Üçüncü zəngdən
sonrakı ömür
Üçüncü zəng həmişə tamaşanın başlanmasından soraq verir. Bu zaman səhnəyə çıxan aktyorlar başqalaşır, öz həyatlarını deyil, başqa bir kimsənin həyatını yaşamağa, canlandırmağa başlayırlar. Elə o andan rejissorun da sənət həyatının bəhrəsi görünür. Vaxt ötür, tamaşa bitir, aktyorlar da "başqa aləmdən" geri dönür, amma hələ o aləmdə olan tamaşaçıların alqışları altında rejissoru arayırlar… Beləcə günlər, illər ötür. Əbədi olmayan həyatla bütün insanlar kimi, sənət adamları da vidalaşır. Üçüncü zəngdən sonra tamaşanın bitəcəyi ana qədər ömür isə həmişə yaşayır, araşdırılır, xatırlanır, istifadə edilmək üçün öyrənilir. İnsanların mənəviyyatına hopan üçüncü zəngdən sonrakı ömür onların aldığı estetik həzlə, emosional hisslərlə idrakında yer tapır, nəsildən-nəslə keçir, sənət tarixinə həkk olunur. Respublikanın xalq artisti, dövlət mükafatı laureatı regissor Tofiq Kazımov da üçüncü zəngdən sonrakı "həyatı yaradan" görkəmli sənətkarlardan biri idi. Onun üçüncü zəngdən sonrakı həyatı bu gün də öyrənilir, örnək kimi istifadə olunur. Bu günlər yenicə təmirdən çıxmış Akademik Millik Dram Teatrın studiyasında Tofiq Kazımovun xatirəsinə həsr olunmuş tədbir də üçüncü zəngdən sonrakı həyatın davamı idi.
Kitab təqdimatı kimi nəzərdə tutulan tədbirin özü də sanki üç məqama bölünmüşdü. Akademik Milli Dram Teatrın direktoru, professor, görkəmli rejissorun yetirməsi İsrafil İsrafilov tədbiri açaraq əvvəl Tofiq Kazımovun atası, görkəmli şair, rejissor və aktyor Səməd Mənsurun həyatından və yaradıcılığından söhbət açdı. Ötən əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı və incəsənəti qarşısında onun xidmətlərini yada saldı. "Savalan" qrupunun ifasında Səməd Mənsurun məşhur "Rəngidir" şeri və digər əsərləri muğam üstündə oxundu. Qeyd olundu ki, səhnə sənəti sahəsində Tofiq Kazımov irsən atasının layiqli davamçısı olmuşdur. Özü də necə davamçısı.
O, Moskvadakı Teatr İnstitutunda təhsilini başa vurub rejissor sənətinə gələndə, Dövlət Dram Teatrında sıravi rejissor vəzifəsinə təyin olunanda Azərbaycan teatrında və tamaşaçının təxəyyülündə monumental tamaşa ideala çevrilmişdi. Uzun illər idi ki, seyrçilər də, teatrın yaradıcı heyəti də bu ruhda tərbiyə olunmuşdu. Azərbaycan Dövlət Dram Teatrı nəinki respublikada, hətta o zamankı sovet məkanında Adil İsgəndərov teatrı kimi tanınırdı. Respublika teatrları üçün bu səhnə ocağının hər tamaşası örnəyə çevrilmişdi. O tamaşalar səviyyəsində əsər hazırlamaq sənət qələbəsi sayılırdı. Belə bir vaxtda rejissor sənətində fərqli üslub yaratmaq, yeni bədii-estetik meyarlarla işləmək elə də asan deyildi. Bu, uzun illər nufuz qazanmış, amma zamanın tələbi ilə öz kəsərini azaltmaqda olan poetikanın yenisi ilə əvəzlənməsi demək idi. Tofiq Kazımov və Mehdi Məmmədov öz sənət poetikaları, hər biri özünə məxsus, fərqli estetik-bədii meyarlarla çıxış etməyə başladı. Onların bu istəyini o zaman - 50-ci illərdə teatra rəhbərlik edən Adil İsgəndərov təbii qarşıladı, onların novatorluq həvəsinin, istəyinin və əməlinin önündə sipər olmadı.
