü, tarixi sakinləri kimi qədim zamanlardan başlayaraq indiyə kimi dünya sivilizasiyasına böyük töhfələr bəxş etmişdir… Türk xalqları ədəbiyyatının metodoloji əsaslarla dövrlərə bölünməsi hazırkı dönəmdə daha aktuallığı ilə gündəmə gəlir. Bizim böyük babalarımız Biruni və Əli İbn Sina, Xaqani və Nizami, Nəvai və Füzuli əgər ərəb və fars dillərindən ustalıqla istifadə ediblərsə, bunun nəyi pisdi? Əksinə, biz fəxr etməliyik ki, babalarımız həm sənətkarlıq intellekti, həm də dil baxımından mükəmməl olublar… Demək istəyirəm ki, Azərbaycanda və Mərkəzi Asiyada yaranmış farsdilli ədəbiyyat bu xalqların mədəni dəyərlərinin ayrılmaz tərkib hissələridir və milli ədəbiyyatın inkişafının dövrlərinə uyğun gəlir… Azərbaycan alimləri Azərbaycanın etnik aborigen tayfalarının - lullibi, kuti, kassi və başqalarının şumerlərlə qohumluğundan yazırlarsa, şumer alimləri Klim, Kramer şumer eposu "Bilqamis" dastanından bəhs edərkən onun bütövlükdə Altay-türk xalqlarının mif və əsatirlərinə aid olduğundan söz açırlar"…

Elmi konfrans öz işini dekabrın 2-də AMEA-nın Nizami adına İnstitutunda davam etdirdi. Sözügedən institutun direktoru Bəkir Nəbiyev əvvəlcə rəhbərlik etdiyi elm ocağının təşəbbüsü və iştirakı ilə keçirilən konfransı açaraq qonaqları salamladı.

Əvvəlcə rusiyalı fəlsəfə elmləri doktoru Taisiya Radionova "B.Xlebnikov vahid intenologiya məkanında (intonoloji təhlil təcrübəsi)" mövzusunda məruzə etdi. Nəzərə çatdırdı ki, B.Xlebnikovun yaradıcılığının nəzəri, bədii tərəflərini incələməklə məşğul olan bir alim üçün bu konfransda iştirak etmək çox önəmlidir. Çünki Bakı bu görkəmli şair və alimin yaradıcılığının bir növ son mənzilidi. Burada onun son əsərləri olan "Cəmiyyət və zaman", "Taleyin lövhələri" əsərlərinin son parlaq sətirləri tamamlanıb. Bu gün velimerşünaslıqda azərbaycanlı alimlərin xüsusi çəkisi var… Artıq dönə-dönə deyilmiş fikirdir ki, şair özünün mənəvi dünyasını tədqiq edir. Orası da var ki, intenologiya fikir haqqında fikir elmidir. Bu mənada Xlebnikov yaradıcılığının daxili aləmi laboratoriyaya bənzəyir. Bu laboratoriyada onun ağıl, fikir dünyası öz-özünə açılır, öz-özündən bəhs edir, öz-özü haqqında fikirləşir. Ədib və filosofun mənəvi dünyası buradan başalyır".

Məruzəçi qeyd etdi ki, çağdaş durumda cəmiyyətin bu fəlsəfəni dərk etməyə ehtiyacı daha çox duyulmaqdadı.

filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev "Kontekst və kod: yazarın dedikləri və oxucunun eşitdikləri" mövzusunda etdiyi məruzəsində önə çəkdi ki, hal-hazırda ənənəvi akademik deyim tərzindən imtina edib daha çox tənqid ifadə tərzini xatırladan bir dildə danışan ədəbiyyatşünaslığımızda keçmişdə, xüsusilə sovet dövründə yaradılmış ədəbi-bədii nümunələrə iki cür münasibət mövcuddur".

Bu mövcudluğun qəbul olunan və olunmayan tərəfləri üzərində ətraflı dayanan məruzəçi mövzunun aktual tərəflərini önə çəkdi. Bildirdi ki, ünsiyyət vasitəsi kimi nəzərdə tutulmuş sənətkar konteksti dünyaya - bütün xalqlara, bütün mümkün oxuculara açıqdır, daha doğrusu, strukturu etibarilə can atır: "Kontekst və kod ədəbi-bədii informasiyanın təşəkkülündə, nəql olunmasında və dərkində iki müstəqil, lakin qarşılıqlı münasibətdə iştirak edən vasitələrdir".

AMEA Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Nəsib Göyüşov konfransda "Müsəlman mistisizmi və orta əsrlər ədəbiyyatı" mövzusunda məruzə ilə çıxış etdi. Tutarlı elmi məxəzlər əsasında sufizmin yaranması və mahiyyəti, onun Avropada, eyni zamanda Rusiyada öyrənilməyə başlanılması tarixindən bəhs edən məruzəçi bildirdi ki, sufizmin mahiyyətində mənəvi paklığa çağırış, ruhi təmizlik, haqq-ədalətin bərqərar olunmasına göstərilən çaba ön plandadı.

Məruzələr ətrafında elm xadimlərindən Sara Osmanlı, Saleh bəy, İmamverdi Həmidov, Esmira Şükür, Vəli Osmanlı və başqaları çıxış edərək fikirlərini bölüşdülər, onları maraqlandıran sualları Yuri Boreev, Kazbek Sultanov, Yavuz Akpinar, Həmidulla Baltabayev və Taisiya Radionova cavablandırdılar.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru Şirindil Alışanlı çıxış edərək bildirdi ki, müasir humanitar elmlərin həll etməli olduğu əsas problemlərdən biri bəşəriyyətin yaratdığı zəngin tarixi mənəvi sərvətləri dövrləşdirmək, çağdaş dəyərlər müstəvisində qiymətləndirməkdir. İki gündən bəri davam edən bu konfransın əsl məqsədi də belə bir qiymətləndirmənin əsasına möhkəm təməl qoymağa xidmət edir. Bu, bizim çoxdankı arzumuz idi. Mən hələ Ziya müəllimin sağlığında bu barədə olan fikirlərimi onunla bölüşmüşdüm. Sonra bu layihənin gerçəkləşməsi müxtəlif səbəblərə görə ləngidi. Demək xoşdur ki, akademik Ramiz Mehdiyevin konfransda dönə-dönə xatırlanan məqaləsi arzumuzun gerçəkləşməsinə yol açdı. Buradakı çıxışlardan da bir daha aydın görünür ki, humanitar elmlərin müasir durumda üzləşdiyi problemləri fərdi şəkildə həll etmək mümkün deyil. Bu sahə həm Avropa, həm də Şərq düşüncəsi kontekstində öyrənilməlidir".

Elmi konfransı akademik Bəkir Nəbiyev yekunlaşdırdı.

 

Hazırladı: S.Hüseynoğlu

Ədəbiyyat qəzeti.- 2010.- 3 dekabr.- S.1, 2.