Beləliklə, 60-cı illərdən başlayaraq Tofiq Kazımovun yaradıcı şəxsiyyətinin nümunəsində Azərbaycan teatrında yeni poetika - lirik psixoloji üslub diqqəti çəkməyə başladı. Onun üslubunda hazırlanan tamaşalar lirik-psixoloji adlanmağa başladı. Bununla da rejissor hazırladığı tamaşaların qəhrəmanlarının daxili aləminə nüfuz etməklə, onların hiss və həyəcanlarını "olduğu kimi" verməklə tamaşaçı qəlbinə, onların şəxsində teatra bir "sərinlik", xoş ovqat gətirdi. Tofiq Kazımov İlyas Əfəndiyev şəxsində istədiyi dramaturqu tapdı və Azərbaycan teatrı tarixinə öz imzasını atdı. Elə bir imza ki, vəfatından 30 il sonra da misal çəkilir, öyrənilir, tədqiq olunur.
Tədbirdəki ikinci məqam sənətşünaslıq elmləri doktoru, Tofiq Kazımovun ardıcıl tədqiqatçısı Məryəm Əlizadənin "Dördüncü ölçünün rəngləri" kitabının təqdimat mərasimi başladı. M.Əlizadə Tofiq Kazımov haqqında xatirələrini danışdı, kitab üzərindəki iş prosesini diqqətə çatdırdı. O bildirdi ki, mən 40 ilə yaxındır ki, Tofiq Kazımovun yaradıcılığı ilə məşğulam. Şəxsi ünsiyyətdə olduğum, tamaşalarına resenziya yazdığım, ən başlıcası isə Azərbaycan teatrında lirik-psixoloji üslubun banisi olan bu sənətkar haqqında yazmaq məni həmişə narahat edirdi. Ona görə də bu kitabı yazmaqla mən öz işimi bitmiş hesab etmirəm, onun haqqında ikinci kitabı tamamlamaq da mənim ən böyük arzularımdan biridir.
Tədbirdə üçüncü məqam elə "Üçüncü zəng"lə başladı. İsrafil İsrafilovun və Cəmil Quliyevin ssenarisi əsasında ikincinin rejissor kimi "Yaddaş" studiyasında lentə aldığı "Üçüncü zəng" filmi təqdim olundu. Filmdə Tofiq Kazımovun hazırladığı tamaşalardan parçalar nümayiş olundu, görkəmli sənətkarlar, ailə üzvləri rejissor haqqında ürək sözlərini bildirdilər, ən başlıcası isə tamaşaçılar xatirəsini yad etməyə toplaşdıqları görkəmli sənətkarın canlı obrazını gördülər.
Tədbirin gedişatında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Bələdiyyə Teatrının bədii rəhbəri Amaliya Pənahova, "Yuğ" teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu və b. görkəmli sənətkar haqqında ürək sözlərini dedilər. Tədbirdə T.Kazımovun hazırladığı və Azərbaycan teatrı salnaməsində dərin iz qoyan V.Şekspirin "Antoni və Kleopatra", "Hamlet" İ.Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", C.Məmmədquluzadənin "Ölülər", Ş.Qurbanovun "Sənsiz" və s. tamaşalar xatırlandı, onun gənclərə qayğısından, xeyirxahlığından söhbət açıldı.
Sonda İsrafil İsrafilov, Ədalət Vəliyevin təbirincə - teatr nağılı davam edir - deyə, məclisi yekunlaşdırdı.
Atababa İsmayıloğlu
Ədəbiyyat
qəzeti.- 2010.- 3 dekabr.- S.2.